Azərbaycan inkişaf və tərəqqi yolunda

Azerbaycan inkisaf ve tereqqi yolunda

Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət, həmçinin yüksək idarəçilik qabiliyyəti sayəsində ölkəmiz konkret zaman kəsiyində bütün istiqamətlər üzrə qarşıya qoyduğu məqsədlərə nail olub. Hazırda Azərbaycanın iqtisadi inkişafı, sosial məsələlərin həlli, ordu quruculuğu istiqamətində həyata keçirdiyi işlər, Qarabağın bərpası ilə bağlı nəhəng infrastruktur, nəqliyyat, energetika layihələri beynəlxalq aləmdə də yüksək dəyərləndirilir. Ən əsası isə dünyadakı qlobal nizamsızlıq, xaos və anarxiya fonunda ölkəmizdə sabitlik, əmin-amanlıq hökm sürür. Siyasi, iqtisadi, hərbi, enerji, ərzaq, informasiya komponentləri olmaqla, milli təhlükəsizliyimiz yüksək səviyyədə təmin edilir.

 

Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən – bu ilin altı ayının ye­kunlarına həsr olunmuş müşavirədə səsləndirilən fikirlər də dediklərimizi təsdiqləyir. Azərbaycanın daxili və xarici siyasət sahəsində qazandığı nailiyyətlər ölkəmizin tərəqqi və inkişaf yolunda olmasından xəbər verir. Dövlət başçımızın müfəssəl fikirləri, həmçinin son altı ayda görülən işlər haqqında hesabatı gələcəyə istiqamətlənmiş yol xəritəmizin əsas konturları və Preziden­tin idarəetmə strategiyasının başlıca aspektləri haqqında idi.

Prezidentimizin çıxışında səsləndirdiyi fikirlər, eyni za­manda, beynəlxalq aktorlara da istiqamətlərimizin hansı bucaq altında müəyyənləşdirildiyindən xəbər ver­di. Həyata keçirilən xarici siyasət, ölkəmizin nüfuzunun getdikcə artması və beynəlxalq etimadın yüksək olması uzun illər ərzində çəkilən zəhmətin uğurlu bəhrəsidir. Postmüharibə dövründə Azərbaycanın Cənubi Qafqazda yaratdığı reallığın beynəlxalq aləmdə də qəbul olun­masının nəticəsidir ki, gücümüzün və nüfuzumuzun artması baxımın­dan dünya dövlətlərinin ölkəmizlə əməkdaşlıqda və investisiya yatırmaq­da marağı daha da artıb. Azərbaycanın Cənub Qaz Dəhlizini uğurla reallaş­dırmasının, ölkəmizin etibarlı tərəfdaş kimi özünü bir daha sübut etməsinin nəticəsidir ki, dövlət başçımız yaxın vaxtda Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıqla bağlı sənədin imzalanacağının anonsunu verdi.

Müstəqil siyasət yürüdən Azərbaycan bütün qonşu ölkələrlə konstruktiv istiqamətdə əməkdaşlıqda maraqlı olduğunu hər zaman ən ali səviyyədə bəyan edir. Bu yanaşma Ermənistana da aiddir. Əsas məsələ odur ki, Ermənistan da təkliflərə adek­vat cavab versin və bu istiqamətdə ona ciddi təsirlər, təzyiqlər olsun. Bu baxımdan da möhtərəm Prezidentin xarici siyasətimizin prioritet istiqamətləri haqqında çıxışı Azərbaycanın regional və qlobal məsələlərə baxışı və mövcud siyasi konyunktura fonunda üstünlüklərimizin göstəricisi idi. Dövlət başçımız ermənilərə və dünya erməniliyinə bir daha mesaj göndərdi.

Digər zəruri məsələ ordu qurucu­luğunun, həmçinin hərbçilərin sosial müdafiəsinin daha da yaxşılaşdırılma­sının daim diqqət mərkəzində saxlanıl­masıdır. Ölkəmizdə şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına dövlət qayğısı daha da yaxşılaşdı­rılıb. Adətən, siyasi konyunkturanın qeyri-sabit vəziyyəti və siyasi etimad mühitinin pisləşməsi dövləti öncədən planlaşdıraraq atdığı, atacağı addım­larda ciddi korrektələrə getməyə vadar edir. Prezident İlham Əliyevin zərgər dəqiqliyi ilə müəyyənləşdirdiyi xarici siyasət kursu isə hər bir komponenti və incə məqamı ilə nəyi, necə, nə vaxt edəcəyinin sübutudur.

