Azərbaycan tarixi zəfərlə Qarabağ ədalətsizliyini aradan qaldırdı
Ermənistanın Azərbaycana qarşı başladığı növbəti ədalətsiz ərazi iddiası 1988-ci il fevralın 21-də başladı və bu münaqişə İkinci Qarabağ müharibəsində tarixi qələbəmizlə aradan qaldırıldı. Otuz ildən çox bir müddəti əhatə edən həmin dövr düşmən ölkənin Azərbaycanın ərazi bütövlüyünə qəsdi kimi tarix səhifəsinə qanla yazıldı. Bu uzun zaman ərzində faşist ənənəsinə sadiq qalan Ermənistan torpaqlarımızı ələ keçirməklə, çox sayda qətliamlar törətməklə, şəhər və kəndlərimizi xaraba qoymaqla, sərvətlərimizi talamaqla genosid siyasəti yürütdü.
Xatırladaq ki, 1988-ci il fevralın 21-də Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin yalnız erməni deputatlarının iştirakı ilə keçirilən növbədənkənar legitim sayılmayan iclasında vilayətin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın inzibati-ərazi bölgüsünə daxil olunması barədə qərar qəbul edildi. Sessiyada Qarabağın dağlıq hissəsinin Ermənistana birləşdirilməsi haqqında Azərbaycan və Ermənistanın hakimiyyət orqanlarına müraciət ünvanlandı. Həmin vaxt erməni tərəf Xankəndidə vilayət partiya komitəsinin binası qarşısındakı mitinqdə Azərbaycana qarşı əsassız iddialar səsləndirir, qərarın keçmiş SSRİ Ali Sovetinə dərhal göndərilməsini tələb edirdi.
Bundan bir gün sonra-fevralın 22-də düşmənin məkrli planına etiraz olaraq Əsgəran rayonu ərazisində Ağdam və Əsgəran sakinlərinin dinc nümayişi keçirildi. Həmin aksiya zamanı erməni separatizmi xalqımıza qarşı özünün növbəti cinayətini törətdi, Əsgəran yaxınlığında Əli Hacıyev və Bəxtiyar Quliyevi qətlə yetirdi. Qarabağ münaqişəsində ilk qanın tökülməsi, iki azərbaycanlı gəncin öldürülməsi faktını keçmiş SSRİ-nin Baş Prokrorunun birinci müavini F.Katusev də Mərkəzi Televiziyada çıxış edərkən təsdiqlədi.
Bu qanlı hadisə ilə başlanan Qarabağ münaqişəsi dövründə erməni faşizmi tərəfindən ölkəmizin 20 faiz ərazisi işğal olundu. Otuz ilə yaxın bir dövrdə düşmən torpaqlarımızda dəhşətli cinayətlər törətdi, yeni şəhər və kəndlərimizi qəsb edəcəyi iddiaları səsləndirməkdən belə çəkinmədi.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində möhtəşəm qələbəsi ilə torpaqlarımızın 30 illik işğalına son qoyuldu, dövlətimizin ərazi bütövlüyü təmin edildi. Beləliklə, son iki yüz ilə yaxın bir dövrdə xalqımıza çoxsaylı fəlakətlər gətirən erməni şovinizminə və ekspansionizminə sarsıdıcı zərbə vuruldu, tarixi taleyimizlə bağlı olan son dərəcə mühüm bir məsələnin həlli reallaşdırıldı.
Xatırladaq ki, tarixi mənbələrə əsasən, XIX əsrin əvvəllərində çar Rusiyası Araz çayından şimalda yerləşən Azərbaycan xanlıqlarını işğal etdikdən sonra bölgənin etnik mənzərəsini dəyişdirərək, öz dayaqlarını möhkəmləndirmək üçün bütün XIX əsr ərzində İrandan və Türkiyədən 1 milyondan çox ermənini Cənubi Qafqaza köçürüb. Bölgənin demoqrafik mənzərəsinin dəyişdirilməsi ilə yanaşı, erməni dini-ideoloji ekspansiyasına da rəvac verilib, 1836-cı ildə çar hökuməti tərəfindən Qarabağdakı alban xristian kilsəsi erməni kilsəsinə tabe etdirilib. Bundan sonra Eçmiədzin erməni kilsəsi albanların etnik-mədəni irsini, alban ədəbiyyatı və tarixini də öz adına çıxaraq mənimsəyib.
