Azərbaycanın uğurlarının əsasında uzunmüddətli iqtisadi strategiya dayanır
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində jurnalistlərin suallarını cavablandırarkən, əvvəlcə diqqəti ötən il iqtisadi sahədə görülən işlərə yönəldib. Dövlətimizin başçısı postmüharibə və pandemiya reallıqları şəraitində ölkədə iqtisadi artıma nail olunduğunu vurğulayıb. Eyni zamanda, 2021-ci ildə əldə edilən uğurlu nəticələrin, inkişaf göstəricilərinin həyata keçirilən siyasətin, aparılan islahatların real həyatda təsdiqini tapdığını, sosial-iqtisadi nailiyyətlərin davamlılığı və dayanıqlı inkişaf üçün etibarlı zəmin yaratdığını bildirib.
Yeri gəlmişkən, xatırladaq ki, dünyada yaşanan ən ağır maliyyə və iqtisadi böhran şəraitində belə Prezident İlham Əliyevin çevik, praqmatik siyasəti sayəsində Azərbaycan xarici iqtisadi təsirləri neytrallaşdırıb, nəzərdə tutulan bütün sosial-iqtisadi proqramlar tam icra edilib, iqtisadiyyatımız artıb. Bütün bunlara nail olunmasında isə iqtisadiyyatın şaxələndirilməsi, neftdən asılılığın minimuma endirilməsi, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi tədbirləri xüsusi önəm kəsb edib.
Prezident İlham Əliyev 2021-ci ilin iqtisadi yekunları barədə danışarkən, diqqətə yönəltdiyi göstəricilər də bunu aydın göstərir:
–hesabat dövründə iqtisadi artım 5 faizdən çox olub;
– qeyri-neft iqtisadiyyatı 7,2 faiz artıb;
–sənaye istehsalı 5 faizdən çox yüksəlib, qeyri-neft sənayesi 20 faizə yaxın artıb;
–ixrac idxalı böyük dərəcədə üstələyib və müsbət saldo 10 milyard dollardan çox olub;
–qeyri-neft ixracı 40 faizdən çox artıb;
–islahatlar hesabına təkcə vergi orqanları tərəfindən keçən il proqnozdan əlavə təqribən 1,4 milyard manat vəsait toplanıb.
Dövlətimizin başçısı müsahibədə bütün uğurların xüsusilə müharibədən çıxmış ölkə üçün mühüm önəm daşıdığını, qeyri-neft iqtisadiyyatında yuxarıda xatırlatdığımız məlum göstəricinin bu sektorunun inkişafı ilə bağlı bütün planların icrası nəticəsində əldə edildiyini vurğulayıb.
Prezident İlham Əliyevin jurnalistin iqtisadi sahə ilə bağlı sualına cavabında bir məqamda diqqət çəkib. Bu, Azərbaycanın 2021-ci ildə valyuta ehtiyatlarının artımı ilə bağlı məsələdir. Qeyd edək ki, son illərdə əldə olunan bütün sosial-iqtisadi uğurlar ölkə iqtisadiyyatının dinamik inkişafı, islahatların ardıcıl xarakter daşıması ilə əlaqədardır. Hazırda ölkə iqtisadiyyatının dayanıqlığının şaxələndirilməsi və rəqabət qabiliyyətinin reallaşdırılması qarşıya iqtisadi islahatlar üzrə əsas vəzifə kimi qoyulub. Bu məqsədlə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, institusional islahatların aparılması, dövlət tərəfindən sahibkarlara hərtərəfli dəstək verilməsi istiqamətlərində bir sıra mühüm qərarlar qəbul edilib. Bütün bunların sayəsində Azərbaycan bu gün dünyanın ən sürətlə və dayanıqlı inkişaf edən ölkəsinə çevrilib.
Azərbaycanın strateji valyuta ehtiyatları respublikada makroiqtisadi sabitliyin qorunması, fiskal dayanıqlığın, qeyri-neft sektorunun inkişafının təmin edilməsi və layihələrin maliyyələşdirilməsində ciddi rol oynamaqla yanaşı, ölkənin iqtisadi cəhətdən qüdrətlənməsində və etibarlı tərəfdaş kimi beynəlxalq imicinin formalaşmasındada mühüm rol oynayır.
Bu baxımdan valyuta ehtiyatlarının artımında dinamika təsadüfi deyil. Prezident İlham Əliyev müsahibədə bununla bağlı deyib: “Bizim valyuta ehtiyatlarımız artıb, baxmayaraq ki, keçən il böyük xərclərimiz olub. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgələrində və ölkəmizin digər yerlərində investisiya proqramı tam icra edilmişdir. Buna baxmayaraq, valyuta ehtiyatlarımız 2,5 milyard dollar artıb. Bildiyiniz kimi, mənim hökumətə ümumi göstərişim ondan ibarət idi ki, biz valyuta ehtiyatlarının azalmasına imkan verməməliyik. Əgər lazım olarsa, xərcləri, xüsusilə investisiya xərclərini bir qədər azaldıb, amma valyuta ehtiyatlarımızı sabit saxlamalıyıq və çalışmalıyıq ki, artıraq. Çünki bu, bizə iqtisadi müstəqillik verir və iqtisadi müstəqillik olmadan, siyasi müstəqillikdən danışmaq mümkün deyil”.
