Mənəviyyatı Azərbaycan olan dahi
Poçtalyonun əlindəki sənədi ona uzatmağı ilə açıb oxumağı bir oldu. Sənəddə teleqramının ünvanına çatdığı və məsələnin araşdırılacağı bildirilirdi. Az keçmədi ki, təcili rektorluğa çağırıldı. Tələbə Əflatun Amaşovun Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevə ünvanladığı müraciət öz işini görmüşdü.
Beləcə bir gənc ədalət axtarışı ilə yanaşdığı məqamın aliliyinə inanmış, daxilində ona rəğbət hissi formalaşdırmışdı. Moskva Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil aldığı illərdə Heydər Əliyevin nüfuzunun respublika hüdudlarını aşdığına şahidlik etmişdi. Bir dəfə gözləri fakültənin o zaman ABŞ-dan yenicə qayıtmış dekanı Yasen Zasurskinin fikirlərindən fərəh hissi ilə də dolmuşdu. Amerikanın SSRİ-də gedən proseslərə necə yanaşdığına dair suala professorun cavabından keçirdiyi məmnunluq hissi bir ömrə bərabər xoş xatirəyə çevrilmişdi.
Professorun Birləşmiş Ştatlardan gətirdiyi qəzetlərin birində yazılmışdı: xəstə Çernenkonu əvəzləyə biləcək namizədlər arasında Heydər Əliyev daha şanslıdır. Bu zaman müxtəlif millətlərdən olan tələbələrin ona yönələn baxışlarındakı həsədi görmüşdü. O zaman tam varlığı ilə dərk edib əmin olmuşdu ki, onun üz tutduğu və qarşılığını aldığı ədalət məqamı həm də milli liderlik zirvəsidir.
Milli liderlik zirvəsinin fəthi hər tarixi şəxsiyyətə nəsib olan xoşbəxtlik deyil. Bu zirvə xalqın keçmişi ilə müasir yaşantılarının gələcək üçün işıq saçan təminat paktıdır. Elə bir pakt ki, özündə inkişafı, tərəqqini, gücü və qüdrəti cəmləşdirir, qanunların aliliyini rəhbər tutur. Bu pakt bir quruluşa institusionallıq qazandıran, onun əyninə dövlət libasını biçən prinsiplərə əsaslanmaqla, milli liderliyə də identiklik gətirir, onu baxış və düşüncələrdə qəlibləşdirir.
Bəli, Heydər Əliyev şəxsiyyəti özünün həyatı və fəaliyyəti ilə Azərbaycan dövlətçiliyinin əbədiyyət paktına çevrilmiş nəhəng simadır. Onun milli liderliyi Uca Tanrının böyük Azərbaycan xalqı üçün müəyyənləşdirdiyi ədalət payının müstəsna təntənəsidir.
Bu təntənə ölməzlik simvoludur və məhz buna görə Azərbaycan xalqı 12 dekabr təqvim gününə həm də ölməzlik, əbədiyaşarlıq tarixi kimi yanaşır.
Heydər Əliyev şəxsiyyəti böyuk strateq, xalqı və dövləti qarşısındakı müqayisəyəgəlməz xidmətləri ilə şanlı epoxa yaradıcısı, Azərbaycanın yarım əsrlik tarixinin yönləndiricisi, alternativsiz mütərəqqi inkişaf yolunun müəllifidir. Əbədiyyətə qovuşmasından ötən 19 il onun Azərbaycan tarixindəki yerinin və rolunun qiymətləndirilməsi nöqteyi-nəzərindən mühüm mərhələdir.
Böyük şəxsiyyətlərin fəaliyyətinə nəzər salarkən, tarixi gerçəklikləri də müqayisə etmək zərurəti yaranır. Nəzərə alaq ki, Heydər Əliyev ölkədə milli ruhun və azərbaycançılıq məfkurəsinin doqmatik xarakterə malik kommunizm ideologiyası üzərindəki qələbəsini təmin etmiş dühadır. Bu missiya gənc nəslin ideoloji sistemin zəncirlərindən xilasını, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi təməl prinsiplər əsasında milli ruhun hədsiz yüksəlişini təmin etmişdir. Bununla da milli dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi üçün münbit zəmin formalaşmışdır.
“Milli azadlığa nail olmaq üçün milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır”, – deyən ulu öndər Heydər Əliyev yalnız dövlətçiliyi qoruyub saxlayan, ona özünəməxsus inkişaf yolu müəyyənləşdirən obraz deyil, dövlətçilik yolunu özünün varlıq düsturuna çevirmənin örnəyidir. Azərbaycanda 1969-cu ilin 14 iyul tarixindən başlanmış idarəçilik fəaliyyətində nələri düşünməmişdi ki? Bakıya əsl paytaxt obrazı qazandırmağı, insanların estetik zövqünü formalaşdırmağı, bədii yaddaşı cilalamağı, milli musiqini, incəsənəti, kadr hazırlığını, elmi, sanayeni, iqtisadiyyatı və daha nələri-nələri. Ümumən, cəsarətlə deyə bilərik ki, ölkəmizin hazırkı iqtisadi müstəqilliyi, xarici iqtisadi əlaqələrinin sistemliliyi və dünya iqtisadiyyatına inteqrasiya prosesləri ötən əsrin 70-80-cı illərindəki təməldən qaynaqlanıb.
Heydər Əliyevin düşüncə diapazonuna xas cəhətləri sayıb bitirmək mümkün deyil. Çünki baxışları çoxşaxəlidir. Həyatın elə bir sahəsi yoxdur ki, o baxışlar ona hansısa formada nüfuz etməsin, diqqətdən yayınsın. Əsla, mümkün deyil. Dövlət nələrinsə diqqətdən yayınmasının mümkünsüzlüyünə inamdır. Heydər Əliyev Azərbaycan xalqının dövlət inamının özüdür.
Dövlət o zaman güclüdür ki, onun inkişaf meyarındakı dinamizm, məzmun və əhatə dairəsi müstəqillik amilinə əsaslanır. Bu amil mürəkkəb ictimai-siyasi şəraitdəki ümumxalq müqavimətinə, demokratik, hüquqi və dünyəvi quruculuq əzminə, yeni ictimai-iqtisadi formasiyaya uyğun daxili potensialın səfərbərliyinə əsaslanır. Ona görə müstəqilliyimiz, SSRİ kimi nəhəng imperiyanın süqutunun verdiyi dövlətçiliyin bərpası labüdlüyü deyil, ötən əsrin 70-ci illərinin əvvəllərindən başlanmış keşməkeşli və uzun mübarizə tarixinin nəticəsidir. “Müstəqillik yolu qədər çətin yol yoxdur”, – deyən ümummilli liderin əvəzsiz xidmətlərinin nəticəsi.
Həmin illərdə Vətənimiz yeni parametrlər qazanaraq, özünün dinamik inkişaf mərhələsinə qədəm qoymuşdur. Heydər Əliyev ideyaları o dövrün Azərbaycanının həyat gerçəkliyinə çevrilmişdir və o illəri kino lenti kimi gözlərimiz önündə canlandırmaq qəti əminlik yaradır ki, müstəqilliyimizə aparan yol məhz 1969-cu ildən başlamışdır. O yol ki, onda ictimai rifah, sosial məmnunluğun konseptual inkişaf meyarı kimi müəyyənləşdirilməsi, xalqın həyat tələbatlarının ödənilməsi naminə sosial-mənəvi iqlimin formalaşdırılması, həmrəylik və vəhdət əsas götürülmüşdür.
Bəli, ürəyi xalqı ilə döyünən, varlığı Vətənə xidmət amalına köklənmiş ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin birinci mərhələsində həyata keçirdiyi miqyaslı tədbirlərlə, faktiki olaraq, Azərbaycana rəhbərliyinin ikinci mərhələsi – müstəqil dövlətçilik üçün adekvat baza yaratmağa müvəffəq olmuşdur.
Ötən əsrin 80-ci illərinin sonu – 90-cı illərinin əvvəllərindəki təlatümləri, siyasi təbəddülatları nəzərdən keçirərkən bu qənaətə gəlmək mümkündür ki, əgər milli liderin Azərbaycana rəhbərliyində fasilə yaranmasaydı, xalqımız yaşadığı bəlalara, üzləşdiyi çətinliklərə və məhrumiyyətlərə düçar olmayacaqdı. Görünür, Heydər Əliyevin taleyinə xilaskarlıq missiyası da yazılmalıymış. Ulu öndər həmin illərdə Azərbaycanda cərəyan edən mürəkkəb və ziddiyyətli ictimai-siyasi proseslərə biganə qala bilməzdi. Xalqının əsl vətənpərvəri, təəssübkeşi olan böyük öndər müstəqilliyimizin qazanılması istiqamətindəki ilk addımlarını keçmiş Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına rəhbərlik etdiyi dövrdə atmışdır. Naxçıvan MSSR-in adının dəyişdirilməsinə nail olmuş, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağını ucaltmış, ən əsası isə muxtar respublikada SSRİ-nin saxlanılmasına münasibət məqsədilə keçirilmiş referendumu boykot etmişdir.
