Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın şərəf tarixidir
Azərbaycan xalqı haqlı olaraq fəxr edir ki, bizim xalqımız bu respublikanı yaradıb. Bu, tarixi hadisədir, xalqımız üçün və dünya miqyasında tarixi hadisədir.
İlham ƏLİYEVAzərbaycan Respublikasının Prezidenti
Yüz dörd il bundan əvvəl müsəlman Şərqində ilk demokratik və parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması təsadüfi hadisə deyildi. Bu, xalqımızın milli azadlıq mübarizəsinin qanunauyğun nəticəsi, dərin tarixi kökləri olan milli dövlətçilik ənənələrinin davamı idi.
Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni qısa zaman ərzində şərəflə yerinə yetirdi, cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etmək qüdrətini dünyaya göstərdi. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi qəbul olundu, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli genişmiqyaslı tədbirlər həyata keçirildi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin, respublikamızın müstəqilliyinin əsası qoyuldu.
Təəssüf ki, 1920-ci ilin aprelində yaranan tarixi siyasi şərait üzündən xalqımızın bu istiqlal mücadiləsi tamamlanmadı, demokratik dövlət quruculuğu prosesi, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində reallaşdırılan layihələr nəticəsiz qaldı. Amma buna baxmayaraq, Cümhuriyyətin istiqlal uğrunda atdığı addımlar, gerçəkləşdirdiyi tədbirlər Azərbaycan tarixində silinməz izlər qoydu, milli dövlətçilik ənənələrimizin gələcək bərpasında xalqımızın azadlıq, müstəqillik ideyalarını daha da gücləndirdi. Bu yaradılan zəmin ulu öndər Heydər Əliyevin sovet hakimiyyəti dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə daha da möhkəmləndi, dahi şəxsiyyətin həyata keçirdiyi fəaliyyət xalqımızın milli mənlik şüurunun inkişafını, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsini və həqiqətə çevrilməsini şərtləndirdi.
Azərbaycan özünün dövlət müstəqilliyinin bərpasını 1991-ci il oktyabr ayının 18-də reallaşdıraraq, Cümhuriyyət ideyalarına sadiqliyini bəyan etdi, yarımçıq qalan istiqlal mücadiləsini başa çatdırdı. Başqa sözlə, tarixi varislik üzərində müstəqil Azərbaycan dövlətinin yaradılması uğurla gerçəkləşdi. Lakin müstəqilliyin ilk illərində hakimiyyətdə olan qüvvələrin səbatsızlığı, səriştəsizliyi üzündən xalqımız müstəqilliyin itirilməsi təhlükəsi ilə üzləşdi. Yalnız dahi şəxsiyyətin Azərbaycan rəhbərliyinə tarixi qayıdışı ilə müstəqilliyimizin başı üzərinə çökən qara duman çəkildi, ulu öndərimiz müdrikliyi, siyasi uzaqgörənliyi ilə respublikamızın qarşılaşdığı bütün maneələri, problemləri aradan qaldırdı. Bununla da ümummilli liderin qətiyyətli iradəsi ilə Azərbaycanın kövrək müstəqilliyi möhkəmləndi, sarsılmaz oldu.
Ulu öndərin Azərbaycanın siyasi rəhbərliyinə yenidən dönüşündən sonra “Əsrin müqaviləsi”nin imzalanması, Şərqlə Qərbi birləşdirən qədim İpək Yolunun bərpa edilməsi kimi qlobal layihələr, yeni Konstitusiyanın qəbul edilməsi, habelə Ermənistan ilə Azərbaycan arasında atəşkəsin elan olunması və digər mühüm əhəmiyyətli işlərin görülməsi də müstəqilliyimizin güclənməsində önəmli rol oynadı, respublikamızın dünya birliyindəki mövqeyini, yerini möhkəmlətdi.
Dahi şəxsiyyət fəaliyyətində hər zaman çox qəti və prinsipial mövqedən çıxış edərək ciddi intizam, tələbkarlıq və dövlət mənafeyi kimi amilləri ön plana çəkirdi. Ölkədə geniş vüsət almış cinayətkarlığın bütün ünsürlərinə qarşı qəti mübarizə aparmaq üçün 1994-cü ildə imzaladığı “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” fərman qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsində əsaslı dönüş yaratdı. Hüquq-mühafizə orqanları tərəfindən müvəffəqiyyətlə həyata keçirilən qəti tədbirlər nəticəsində cəmiyyətdə hökm sürən hərc-mərcliyə və özbaşınalığa birdəfəlik son qoyuldu. Tam ictimai-siyasi sabitlik bərqərar olunduqdan sonra demokratik hüquqi dövlət quruculuğu prosesi həyata keçirildi.
