Azərbaycan–Türkiyə: Ayrılarmı könül candan?
Bu gün Türkiyə və Azərbaycan bir-birinə dünya çapında ən yaxın olan ölkələrdir. Bizi birləşdirən bir çox amillər var, ilk növbədə, tarix, mədəniyyət, ortaq etnik köklər, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığı bu birliyi təmin edib. Bu gün biz dünya miqyasında, dünya çapında nadir əməkdaşlıq, işbirliyi, müttəfiqlik nümunəsi göstəririk.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Türkiyə və Azərbaycan tarixin ən mürəkkəb dövrlərində bir-birinin qeyd-şərtsiz dəstəkçisi və qardaşı olublar. Dədə Qorqud, Koroğlu, Mövlanə, Nəsimi, Füzuli bu birliyin əsas sütunlarıdır. Ötən əsrin əvvəllərində Qafqaz İslam Ordusunun xilaskar komandanı Nuru Paşa da bu birlik körpüsündən keçərək, Bakıya qədəm qoyub. Qarabağın erməni işğalından azad olunmasında da Türkiyənin Azərbaycana güclü mənəvi və siyasi dəstəyi danılmazdır.
İki ölkə prezidentlərinin – İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın qardaşlığı isə bizim genetik-etnik, əxlaqi-mədəni, siyasi, sosial-iqtisadi bağlarımızı daha da möhkəmləndirib. Bu gün Türkiyə şirkətlərinin yaxından köməkliyi ilə Qarabağda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Türkiyə özünün diplomatik nüfuzu, təsir imkanları ilə Azərbaycanı erməni təəssübkeşlərinin həmlələrindən qoruduğu kimi, düşmənin dağıntılara məruz qoyduğu ərazilərin dirçəldilməsində də bizimlə yanaşı addımlayır.
Azərbaycan–Türkiyə birliyi artıq dünyanı heyrətdə qoyan münasibət statusu alıb. Prezident İlham Əliyev hər zaman bu barədə fikirlərini böyük qürur hissi ilə ifadə edir: “Azərbaycan–Türkiyə strateji müttəfiqliyi və tərəfdaşlığı regionda sülhü və təhlükəsizliyi təmin edən, əməkdaşlığın inkişafına töhfə verən mühüm amildir. Həqiqətən də qardaş və dost ölkələrimizin və xalqlarımızın qarşılıqlı münasibətləri ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarına uyğun olaraq, bütün sahələrdə müvəffəqiyyətlə inkişaf edir və genişlənir”.
Beynəlxalq təşkilatlar platformasında bütün məsələlər uzrə Azərbaycanla Turkiyənin mövqeləri daim üst-üstə düşür, tərəflər bir-birinə qarşılıqlı dəstək verirlər. Azərbaycan BMT, İKT, NATO, Avropa Şurası, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı kimi qurumlar çərçivəsində Türkiyə ilə faydalı strateji əməkdaşlıq edir.
Bizim yaxın tariximizin iqtisadi mənzərəsi də rəngarəngdir. Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum, TANAP, TAP kimi enerji layihələri, prezidentlərimizin iştirakı ilə Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin açılması, Türkiyədə “STAR” neft emalı zavodunun işə salınması, 2020-ci il dekabrin sonunda Azərbaycan kommersiya qazının Trans-Adriatik Boru Kəməri vasitəsilə Avropaya tədarükünə başlanması və s. ölkələrimizin monolit birliyinin nümayişi kimi fərəh doğurur.
Ötən əsrdə milli düşüncənin hərbi güclə qaynayıb-qarışmasının ilk örnəyini yaradanlardan olan, Şuşa kökənli Əhməd bəy Ağaoğlu 1906-cı ildə erməni “Daşnaksütyun” partiyasının terrorizminə qarşı mübarizə aparmaq üçün Gəncədə “Difai” Partiyasını təşkil edib, sonra xaricdə Türk ocağını yaradılmasında iştirak edib. 1916-cı ildə Millətlər Birliyinin Konqresində Türkiyədən Lozannaya gedən nümayəndə heyətinin tərkibində Azərbaycanı təmsil edib. Əhməd bəyin təsisçisi olduğu “İrşad” qəzeti də türk məfkurəsinin geniş yayılmasına xidmət edirdi. “Tanrı dağı” adlı hekayəsində yazdığı “səkkizguşəli ana Kainat” ibarəsi bizə Azərbaycan bayrağındakı səkizguşəli ulduzun mifoloji mənşəyini anlamaqda kömək edir. Əhməd bəy Ağaoğlu 1918-ci ildə Nuru Paşanın siyasi müşaviri kimi, Əli bəy Hüseynzadə ilə birlikdə Gəncəyə gəlib. Qısa müddət də olsa, Cümhuriyyət Parlamentinə Zəngəzurdan deputat seçilib.
