Ötən il regional proqram uğurla həyata keçirilib
Prezident İlham Əliyevin Azərbaycanın bölgələrinə daim səfər etməsi, müxtəlif təyinatlı sosial-iqtisadi müəssisələrin açılışı mərasimlərində insanlarla görüşməsi, onların qayğıları, problemləri ilə dərindən maraqlanması xalq- Prezident birliyinin, bağlılığının möhkəmlənməsində mühüm önəm daşıyır. Şübhəsiz ki, belə hal həm ölkənin getdikcə güclənməsinə, regionların inkişafına, əhalinin rifahının daha da yaxşılaşmasına, həm də xalq-iqtidar vəhdətinin sarsılmazlığına müsbət təsir göstərir.
Dövlətimizin başçısının 2021-ci ildə bölgələrə, ümumilikdə, 47 səfər etməsi də ölkə rəhbərinin regionların sosial-iqtisadi inkişafının, xüsusilə düşməndən təmizlənən ərazilərimizdə aparılan bərpa, tikinti-quruculuq layihələrinin icrasının diqqət mərkəzində saxlamasının bariz ifadəsidir.
Yeri gəlmişkən, dövlətimizin başçısının bölgələrə etdiyi səfərlərin 32-si işğaldan qurtulan torpaqlara olub. Bu səfərlər zamanı ölkə Prezidenti onlarla müəssisənin təməlini qoyub, yeni sosial-iqtisadi obyektlərin açılışını gerçəkləşdirib, müvafiq strukturların rəhbərlərinə yenidənqurma, abadlıq-quruculuq tədbirləri ilə bağlı dəyərli tapşırıq və tövsiyələrini bildirib, eyni zamanda, əvvəlki gedişləri zamanı verdiyi tapşırıqların icrası ilə yerində maraqlanıb, həmçinin sakinlərlə görüşlər keçirib, qayğıları, istəkləri ilə maraqlanıb. Məhz elə bunun nəticəsidir ki, hesabat dövründə regional inkişaf strategiyası ardıcıl həyata keçirilib.
Keçən il ərzində bölgələrdə sənayeləşmə siyasətinə uyğun olaraq, yüzlərlə müasir müəssisə, yeni istehsal sahələri yaradılıb, daxili tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, ixrac imkanları genişlənib.
Beləliklə, 2021-ci ildə regionlarda:
– Sumqayıt Kimya Sənaye Parkında iki müəssisənin – “Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı, “Glassica” QSC-nin şüşə tara məhsullarının istehsalı zavodlarının təməli qoyulub, “Azerfloat” QSC-nin termoformasiya metodu ilə vərəqə şüşə istehsalı müəssisəsinin açılışı reallaşıb;
– Sumqayıt Kimya Sənaye Parkının 17-ci rezidenti olan “Azmonbat” MMC-nin istifadə müddəti bitmiş qurğuşun turşulu akkumulyator batareyalarının utilizasiyası aparılacaq müəssisə istifadəyə verilib;
– Hacıqabul Sənaye Məhəlləsinin açılışı gerçəkləşib, məhəllənin rezidenti olan “Azərmaş” zavodu, tikinti materialları üçün avadanlıqların, yüngül tara və plastik su qablarının istehsalı müəssisələri işə salınıb;
– Hacıqabulda “Azərsun Şamaxı Aqropark” və “Agro Dairy” MMC-nin aqroparkı istifadəyə verilib;
– Naxçıvanda “Azərxalça” ASC-nin muxtar respublika filialı fəaliyyətə başlayıb;
– Şamaxıda Üzüm Tingçilik Mərkəzinın açılış mərasimi keçirilib;
– Qubada qablaşdırma vasitələrinin istehsalı müəssisəsi işə salınıb.