Dünyanın zəifləyən iqtisadiyyatı fonunda dövlət və hökumət başçıları xalqla təmasdan yayınaraq, daha çox siyasətə əsaslanan çıxışlar etməyə üstünlük verirlər. Lakin bütün bu gərginliklər fonunda dövlət başçımız ən çətin situasiyada belə “mən xalqım­dan heç nəyi gizlətmirəm”– deyərək, xalqımızın maraqlarını hər bir amilin fövqündə tutduğunu tək sözündə deyil, əməlində də sübut edir. Çünki dünya­nın bir çox dövlət başçısı zamanında etiraf edib ki, idarəetmənin uğursuz­luğuna ən çox səmərəsiz ünsiyyət səbəb olur. Ermənistanın bu gün acınacaqlı vəziyyətə düşməsinin bir səbəbi də budur. Deməli, Azərbaycan Prezidentinin liderliyini nümayiş etdirən siyasətə sadiqlik xalqımıza olan qayğı ilə birbaşa və sıx şəkildə bağlıdır. Məhz bu baxımdan Prezident İlham Əliyevin siyasətinin “qızıl dövrü” Azərbaycanın daxili iqtisadiyyatından qaynaqlanmayan siyasi və iqtisadi dalğalanmaların çətinliyi fonunda bir daha üzə çıxır.

Bir daha Ermənistanı “nümunə” göstərmək istərdim. Bu ölkənin liderlərinin vəziyyəti düzgün hesablaya bilməməsi fonunda atdığı addımlar qeyri-adekvat və qeyri-effektiv, habelə qarışıq və qeyri-ardıcıl nəticələr versə də, ölkəmiz belə mürəkkəb məqamlardan alnıaçıq, üzüağ çıxıb. Ən əsas məqamlardan biri odur ki, formalaşdırdığımız bu baxış, sadəcə, dövlətimizin mənafeyi naminə deyil, bü­tün region xalqlarının təhlükəsizliyinə, rifahına hesablanmışdır. Deməli, səbəb-nəticə etibarlılığının artması dövlət başçımızın müəyyənləşdirdiyi uzaqgörən siyasi kursun, sadəcə, 44 gün üçün deyil, uzunmüddətli hədəflər istiqamətində hesablandığından xəbər verir.

Prezident İlham Əliyevin ictimai problemləri həll etmək bacarığı və bundan heç də az olmayan güclü istəyi ilə bağlı ictimai gözləntiləri təmin etmək istiqamətində bütün potensial resurs­lardan istifadə edərək qarşıya qoyulan vəzifələri uğurla həyata keçirməsi dövlət başçımıza ictimai dəstəyin sonsuz olmasından xəbər verir. Ölkə iqtisadiyyatının vəziyyəti Preziden­tin siyasi uğuru üçün çox vacibdir. Orta əməkhaqqının təqribən 14 faiz, pensiyanın 10 faizdən çox olmaqla, iqtisadiyyatın 6,2 faiz, qeyri-neft iqtisa­diyyatının 9,6 faiz, sənaye sahəsində ümumi sənaye istehsalının 2,1 faiz, qeyri-neft sənaye sahəsinin 11,5 faiz artması kəmiyyət təhlili fonunda keyfiyyət göstəricilərinin uğurlu olduğu­nu təsdiqləyir. Məhz bunun nəticəsidir ki, Sosial Tədqiqatlar Mərkəzinin Prezident İlham Əliyevin bu ilin ilk dörd ayı (yanvar-aprel) üzrə fəaliyyəti ilə bağlı inam və etimad istiqamətində keçirdiyi sorğunun nəticələrinə əsasən, respondentlərin 88,1 faizi Prezidentə tam etibar etdiyini, 10,2 faizi əsasən etibar etdiyini bildirib.

Dövlət başçımızın müşavirədə informativ, qətiyyətli, aydın baxışlı çıxışı onun peşəkar üslubunun unikal fərdi atributudur. Eyni zamanda, Prezidentin iqtisadi, siyasi, hərbi, sosial, humanitar, təhsil, mədəniyyət və digər sahələrdə dəqiq, fundamental və koordinasiyalı aydın baxışının olduğundan xəbər verir. Aparılan işlərə paralel olaraq, eyni zamanda, Azərbaycan yeni iqti­sadi rayonları olan Qarabağ və Şərqi Zəngəzuru da dirçəldir. Azərbaycan Prezidentinin çıxışı dövlətimizin xərcləri və qazancları, sadə dildə desək, aldıq­ları və verdikləri haqqında iki mərkəzi fərziyə ilə bağlı olduqca informativ, müsbət dividendlərdən ibarətdir, həm də ölkəmizin inkişaf və tərəqqi yolun­da inamla irəliləməsinin göstəricisidir. Bu,həmçinin siyasi mühitdəki əlverişli və əlverişsiz olmayan dəyişikliklərə ca­vab olaraq, idarəetmə strategiyamızın düzgün müəyyənləşdirildiyi reallığıdır. Bununla yanaşı, siyasi və iqtisadi siyasət sahəsində əldə edilən uğur­ların tarixi nailiyyətlərimiz olduğundan xəbər verir.