İslahatlar strategiyası iqtisadiyyatın inkişafına güclü təkan verir
İslahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir, ölkədə mövcud olan nöqsanları aradan qaldırmaqdır, vətəndaşları narahat edən problemləri tamamilə gündəlikdən çıxarmaqdır, insanların rifah halını yaxşılaşdırmaqdır, daha güclü, qüdrətli dövlət qurmaqdır. Biz bu istiqamətdə məqsədyönlü, hərtərəfli siyasət aparırıq, həm beynəlxalq mövqelərimizi möhkəmləndiririk, həm də regional əməkdaşlıq təşəbbüsləri ilə çıxış edirik.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Dünya koronavirus pandemiyasının yaratdığı fəsadlardan hələ də əziyyət çəkir, insan tələfatı ilə yanaşı, yoxsulluq və sosial problemlər çəngindən xilas ola bilmir. Hazırda virus bir qədər səngisə də, öz mənfi təsirini göstərməkdə davam edir.
Pandemiyanın dünya iqtisadiyyatına vurduğu ziyan nəticəsində son illərdə beynəlxalq ticarət əlaqələrində ciddi qırılmalar baş verib. Bu səbəbdən əksər ölkələrdə bir çox müəssisələr fəaliyyətini dayandırıb, istehsal və ixrac azalıb. Yaşanan iqtisadi çətinliklər sosial problemlərin həllini də çətinləşdirib. Məsələn, dünyanın ən böyük iqtisadiyyatına malik ABŞ-da 20 milyondan çox insan sosial müavinət üçün dövlətə müraciət etməyə məcbur olub.
Təbii ki, bütün bu problemlər az və ya çox dərəcədə Azərbaycandan da yan keçməyib. Bununla belə, zamanında aparılan islahatlar və qeyri-neft-qaz sektorunun inkişafı, sahibkarlığa göstərilən dəstək ölkəmizə pandemiya dövründə iqtisadi itkilərimizi minimum səviyyəyə endirməyə imkan verib. Hətta bir çox sahələrdə iqtisadi artım da əldə edilib. Qeyri-neft-qaz sənayesində və kənd təsərrüfatında iqtisadi artım daha yüksək olub. Elə buna görə də son iki ildə respublikamız beynəlxalq qurumlar tərəfindən COVID-19-dan sonra ən yüksək bərpa prosesi keçən dövlətlərdən biri kimi dəyərləndirilib, Çin və Özbəkistanla bərabər ən yüksək real ÜDM-ə çatan ölkələr sırasında yer aldığı bildirilib.
Azərbaycanda artıq COVID-19 pandemiyasının səbəb olduğu iqtisadi tənəzzül öz təsirini itirməyə başlayıb və iqtisadiyyatın bərpası 2021-ci ilin statistik göstəricilərində öz əksini tapıb. Belə ki, 2019-cu illə müqayisədə 2021-ci ildə ölkədə 92857,7 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. İqtisadiyyatın qeyri-neft-qaz sektorunda əlavə dəyər 7,2 faiz, neft-qaz sektorunda isə 1,8 faiz artıb. Əhalinin hər nəfərinə düşən ÜDM 9269,3 manata çatıb.
Məlumdur ki, ötən il pandemiya ilə əlaqədar bir çox ölkələrin iqtisadiyyatı inflyasiya ilə üzləşib. Azərbaycanda isə bu, 6,7 faiz təşkil edib və Mərkəzi Bankın apardığı uğurlu pul-kredit siyasəti sayəsində manatın məzənnəsi xarici valyutalar qarşısında dəyərini saxlayıb. Amma bununla yanaşı, dünya bazarlarında malların qiymətlərində baş verən artımlar Azərbaycanın daxili bazarlarına da təsir göstərib. İstiləşmə və quraqlıq, tələb və təklif arasında balansın pozulması, daşınma-logistika xərclərinin artması, həmçinin enerji daşıyıcılarının sürətlə bahalaşması qlobal inflyasiyanı şərtləndirən əsas amillər kimi mövcud vəziyyəti çətinləşdirib.
Beləliklə, qlobal bazarlarda baş verən qiymət artımları həm də milli valyutaların dəyərdən düşməsinə səbəb olub. Qonşu ölkələrin milli valyutalarına nəzər yetirdikdə Gürcüstanda 12,5 faiz, Rusiyada 8,9 faiz, Türkiyədə 36,08 faiz illik inflyasiya qeydə alınıb. Təbii ki, bu, ölkələrin milli valyutalarının ucuzlaşmasına yol açıb. Göründüyü kimi, inflyasiyanın ən aşağı səviyyəsi Azərbaycanda müşahidə olunub.
İnflyasiyanın cilovlanmasının əsasında isə əslində Azərbaycanın son 18 ildə sosial - iqtisadi sahələrdə əldə etdiyi uğurlar, eləcə də ölkədə həyata keçirilən iqtisadi islahatlar, rəqabətədavamlı, innovativ iqtisadi sistemin formalaşdırılması istiqamətində atılan ardıcıl addımlar dayanıb. Təbii ki, bu məsələdə Azərbaycanın artıq iqtisadi cəhətdən azad ölkə olması amili də mühüm rol oynayıb. Respublikada əlverişli biznes, investisiya mühitinin mövcudluğu da vəziyyətin ağırlaşmasına imkan verməyib. Eyni zamanda, hökumət vergi gəlirlərində və kapital xərclərində, habelə milli valyutanın məzənnəsi ilə bağlı təsirli nizamlayıcı addımlar atmaqla mövcud valyuta ehtiyatlarının azalmasının qarşısını alıb. Bu isə liberal iqtisadi islahatların, düşünülən, elmi əsaslara malik inkişaf konsepsiyasının həyata keçirilməsi, siyasi iradə nəticəsində mümkün olub.