Yuxarıda sadalananlarla bərabər, 2021-ci ildə Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni binası, DOST Mərkəzi, Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağı, Naxçıvan Qarnizonu Mərkəzi Hospitalı, Naftalan Mərkəzi Sanatoriyası, Naftalan şəhərində 200 yerlik körpələr evi-uşaq bağçası, Bərdə Peşə Liseyi, Goranboy Olimpiya İdman Kompleksi, Sumqayıt Məhkəmə Kompleksi, İsmayıllıda Uşaq və Ailələrə Dəstək Mərkəzi, Şamaxıda Yaradıcılıq Mərkəzi, Şamaxı şəhər stadionu, Şamaxıdakı Pirsaat Baba ziyarətgah-məscid kompleksi, rayondakı akademik Heydər Hüseynov adına Çarhan kənd tam orta məktəbinin yeni binası, Quba İstirahət, İdman, Təlim və Tədris Kompleksi və digər öbyektlərin açılışı mərasimləri keçirilib.
Regionların iqtisadi inkişafını, eləcə də sosial şəraitin yaxşılaşmasını şərtləndirən amillərdən biri də yol-nəqliyyat infrastrukturunun qurulmasıdır. Bu, müvafiq dövlət proqramlarında da daim diqqətdə saxlanılır. Ümumiyyətlə, son illərdə yol infrastrukturunun inkişafı istiqamətində məqsədyönlü genişmiqyaslı layihələr icra edilir.
Yeri gəlmişkən, son 18 ildə respublikamızda kənd yollarının inşası və yenidən qurulması geniş vüsət alıb. Bütün bölgələrdə yolların tikintisi ilbəil daha da genişləndirilib. Həm sosial, həm də iqtisadi baxımdan mühüm önəm daşıyan bu layihələrin icrası nəticəsində on minlərlə yeni iş yeri açılıb. Təzə kənd yolları yerlərdə aqrar bölmənin əsaslı şəkildə inkişafına təkan verib, kənd təsərrüfatı məhsullarının bazarlara rahat və operativ şəkildə çatdırılmasına əlverişli şərait yaradıb. Kənd yollarının inşasının genişləndirilməsi məqsədilə büdcə vəsaiti ilə yanaşı, Prezidentin Ehtiyat Fondundan da əlavə vəsait ayrılıb.
Həyata keçirilən bütün bu tədbirlər respublikada qeyri-neft sektorunun davamlı inkişafına, kommunal xidmətlərin, sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə əhalinin məşğulluğunun artırılmasına, yoxsulluq səviyyəsinin azaldılmasına təkan verib. Belə tədbirlər hesabat dövründə həm işğaldan azad edilən ərazilərdə, həm də digər regionlarda həyata keçirilib.
Xatırladaq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən bir ildə Qarabağın və Şərqi Zəngəzurun bərpasına göstərilən diqqət Qarabağ və Şərqi Zəngəzura yeni nəfəs gətirməklə yanaşı, bu bölgələrin tərəqqisi üçün yeni imkanlar açıb, yeni vəzifələr müəyyənləşdirib. Elə bunun nəticəsidir ki, Vətən müharibəsində parlaq qələbəmizlə işğalçıdan xilas olunan ərazilərimizdə qısa zamanda genişmiqyaslı bərpa-quruculuq layihələri həyata keçirilib. Onların bir qisminə diqqət yetirək:
–2021-ci ildə Böyük qayıdışa ciddi hazırlıq işləri görülüb. Zəngilanın Ağalı kəndində Azərbaycanda ilk dəfə “Ağıllı kənd” layihəsi sürətlə həyata keçirilib. Təməli dövlətimizin başçısı tərəfindən qoyulan layihənin icrası ilə bağlı 110 hektardan çox ərazidə tikinti işləri aparılıb. İnnovativ tikinti materiallarından yararlanmaqla tam izolyasiya olunan 200 fərdi ekoloji evin, ikimərtəbəli 4 qeyri-yaşayış binasının, 360 şagird yerlik məktəbin və 60 yerlik uşaq bağçasının inşası davam etdirilib;
– Füzuli Beynəlxalq Hava Limanı, Suqovuşan, Laçın, Füzuli, Qubadlı, Zəngilan və Cəbrayılda elektrik stansiyaları istifadəyə verilib. Şuşada bir çox tarixi-mədəni abidələr bərpa edilib, şəhərdə yaşayış məhəlləsinin, Radio-Televiziya Yayım Stansiyasının, Mərkəzi Xəstəxananın, Daşaltı məscidinin təməli qoyulub;
– Ağdam, Füzuli, Cəbrayıl şəhərlərinin bərpasının təməl daşı qoyulub, digər şəhərlərimizin isə baş planının hazırlanmasına başlanılıb. Həmçinin Ağdamda sənaye parkının, Cəbrayılda “Araz Vadisi İqtisadi Zonası” sənaye parkının, Zəngilan və Laçında beynəlxalq hava limanlarının, Hadrut qəsəbəsində yeni məscidin və digər infrastruktur obyektlərinin təməlqoyma mərasimləri keçirilib.
