Möhtəşəm dörd il

Mohtesem dord il

Əlbəttə ki, bütün bu işlərin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Əgər xalq bizə dəstək verməsə idi, biz bütün bu işləri görə bilməzdik. Ona görə də bizim bütün uğurlarımızın mərkəzində Azərbaycan vətəndaşı dayanır. Xalq, ictimaiyyət tərəfindən verilmiş və verilən dəstək, əlbəttə ki, bizi həm gücləndirir, həm də ruhlandırır.

İlham ƏLIYEV

Azərbaycan Respubikasının Prezidenti

 

Azərbaycanın XXI əsrdə yeni lideri olan İlham Əliyevin 2018-ci ildə yenidən Prezident seçilməsindən 4 il ötür. İlham Əliyev ilk dəfə 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində seçicilərin 76,8 faiz səsini toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçilib. 2018-ci ilə qədər müasir tariximizə daimi inkişaf dövrü kimi yazılan bu 15 ildə Azərbaycan misilsiz inkişaf yolu keçib. Ümummilli lider Heydər Əliyev siyasətinin layiqli yetirməsi və davamçısı kimi, İlham Əliyev uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə ölkəmizin beynəlxalq miqyasda mövqelərini daha da möhkəmləndirdi. Bütün bunları görüb qiymətləndirən Azərbaycan xalqı 2018-ci il aprelin 11-də səsini cənab İlham Əliyevə verərək növbəti dəfə Prezident seçdi.

Dövlət başçısı olaraq fəaliyyəti dövründə xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirən cənab İlham Əliyev bu müddət ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail oldu, önəmli kadr, struktur və sosial islahatlar apardı. Təsadüfi deyil ki, mütəxəssislər son illəri Azərbaycanda inqilabi sosial islahat illəri kimi xarakterizə edirlər. Bundan əlavə, dövlət başçısı 2020-ci ildə tüğyan edən qlobal koronavirus pan­demiyasının yaratdığı məhrumiyyətlərə baxmayaraq, Azərbaycanın siyasi, iqti­sadi imkanlarını genişləndirdi, ordusunu gücləndirdi və 27 ildən artıq düşmən işğalında qalan torpaqlarımızı azad edən müzəffər lider kimi tariximizə öz möhürü­nü vurdu. Ölkəmizin son 4 ildəki siyasi, hərbi, iqtisadi qələbələri ona gətirib çıxardı ki, bu gün regionda reallaşdırılan bütün irimiqyaslı, beynəlxalq layihələr, geostrateji maraqlar Azərbaycanın işti­rakı, onun milli maraqları nəzərə alınma­dan həyata keçirilmir.

Son illər bütün dünyada xoşagəlməz proseslər baş vermişdir. COVID-19 pandemiyası dünya iqtisadiyyatını iflic vəziyyətə salmışdır. Azərbaycan üçün isə pandemiya ilə mübarizə, həm də Vətən müharibəsinin aparılması böyük resursların, o cümlədən iqtisadi resurs­lar, peşəkar ordu, hərbi hazırlıq, siyasi iradə və mənəvi-psixoloji hazırlığın aparılmasını tələb etmişdir. Azərbaycan bu resursları işə salmaqla, siyasi iradənı və mənəvi-psixoloji əzmkarlığı nəinki təmin etmiş, hətta bu qədər nəhəng maddi və mənəvi sərfiyyatlardan sonra yenidən toparlana bilmişdir. Məhz bu to­parlana bilmək bacarığının nəticəsidir ki, Azərbaycan ölkə daxilində pandemiyaya qarşı mübarizə ilə yanaşı, beynəlxalq səviyyədə də müxtəlif ölkələrə tibbi və maliyyə yardımları göstərmişdir. Ölkəmiz Vətən müharibəsində qa­zandığı möhtəşəm Zəfərin faktiki nəticələrinin beynəlxalq səviyyədə və hüquqi müstəvidə möhkəmləndirilməsi istiqamətində fəaliyyətini əzmlə davam etdirir. İşğaldan azad edilmiş torpaqlarda isə bərpa və yenidənqurma işləri geniş vüsətlə aparılır.

Bəs 1-ci Qarabağ müharibəsi nəticəsində məğlub duruma düşmüş və beynəlxalq təzyiqlə üz-üzə qalan Azərbaycan necə toparlanıb böyük uğur­lara imza ata bildi? Bu sualın cavabını cənab İlham Əliyevin prezidentliyində tapmaq mümkündür. Çünki Azərbaycanın dövlət və cəmiyyət olaraq toparlanmaq potensialının reallaşdırıl­ması cənab İlham Əliyevin 2003-2018-ci illər ərzində prezidentliyini xarakterizə edən əsas xüsusiyyətlərdən biridir.

