Qayıdışdan Böyük Zəfərə...

Qayidisdan Boyuk Zefere...

Hər kəs gücümüzü gördü. Hər kəs qüdrətimizi gördü, iradəmizi gördü. Bu “dəmir yumruq” onların belini qırdı, onların başını əzdi. Bu, birlik yumruğudur, bu, güc yumruğudur. Bundan sonra Azərbaycan yalnız inkişaf, tərəqqi yolu ilə gedəcək. Bundan sonra da biz ordu quruculuğu işində əməli addımlar atacağıq, ordumuzu daha da gücləndirəcəyik.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

 İkinci Qarabağ müharibəsi başlayana kimi, dünyada və regionda bəziləri düşünürdülər ki, Ermənistanın Qarabağ ərazisində “keçilməz hərbi sədlər”, “radiolokasiya sistemləri”, “silah və hərbi texnika”, “döyüşkən ordu” və bu kimi digər “üstünlüklərə” malik olması səbəbindən torpaqlarımızın, guya, işğaldan azad edilməsi mümkün deyil. Lakin Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qa­zandığı tarixi Zəfərlə əsl hərbi reallıqla bağlı beynəlxalq aləmdə aydın təsəvvür yaratdı və işğalçı Ermənistan ordusu haqqında yaranan mifləri dağıtdı.

 

Ulu öndər Heydər Əliyevin respublikaya rəhbərliyinin bütün dönəmlərində qüdrətli ordu qurmaq prioritet istiqamət olub. Ümummil­li lider bunun üçün hələ keçmiş SSRİ zamanında Azərbaycanda hərbi kadr­ların hazırlanmasına xüsusi əhəmiyyət verib, gənclərin hərb sənətinə marağı­nı gücləndirib, görkəmli sərkərdə Cəmşid Naxçı­vanskinin adını daşıyan hərbi liseyin yaradılmasını gerçəkləşdirib.

Dahi şəxsiyyətin 1993-cü il iyunun 15-də hakimiyyətə qayıdışı ilə ordu quruculuğunda yeni bir mərhələ başlayıb. Bu, həm də Azərbaycanda siyasi-ictimai böhranın dərinləşdiyi, erməni faşiz­minin işğalda saxladığı əraziləri genişləndirməyə cəhd göstərdiyi bir dövrə təsadüf edib.

Ümummilli lider Heydər Əliyev yenidən Azərbaycan rəhbərliyinə gələndə müharibə şəraitində yaşayan ölkədə silahlı qüvvələr acınacaqlı durumda idi. Ona görə də dahi rəhbər siyasi fəaliyyətində, ilk növbədə, bu məsələyə xüsusi diqqət yetirdi, zəngin dövlətçilik təcrübəsi, qətiyyətli və ardıcıl siyasəti ilə mürəkkəb şəraitdə ordu quruculu­ğuna yeni məzmun verdi və ölkədə müasir ordu formalaşdırılmasının əsasını qoydu.

Heydər Əliyev torpaqlarımızın müdafiəsi yönündə mühüm addımlar atmaq, ərazilərimizi qorumağa qadir ordu yaratmaq üçün, ilk növbədə, cəbhədə atəşkəs üçün bütün müm­kün siyasi və diplomatik vasitələri işə saldı. Nəticədə 1994-cü ilin mayında cəbhədə atəşkəs elan edildi. Bundan sonra silahlı qüvvələrimizin forma­laşması istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanıldı. Ordunun maddi-texniki təminatının yaxşılaşdırılması, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı­nın artırılması və döyüş ruhunun yüksəldilməsi diqqət mərkəzində sax­lanıldı. Eyni zamanda, hərbi kadr po­tensialının gücləndirilməsi məqsədilə Silahlı Qüvvələrin Hərbi Akademiyası yaradıldı, respublikamızda fəaliyyət göstərən hərbi məktəblərin status artırıldı və Silahlı Qüvvələrə Yardım Fondu təsis olundu.

Bütün reallaşdırılan bu tədbirlər Azərbaycanın Ermənistan tərəfindən işğal edilən 20 faiz ərazisini geri qaytarmaq məqsədi daşıyırdı.

Yeri gəlmişkən, o illərdə ulu öndərin tarixi xidmətlərindən biri də yeni formalaşdırdığı ordunun gücü ilə Horadizin düşməndən azad edilməsi oldu və bununla da Azərbaycan torpaqlarının müharibə yolu ilə geri alınmasının mümkünlü­yü təsdiqlədi.

Heydər Əliyevin təhlükəsizlik siyasəti və strategiyası, ordu quruculuğu ilə bağlı başladığı işlər dövlətimizin başçısı cənab İlham Əliyevin prezidentlik fəaliyyətinə başladığı ilk gündən uğurla da­vam etdirilib, hərbi quruculuq məsələsi prioritet istiqamətlərdən biri olub. Xatırladım ki, 2003-cü ildə andiçmə mərasimindəki nitqi zamanı Azərbaycan Prezidenti deyib: “Azərbaycanda ordu quru­culuğu sahəsində də böyük işlər görülmüşdür. Ölkəmizdə güclü ordu yaradılmışdır və bu proses davam edəcəkdir. Bu məsələ daim mənim diqqət mərkəzimdə olacaqdır. Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır. Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə imkan verəcəkdir”.