...İnişil Bakıda təşkil olunan Zəfər paradında yeganə ali qonaq kimi Rəcəb Tayyib Ərdoğanın iştirakı iki dövlət – bir can amalının, həqiqətən də, əbədi olduğunu göstərdi. Zəfər paradı Vətən müharibəsində canından keçmiş şəhidlərimizin sayı qədər türk mehmetciyinin rəsmi keçidi və Bakı küçələrində yürüşlə döyüş mahnıları oxuması ilə daha da yaddaqalan oldu.
…Şərqi Zəngəzurda – Zəngilanda “Dost Aqropark”ın təməlqoyma mərasimində iki ölkə prezidentlərinin çinar ağacı əkmələrinin də böyük simvolik mənası vardı. Çinar dirilik, dirçəliş rəmzi, insan nəfəsi ilə dikələrək, başını göylərə dayayan “qala”dır. Bu baxımdan rəhmətlik Bəxtiyar Vahabzadənin məşhur misraları bizim necə canbir-qəlb olduğumuzun poetik təsviridir:
Bir ananın iki oğu,
Bir ağacın iki qolu
O da ulu, bu da ulu –
Azərbaycan, Türkiyə!
Cənab İlham Əliyevlə cənab Rəcəb Tayyib Ərdoğan anadan ər doğulmuş böyük sərkərdələr kimi müzəffər liderliklərini uğurla davam etdirirlər. Ötən payız İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında ( indiki Türk Dövlətləri Təşkilatı) Türkiyə Cümhurbaşqanının təşəbbüsü ilə Prezident İlham Əliyevə Türk dünyasının Ali Ordeninin təqdim olunması dövlət başçımızın Zəfər tarixi yazmasının və dünya türklüyünə misilsiz töhfələr verməsinin layiqli qiymətidir. Azərbaycan rəhbəri bu barədə ürək sözlərini səmimi şəkildə dilə gətirib: “Bu ordenin mənə verilməsi Qarabağın qurtuluş savaşının sonunda baş tutdu. Türk dövlətlərinin bunu bu şəkildə qəbul etməsinə və məni bu ordenə layiq gördüklərinə görə böyük qürur hissi keçirirəm. Bu, Azərbaycan xalqına verilmiş bir ordendir... Bu ordeni sevgili qardaşım Rəcəb Tayyib Ərdoğandan almağım xüsusilə önəmlidir. Müharibənin ilk günündən son gününə qədər onun bizə göstərdiyi dəstəyi hər an hiss etdik. Həqiqətən də bu dəstək bizə güc verdi, bizi ruhlandırdı, çünki əziz qardaşım Azərbaycanın dünyada tək olmadığını və Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını göstərdi. Biz böyük bir zəfərlə vəzifəmizi yerinə yetirə bildik”.
2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamə imzalanması iki dövlətin qardaşlığına vurulan rəsmi tarixi möhür kimi qürur doğurur. Bu dəyərli sənəd,Türkiyənin ürəyinin daim Azərbaycanla döyündüyünü göstərir. İki dost və qardaş ölkə arasında imzalanmış bütün beynəlxalq sənədlərə, ilkin olaraq 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə sadiqliyi bir daha təsdiq edir.