Qarabağ və Şərqi Zəngəzurda bərpa, tikinti-quruculuq işlərinin aparılmasını şərtləndirən yol-nəqliyyat infrastrukturunun yaradılmasına da xüsusi əhəmiyyət verilib:
– Horadizdən Şuşayadək 101 kilometr uzunluğunda Zəfər yolunun inşası başa çatdırılıb. Əhmədbəyli–Füzuli–Şuşa, Füzuli–Hadrut, Füzuli–Ağdam, Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd, Bərdə–Ağdam, Zəngilan–Horadiz, Xanlıq–Qubadlı, Şükürbəyli–Cəbrayıl–Hadrut avtomobil yollarının, Horadiz–Ağbənd dəmir yolu xəttinin çəkilişinə başlanılıb.
Bütün bunlarla bərabər ötən il Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycanın bir sıra rayon və şəhərlərdə də yeni yol infrastrukturu istifadəyə verilib. Belə ki, dövlət başçısı keçən il aprelin 20-də Hacıqabul-Muğan avtomobil yolu, mayın 10-da Naxçıvanda Culfa–Ordubad magistral avtomobil yolu, mayın 15-də Qəbələdə Bum çayı üzərində yeni körpü və Bum qəsəbəsinə gedən avtomobil yolu, Qəbələ Dəmir Yolu Vağzalı və Ləki stansiyası–Qəbələ birxətli dəmir yolu, iyulun 22-də Goranboy rayonunda Əlirzalı–Xan Qərvənd–Səfikürd–Tapqaraqoyunlu avtomobil yolu, noyabrın 1-də İsmayıllıda Basqal–Sulut avtomobil yolu və dekabrın 6-da Quba–Qonaqkənd avtomobil yolunun açılışlarını edib.
Hesabat dövründə əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması layihələri də uğurla icra edilib. Prezident İlham Əliyev Naxçıvana səfəri çərçivəsində “Ordubad rayon mərkəzinin və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması”, Daşkəsəndə olarkən isə “Daşkəsən şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin başa çatması mərasimlərində iştirak edib.
Regional inkişaf proqramına əsasən 2021-ci ildə əhalinin və bölgələrdə yaradılan sənaye müəssisələrinin keyfiyyətli, fasiləsiz elektrik enerjisi ilə təminatına xüsusi diqqət yetirilib, bir sıra müasir yarımstansiyalar tikilib, bununla da bölgələrdə elektrik enerjisi təchizatı daha da yaxşılaşdırılıb:
– Abşeron rayonunda yenidən qurulan 220/110/10 kilovoltluq və yeni tikilən 110/35/10 kilovoltluq “Xırdalan” yarımstansiyalarının istismarına başlanıb. Bununla da 10 mindən çox əhalinin elektrik enerjisi təchizatı daha da yaxşılaşıb;
– Hacıqabulda 110/35/10 kilovoltluq “Qarasu”, Abşeronda 500/330/220 kilovoltluq “Abşeron”, “Sumqayıt” Elektrik Stansiyasının yeni estakada nasos stansiyası, Şamaxıda “Meysəri” yarımstansiyası və Şimal-Qərb Regional SCADA İdarəetmə Mərkəzi istifadəyə verilib.
Son bir il ərzində regionlarda reallaşdırılan belə genişmiqyaslı layihələr Azərbaycanın iqtisadi qüdrətindən xəbər verir. Şübhəsiz ki, ölkəmizin malik olduğu bu güc, bu davamlı inkişaf Prezident İlham Əliyevin müdrik siyasətinin, qeyri-neft sektorunun tərəqqisi, iqtisadiyyatın diversifikasiyası, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması məqsədi daşıyan fərman və sərəncamlarının uğurla gerçəkləşdirilməsinin məntiqi nəticəsidir.