Ölkə rəhbəri ötən 18 il ərzində bu vədinə sadiq qaldı, respublika­mızda ordunun gücləndirilməsi ilə bağlı olduqca mühüm işlər gördü, silahlı qüvvələrimizdə keyfiyyət və kəmiyyət dəyişikliklərinin yaranma­sına nail oldu. Ən müasir döyüş tex­nikasının alınmasını gerçəkləşdirdi. Əsgər və zabitlərimizin sosial şəraitinin yaxşılaşdırılmasını hər zaman diqqət mərkəzində saxla­dı. Bütün bunlarla bərabər, döyüş hazırlığının bütün tələblərinin yerinə yetirilməsi üçün beynəlxalq tələblərə cavab verən əlverişli şərait yaradıldı, irimiqyaslı təlimlər keçirildi.

Vətən müharibəsində tarixi qələbənin əldə edilməsində isə ən önəmli amil silahlı qüvvələrimizdəki ruh yüksəkliyi, xalq-Prezident-ordu vəhdəti oldu. Bu, Azərbaycana qarşı başlanan hücum əməliyyatlarının ilk günlərindən minlərlə gəncin orduya könüllü kimi yazılmasında, dinc insanların təxribatlar zamanı evlərini tərk etməmələrində özü­nü göstərdi. Bu, döyüşlər getdiyi dövrdə Azərbaycan Prezidenti İlham Əliyevin hər gün özünün rəsmi “Twit­ter” səhifəsində, xarici televiziya kanallarına verdiyi müsahibələrində hadisələrin gedişatı ilə bağlı xalqa məlumat verməsində, ordumuzun nailiyyətlərini vətəndaşlarımızın diqqətinə çatdırmasında özünü büruzə verdi. Bu, eyni zamanda, Azərbaycanı bütün dünyaya güclü orduya malik bir dövlət, xalq-Prezident vəhdəti yaşanan bir respublika kimi tanıtdı.

Bu gün iftixarla, fəxrlə deyə bilərik ki, Azərbaycanın Silahlı Qüvvələri hərbi əməliyyatlar zamanı ən yüksək səviyyədə innovativ yenilikləri tətbiq edən ordudur. Məhz bunun nəticəsi idi ki, müharibənin gedişində silahlı qüvvələrimiz möhtəşəm uğurlara imza atdı, döyüş meydanında öz üstünlü­yünü dəfələrlə sübut etdi. Erməni tərəfinin təqribən 30 il ərzində işğal olunan torpaqlarda yaratdığı müdafiə xətlərini, mühəndis qurğu­larını şücaətlə dağıtdı, komanda məntəqələrini, çox sayda hərbi tex­nikasını, canlı qüvvəsini məhv etdi. Bu, silahlı qüvvələrimizin dünyada ən yaxşı döyüş qabiliyyətinə malik ordulardan biri hesab edilməsinin əbəs deyilmədiyini təsdiqlədi.

Azərbaycan Silahlı Qüvvələri erməni işğalçılarına qarşı apardığı döyüşlərdə dövlətimizin başçısının vurğuladığı kimi, dünyanın ən güclü orduları sırasında olduğunu təsdiq etdi. Ordu bölmələrimiz harada olur-olsun, döyüşləri planlı şəkildə apardı, xaotikliyə yol vermədi. Döyüş əməliyyatları haqqında Ali Baş Komandan müntəzəm məlumatlandırıldı. Əməliyyatların icrası, yaşayış məntəqələrinin azad olunması planlı şəkildə açıqlandı.

Azərbaycan döyüş əməliyyatları zamanı haqqa, ədalətə söykəndi, beynəlxalq konvensiyalara əsaslandı. Ermənistan isə uğur­suzluqdan isterikaya düşərək Azərbaycanın döyüş bölgəsində yerləşməyən rayon və şəhərlərində dinc əhalini, qadınları və uşaqları raket və artilleriya zərbələri ilə atəşə tutdu. Lakin buna baxmayaraq, Azərbaycan Ordusu düşmənin yalnız hərbi obyektlərini hədəfə aldı, hətta mülki əhalinin ziyan görməməsi üçün onları bu cür obyektlərdən uzaq durmağa çağırdı.

Vətən müharibəsində apardı­ğımız azadlıq mübarizəsi zamanı silah-sursatını qoyub qaçan, fərarilik edən işğalçı Ermənistan ordusuna məxsus xeyli texnika və silah-sursat hərbi qənimət olaraq götürüldü, bir hissəsi isə məhv edildi. Zəfər para­dında Bakının Azadlıq meydanından keçən hərbi texnikaların sırasında vaxtilə işğalçının istifadəsində olan yararlı və yararsız texnikaların da yer alması sevindirici məqam idi. Bu, milli qürur və iftixar hissi doğu­rurdu.

