“Böyük qayıdış”a doğru tarixi addım

“Boyuk qayidis”a dogru tarixi addim

Əlbəttə, işğaldan azad edilmiş tor­paqlarda mövcud olan mənzərə böyüçətinliklər yaradır. Çünki hər tərəf da­ğıdılıb, infrastruktur dağıdılıb, binalar sökülüb, inzibati binalar sökülüb. Hazır­da o yerlərdə yaşamaq üçüşərait yox­dur. Ancaq biz o bölgələri, bütün rayon­ları bərpa edəcəyik, vətəndaşlarımızın normal həyatı üçün bütün addımları atacağıq. Bildiyiniz kimi, ilk layihələr artıq icra edilməyə başlanmışdır. Pre­zidentin ehtiyat fondundan müvafiq vəsait ayrılmışdır.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Tarixi qələbəmizdən il yarıma qədər vaxt ötür. Bu, elə bir zəfərdir ki, xalqın təkcə bir günü deyil, ümumilikdə, bütün günləri, bütövlükdə ili bayram ab-havasında keçir. Azərbaycan torpaqlarını işğaldan azad etməyin sevinci ilə yaşayır. Əvvəlki yazılarda qeyd etdiyimiz kimi, xalqın və dövlətin qələbəyə münasibəti tarix boyu müxtəlif istiqamətlərdə təcəssüm edir. Belə ki, xalq zəfəri qeyd edərkən dövlət işğaldan azad edilən torpaqların bərpası, həmin ərazilərə həyatın qaytarılması barədə düşünür, bu işin maddi tərəfini hesablayır, müxtəlif layihələr, plan və proqramlar hazırlayırdı. Hətta, biz bəzən ərazilərin minalanmasını belə nəzərə almadan “gedək doğma torpaqları gəzək” – deyirdik. Lakin məsələnin mahiyyəti bir qədər fərqlidir. Biz bu məsuliyyəti Prezident İlham Əliyevin xalqa müraciətləri zamanı daha aydın başa düşdük. Belə ki, dövlətimizin başçısı müharibənin ardından xalqa müraciət edərkən bildirdi ki, bizim üçün müharibə bitsə də, mübarizə bitməyib. Görüləcək işlər hələ qabaqdadır.

Otuz il uzun müddətdir. “Bir igidin ömrü” olan bu vaxtda ermənilər torpaq­larımızda o qədər böyükmiqyaslı dağın­tılar törətmiş, elə ağlasığmaz vəhşiliklər etmişdilər ki, hətta həmin torpaqlarda böyüyüb boya-başa çatan o yerlərin əzəli sakinləri belə öz dədə-baba yurdlarını ta­nımaqda çətinlik çəkirdilər. Biz televiziyada tez-tez “burada əvvəl meşə var idi, yaşayış binaları tamamilə dağıdılıb, fabrikin heç izi də qalmayıb” kimi cümlələr eşidir, yavaş-yavaş məsələnin nə yerdə olduğunu başa düşürdük. Qarşımızdakı düşmənin xislətinə bələd olsaq da, bu qədərini heç biz də gözləmirdik.

Aydın məsələdir ki, dağıntılar, talan və qarətlər nə qədər böyükdürsə quruculuq işlərinin miqyası da buna paralel olaraq o qədər böyük olmalıdır. Bu isə o deməkdir ki, ermənilər nə qədər vəhşilik edib, nə qədər dağıdıblarsa biz də ən az o qədər qurmalı, abadlaşdırmalıyıq.

İlk vaxtlar zəfər sevincinin aludəçiliyi ilə Qarabağda baş verən dəyişikliklərin fərqinə varmayan bəzi vətəndaşlar, zaman keçdikcə nəinki abadlıq işlərinin görül­düyünü, hətta yoxdan yeni şəhərlərin yaradıldığını başa düşdü. Beləcə ilk bir ili geridə qoyduq. Bu müddətdə ölkəmizin iqtisadi və sosial həyatında çox yeniliklər oldu. Dünya iqtisadiyyatının pandemiyadan əziyyət çəkdiyi bir vaxt Azərbaycan həm də müharibənin yaralarını sağaltmağa, büdcəyə dəyən zərəri aradan qaldırma­ğa çalışırdı. Bütün bunlara baxmayaraq, ölkəmizdə baş verən hadisələr onu göstərir ki, Azərbaycan həm pandemiya, həm də müharibə ilə mübarizə apardı və qalib gəlməyi bacardı. Beləliklə, ümumiləşdirsək torpaqlarımızın işğaldan azad edilməsi mübarizəmizin sonu deyil, yeni bir başlan­ğıcdır.

Bərpa-quruculuq mövzusundan danışarkən yollardan bəhs etməsək olmaz. Yol infrastrukturunun yaradılması və yenilənməsi dedikdə təkcə azad edilən ərazilərdə olan yollar deyil, həmçinin respublikamızı bu torpaqlarla birləşdirən yollar da nəzərdə tutulur. Təbii ki, bu mənada yeni salınan bir çox yollu misal göstərmək olar. Toğana–Kəlbəcər–İstisu, Horadiz–Qubadlı–Zəngilan–Ağbənd, Xudafərin–Qubadlı–Laçın, Kəlbəcər–Laçın, Füzuli–Hadrut, Bərdə–Ağdam, Şükürbəyli–Cəbrayıl–Hadrut yolları yeni infrastruk­turun əsas tərkib hissələridir. Füzulidən Şuşaya uzanan Zəfər yolu isə qələbəmizin rəmzlərindən biridir.

