Memorial komplekslər müharibə cinayətlərini unutmağa qoymayacaq
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu Ermənistanın 30 illik işğalına son qoydu. Azad edilmiş torpaqlara ezam olunan insanlar, xarici qonaqlar, dünyanın aparıcı kütləvi informasiya vasitələrinin təmsilçiləri, həmçinin ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusların nümayəndələri erməni vəhşiliyinin şahidi olur, hər şeyi öz gözləri ilə görürlər. Döyüş meydanlarında erməniləri diz çökdürdük, şəhidlərimizin intiqamını aldıq. Vətənin azadlığı uğrunda canından keçənlərin qanı yerdə qalmadı. Həm Birinci, həm də İkinci Qarabağ müharibəsinin şəhidlərinin , o cümlədən, günahsız insanların, Xocalı qurbanlarının, digər mülki şəxslərin intiqamını düşməndən döyüş meydanında aldıq. Rəşadətli ordumuz düşmənə qan udduraraq tarixi ədaləti, ərazi bütövlüyümüzü bərpa etdi.
Qırx dörd günlük Vətən müharibəsi dövründə döyüş meydanında davamlı məğlubiyyətlərə məruz qalan düşmən insanlıq əleyhinə müharibə cinayətləri törədib, o cümlədən, döyüş bölgəsindən uzaqda olan ərazilərə raket zərbələri endirib, dinc sakinləri qətlə yetirib. Ümumiyyətlə, 1988-ci ildən başlayaraq, keçmiş Dağlıq Qarabağda qanunsuz fəaliyyət göstərən erməni silahlı birləşmələri və Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərində yaşayan azərbaycanlılardan ibarət dinc yerli əhalini kütləvi şəkildə qətlə yetirəcək və doğma ata-baba yurdlarından zorla didərgin salaraq ağır cinayət hadisələri törətmişlər. Bundan başqa, yaşayış məntəqələrində və dövlət obyektlərində maddi sərvətlərin, mədəniyyət abidələrinin talanması və dağıdılması, azərbaycanlı əsir və girovlara dəhşətli işgəncələr verilməsi, beynəlxalq humanitar hüquqla mühafizə olunan mülki və digər şəxslərlə amansız rəftar etmə halları digər bəşəri cinayətlər baş alıb getmişdir. Dünya birliyinin gözü qarşısında baş vermiş bu ədalətsizlik getdikcə daha açıq şəkildə davam etdirilmişdir. Törətdiyi dəhşətli cinayət əməllərinə görə cəzasız qalan erməni faşistləri daha da həyasızlaşaraq , soydaşlarımızı milli bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qətlə yetirərək, soyqırımı, deportasiya, işgəncə və digər yaramaz əməllərlə sülh və insanlıq əleyhinə cinayətlər, habelə təxribat və terror aktları törətmişlər.
2020- ci il sentyabrın 27-də işğalçı Ermənistan özünün təcavüzkar və terrorçu xislətini növbəti dəfə nümayiş etdirməklə sərhədboyu ərazilərdə genişmiqyaslı təxribatlara başladı. Bu dəfə güclü Azərbaycan Ordusu qarşısında tab gətirə bilmədiyini görən düşmən milli ədavət və düşmənçilik niyyəti ilə dinc əhalinin sıx yaşadığı əraziləri artilleriya atəşinə tutdu.
Halbuki, İkinci dünya müharibəsi zamanı faşistlərin uşağa, qadına, ağsaqqala, ağbirçəyə, ümumiyyətlə günahsız insanlara qarşı törətdiyi amansızlıqdan dəhşətə gəlmiş beynəlxalq birlik tərəfindən qaydasız müharibə aparmaq çoxdan qadağan edilib. Təəssüf ki, Ermənistan rəhbərliyi bütün dövrlərdə beynəlxalq hüquq normalarına heç vaxt əməl etməyib. II Qarabağ müharibəsi zamanı da işğalçı Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən, 1949-cu il Cenevrə konvensiyaları və Əlavə protokollarını kobud surətdə pozaraq, Azərbaycanın mülki əhalisini və mülki obyektləri atəşə tutaraq, müxtəlif cinayətlər törətdi. Həmişə olduğu kimi, bu dəfə də beynəlxalq birlik bu ədalətsizliyi görməzliyə vurdu. Hətta, bir sıra dövlətlər, o cümlədən, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri Fransa bu bəşəri cinayətlərə haqq qazandıraraq, işğalçı ölkənin müdafiəsinə qalxdı.