Dünyanın qabaqcıl, inkişaf etmiş və böyük dövlətləri böhranlı vəziyyətlərdə, çətinliklər zamanı toparlana bilmək potensialının artırılmasına böyük önəm verirlər. Bu mənada, Avropa İttifaqını və ona üzv dövlətləri xüsusi qeyd etmək lazımdır.

Xeyli müddətdir ki, Avropa İttifaqı bu sahədə strategiya və plan hazırlayıb həyata keçirir. Pandemiya ilə mübarizə və Ukrayna hadisələri bu istiqamətin in­kişafının əhəmiyyətini bir daha göstərdi, eləcə də, hətta Avropa İttifaqına üzv dövlətlərdə də bu sahədə boşluqlar olduğunu üzə çıxardı. Bu ölkələrin böhran vəziyyətlərinə, fövqəladə hallara və çətinliklərə qarşı dözümlülüyü və ya dayanıqlılığını özündə ehtiva edir. Yuxarıda qeyd etdiyim kimi, pandemi­ya ilə mübarizə və Vətən müharibəsi Azərbaycanın bu istiqamətdə tətbiq etdiyi uzunmüddətli yanaşmanın və apardığı siyasətin müvəffəqiyyətli oldu­ğunu göstərdi. Aparılan siyasət iqtisadi, enerji, nəqliyyat, hərbi, mənəvi-psixoloji, idarəetmənin çevikliyinin təmin olun­ması və digər sahələri əhatə edir. Qeyd olunanları bir daha təsdiq etmək üçün statistik rəqəmlərə baxmaq kifayətdir.

Cənab İlham Əliyevin 2003–2018-ci illər ərzindəki prezidentliyi iqtisadi yüksəliş dövrü kimi xarakterizə olunur. Prezidentin həmin dövrdə apardığı səmərəli siyasət və iqtisadi islahatlar sayəsində ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə yüksəlib. Ölkənin strateji valyuta ehtiyatla­rı 26,6 dəfə artıb, maliyyə imkanları əsaslı şəkildə yaxşılaşıb. Xarici ticarət dövriyyəsi 4,6 dəfə, ixracın həcmi altı dəfə artıb. Regionlarda ümumi məhsul buraxılışının artımı 3,6 dəfəyə bərabər olub. Əhalinin nominal gəlirləri 8,6 dəfə, minimum əməkhaqqı 12,9 dəfə, xaricə səfər edən vətəndaşların sayı 2,2 dəfə, əhalinin banklardakı əmanəti 30 dəfə artıb. 1 958 400 yeni iş yeri açılıb, 326,6 min nəfərə ünvanlı dövlət sosial yardımı verilib. İşsizliyin səviyyəsi 9,2 faizdən 5 faizə, yoxsulluğun səviyyəsi 44,7 faizdən 5,4 faizə enib, 245 min nəfər məcburi köçkün mənzillə təmin olunub. Maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb. Sosial infrastruktur inkişaf edib, o cümlədən 3100-dən çox məktəb və 640-dan çox xəstəxana tikilib və təmir edilib.

Bölgələrdə 43 Olimpiya İdman Mərkəzi yaradılıb. İdmançılarımız 15 il ərzində Olimpiya Oyunlarında, dün­ya və Avropa çempionatlarında böyük qələbələr qazanıblar. Azərbaycan həmin illərdə 7 Olimpiya Oyunlarında iştirak edib. Avropa Oyunlarında Azərbaycan ikinci yerə, İslam Həmrəyliyi Oyunlarında isə bütün müsəlman ölkələri arasında birinci yerə nail olub. Rio de Janeyro Olimpiya Oyunlarında isə Azərbaycan medalların sayına görə 14-cü yerdə qərarlaşdı. İdman hərəkatının vüsət alması və bu sahədə qazanılan uğur­lar ölkədə gənclərin fiziki hazırlığının gücləndirilməsi ilə yanaşı, vətənpərvərlik ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəlməsinə töhfə vermişdir ki, bu da Vətən müharibəsində və ondan sonrakı dövrdə öz müsbət təsirini bariz surətdə göstərmişdir.