Yol infrastrukturu yaradılarkən diqqət edilən ən önəmli məsələlərdən biri də, bu yolların separatçı rejimin fəaliyyət göstərdiyi əraziləri tamamilə əhatələməsi, qondarma hakimiyyətin Ermənistanla əlaqə yarada biləcəyi bölgəni nəzarətdə saxlaması idi. Bu isə ərazidə bir qədər də möhkəmlənməyə imkan verir.

Prezidentimizin çıxışları zamanı tez-tez ifadə etdiyi bir məsələni diqqətə çatdırmaq yerinə düşərdi. Belə ki, dövlətimizin başçısı çıxışlarında xüsusi vurğulayır ki, biz bərpa işlərini elə səviyyədə aparmalıyıq ki, bu həm nüfuzumuza, həm də qələbəmizə layiq olsun. Bir çox geniş mənanı özündə əks etdirən bu fikir Qarabağda görülən işlərin keyfiyyətini və sürətini, miqyasını və bir çox əlavə meyarları əhatə edir. Res­publikanın digər ərazilərində görülən işlər kimi, Qarabağda reallaşdırılan layihələr də insanların rahat, təhlükəsiz və dövrün tələblərinə uyğun şəkildə yaşamasına, həyat şəraitinin yaxşılaşdırılmasına hesab­lanıb. Mövcud dəyişikliklərə nəzər saldıqda deyə bilərik ki, dövlət başçımızın bu fikri həm də, bugünə qədər görülən işləri əhatə edir.

Qeyd edildiyi kimi, bölgədə həyatı bərpa etməyə çalışırıqsa, ilk növbədə ən mühüm məsələləri həll etmək lazımdır. Bunlardan biri də bölgənin elektrik enejisi ilə təmin olunmasıdır. Bu mənada da işlər səngimədən davam etdirilir. İşğaldan azad edilən ərazilərdə yarımstansiyalar yaradılır. Yeni yarımstansiyalar əhalinin təlabatını tam ödəyəcək.

Prezidentimizin dediyi kimi, yeni yaradılacaq şərait işğaldan əvvəlki dövrdə qurulan şəraitdən dəfələrlə yaxşı olmalı­dır. Təbii ki, bu 30 ildə dəyişən, yenilənən texnologiyadan asılı məsələ deyil. İşğaldan azad edilən ərazilərimizdə “Ağıllı kənd”, “Ağıllı şəhər” layihələri icra edilir. Bu konsepsiya üzrə yeni və müasir məktəblər, bağça və xəstəxanalar, elektron idarəetmə mərkəzləri tikilir, turizm infrastrukturu ya­radılır. Qeyd edək ki, bütün yaşayış evləri, inzibati və ictimai iaşə binaları, sosial obyektlər, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək. Əlbəttə, bu da öz növbəsində qeyri-neft sektorunun inkişafına töhfə verəcək.

Məlum olduğu kimi, Qarabağda həyata keçirilən layihələrin icrası üçün xarici şirkətlər də cəlb edilir. Prezidentimiz bu barədə danışarkən bildirir ki, biz ilk gündən yalnız dost və müttəfiq dövlətlərin şirkətlərilə əməkdaşlıq qururuq. Bunlar əsasən Türkiyə, İtaliya, İsrail, Böyük Brita­niya və Çin şirkətləridir.

Yeni icra edilən layihələrdən biri də “ağıllı kənd təsərrüfatı”dır. Bu, kooperativ idarəetmə sistemini, müasir texnologiyalar əsasında yaradılan tarla, bağ və fermaları dronlar vasitəsilə idarəetmə mərkəzlərini özündə ehtiva edir. Belə ki, “ağıllı” təsərrüfat sistemi meyvə, tərəvəz, ət və süd məhsulları istehsalını artırmağa, emal prosesini müasir standartlara uyğun şəkildə davam etdirməyə şərait yaradır. Burada qeyd edilməli ən önəmli nüanslardan biri də ondan ibarətdir ki, yeni yaradılacaq sistem təkcə kənd təsərrüfatının deyil, həm də müasir şəhərsalma standartlarının yüksəlməsi deməkdir. Dövrün standartlarına uyğun olaraq inkişaf etdirilən şəhərsalma prosesinin tətbiqi, küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, su elektrik stansiyalarının, Günəş paneli stansiyalarının yaradılması, bioqaz enerjisindən istifadə üçün yeni sistemlərin qurulması bu konseptin əsas elementlərini təşkil edir.

Xatırladaq ki, Prezident İlham Əliyevin sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə görülən işlər yekunlaşdıq­dan sonra yeni küçələrə, məktəblərə şəhidlərimizin adları veriləcək. Artıq bu prosesə start verilib. Bu, təkcə şəhid ailələri üçün deyil, bütün xalqımız üçün çox əlamətdar addımdır.

Ümumiyyətlə, işğaldan azad edilən ərazilərimizdə davam edən bərpa-quruculuq işlərini qısa bir yazıda tam ifadə etmək mümkün məsələ deyil. Ümid edirik ki, bu işlər bundan sonra da yüksək səviyyədə və sürətlə davam etdiriləcək, mümkün olan ən tez zamanda bitəcək. Bu torpaqların həqiqi sahibləri öz yurdlarına qayıdacaq, bununla da Vətən müharibəsi ilə başlayan “böyük qayıdış” prosesi ta­mamlanacaq.