Münaqişə zamanı qadınlara, uşaqlara, tibbi personala, ümumilikdə, mülki əhaliyə qarşı hücum, onların qadağan olunmuş silahlardan, ağır artilleriya silahlarından, ballistik raketlərdən atəşə tutulması qadağan olunsa da işğalçı tərəf həmişəki kimi, beynəlxalq hüququ və dövlətlərarası normanı saya salmadı. Erməni faşizmi beynəlxalq miqyasda silahlı münaqişələrin aparılması ilə bağlı yekdilliklə qəbul edilmiş bütün qaydaları, silahlı münaqişə ilə əlaqədar tətbiq olunan hüquq normalarının məcmusunu dünya birliyinin gözü qarşısında həyasızcasına pozdu. Bu dəfə də dünya birliyi, xüsusilə, özlərini insan hüquq və azadlıqlarının müdafiəçisi kimi təqdim edən beynəlxalq təşkilatlar bu ədalətsizliyə göz yumdu. Dünyada baş alıb gedən ikili standartlar, islamofobiya yenə də beynəlxalq hüquq normalarından irəli oldu.
İkinci Qarabağ müharibəsi ərzində düşmən Azərbaycanın dinc əhalisini qəsdən hədəfə alıb mülki əhalini, mülki obyektləri ağır artilleriyadan atəşə tutaraq terror əməllərini davam etdirdi. Vətən müharibəsi zamanı təcavüzkar Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən “Silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinə dair” 1949-cu il tarixli Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirdi.
2020-ci il sentyabrın 27-dən başlayaraq, noyabrın 10-a qədər Ermənistan silahlı qüvvələri tərəfindən vurulan zərbələr nəticəsində azərbaycanlı dinc əhalinin sıx yaşadığı rayon və şəhərlərin ərazisinə 30 minə yaxın mərmi və 227 raket atılıb. Döyüş meydanında məğlub olan Ermənistan davamlı şəkildə Gəncəyə, Mingəçevirə, Tərtərə, Bərdəyə, Qəbələyə və digər yaşayış məntəqələrimizə raket həmlələri edərək, müharibə və insanlıq əleyhinə cinayətlər törətdi. Ermənistanın silahlı birləşmələri tərəfindən mülki şəxslərin çoxsaylı əmlakına ciddi ziyan vuruldu, yaşayış evləri, yaşayış binaları, qeyri-yaşayış sahələri dağıdıldı. Əhalinin sıx yaşadığı ərazilərə “Toçka-U”, “Smerç”, “Skad” və digər tipli dağıdıcı raketlərlə hücumun həyata keçirilməsi çoxlu sayda dinc insanın qətlə yetirilməsi ilə nəticələndi.
Prezident İlham Əliyev Bakıda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının ilk iclasının iştirakçılarına ünvanladığı müraciətdə də bildirdi ki, Azərbaycan torpaqlarının 20 faizinin 30 ilə yaxın müddət ərzində Ermənistan tərəfindən işğalı, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərin törədilməsi ilə müşayiət olunub: “ Həmin ərazilərdə etnik təmizləmə siyasəti aparılıb, 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Ermənistan Xocalı soyqırımı törədib, 613 nəfər günahsız dinc sakini vəhşicəsinə qətlə yetirib. Birinci Qarabağ müharibəsi nəticəsində 4000-ə yaxın vətəndaşımız itkin düşüb. İşğal dövründə Ermənistan bütün kənd və şəhərlərimizi tamamilə dağıdıb, tarixi, mədəni və dini abidələrimizi vandalizmə məruz qoyub”.
