Onlar ləyaqətlə vuruşdular, düşməni diz çökdürdülər

Onlar leyaqetle vurusdular, dusmeni diz cokdurduler

Xüsusi təyinatlıların Vətən müharibəsindəki qələbəmizdə çox böyük payı var. Mən Ali Baş Komandan kimi bunu bilirəm, bu barədə Azərbaycan ictimaiyyətinə də öz sözlərimi demişəm. Bütün Azərbaycan xalqı bunu bilir və düşmən də bunu bilir. Müharibənin ilk günlərindən kəndlərimizin azad olunması düşməni sarsıtdı. Onlar inanmırdılar ki, Azərbaycan Ordusu beş-altı müdafiə xəttini öz sinəsi ilə yararaq, qan tökərək, şəhidlər verərək tarixi zəfər əldə edə bilər.

Azərbaycan Prezidenti İlham Əliyevin Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin “N” saylı hərbi hissəsindəki çıxışından

 

“Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!” prinsipini daim uca tutan ulu öndər Heydər Əliyev həm ölkəmizə rəhbərlik etdiyi 1969-82 ci illərdə, həm də 1993–2003-cü illərdə Azərbaycan Ordusunun şəxsi heyətinin peşəkar kadrlarla komplektləşdirilməsini bir nömrəli vəzifə kimi qarşıya qoymuşdu. Bunun nəticəsini çoxsaylı himayədarlarına güvənən Ermənistanı və dünya erməniliyini məğlub etdiyimiz 2020-ci ilin payızında gördük.

 

Ümummilli liderin ölkəmizə ikinci dəfə rəhbərlik etdiyi dövrdə bu istiqamətdə həyata keçirdiyi iki mühüm layihə vardır ki, onla­rın müsbət nəticələri saymaqla bitən deyil. Birincisi, onun 20 fevral 1999-cu il tarixli fərmanı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası yaradılmışdır. Həmin akademiyada Azərbaycan Respublikası Silahlı Qüvvələri üçün ali hərbi təhsilli komandir və qəragah zabitlərinin, hərbi-elmi işçilərin hazırlanması, onların ixtisasının artırılması, hərbi iş sahəsində elmi tətqiqatların aparılması və dövlət orqanla­rında çalışan yüksək vəzifəli şəxslərə respublikanın müdafiəsi ilə əlaqədar hərbi-strateji, hərbi-iqtisadi və hərbi-siyasi məsələlərin öyrədilməsi təmin edilir.

İkinci mühüm layihə isə yenə də həmin ildə imzalanmış fərman əsasında Xüsusi Təyinatlı Qüvvələrin formalaşdırılması idi. Xatırladaq ki, bu qurumun ərsəyə gəlməsində Birinci Qarabağ müharibəsinin iştirakçıları olan zabit və gizirlər fəal iştirak ediblər. Ümummilli lider tərəfindən vahid komandanlıq altında birləşdirilən Azərbaycan Ordusunun bu bölmələri Türkiyə Silahlı Qüvvələri və onun Xüsusi Təyinatlı Qüvvələri ilə sıx əməkdaşlıqla daha da peşəkar səviyyəyə çatdırılıb.

Burada bir haşiyə çıxaraq xatırladaq ki, silahlı qüvvələrimizin sırasında olan hərbçilər belə bir həqiqəti dəfələrlə yada salırlar: “Hərbçilərin heç də hər biri Xüsusi Təyinatlı Qüvvələrin üzvü seçilmək hüququ qazanmır. Bunun üçün ağır təlimlər, hərbi imtahanlar, iradə nü­mayişi vacib şərtlərdəndir. Burada əlbəyaxa döyüş, dərin kəşfiyyat, düşmən arxasına keçmə, həyatda qalma, mühəndis, atəş, psixoloji, desant, dalğıc, tibbi, asimmetrik döyüş və sair kimi hazırlıqlar üzrə təlimlər keçirilir”.

Məhz həmin keyfiyyətləri dərindən mənimsəmiş Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyəti 2016-cı ilin Aprel döyüşlərində, eləcə də Vətən müharibəsində Azərbaycan hərb tarixinə yeni qəhrəmanlıq səhifələri yazdı. Ən mühüm əməliyyatların, ilk növbədə, Şuşa əməliyyatının keçirilməsində həlledici rol oynadılar. Peşəkarlıqla bərabər, burada fədakarlıq, ölümün üzərinə şığıma həlledici amillərdən idi. Xüsusi Təyinatlı Qüvvələrin mənsubları döyüş tapşırıqlarını uğurla yerinə yetirdiklərinə görə dövlətimizin başçısının müvafiq sərəncamları ilə “Azərbaycanın Mil­li Qəhrəmanı”, “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adlarına layiq görülüblər, eləcə də müxtəlif orden və medallarla təltif olunublar.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 23-cü ildönü­mü münasibətilə aprelin 30-da Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin “N” saylı hərbi hissəsindəki çıxışında bu məsələləri daha aydın və qabarıq şəkildə dilə gətirmişdir. Dövlət başçımız xatırlatmışdır ki, 1999-cu ildə – yəni XTQ-nin formalaşdırıl­dığı günlərdə – vəziyyət fərqli idi. Ermənistan –Azərbaycan, Dağ­lıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün hələ də ümidlər tükənməmişdi. Ancaq buna baxmayaraq, Heydər Əliyevin qərarı əsasında Azərbaycan Silahlı Qüvvələrində xüsusi hərbi birləşmə yaradılmışdır və o gündən bu günə qədər xüsusi təyinatlılar böyük və şərəfli yol keçmiş, Vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək, tarixi zəfərimizin əldə olunmasında xüsusi rol oynamışlar.

Xatırladaq ki, Azərbaycan Ordusunun 2016-cı ildəki Aprel hadisələri işğalçılar üçün dərs ol­mamış, onlar işğalı əbədiləşdirmək üçün öz səylərini davam etdirmişdilər və işğalı əbədi etmək üçün Azərbaycana, Azərbaycan Silahlı Qüvvələrinə hədə-qorxu gəlməyə davam edirdilər. Dövlət başçımızın dediyi kimi, bizi yeni müharibə ilə hədələyən düşmən İkinci Qarabağ müharibəsində öz dərsini aldı.

Hərbçi ekspertlər yazırlar ki, Azərbaycan Silahlı Qüvvələrinin böyük zəfəri bizim tariximizdə şərəflə qalacaq. Biz müzəffər xalq kimi, qalib dövlət kimi bundan sonra əbədi yaşayacağıq. Dövlət başçımız isə xatırladır ki, bu se­vinci bizə bəxş edən övladlarımız, əsgər və zabitlərimiz olub: “Bütün silahlı qüvvələr bu qələbənin əldə olunmasında öz dəyərli töhfəsini vermişdir və cəmi 44 gün ərzində tarixi zəfər əldə olundu, düşmən bizim qabağımızda diz çökdü və məcbur oldu öz əli ilə kapitulyasiya aktına imza atdı. Bu, tariximizin və mənim həyatımda bəlkə də ən yaddaqalan, ən sevincli, ən qürurlu anlardan biridir, bəlkə də birincisi­dir. Ermənistanın kapitulyasiya ak­tına imza atması mənim həyatımda ən qürurlu hadisədir”.

Dövlət başçımız 23 yaşı tamam olan Xüsusi Təyinatlı Qüvvələrə xitabən dedi ki, mən sizinlə fəxr edirəm, bütün Azərbaycan xalqı sizinlə fəxr edir: “Ermənistan, Ermənistan silahlı qüvvələri Azərbaycan xüsusi təyinatlılarının adı gələndə titrəməyə başlayırlar. Onların canlarında olan xof bu günə qədər çıxmayıb və çıxma­yacaq. Biz müharibə istəmirik. Biz istədiyimizə nail olduq. Tarixi ədaləti bərpa etdik. Xalq qarşı­sında, tarix qarşısında, gələcək nəsillər qarşısında öz vətəndaşlıq borcumuzu şərəflə yerinə yetir­dik. Ancaq biz hər zaman ayıq olmalıyıq. Çünki Ermənistanda bu gün də revanşist qüvvələr baş qaldırır. Ermənistanda bu gün də Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edənlər var. Biz bunu daim diqqət mərkəzində saxlamalıyıq, buna laqeyd olmamalıyıq”.

Azərbaycan Ordusunun, xüsusən, hətta adı belə düşmənin canına qorxu salan XTQ aslanları­mızın keçdiyi Zəfər yolunu qürurla xatırladan Prezident deyir ki, İkinci Qarabağ müharibəsindən keçən ilyarım ərzində hərbi ekspertlər, bu məsələ ilə, münaqişələrlə məşğul olan insanlar bu günə qədər Azərbaycanın zəfəri haqqında danışırlar və mənə bu məsələ ilə bağlı, müharibə ilə, zəfərimizlə bağlı çoxsaylı suallar verilir. Soruşurlar ki, nə, hansı amillər bu qələbəni şərtləndirdi? Cavab verirəm ki, həmin şərtlərin arasında birinci Vətən sevgisidir: “Yəni, sizi ölümə aparan, “öldü var, döndü yoxdur” deməyə vadar edən Vətən sevgisi idi və biz bunu nümayiş etdirdik. Bütün dünyaya nümayiş etdirdik ki, biz böyük xalqıq və müharibəni biz ləyaqətlə aparmışıq. Mənfur düşmən döyüş meydanında məğlubiyyətə uğrayarkən bizim şəhər və kəndlərimizi namərd atəşə tutmuşdur… Biz isə ləyaqətlə müharibəni apardıq və müharibə zamanı mən deyirdim ki, biz qisası­mızı döyüş meydanında alacağıq. Biz mülki vətəndaşlarla heç vaxt vuruşmamışıq və vuruşmaya­cağıq. Azərbaycan xalqının ülvi keyfiyyətləri bizə imkan verməz və belə də oldu. Bütün dünya bunu eti­raf edir ki, azərbaycanlılar ləyaqətlə vuruşdular, kişi kimi vuruşdular, düşməni qovdular, diz çökdürdülər və öz sözlərinə əməl etdilər”.

Xatırladaq ki, biz bədnam qonşumuzun və ona himayədarlıq edən bəzi xarici qüvvələrin ölkəmizə qarşı törədə biləcəyi növbəti təxribatların da qarşısını almaq iqtidarındayıq. Ona görə də, İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğuna əlavə vəsait ayrıldı. Prezident xatırladır ki, İkinci Qarabağ müharibəsindən sonra Xüsusi Təyinatlı Qüvvələrin sayı 2 dəfə artırıldı. Əlavə edək ki, indi həmin quruma qəbul olun­maq istəyənlər üçün seçim daha sərtdir və maraq daha böyükdür, müraciətlər kifayət qədər çoxdur. Mənəvi-psixoloji keyfiyyətlər, fiziki hazırlıq, peşəkarlıq və ən önəmlisi Vətən sevgisi bu seçimin əsas şərtləridir.

Elə bu sətirləri də Ali Baş Komandanımızın fikirləri ilə tamamlamaq istəyirik: “Silahlı birləşmələrimizdə islahatlar aparılır. Xüsusi əməliyyatları aparmaq iqti­darında olan yeni hərbi birləşmələr yaradılır və Azərbaycan Ordusu daha da güclənir. Bu gün bizim ordumuz müharibə dövründəki or­dumuzdan daha da güclüdür, daha da qüvvətlidir”.