Tarixi sənədlərdə bildirilir ki, XIX əsrin sonlarına yaxın erməni şovinistləri “Armenakan”, “Hnçak” və “Daşnaksütyun” kimi millətçi partiyalar yaradaraq dənizdən-dənizə “Böyük Ermənistan” mifi ilə bağlı ideyanın həyata keçirilməsinə silahlı mübarizə və terror yolu ilə zəmin hazırlamağa başlayıb. 1905–1907-ci illərdə, habelə 1918-ci ildə düşmən Bakı, Tiflis, İrəvan, Naxçıvan, Gəncə, Qarabağ, Zəngəzur, Göyçə və digər yerlərdə azərbaycanlılara kütləvi şəkildə divan tutub, şəhər və kəndlərimizi yandırıb, uşaqları, qadınları, qocaları misilsiz qəddarlıqla öldürüb. Erməni vəhşiliyindən sağ qurtara bilən on minlərlə azərbaycanlı doğma yurd-yuvasını tərk etməyə məcbur olub. Azərbaycanlılardan təmizlənən ərazilər 1918-ci ildə müstəqilliyini elan edən Ermənistan Respublikasının ərazisinə daxil edilib. Ermənistanda və Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bolşevik rejiminin əli ilə Azərbaycan torpaqlarının daha bir hissəsi, o cümlədən Qərbi Zəngəzur Ermənistanın tərkibinə birləşdirilib. Beləliklə, Ermənistanın ərazisi 9,8 min kvadratkilometrdən 29,8 min kvadratkilometrə çatdırılıb.
Azərbaycanlılara qarşı düşmənçilik siyasəti sovet hakimiyyəti illərində də davam etdirilib. Ermənistan ərazisində qalan, ata-baba torpaqlarında elliklə yaşayan yüz minlərlə azərbaycanlıya muxtariyyət verilmədiyi halda, Azərbaycanda ermənilər üçün qondarma “Dağlıq Qarabağ Muxtar Vilayəti” təşkil olunub. Keçmiş SSRİ rəhbərliyinin köməyi ilə ovaxtkı Ermənistan SSR-in hakim dairələri tərəfindən 1948–1953-cü illərdə Ermənistandan yüz minlərlə azərbaycanlı deportasiya edilib. Soydaşlarımıza qarşı kəskin mənəvi təcavüz kampaniyası aparılıb. Düşmən planına uyğun şəkildə bölgənin tarixi saxtalaşdırılıb, uydurma erməni dövləti tarixi yaradılıb.
Azərbaycana qarşı ərazi iddialarını həyata keçirmək üçün Ermənistanın 1988-ci ildə başladığı, 1992-ci ildə isə miqyasını genişləndirdiyi etnik təmizləmə siyasəti və işğalçılıq müharibəsi nəticəsində Azərbaycanın ərazisinin 20 faizi qəsb olundu, Ermənistan ərazisindən və Azərbaycanın ələ keçirilən bölgəsindən 1 milyondan çox azərbaycanlı qovuldu. Soydaşlarımıza qarşı milli nifrət və düşmənçilikdən qaynaqlanan ağır cinayət aktları həyata keçirildi, XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı, bir sıra digər qətliam əməlləri törədildi.
Yeri gəlmişkən, 1994-cü ilin mayında münaqişənin sülh yolu ilə həllinə şərait yaratmaq məqsədi ilə Ermənistanla Azərbaycan arasındakı cəbhə xəttində atəşkəs elan olunduqdan sonra düşmən ölkə rəhbərliyinin bütün fəaliyyəti münaqişənin həllinə deyil, işğalın nəticələrinin möhkəmləndirilməsinə yönəldi. Azərbaycan Respublikasının suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə təsdiqləyən və Ermənistan silahlı qüvvələrinin işğalda saxladığı ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli, eləcə də BMT Baş Məclisinin 62/243 nömrəli qətnamələrinə, Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının, İslam Əməkdaşlığı Təşkilatının, digər beynəlxalq qurumların müxtəlif illərdə qəbul etdikləri qətnamələrə etinasızlıq göstərildi. Münaqişənin nizama salınması üçün yaradılan ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlardan isə Azərbaycan torpaqlarının işğalının nəticələrini bu və ya digər şəkildə rəsmiləşdirmək, bu mümkün olmadıqda isə vaxt uzatmaq üçün istifadə edildi.
Ermənistan rəhbərliyi cəzasız qalmasından istifadə edərək, sülh prosesini birdəfəlik pozmağa cəhdlər göstərdi. Bu məqsədlə 2016-cı ilin aprel, 2020-ci ilin iyul və avqust aylarında Ordumuza qarşı təxribatlar törədildi. Həmin təxribatlara cavab olaraq Azərbaycan Respublikasının gördüyü tədbirlər Ermənistan silahlı qüvvələrinin canlı qüvvə və hərbi texnika sarıdan böyük itkilər verməsinə gətirib çıxardı.
