Müstəqil siyasət yürüdən Azərbaycanın uğurları
Birinci Qarabağ müharibəsindən ötən uzun illər ərzində Ermənistan işğalçı siyasətini davam etdirdi, ardıcıl təxribatlar törətdi. Hətta düşmən ölkənin baş naziri Nikol Paşinyan Azərbaycana qarşı 7 şərt irəli sürməkdən, təcavüz xarakterli şüarlar səsləndirməkdən, bütün bunlarla bərabər, Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşdırma siyasəti aparmaqdan, terrorçuları həmin bölgələrdə yerləşdirməkdən belə çəkinmədi.
Prezident İlham Əliyev isə prezidentlik fəaliyyətinin bütün mərhələlərində etdiyi ayrı-ayrı çıxışında Ermənistana dəfələrlə xəbərdarlıq edir, işğalçını əməllərindən əl çəkməyəcəyi halda peşman olacağını diqqətə çatdırır, eyni zamanda, bu mesajların onlar üçün dərs olmadığını da qeyd edirdi.
Təəssüf ki, Azərbaycanın sülh yolu ilə Ermənistanın işğalçılıq siyasətinə son qoymaq, dinc yolla ərazilərimizi tapdaq altından xilas etmək təşəbbüsləri, necə deyərlər, havadan asılı vəziyyətdə qalırdı. İşğalçı dövlət ölkəmizin sülh yolu ilə, əmin-amanlıqla qonşuluq münasibətinin yaranmasını düzgün dəyərləndirmirdi, hər vəchlə danışıqlar prosesini pozurdu. Bu, hal Nikol Paşinyanın hakimiyyətə gəlməsi ilə daha qabarıq nəzərə çarpdı. Prezident İlham Əliyevin sözləri ilə desək, o vaxt Azərbaycan tərəfindən verilən müsbət siqnallar işğalçı ölkədə bir zəiflik, gücsüzlük kimi anlaşıldı. Əslində isə Azərbaycan sadəcə olaraq, qan tökmək istəmirdi, tarixi ədalətsizliyi güc yolu ilə aradan qaldırmağın tərəfində deyildi. Ermənistan isə mövcud reallığı düzgün dərk etmir, respublikamızın çağırışlarına məhəl qoymurdu.
Uzun müddət fəaliyyət göstərən ATƏT-in Minsk qrupu isə təcavüzkar Ermənistanın davamlı təxribatlarını susqunluqla qarşılayır, bu ölkəyə vaxtında ciddi təzyiq göstərmirdi. Əgər belə olmasaydı, təbii ki, işğalçı məcbur olub qəsb etdiyi torpaqlardan çıxardı və Vətən müharibəsinə də ehtiyac qalmazdı. Ancaq həmsədrlər tərəfindən, vurğuladığımız kimi, Ermənistana təzyiq göstərilmədi. Halbuki Minsk qrupuna həmsədrlik edən və dünya miqyasında ən güclü ölkələr sayılan hər üç dövlət Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının daimi üzvü idi. Onların siyasi çəkisi, siyasi imkanları Ermənistana ciddi mesajlar verməyə, onu işğalçılıq siyasətinə son qoymağa məcbur etməyə yetərdi. Sadəcə Minsk qrupu “nə hərb, nə sülh siyasəti”nə üstünlük verməklə kifayətləndi.
Beləliklə, artıq tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirən Minsk qrupu ilə yanaşı, dünya gücləri də Ermənistanın işğalçı siyasəti qarşısında susur, təxribatlarına qarşı təzyiqlər göstərmirdilər. Başqa sözlə, hazırda regionda dayanıqlı sülhün gerçəkləşməsinə dəstək göstərməyə maraqlı olduqlarını bildirən həmin qüvvələr o zaman seyrçi mövqedə dayanmağa daha çox üstünlük verir, bir çox hallarda isə Ermənistanın əsassız iddialarına dəstək olurdular.
Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi qələbə isə haqq-ədaləti bərpa etdi. İstər ATƏT-in Minsk qrupu, istərsə də dünya gücləri tərəfindən Qarabağ həqiqətlərinin təsdiqi ilə bağlı fikirlər səsləndirilməyə başlandı. Ötən ilin yanvarında Moskva, noyabrda Soçi, dekabrda isə Brüssel görüşləri bu istiqamətdə irəliyə doğru atılan önəmli addımlar kimi dəyərləndirildi. Bu tədbirlərdə qəbul olunan birgə Bəyanatlarda ATƏT-in Minsk qrupundan bəhs olunmaması, həmçinin “Dağlıq Qarabağ” ifadəsinin yer almaması bir daha münaqişənin sona çatdığını, qurumun vasitəçiliyinə ehtiyacın olmadığını təsdiqlədi.
Nəhayət, bu il fevralın 4-də Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüş də ölkəmizin yaratdığı yeni reallıqların bir daha təsdiqi kimi diqqət çəkdi.
Həmin görüşlə bağlı Şarl Mişel və Emmanuel Makron arasında imzalanan birgə bəyanatda yuxarıda xatırlatdığımız Moskva, Soçi və Brüssel görüşlərinin mahiyyətinə uyğun olaraq, Minsk Qrupuna istinad yer almadı. Eyni zamanda, adı çəkilən sənəddə Dağlıq Qarabağ münaqişəsi və hətta Qarabağ kimi ifadə belə işlədilmədi. Əksinə, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi parlaq qələbə ilə bölgədə yaradılan reallıqların gerçəkləşməsinin zəruriliyi diqqətə çatdırıldı. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, Zəngəzur dəhlizinin açılması, itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi, minaların təmizlənməsində Azərbaycana yardım və etimad quruculuğu kimi məsələlər önə çəkildi. Əslində, bu, Qarabağ mövzusunun gündəlikdən tamamilə çıxarılması demək idi. Bu, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin haqq-ədalət uğrunda mübarizəsinin təntənəsi, yürütdüyü müstəqil siyasətin məntiqi nəticəsi idi.
Dövlətimizin başçısının yürütdüyü müstəqil siyasətin sayəsində bu gün bütün dünyada fevralın 4-də keçirilən sözügedən görüşdə Prezident İlham Əliyevin mövqeyi dəstəklənir, Azərbaycanın üzləşdiyi mina problemi, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, həmçinin sülh sazişi üzrə danışıqların başlanması kimi məsələlər yüksək dəyərləndirilir, bu istiqamətlərdə ölkəmizə beynəlxalq dəstəyin artırılmasının zəruriliyi ifadə olunur.
Yeri gəlmişkən, Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyinin gücləndirilməsi işinə verdiyi töhfələr də Prezident İlham Əliyevin yürütdüyü müstəqil siyasətin məntiqi nəticəsidir. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin bir neçə gün bundan əvvəl Bakıda keçirilən VIII toplantısı da göstərdi ki, dövlətimizin başçısı tərəfindən müəyyənləşdirilən Azərbaycanın xarici iqtisadi strategiyasının uğula həyata keçirilməsi məhz bu düzgün, uzaqgörən iqtisadi siyasətin bariz ifadəsidir.
Dəyəri 33 milyard ABŞ dolları olan Cənub Qaz Dəhlizi artıq Avropanın enerji təhlükəsizliyində xüsusi çəkiyə və təsir gücünə malikdir. Bir zamanlar xarici təzyiq və müdaxilələr üzündən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə vəsait ayırmaqdan çəkinən beynəlxalq maliyyə institutlarının əksəriyyəti ölkə rəhbərinin müdrik konsepsiyasının gerçəkləşdirilməsi sayəsində sonradan Cənub Qaz Dəhlizinə fərqli münasibət göstərdi, yekdilliklə bu layihəyə dəstək verdi, eyni zamanda, onun icrası dövründə ölkəmizin bu məsələdə fəal mövqeyini və etibarlı tərəfdaş olduğunu yüksək qiymətləndirdi.