Prezident İlham Əliyevin 2003-2018-ci illərdə ölkəyə rəhbərliyinin ən funda­mental nailiyyətlərindən biri də ümummil­li lider Heydər Əliyevin təməlini qoyduğu neft strategiyasının layiqli surətdə həyata keçirilməsi olmuşdur. Belə ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı ildə istifadəyə verildi və ölkə böyük gəlirlər əldə etməyə başladı. 2007-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Ərzurum qaz kəməri Azərbaycanı qaz ixrac edən ölkəyə çevirdi. 2014-cü il sentyabrın 20-də Cənub Qaz Dəhlizinin təməli qoyul­du. 2018-ci il 29 may tarixində Bakıda Cənub Qaz Dəhlizinin, 12 iyun tarixində isə Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəmərinin açılışı oldu.

Cənub Qaz Dəhlizinə qoyulan sərmayə 40 milyard dollara bərabərdir. Bu vəsaitin böyük hissəsi xarici tərəfdaşlar, banklar tərəfindən qoyulub ki, bu amil özü Azərbaycana olan etimad və ölkədəki əlverişli və etibarlı investi­siya mühiti ilə birbaşa bağlıdır. Eləcə də 30-dan çox elektrik stansiyası tikilib. Onların generasiya gücü 3900 meqavata bərabərdir.

Prezident İlham Əliyev neft-qaz sektoru ilə yanaşı, bərpa olunan enerji layihələrinin həyata keçirilməsinə böyük önəm verir.

Sosial-iqtisadi inkişaf üçün vacib şərt olan nəqliyyat infrastrukturu da 2003-2018-ci illərdə ciddi tərəqqi dövrü keçib. Bu müddətdə 15 min kilometr yeni yol çəkilişi təmin edilib. Yeddi aeroport tikilmişdir ki, onlardan altısı beynəlxalq statusa malikdir. Xəzər dənizində ən böyük yeni ticarət limanın inşası baş­lanmışdır. Dəmir yolu infrastrukturu yenilənib. Bu infrastruktur layihələri Azərbaycanı Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərində apa­rıcı “oyunçu”ya çevirib, onun hava, quru və su nəqliyyatı sahələrində önəmini artırıb.

Dövlət idarəçiliyinin təkmilləşdirilməsi və bu məqsədə xidmət edən davamlı islahatlar da cənab İlham Əliyevin 2003-2018-ci illərdəki prezidentliyinin əsas istiqamətlərindəndir. Eyni zamanda, vətəndaş-məmur münasibətlərinin yax­şılaşdırılması və həmin münasibətlərdə neqativ halların aradan qaldırılması əsas hədəflərdən biri kimi müəyyən edilmişdir. Burada nəinki Azərbaycanda, eləcə də dünyada örnək kimi qəbul edilən “ASAN xidmət” modelini vurğula­mamaq olmaz. Prezidentin təşəbbüsü və daimi diqqəti altında yaradılımış bu model ölkədə məmur-vətəndaş münasibətləri sahəsində indiyə qədər misli görünməmiş inqilabi dəyişikliklərə səbəb oldu. Bu mütərəqqi dəyişikliklər də vətəndaşlarımız tərəfindən çox yüksək dəyərləndirilir.

Əlbəttə ki, ölkədə Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin 2003-2018-ci illərdə apardığı ordu quruculu­ğu işinin möhtəşəm nəticəsinə Vətən müharibəsində bütün dünya şahid oldu. Vətən müharibəsində böyük Zəfərimizin nəticələrinin beynəlxalq səviyyədə möhkəmləndirilməsi üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan geosiyasi baxımdan strateji ehtiyat siyasəti yürüdüb, dünyanın fərqli güc mərkəzlərinə və siyasi qütblərinə aid dövlətlər və təşkilatlarla milli maraqlara söykənən münasibətlər qurur və müva­fiq xarici siyasət aparır. Bu cür strateji ehtiyat siyasəti dinamik və dəyişən dünyada Azərbaycanın milli maraq­larını və dövlətçiliyini meydana çıxan müxtəlif risklərdən qorumağa imkan yaradır. Eləcə də belə təhdidlərin Vətən müharibəsindəki Zəfərimizin nəticələrinə yarada biləcəyi mənfi təsirlərini zərərsizləşdirməyə və ərazi bütövlüyü­müzü möhkəmləndirməyə imkan verir. Prezident İlham Əliyevin həssaslıq və zərgər dəqiqliyi ilə yürütdüyü strateji eh­tiyat siyasəti Azərbaycanın xarici siyasət sahəsində və beynəlxalq münasibətlər sistemində də müxtəlif böhran, risk və çətinliklərə qarşı səmərəli mübarizə aparmaq qabiliyyətinin əsasını təşkil edir.

Adil ƏLİYEV,

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini