“Azərbaycan son 18 ildə”
YAP Nəsimi rayon təşkilatının Nizami Kino evində keçirdiyi Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin fəaliyyətinə həsr olunmuş “Azərbaycan son 18 ildə” tədbiri şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Sonra Azərbaycanın Dövlət himni səsləndirildi.
Prezident İlham Əliyevin fəaliyyətinə həsr olunmuş filmin nümayişindən sonra YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov dövlət başçımızın fəaliyyəti barədə çıxış etdi. O, son 18 ildə ölkəmizin siyasi, iqtisadi və mədəni sahələrdəki inkişafı barədə məlumat verdi. Qeyd olundu ki, bu müddət ərzində ölkəmizdə çoxlu sayda sənaye və istehsal müəssisələri yaradılmış, 2 milyondan çox yeni iş yerləri açılmış, yoxsulluğun səviyyəsi 49 faizdən 5 faizə endirlimişdir.
Natiq qeyd etdi ki, Azərbaycan artıq 18 ildir etibarlı əllərdədir, davamlı və dinamik inkişaf tempinə malikdir. Ulu öndər Heydər Əliyevdən “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”,– qiymətini alan Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hazırda özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qeyd etdi ki, son 18 ildə həyata keçirilən tədbirlər, düzgün müəyyənləşdirimiş strategiya ölkəmizi dünya birliyində söz sahibinə çevirib. Məhz düzgün müəyyənləşdirilmiş siyasətin və möhtərəm Prezidentimizin polad iradəsinin nəticəsində rəşadətli ordumuz Ermənistanın 30 illik işğalına son qoydu. Bununla da sübut etdi ki, Azərbaycanın öz torpaqlarını azad etməyə qadir ordusu var. Bu ordu dünyanın 50 ən güclülərindəndir.
A.Əsgərov postmüharibə dövründə ölkəmizdə aparılan yenidənqurmadan, xüsusilə işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa-quruculuq işlərindən danışdı. Qeyd etdi ki, bu gün həmin ərazilərdə aparılan tikinti-quraşdırma işlərinin geniş vüsət alması dünyanın nəzər-diqqətini cəlb edib. Dövlət başçımızın rəhbərliyi ilə Azərbaycanın səs-sədası daha uca zirvələrdən eşidiləcək.
DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Şadlinski, qazi Rüfət Salmanlı və şəhid Rauf Əliyevin atası Səxavət Əliyev dövlət başçımızın fəaliyyətindən, insan amilinə verdiyi dəyərdən söhbət açdılar.
Tədbirin sonunda Prezident İham Əliyevin fəaliyyətini mətbuatda fəal təbliğ edən bir qrup müxtəlif peşə sahibinə diplom və qiymətli hədiyyələr təqdim edildi.