Beləliklə, dünya enerji və fond bazarlarındakı durğunluq, koronavirus pandemiyası səbəbindən tətbiq olunan məhdudiyyətlər nəticəsində iqtisadiyyatda müşahidə olunan geriləməyə baxmayaraq, Azərbaycanda milli iqtisadiyyatı tənəzzülə apara biləcək vəziyyət yaranmayıb. Bunun əsas səbəblərindən biri də son illər respublikada aparılan davamlı islahatların, biznes mühitinin yaxşılaşdırılması və iqtisadiyyatın şəffaflaşdırılması ilə əlaqədar layihələrin uğurla gerçəkləşdirilməsidir.
Qeyd edək ki, koronavirus pandemiyası investisiya proqramlarının həyata keçirilməsində də hər hansı bir gecikməyə səbəb olmayıb. Cari ilin əvvəlindən dövlət büdcəsinin gəlirləri tam, hətta profisitlə icra edilib. İşsizliyin qarşısının alınması üçün həyata keçirilən tədbirlər nəticəsində cüzi artım olsa da, ölkədə inflyasiya sabit qalıb.
Bu gün beynəlxalq reytinq agentliyinin ekspertləri tərəfindən Azərbaycanda makroiqtisadi dayanıqlılığın əsas qarantı kimi ölkəmizin valyuta rezervləri göstərilir ki, bu da Beynəlxalq Valyuta Fondunun metodoloji təlimatına görə, Neft Fondu və Mərkəzi Bankda yığılan ehtiyatlardır. Makroiqtisadi şoklar çərçivəsində toplanan və idarəolunan ehtiyatlar isə enerji qiymətlərinin enməsi fonunda məzənnə və fiskal siyasətin dayanıqlılığının və sabitliyinin qorunması üçün yeganə zəmindir. Bundan əlavə, neft-qaz gəlirləri hesabına formalaşan ehtiyatların dövlət borcunu üstələməsi və ödənməli borcların bağlanması, habelə büdcə defisitini kompensasiya etmə kimi rahatlıq, əminlik və inam formalaşdırması makroiqtisadi dayanıqlılıq üçün əlavə zəmanət rolunu oynayır.
Yeri gəlmişkən, xatırladaq ki, 2021-ci ilin yekunlarına görə, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (DNF) ötən il ərzində neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 12 milyard 698,2 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 11 milyard 894,6 milyon manat, bonus ödənişləri 776,9 milyon manat, akrhesabı ödənişləri 5,3 milyon manat, tranzit gəlirləri 21,4 milyon manat təşkil edib.
Hesabat dövründə fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər isə 3 milyard 287,4 milyon manata bərabər olub. Bu da ümumi gəlirlərin 20,56 faizini təşkil edib.
Bütün bunlar təsadüfi xarakter daşımır. İdarəetmə sisteminə novator düşüncə tərzi, dinamizm və müasirlik çalarları gətirən dövlətimizin başçısı İlham Əliyev daim hökumətin həyata keçirməli olduğu tədbirlərin əhatə dairəsini və vaxtını dəqiq müəyyənləşdirməklə onların icra prosesini nəzarətdə saxlayır, habelə ölkənin strateji resurslarını milli inkişafa təkan verən qlobal layihələrin reallaşdırılması yönündə səfərbər edir. Bu baxımdan son 18 ildə regional inkişaf və qeyri-neft sektorunun inkişafı naminə həyata keçirilən tədbirləri xüsusi vurğulamaq olar. Bölgələrin tarazlı və davamlı inkişafının təmin olunması, yeni iş yerlərinin açılması, infrastrukturun yeniləşdirilməsi, mövcud problemlərin aradan qaldırılması məqsədilə imzaladığı dövlət proqramlarının, fərman və sərəncamların icrası vəziyyəti ilə yerində tanış olmaq, sıravi vətəndaşlarla birbaşa ünsiyyət quraraq mövcud çətinliklər barədə informasiyaları ilk mənbədən almaq üçün vaxtaşırı Azərbaycanın müxtəlif rayonlarına təşkil edilən səfərlər də Prezident İlham Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biri kimi diqqət çəkir.
Azərbaycanda indiki pandemiya şəraitində iqtisadiyyat üçün yeni istiqamətlər formalaşıb. Bu istiqamətlər idxaldan asılılığın azaldılması, qeyri-neft əmtəə və xidmət ixracının genişləndirilməsi, qeyri-neft emal sənayesinin inkişafının sürətləndirilməsi, biznesin bank kreditlərinə çıxışının genişləndirilməsi, dövlət investisiyalarının iqtisadi səmərəsinin artırılması, özəl investisiyaların dominant rolunun təmin edilməsi, kiçik və orta sahibkarlığın iqtisadi artımın başlıca qüvvəsinə çevrilməsi, şəffaflığın yüksəldilməsi və kölgə iqtisadiyyatının səviyyəsinin minimuma endirilməsindən ibarətdir. Yeni hədəflərə gedən yolda əldə edilən ilkin nəticələr müsbətdir. Aşağıdakı göstəricilər də bunun bariz ifadəsidir. Belə ki, ötən il ərzində ölkənin məşğulluğu təmin edəcək böyük potensiala malik, habelə iqtisadi islahatlar daha çox aparılan sahələrində artım nəzərə çarpıb. Bütün bunlar isə istər qeyri-neft sənayesində, o cümlədən kənd təsərrüfatında dövlətin uğurla reallaşdırdığı tədbirlərin səmərəliliyini göstərir.