Ötən əsrin 90-cı illərində Heydər Əliyevin ağır durumda olan Naxçıvanın mühasirə halqasını bütün varlığı ilə yarmaq əzmi, bu yolda nümayiş etdirdiyi iradə, dözüm və mətanət adamda heyrət və qürur hissi doğurur. Yüksək idarəçilik keyfiyyətlərinə malik şəxs Vətəninin tarixi şansdan faydalanaraq, qazandığı müstəqilliyini əldən verməsi ilə barışa bilməzdi və barışmadı da.
Ümummilli liderin 1993-cü ildə xalqın təkidi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdışı onun naşı və səriştəsiz qüvvələrə qarşı mübarizəsi reallığını doğurmuşdu. İqtisadi tənəzzül prosesinin dərinləşməsinə yol verməmək, daxili böhranı, xaos və anarxiyanı aradan qaldırmaq, vətəndaşların azad, təhlükəsiz yaşamlarını, ictimai asayişi, qanunun aliliyini, hüquqi dövlət prinsipilərini təmin etmək onun fəaliyyətinin başlıca istiqamətlərinə çevrilmişdi. Nəzərə alaq ki, həmin dövrün Azərbaycanında vəziyyət olduqca dramatik şəkil almış, respublika vətəndaş müharibəsi təhlükəsi ilə üzləşmişdi. Bütün bunlar xalqın çıxış yolunu müdrik rəhbərində görməsini şərtləndirən amillər idi.
Ölkədə hər kəs üzünü Heydər Əliyevə tutmuşdu. Hamı nicat yolunu onda görmüşdü. Ulu öndər yaranmış ekstremal şəraitin çağırışlarına adekvat tədbirlər görməli, dövlətə qarşı qiyamı yatırmalı, qanunsuz silahlı qüvvələri zərərsizləşdirməli, ən əsası isə dövlət təsisatlarının normal fəaliyyətini təmin etməli idi. Fenomenal şəxsiyyət bu vəzifələrin öhdəsindən məharətlə gəldi. Müdrik kəlamlarının birində “rəhbərlik etmək, yəni, adamları öyrətmək və tərbiyələndirmək üçün gərək mənəvi haqqın olsun” – deyən Heydər Əliyev məhz dövləti idarə etmək üçün qazandığı mənəvi haqqın ona verdiyi üstünlükləri əməli iş müstəvisinə gətirməyi bacardı. Xilaskarlıq missiyası özünün təntənə anını yaşadı. Bəli, ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də Ali Sovetin Sədri seçilməsi təkcə onun hakimiyyətə qayıdışı deyil, eyni zamanda, xalqımızın qurtuluş tarixidir. Qətiyyətlə deyə bilərik ki, Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, bugünkü müstəqil Azərbaycan da olmayacaqdı. Bu qayıdış ölkəni parçalanmadan, vətəndaş müharibəsindən, mənfur qonşumuz Ermənistanın işğalının daha geniş miqyas almasından qorumaqla, Azərbaycanın varlığına, müstəqilliyinə, dövlətçiliyinə dönməzlik qazandırdı.
Ulu öndər Heydər Əliyev inkişafın Azərbaycan modelinin banisidir. Bu modelin qayəsində dünyanın qabaqcıl dövlətlərinin təcrübəsini gerçəkliklə uzlaşdırmaq dayanır. Ona görə də bu model adekvatdır. Adekvatlılıq isə mülkiyyət toxunulmazlığına, rəqabətə davamlılığa, iqtisadiyyatın liberallaşdırılmasına, sosialyönümlülüyə, xarici iqtisadi əlaqələrin gücləndirilməsinə, münbit biznes mühitinin formalaşdırılmasına, ölkəyə investisiya axınının stimullaşdırılmasına əsaslanırdı. Yeni quruculuq xəttini təşkil edən bu amillərlə yanaşı, Heydər Əliyev şəxsiyyəti Azərbaycanın qlobal dünya məkanına inteqrasiyasını ustalıqla həyata keçirməyi bacardı. Dahi lider dünyanın alternativ enerji mənbələrinə tələbatını düzgün dəyərləndirdi. Yüksək siyasi iradənin, milli maraqları sonadək müdafiə etmənin, təbii sərvətlərinə sahib çıxmaq əzminin təntənəsi kimi tarixiləşmiş “Əsrin müqaviləsi”nin imzalanması bu baxımdan son dərəcə mühüm hadisə oldu. Ölkəmizin siyasi və iqtisadi cəhətdən möhkəmlənməsinə, beynəlxalq iqtisadi münasibətlər sisteminə sürətli inteqrasiyasına təkan vermiş böyük hadisə. Elə bir hadisə ki, Cənubi Qafqaz coğrafiyasında, obrazlı desək, çayın axın istiqamətini dəyişdirdi, ona Azərbaycan adlı mənbə qazandırdı.