Azərbaycan və Türkiyə prezidentləri vaxtaşırı rəsmi səfərlər və işgüzar təmaslar vasitəsilə görüşür, qarşılıqlı maraq doğuran məsələləri müzakirə edir, faydalı nəticələr əldə edirlər. Cənab Rəcəb Tayyib Ərdoğan ölkəmizə son səfərlərinin biri zamanı Zəngəzur dəhlizinin bir hissəsi olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlqoyma mərasimində ən çox sevinənlərdən idi. O, vurğulayıb ki, Zəngəzur dəhlizi bu coğrafiyada əlaqələrin ana arteriyası olacaq. Buradan keçəcək avtomobil və dəmiryolu xətləri sadəcə Azərbaycan və Türkiyə üçün deyil, bütün bölgə ölkələri üçün də iqtisadi-ticari imkanlar yaradacaq. Gün gələcək Zəngəzurdan çıxıb, İstanbula, İğdıra, Qarsa gedə biləcəyik və bölgənin tranzit, logistika mərkəzinə çevrilmə imkanı möhkəmlənəcək. Bu inkişafdan İran, Rusiya, Gürcüstan, Ermənistan da daxl olmaqla Azərbaycanın bütün qonşuları istifadə edəcəklər. Bir sözlə, bu layihələr kənarlaşdırlıcı deyil, əhatəedicidir. Beləcə, Türkiyə lideri bir daha sübut edib ki, biz ayırıcı deyil, birləşdirici yolun tərəfdarıyıq, ədavətin deyil, sülhün elçisiyik.
Burada əlavə edək ki, Cənubi Qafqaz regionun iqtisadi baxımdan çiçəklənməsi məqsədilə irəli sürülən “üç, üstəgəl üç” formatının müəllifi məhz Rəcəb Tayyib Ərdoğandır. Türkiyə hazırda bu yöndə fəaliyyətlərini uğurla davam etdirir.
Rekord müddətə – cəmi səkkiz aya inşa olunub istismara buraxılan Füzuli Beynəlxalq Hava Limanı iki qardaş ölkənin birliyinin bariz nümunəsidir. Reallıq göstərdi ki, biz Böyük Zəfərin sevincini təkcə azad olunmuş deyil, həmçinin dirçəldilən Qarabağda çiyin-çiyinə bayram edən böyük millətik. Həmin mərasimdə dövlət başçımız bunu fərəhlə qeyd edib ki, Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər zaman bir-birinin yanındadır. Bu hava limanının inşasında Azərbaycan və Türkiyə şirkətləri iştirak etmişlər. Dünən dəniz üzərində inşa edilən nəhəng layihə – Rize–Artvin Hava Limanının açılışında cənab İlham Əliyevin iştirakı da münasibətlərin daim ən yüksək səviyyədə olduğunu göstərir.
Dahilərdən biri türklüyün tərifini olduqca aydın ifadə edib: “Dünyada haqq və ədalətə hökmdarlıq edəcək tək millət türk millətidir. Bu, zalımın qarşısında, məzlumun yanında olan tək millətdir”. Bəli, türk birliyi dünyada xoş məram, işıqlı amal birliyidir. Türkiyə də, Azərbaycan da sırf ədalət və barış missiyasının daşıyısılarıdır.
Turan dünyasının qüdrətli təmsilçisi olan, beynəlxalq məsələlərdə sözünü qətiyyətlə deyə bilən, NATO üzvü Türkiyə hazırda Yaxın Şərq və Aralıq dənizi regionunda sülhün təminatçısı kimi tanınır. Qardaş ölkə Cənubi Qafqazda da sülh carçısı olan və səsi aydın eşidilən bir dövlətdir. Azərbaycan Respublikası da öz coğrafiyasında liderlik səviyyəsinə yüksəlmiş qalib bir dövlətdir. Cənab İlham Əliyev əməkdaşlığımızın parlaq gələcəyinə inamını hər zaman ürəklə ifadə edib: “Əminəm ki, Azərbaycan-Türkiyə birliyi və qardaşlığının “Bir millət, iki dövlət” şüarına uyğun olaraq daha da möhkəmləndirilməsi və inkişafı naminə qarşıya qoyduğumuz hədəflərə çatmaq üçün birgə səylərimizi davam etdirəcəyik”.
Bu həmrəylik duyğuları məhz mənəvi bağlarımızdan, ortaq tariximizdən, köklü mədəniyyətimizdən güc alır.