Ali Baş Komandan İlham Əliyevin dönməz iradəsi, müasir silah və sursatla təmin edilən ordu­muzun rəşadəti, nəhayət, xalqı­mızın dövlət başçısının və silahlı qüvvələrimizin ətrafında yumruq kimi birləşməsi Azərbaycan xalqına belə bir tarixi qələbə sevincini bəxş edən əsas amil oldu.

Vətən müharibəsini parlaq qələbə ilə başa çatdırmasını şərtləndirən digər amillər sırası­na isə döyüş hazırlığının bütün tələblərini yerinə yetirmək üçün şərait yaradılması, irimiqyaslı təlimlərin keçirilməsi, ordunun Ali Baş Komandanın diqqəti və səyi nəticəsində müasir silahlarla silah­landırılması, artilleriya və aviasiya­nın, eləcə də digər sahələrin inkişaf etdirilməsi daxil edilə bilər.

Orduda şəxsi heyətin ruh yüksəkliyini xüsusi qeyd etməliyik. Bu baxımdan Azərbaycan Silahlı Qüvvələri təkcə silah və müa­sir texnika gücünə yox, həm də yüksək döyüş ruhu, vətənpərvərlik nümunəsi ilə möhtəşəm qələbəni reallaşdırdı. Əsgər və zabitlərimizin fiziki və qəhrəmanlıq gücü hesabına Şuşanın işğaldan azad edilməsi bunun bariz ifadəsidir.

Yeri gəlmişkən, burada mü­hüm bir məqamı da xatırlatmaq istərdik. Ali Baş Komandanın qarşıya qoyduğu döyüş tapşırığını bacarıqla icra edən hərbçilərimiz Şuşa əməliyyatının böyük zəfərə çevrilməsində mühüm rol oynadılar. Xüsusi təyinatlı, eləcə də onlara dəstək verən qüvvələr qarşıya qoyulan tapşırığı tam şəkildə yerinə yetirdilər. Şuşa işğal olun­muş Azərbaycan ərazlərinin ən yüksək nöqtələrindən biri, bəlkə də birincisidir. Şəhərin azad edilməsi əməliyyatı da Vətən müharibəsinin zirvə nöqtəsidir.

Şuşa döyüşünə qədər or­dumuzun qələbələrini inkişaf etmiş texnologiyalardan, döyüş vasitələrindən istifadə ilə bağlayır­dılarsa, bu şəhər uğrunda gedən savaş silahlı qüvvələrimizin yüksək döyüş qabiliyyətinə malik olduğunu bir daha təsdiqlədi. Ondan sonra heç kim iddia etmir ki, Azərbaycan döyüşlərdə dronlar hesabına qələbə qazandı. Şuşa elə bir yerdir ki, oranı 5-10 günlük hazırlıqla azad etmək mümkün deyildi. Bunun üçün illərlə hazırlıq keçilməsi lazım idi. Ali Baş Komandanın nəzarəti altında Azərbaycan Ordusu bu hazırlığı keçmişdi, hər cür mürəkkəb relyefdə, hava şəraitində döyüşmək bacarıqlarına yiyələnmişdi. Şuşa əməliyyatının xarakteri elə idi ki, ora­da heç bir səhvə yol vermək olmaz­dı. Əməliyyat ən kiçik detallarına qədər, ən yüksək dəqiqliklə, dəqiq kəşfiyyat məlumatları əsasında və yüksək peşəkarlıqla hazırlanmalıydı, hazırlandı da. Əməliyyata elə heyət cəlb olundu ki, onun icrasında kiçik də olsa səhvə yol verilmədi.

Şuşa əməliyyatında bir məqsəd də şəhərin dağıntılara məruz qalma­sına yol verməmək idi. Bu məqsədə də nail olundu, şəhər demək olar ki, dağıntısız azad edildi. Hərbçilərimiz sıldırım qayalarla yuxarı qalxaraq, düşməni heç gözləmədiyi yerdə ya­xaladılar, yaxın məsafəli, əlbəyaxa döyüşdə onu məğlub edib, içərilərə doğru irəlilədilər. Bu isə düşməni panikaya düşməsinə, idarəçiliyi itirməsinə gətirib çıxardı. Beləliklə, işğalçı bütünlüklə Şuşadan qovuldu.

Xatırladaq ki, son bir neçə ilin statistikasına əsasən, ölkəmiz müasir silahlanmaya görə, Avropa­da 2-ci, dünyada 3-cü yerdə qərar tutub. Şübhəsiz ki, bütün bu uğurlar dövlətimizin başçısının həyata keçir­diyi məqsədyönlü ordu quruculuğu siyasəti sayəsində mümkün olub.

Əgər belə olmasaydı, hazırda Azərbaycan Ordusu torpaqları­mızı işğaldan azad etmək üçün BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalan 4 qətnaməsini təkbaşına reallaşdıra, hərb meyda­nında düşmənə qalib gələ, cəbhə xəttinin bütün istiqamətlərində əməliyyat şəraitinə tam nəzarət edə bilməzdi.