Dövlətimizin başçısı müsahibədə manatın sabit qalması ilə bağlı vəziyyətə də toxunub. Bu amilin iqtisadi inkişafa mühüm təsir göstərdiyini vurğulayan Prezident İlham Əliyev uzun illər ərzində manatın sabit qaldığını, manata inamın böyük dərəcədə artdığını və bundan ölkə əhalisinin faydalandığını xatırladıb. Ölkə rəhbəri daha sonra isə manat depozitlərinin həcminin yüksəldiyini və ümumi depozitlərin balansında artıq üstünlük təşkil etdiyini qeyd edib: “Bunun investorlar üçün də çox böyük faydası var. Çünki investorlar da görürlər ki, milli valyuta sabitdir. Belə olan halda investisiyalar, o cümlədən xarici investisiyalar daha böyük həcmlə təşkil oluna bilər”.
İnvestisiyadan söz düşmüşkən, qeyd edək ki, iqtisadiyyata sərmayə qoyuluşuna marağın getdikcə artması, ilk növbədə, ölkəmizin siyasi cəhətdən sabit olması ilə bağlıdır. Bununla bərabər, respublika hökuməti tərəfindən həyata keçirilən iqtisadi siyasət, aparılan islahatlar nəticəsində respublikada güclü iqtisadi potensial mövcuddur. Yaradılan əlverişli biznes və investisiya mühiti, Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınması, regionda əlverişli mövqeyə malik mühüm tranzit mərkəzi olması, insan kapitalının inkişafı da ölkəmizin investisiya qoyuluşu baxımından cəlbediciliyini artırır. Eyni zamanda, Azərbaycan beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirir.
Ölkəmizin təşəbbüskarı olduğu transmilli layihələr bu gün Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bir sözlə, hökumət ölkədə investisiya fəaliyyətinin genişləndirilməsinə, biznes mühitinin yaxşılaşdırılmasına, sənaye istehsalının artırılmasına, qeyri-neft sektorunun inkişaf etdirilməsinə ciddi önəm verir. Bu istiqamətdə qarşıya qoyulan əsas hədəflər sərmayə qoyuluşlarının artırılması, sahibkarların ixrac potensialının gücləndirilməsi, investisiya imkanlarının genişləndirilməsi, potensial tərəfdaşların tapılması və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsidir.
Prezident İlham Əliyev müsahibədə aqrar sektorun mövcud inkişafı mənzərəsini də diqqətə çatdırıb. Ölkə rəhbəri Azərbaycanda son 15 il ərzində meyvə, həmçinin üzüm istehsalının 2 dəfə, pambıq istehsalının dəfələrlə artdığını qeyd edib: “Demək olar ki, biz son beş il ərzində pambıqçılığı diriltdik və qeyri-neft ixracatında pambığın nisbəti ildən-ilə artır. Eyni zamanda, biz özümüzü əsas ərzaq məhsulları ilə təmin etmək üçün praktiki addımlar atdıq. Məsələn, bu gün mal ətinə əgər baxsaq, biz özümüzü təqribən 90 faiz səviyyəsində təmin edirik, qoyun əti ilə 100 faiz. Azərbaycan heç vaxt süd istehsal etmirdi və bizdə ənənəvi olaraq mal-qaranın cinsi südçülük üçün əlverişli deyildi. Ona görə biz cins mal-qaranın alınmasına böyük vəsait xərclədik və bu gün Azərbaycanda əgər 1 milyondan çox iribuynuzlu mal-qara varsa, onun artıq 70 mini cins mal-qaradır. Son illər ərzində gətirdiyimiz və Azərbaycanda müəyyən tədbirlərin nəticəsində yetişdirilmiş cins mal-qaradır ki, bir neçə ildən sonra onların, əlbəttə, sayı artacaq. Ona görə məsələn, süd və süd məhsullarının istehsalında biz 80 faizə çıxa bilmişik”.