Ermənistan rəsmiləri öz bəyanatları və davranışları ilə sübut edirdilər ki, bu dövlət işğal altında olan əraziləri qaytarmağa və ədalətli sülh əldə etməyə hazırlaşmır, həmçinin Azərbaycanın yeni ərazilərini ələ keçirməyə cəhd göstərir.
İşğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma siyasətinin genişləndirilməsi, danışıqların formatını dəyişdirməyə cəhdlər göstərilməsi, Ermənistan müdafiə nazirinin “yeni ərazilər üçün yeni müharibə” iddialarını səsləndirməsi kimi bəyanatlar isə işğalçı dövlətin rəhbərliyinin əsl niyyətlərini üzə çıxarırdı.
Nəhayət, 2020-ci il sentyabrın 27-də düşmən ölkənin silahlı qüvvələrinin Azərbaycana qarşı təxribat törədərək, hərbi obyektləri və mülki əhalini hədəfə alandan sonra ordumuz ərazi bütövlüyümüz uğrunda əks-hücuma keçməklə tarixi torpaqlarımızı yağılardan təmizlədi. Azərbaycanın ədalət uğrunda apardığı mübarizədə qələbəni isə Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti və əzmi, möhkəm maddi-texniki bazaya malik olması, ordu-xalq-Prezident birliyi şərtləndirdi.
Prezident İlham Əliyev sentyabrın 27-də, Vətən müharibəsi başlanan ilk saatlarda xalqa müraciətində bu barədə dedi: “Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, “Dağlıq Qarabağ ordusu”nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq!..”.
Beləliklə, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun sentyabrın 27-də Qarabağda Ermənistan silahlı qüvvələrinə qarşı başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək düşmən həm canlı qüvvə, həm də texnika baxımından böyük itkilər verdi, 5 şəhər, 4 qəsəbə və 300-ə yaxın kənd işğaldan azad edildi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz zirvələri, habelə daha 5 adsız yüksəklik geri qaytarıldı.
Noyabrın 10-da isə Azərbaycan, Rusiya prezidentləri, Ermənistanın baş naziri tərəfindən münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalandı. Bu bəyanata əsasən, dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana təhvil verildi. Bununla da ermənilərin “Böyük Ermənistan” və “Dağlıq Qarabağ respublikası” xülyalarına birdəfəlik son qoyuldu.
Vətən müharibəsi Ermənistan və onun ədalətsiz havadarlarının acı məğlubiyyəti ilə nəticələndi, Azərbaycan uzun illər çəkən bu ədalətsiz siyasi-hərbi mübarizədən qalib çıxdı. Ordumuz uğurlu əməliyyatları ilə status-kvonu dəyişdirdi, təmas xəttini darmadağın etdi. Haqq işində xalqımızın birliyi, qalib Prezidentinə və qəhrəman ordumuza inamı bu tarixi qələbəni reallaşdırdı, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bir daha təsdiq etdi.
Vətən müharibəsindən ötən müddətdə ölkəmiz siyasi şərtləri diktə edir, regionun geosiyasi mənzərəsini sürətlə dəyişir, Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan birgə bəyanata əsaslanaraq, bölgədə yeni təhlükəsizlik və əməkdaşlıq formatı yaradır. Respublikamız Qarabağ və Şərqi Zəngəzurda erməni faşizminin xaraba qoyduğu yaşayış sahələrini sürətlə bərpa edir, eyni zamanda, Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm layihələr reallaşdırır. Qısa müddət ərzində istifadəyə verilən Füzuli Beynəlxalq Hava Limanı və tikilməkdə olan Zəngilan və Laçın hava limanları da bu baxımdan mühüm əhəmiyyətə malikdir.
Ordu quruculuğu, ölkəmizin müdafiə qabiliyyəti və milli təhlükəsizliyinin daha da gücləndirilməsi Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən bu gün də qarşıya qoyulan əsas vəzifələrdən biridir. Buna görə hazırda Silahlı Qüvvələrimizin müasir hərbi texnika və silah-sursatla təchizatı, təhlükəsizliyin təmin olunması məqsədilə zəruri hərbi infrastrukturun yaradılması, hərbçilərin sosial-məişət və xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlərin gerçəkləşdirilməsi daim diqqətə saxlanılır.