Ümummilli liderin bilavasitə rəhbərliyi və yaxindan iştirakı ilə hazirlanaraq, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunan müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkədə hüquqi islahatların həyata keçirilməsinə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinin keyfiyyətcə yeniləşməsinə və müasirləşməsinə yol açdı. Əsas Qanunda demokratik hüquqi dövlətin bütün prinsipləri – qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olundu, insan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edildi.
Ulu öndər tərəfindən bu yeni, mütərəqqi Konstitusiya əsasında hüquq sahəsində islahatlar aparmaq məqsədilə 1996-cı ildə Hüquqi İslahat Komissiyası yaradıldı və dahi şəxsiyyət islahatların həyata keçirilməsinə şəxsən özü rəhbərlik etdi.
Bu dövrdə ölkəmizdə qanunçuluğun və hüquq normalarının möhkəmləndirilməsinə zəmin yaradan uzaqgörən və müdrik addımlar sırasında “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Prokurorluq haqqında”, “Polis haqqında” kimi hüquq sisteminin mahiyyətini müəyyənləşdirən qanun layihələri hazırlandı və qəbul edildi. Öz fəaliyyətində və səlahiyyətlərində qanunçuluğa, dövlətçiliyə xidməti əsas götürən, bitərəflilik, qərəzsizlik və obyektivlik kimi prinsiplərə sadiq olan prokurorluq orqanları tezliklə nüfuzlu qurum kimi fərqlənməyə başladı.
Ümummilli lider Heydər Əliyev Azərbaycan rəhbərliyinə qayıdışı ilə Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiəsi ilə bağlı mühüm tədbirlər həyata keçirdi. Müstəqilliyin ilk illərində baş vermiş iqtisadi tənəzzülün, vətəndaş müharibəsinin, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin qarşısının alınması, dövlətçilik ənənələrinin və sabitliyin bərpası məqsədilə Heydər Əliyevin atdığı qətiyyətli addımlar qısa müddət ərzində hər bir vətəndaşın həyatında hiss olunmağa başladı.
Ulu öndər Heydər Əliyev çıxışlarında müasir Azərbaycan dövlətinin məhz 1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyətinin varisi olmasını dəfələrlə bəyan edib, eyni zamanda, Cümhuriyyət qurucularının adlarını böyük ehtiramla çəkib. Dahi şəxsiyyət deyib: “1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində cümhuriyyətə rəhbərlik etmiş şəxslərin - Əlimərdan bəy Topçubaşovun, Məmmədəmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinskinin və başqalarının böyük xidmətləri olmuşdur. Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunmuşdur”.
Eyni zamanda, Prezident İlham Əliyev də Azərbaycanın dövlətçilik tarixində Cümhuriyyətin rolunu daim yüksək dəyərləndirib, onun rəhbərlərinin xatirəsinin əziz tutaraq, Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı sərəncam imzalayıb, 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi ilə milli dövlətçilik tariximizə diqqət və qayğısını nümayiş etdirib. Cümhuriyyətin qurucularına hər zaman yüksək ehtiram nümunəsi göstərən dövlətimizin başçısı xalqımızın tarixi keçmişinin öyrənilməsi kimi məsələləri də diqqət mərkəzində saxlayıb. Ölkə rəhbərinin tapşırığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası” kitabı da yüksək səviyyədə nəşr olunmaqla işıq üzü görüb.
Burada bir məqamı da vurğulamaq yerinə düşərdi. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 104 illiyinin qeyd edildiyi bu günlərdə– Respublika Günü ərəfəsində cənab İlham Əliyevə dünya liderlərindən çoxsaylı təbriklər ünvanlanыr. Bu, dövlətimizin başçısının beynəlxalq aləmdə artan nüfuzunun bariz ifadəsidir. Bu, ulu öndərin layiqli davamçısının qətiyyətli liderliyi və müdrik siyasəti sayəsində Azərbaycan dövlətçiliyinin əsaslarının gündən-günə möhkəmlənməsinin, qanunçuluğun qorunmasının, siyasi, sosial-iqtisadi sahələrdə qazandığı uğurlarla beynəlxalq aləmdə hörmətinin artmasının məntiqi nəticəsidir.