Dövlətimizin başçısı müsahibədə aqrar sektorun digər sahələrində də müsbət göstəricilər əldə edildiyini bildirib. O, respublikada toyuq əti istehsalının ölkə tarixində heç vaxt olmayan bir həddə çatdırıldığını-80 faiz səviyyəsinə qaldırıldığını vurğulayıb. Ölkə rəhbəri bununla belə buğda istehsalında yüksək göstərici əldə olunmasına baxmayaraq, hələ də özümüzü bu məhsulla tam təmin edə bilmədiyimizi xatırladıb: “Biz təqribən 3,3 – 3,4 milyon ton buğda istehlak edirik. Onlardan cəmi 2 milyonu Azərbaycanda istehsal edilir. Qalanını idxal edirik və əgər mən bu gün desəm ki, biz 100 faiz özümüzü ərzaq buğdası ilə təmin edə bilərik, yəqin ki, indiki şəraitdə səhv olar. Amma çalışmalıyıq ki, yerli istehsal artsın, ilk növbədə, məhsuldarlıq hesabına. Çünki bu gün taxılçılıqda məhsuldarlıq 32 sentnerdir, yəni 3,2 tondur. Əgər bu rəqəm 4 tona, 4,5 tona çatsa, bu, mümkündür, çünki iri fermer təsərrüfatlarının bəzilərində 7 tondur, bəzilərində 6 tondur. Mən bu təsərrüfatlarda olmuşam və bu təsərrüfatların yaradılmasında da fəal iştirak etmişəm. Onda biz mövcud əkin sahələrində özümüzü maksimum dərəcədə ərzaq buğdası ilə təmin edə bilərik”.
Prezident İlham Əliyev respublikada buğda istehsalının artırılması, ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsi üçün ehtiyat mənbələrinin mövcudluğunu xatırladıb. Dövlətimizin başçısı bu məqsədlə artıq azad edilmiş torpaqlarda vaxt itirmədən əkin işlərinə başlanıldığını, bu işə böyük həcmdə vəsait yönəldildiyini, özəl şirkətlərə, fermerlərə təlimat verildiyini və o ərazilərdə əkin işlərinin həyata keçirildiyini qeyd edib. Dövlətimizin başçısı, eyni zamanda, düşməndən təmizlənən torpaqlardan sovet dövründə daha çox heyvandarlıq üçün istifadə edildiyini vurğulayaraq, düşmənin işğal dövründə 100 min hektarda taxıl əkinindən təqribən 100 min tona yaxın buğda götürdüyünü bildirib: “Ermənistan üçün böyük rəqəmdir. Amma bizim üçün bu, böyük rəqəm deyil. Əgər azad edilmiş mövcud torpaqlarda taxılçılıq üçün yararlı olan və məqbul sayılan yerlərdə əkin aparılsa, indiki məhsuldarlıqla təqribən 200 min tona yaxın buğda götürmək mümkündür. Yəni bu da reallıqdır. Yəni bu, bizim kəsirimizi, 1,3 milyonluq kəsirimizi örtmür. Onu da bilməliyik ki, əhali artır, ildən-ilə tələbat artır, pandemiyaya görə ölkəmizə xarici vətəndaşların gəlişində azalma olub. Pandemiyadan sonra yenə də milyonlarla turist gələcək. Ona görə özümüzü demoqrafik perspektivləri nəzərə alaraq təmin etmək üçün biz ancaq müasir texnologiyalar, müasir suvarma sistemləri, iri fermer təsərrüfatları yaratmalıyıq. Kiçik fermer təsərrüfatlarına indi kömək göstərilir, subsidiyalar və metodik tövsiyələr verilir. Bu işi də təkmilləşdirməliyik. İstisna edilmir ki, biz artıq bu məsələ ilə də məşğul olmağa başlamışıq - başqa ölkələrdə taxılçılıq üçün məqbul olan münbit torpaqları icarəyə götürüb, orada məhsul yetişdirmək və Azərbaycana gətirmək. Ona görə bu, real mənzərədir. Bizim istəyimizlə imkanlarımız bu gün üst-üstə düşmür. Ona görə hər kəs bu real vəziyyəti bilməlidir və nə mümkünsə biz edirik…”.
Ümumiyyətlə, son illərdə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcminin əhəmiyyətli dərəcədə artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib. Respublikamızda bu məsələ ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən ayrı-ayrı vaxtlarda müvafiq sərəncamlarla Dövlət proqramları və “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” təsdiq edilib, həmçinin digər sənədlər qəbul olunub. Məhz bunun nəticəsidir ki, COVID-19 pandemiyası ilə bağlı çətinliklər fonunda, habelə quraqlıq və su qıtlığı şəraitində ötən il dövlətimizin başçısının müsahibədədə diqqətə çatdırdığı yüksək göstəricilər əldə edilib.
Hazırda qarşıda aqrar sahənin rəqabətqabiliyyətini daha da yüksəltmək kimi mühüm vəzifə durur. İsrail, Yeni Zelandiya və Niderlandın təcrübəsi də göstərir ki, aqrar siyasətdə əsas prioritet məhsuldarlığın artırılmasına yönəldilməlidir. Bu yolla əmək, torpaq, su və kapital resurslarından daha səmərəli yararlanmaqla, həm rəqabətqabiliyyətli aqro-biznesi inkişaf etdirmək, həm də ərzaq təhlükəsizliyini reallaşdırmaq mümkündür.