Ermənistan işğal edilən ərazilərimizdə ekoloji terror həyata keçirib, meşələrimizin 60 min hektarı məhv edilib, torpaqlarımız və çaylarımız çirkləndirilib, zəhərləndirilib. Qızıl yataqları və digər təbii yataqlar xarici şirkətlərin iştirakı ilə qeyri-qanuni istismar edilib. İşğal edilən ərazilərimiz narkotik maddələrin istehsalı və dövriyyəsi, beynəlxalq terrorçuların hazırlanması üçün geniş istifadə edilirdi. Ermənistan, həmçinin bu ərazilərdə qanunsuz məskunlaşma siyasəti həyata keçirib.
İkinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusu qadağan olunmuş silahlarla mülki əhalini hədəfə alırdı. Bu hərbi cinayətlər nəticəsində 100-dən çox dinc sakin, o cümlədən, 11 uşaq qətlə yetirilib, 450 nəfərdən çox insan yaralanıb. Ermənistanın Azərbaycana qarşı muzdlu və əcnəbi döyüşçülərdən də istifadə edirdi. Müharibədən sonra isə 150-dən çox vətəndaşımız erməni faşistləri tərəfindən məqsədyönlü şəkildə basdırılmış minalara düşərək həlak olub, xəsarətlər alıb.
Ermənistanın bütün bu əməlləri müharibə və insanlıq əleyhinə cinayətlərdir. Vətən müharibəsi nəticəsində Azərbaycan özü Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələri, beynəlxalq hüququn norma və prinsiplərini icra edilib və ərazi bütövlüyümüz bərpa olunub.
Söz yox ki, azad edilmiş bütün torpaqlarımızda həyat əvvəlkindən də yaxşı vəziyyətə qaytarılacaq. Artıq bu proselər geniş vüsət alıb. Hazırda regionda yeni reallıq yaranıb. Genişmiqyası abadlıq-quruculuq işləri, elektirk, avtomobil, dəmir yolları infrasrtukturunun yenidən qurulması, yaşayış komplekslərinin, xəstəxanalarının, məktəblərin tikintisinə başlanılması, xüsusilə Zəngəzur dəhlizinin açılması regional əməkdaşlığın inkişafına əsaslı töhfələr verəcək. Bütün bunlarla yanaşı, dövlətimizin başçısı tərəfindən işğaldan azad edilmiş ərazilərdə memorial komplekslərin də təməli qoyulur. Dövlət başçımız artıq Füzuli və Cəbrayıl rayonlarında, həmçinin Gəncə şəhərində belə komplekslərin təməlini qoyub.
Vətən müharibəsi zamanı Ermənistanın törətdiyi vəşilikləri əks etdirən memorial komplekslərin tikilməsi bu dağıntıların gələcək nəsillərə çatdırılması baxımından çox zəruridir. Dövlət başçımız da bunu yüksək dəyərləndirdi. Gəncə şəhərində Memorial Kompleksin təməlinin qoyulmasına münasibət bildirən Prezident İlham Əliyev dedi: “Bu gün, burada təməlini qoyduğum Memorial Kompleks böyük ərazini əhatə edəcək. Bu Memorial Kompleks təqribən dörd hektarda yaradılacaq. Dağıdılmış bu binalar olduğu kimi qalacaq. Yəni, bu yaddaş silinməməlidir. Bu erməni vəhşiliyini unutmamalıyıq. Müharibə başa çatıb. Bəli, biz deyirik ki, sülh olmalıdır. Ancaq heç vaxt erməni vəhşiliyini, erməni faşizmini unutmamalıyıq. Xocalı qurbanlarını unutmamalıyıq. Gəncə qurbanlarını, digər şəhərlərimizin qurbanlarını heç vaxt unutmamalıyıq və unutmayacağıq. Onların müqəddəs ruhu qarşısında baş əyərək bir daha deyirik ki, onların qanı yerdə qalmadı. Onların yaxınları üçün bəlkə də bu, təsəlli ola bilər.
Eyni zamanda, deyirik ki, biz müzəffər xalqıq, biz qalib dövlətik. Erməni faşizmini məğlub etdik. Elə etməliyik ki, erməni faşizmi bundan sonra heç vaxt baş qaldırmasın”.