Heydər Əliyev şəxsiyyəti Azərbaycanın hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu siyasətini daim diqqət mərkəzində saxladı, bütün istiqamətlər üzrə mühüm islahatların həyata keçirilməsini təmin etdi. 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiyada hakimiyyət bölgüsü prinsipini, demokratik hüquqi və dünyəvi dövlət quruculuğunun əsaslarını, insan hüquq və azadlıqlarını bəyan etdi. Çoxpartiyalı sistem, siyasi plüralizm, söz, mətbuat və sərbəst toplaşmaq azadlığı, idarəetmədə siyasi mədəniyyət anlayışı, müstəqil məhkəmə hakimiyyəti, balanslaşdırılmış beynəlxalq əlaqələr böyük öndərin qurucusu olduğu müstəqil Azərbaycanı şərtləndirən mühüm fəaliyyət dəyərlərinə çevrildi. Heydər Əliyev şəxsiyyəti Qarabağ məsələsinə ideoloji baxışı formalaşdırmış liderdir. Ulu öndər bu məsələni üzləşdiyimiz tarixi ədalətsizliyin göstəricisi kimi təqdim etməklə yanaşı, onu xalqın milli mənliyinin, özünüdərk hissinin rəhni olaraq cilaladı. Elə bir mötəbər tribuna, elə bir nüfuzlu toplantı qalmadı ki, oradan Qarabağ həqiqətlərindən söz açmasın, xalqımızın üzləşdiyi məhrumiyyətləri, faciələri, ağır torpaq itkisini dilə gətirməsin. Qarabağ bu xariqüladə şəxsiyyətin Azərbaycan naminə apardığı haqq davasının zirvəsiydi. O zirvəyə Zəfər bayrağı sancılmasa, olmazdı. Əsla olmazdı!
Qarabağ Zəfərimiz Heydər Əliyev dühasının siyasət meydanında əbədi qalib obrazındakı nəhəngliyin təsdiqi idi. Bu nəhəngliyin ən böyük meyarı isə varislik prinsipidir. Elə bir varislik ki, Prezident İlham Əliyevin şəxsində nəinki Azərbaycan, bütövlükdə dünya tarixi üçün misilsiz örnəkdir. Dövlət başçısı, müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 8 noyabr 2020-ci il tarixdə Şuşanın azad olunması münasibətilə xalqa müraciətində deyirdi: “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, ulu öndərin ruhu şaddır bu gün!” Heydər Əliyev şəxsiyyəti ideyadır, qətiyyətdir, əzmdir, iradədir. Bəli, ulu öndərin ruhu şaddır. Çünki onun torpaqlarımızın düşmən tapdağından xilas edilməsi yolundakı dönməzliyi, prinsipiallığı nəticəsini verib. Nəzərə alaq ki, Qarabağın Azərbaycana qaytarılması adi hadisə sayıla bilməzdi. Qarabağı və digər işğal edilmiş torpaqlarımızı bizə qovuşduran təpər və cəsarət cənab İlham Əliyevin illərdən bəri apardığı düşünülmüş siyasətin son dərəcə parlaq akkordu idi. O siyasətin ki, təməlini Heydər Əliyevdən götürmüşdü. Heydər Əliyev şəxsiyyəti üçün Qarabağ xalqımızın milli davası idi. Prezident İlham Əliyev Zəfərə məhz bu ideyanı müqəddəs məfkurəyə çevirərək imza atdı.
Bu gün Azərbaycanın dünyadakı mövqeyinə, dəst-xəttinə baxanda bir daha əmin olursan ki, Heydər Əliyev əfsanə yaratmış şəxsiyyətdir, möcüzələr memarıdır. O möcüzələrin ki, azərbaycanlını yenidən dövləti olan xalq statusuna qaldırdı. O möcüzələrin ki, bir toplumu dövlətçilik təfəkkürünə köklədi.
Mənəviyyatını qoruyan, yaşadan insanın əbədilik qazanacağını bildirən dahi şəxsiyyətin ömrü mənalı, əzəmətli tariximiz olmaqla yanaşı, xalqımızın sarsılmaz birliyinin, həmrəyliyinin rəmzi təcəssümüdür. Mənəviyyatı Azərbaycan olan dahinin ruhuna ehtiram da xalqımız üçün ali rəmzdir.