Prezident İlham Əliyev bir sıra çıxışlarında respublikamıza rəhbərlik etdiyi 2003-cü ildən ötən 19 il ərzində gördüyü işlərin, iqtisadiyyatda, sosial həyatda və digər sahələrdə qazanılan mühüm uğurların əsasında dahi şəxsiyyət Heydər Əliyev yoluna olan inamın dayandığını bildirib, xalqın rəğbətini qazanmasında bu amilin önəmli rol oynadığını vurğulayıb.
Xalqımız möhtərəm dövlət başçımızın sabitliyə, sülhün və firavanlığın möhkəmləndirilməsinə, dövlətçiliyimizin qüdrətlənməsinə yönələn, respublikanın sosial-iqtisadi inkişafına xidmət edən siyasətini dəstəkləyir və ölkə rəhbərinə çox böyük etimad bəsləyir. Bu inam, eyni zamanda, prespektivdə nəzərdə tutulan uğurlu siyasi kursun yenilməzliyindən və alternativsizliyindən xəbər verir.
Dövlət başçısının prezidentlik fəaliyyətinə başladığı vaxtdan indiyədək Azərbaycanın siyasi, sosial-iqtisadi sahələrində böyük uğurlar əldə olunub, Vətən müharibəsində parlaq qələbə qazanılıb. İkinci Qarabağ savaşındakı tarixi zəfərimiz Ali Baş Komandanın qətiyyəti, müdrik siyasəti, ordumuzun güc-qüdrəti və xalq-Prezident-ordu vəhdəti ilə reallaşdırılıb.
İndi dogma, əzəli-əbədi Qarabağ və Şərqi Zəngəzur torpaqlarında genişmiqyaslı tikinti-quruculuq tədbirləri sürətlə aparılır. İşğaldan azad edilən ərazilərimizdə erməni vandallarının illərlə törətdikləri vəhşi əməllər hər addımda nəzərə çarpır. Viran qoyulan şəhər və kəndlərimiz, dağıdılan, təhqir edilən məscidlərimiz, yer üzündən silinən tarix və mədəniyyət abidələrimiz düşmənin nə qədər barbar, vəhşi olduğunu göstərir.
Azərbaycan Prezidenti son 19 ildə xalqımızı qələbəyə addım-addım yaxınlaşdırmaqla, ordumuzun qüdrətini artırmaqla bərabər, həm də hər bir ölkə vətəndaşının maraqlarını diqqət mərkəzində saxlayıb. Bu müddətdə respublikada hərtərəfli dinamik inkişaf, sabitlik və əmin-amanlıq təmin edilib, beynəlxalq mövqelərimiz daha da möhkəmləndirilib. Dövlətimizin başçısının yeni iqtisadi modelə keçidlə, iqtisadi və sosial sahədə islahatların aparılacağı ilə bağlı vədləri ardıcıl olaraq yerinə yetirilib. Hər zaman fəaliyyətində xalqın dəstəyinə arxalanan ölkə rəhbəri daim xalq ilə təmasda olub, vətəndaşları narahat edən problemləri birbaşa onların dilindən dinləyib və bu məsələlərin həlli ilə bağlı müvafiq göstərişlər verib. Bütün bunlar, eləcə də dövlətimizin başçısının paytaxtda və bölgələrdə vətəndaşlarla keçirdiyi səmimi görüşlər, onların qayğıları ilə yaxından maraqlanması, insanların sosial rifahının yaxşılaşdırılması istiqamətində verilən qərarlar ölkəmizdə xalq-iqtidar birliyini daha da möhkəmləndirib, xalqın Prezidentinə olan inamını daha da artırıb. Bir sözlə, bütün bu amillər, həm də Prezident və xalq birliyi konsepsiyasının əsas qayəsini təşkil edib.
Dövlət başçısının rəhbərliyi ilə ötən illərdə uğurla reallaşdırılan sosial-iqtisadi islahatların nəticəsi olaraq, respublikamız hazırda qlobal maliyyə, geosiyasi və iqtisadi böhrandan uğurla çıxan, özünəməxsus milli inkişaf modelini yaradan dövlətlərdən biri kimi tanınır, adı beynəlxalq aləmdə sosial-iqtisadi göstəriciləri ildən-ilə yüksələn nüfuzlu ölkə kimi çəkilir.