Qətiyyətin təntənəsi
İkinci Qarabağ müharibəsində Azərbaycanın əldə etdiyi tarixi qələbə ilə Qarabağ və Şərqi Zəngəzurda vəziyyət kökündən dəyişdi. Vətən müharibəsindən sonra beynəlxalq aləm ədalətli nəticə və yeni reallıqla barışdı. Ərazilərimiz işğaldan azad ediləndən dərhal sonra bölgəyə müxtəlif ölkələrdən olan diplomatlar, jurnalistlər və ictimaiyyət nümayəndələrinin səfərləri nəticəsində əsl həqiqətlər bir daha təsdiqləndi. Ermənistanın qəsbkar, barbar dövlət olduğu işğal və savaş dövründə törətdiyi vəhşiliklərlə sübuta yetirildi.
Prezident İlham Əliyev çıxışlarının birində bu acınacaqlı mənzərəni xatırladaraq deyib: “Onlar hamısı şokda idi. Elə biz hamımız da. Orada olan hər birimiz, sadəcə, şok vəziyyətinə düşürdük... Bu da ermənilərin bütün ideoloji konsepsiyasını tamamilə alt-üst edirdi ki, guya onlar sivil xalqdır, qədim xalqdır, barbar müsəlmanların əhatəsində qalıblar, Qafqazda xristianlığın nəticəsi olan nəcib xalqdır. Məgər nəcib xalq belə hərəkət edə bilərmi? Ölüləri qəbirdən çıxarıb onların qızıl dişlərini çıxartmaq, qəbirüstü daşları sındırıb qonşu ölkələrə satmağa aparmaq, məscidləri dağıtmaq, orada donuz saxlamaq. Biz bütün bunları göstərdik, hərçənd heç nə göstərməyə ehtiyac yox idi, sadəcə, adamların oraya gəlməsi lazım idi ki, özləri baxıb görsünlər”.
Bu gün ölkəmizin artıq dünyada təsdiqlənən reallıqları müstəqil siyasətin uğurla həyata keçirilməsinin nəticəsidir. Bu zaman cəmiyyətimiz və iqtidar birmənalı şəkildə milli maraqların keşiyində dayanıb. Milli maraqlara, milli dəyərlərə isə nəsildən-nəsilə ötürülən mənəvi borc kimi yanaşılıb, eyni zamanda, ölkəmizi daim müstəqil saxlamaq, daim kənar təsirlərdən qorumaq və şərəfli keçmişimizlə hazırda yaşadığımız qürurlu günümüz arasındakı mövcud mənəvi bağları qırmamaq üçün həmin prinsiplər hər zaman diqqət mərkəzində saxlanılıb.
Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, müdrik diplomatik siyasəti, Silahlı Qüvvələrimizin güc-qüdrəti, həmçinin xalq–Prezident–ordu vəhdəti sayəsində Vətən savaşında əldə edilən tarixi qələbənin regionda şərtləndirdiyi yeni geosiyasi və geoiqtisadi reallıqlar sırasında bölgənin infrastrukturunun qurulması mühüm önəm daşıyır. Amma bu, etiraf edək ki, çətinliklə, eyni zamanda, qətiyyətlə gerçəkləşdirilən bir məsələdir. Bununla bağlı dövlətimizin başçısının Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində TASS agentliyində bu ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşü zamanı dedikləri xüsusi diqqət çəkir: “Bizim qarşıda böyük işlərimiz var – su, işıq, qaz, yollar, minalar, evlər. Biz başlamışıq, biz ötən il 1 milyard 300 milyon dollar ayırmışdıq, bu il isə eyni vəsaiti bərpa işlərinə ayırmışıq. Pilot layihə icra olunur, lakin bu, vaxt aparacaq. Deməliyəm ki, bununla paralel olaraq, işğal dövründə biz qaçqınlar üçün fəal şəkildə evlər tikirdik, hər il təxminən 5-6 min ailəni, təqribən 30 min insanı yerləşdirirdik. Yəni, onlardan təqribən 70 faizi normal yaşayır. Biz Bakıda, Sumqayıtda, Gəncədə və bir çox şəhərlərdə evlər tikirdik. Lakin onların 30 faizi hələ də uyğunlaşdırılmayan binalarda, yataqxanalarda, uşaq bağçalarında və ağır şəraitdə yaşayır. Buna görə də, ilk növbədə, bu kateqoriyadan olan insanlar geri qaytarılacaq. Artıq bizim tərəfimizdən Ağdam, Füzuli, Şuşa şəhərlərinin tikintisinin Baş planları işlənib hazırlanıb, digər şəhərlərinki də yaxın vaxtlarda təsdiqlənəcək. Hər şey plan üzrə yerinə yetiriləcək, heç bir qarma-qarışıqlıq olmayacaq. “Yaşıl enerji” prinsipi əsas götürüləcək. Qarabağ və Şərqi Zəngəzurun bütün zonası “yaşıl enerji” zonası və “ağıllı şəhərlər”, “ağıllı kəndlər” konsepsiyası olacaq…”.
Prezident İlham Əliyev daha sonra keçmiş məcbiri köçkünlərin məskunlaşdırılması məqsədilə tikinti-quruculuq işlərini sürətləndirmək üçün bütün imkanlardan səmərəli istifadə edildiyini xatırladaraq, bildirib ki, bu məsələdə ərazilərin minalardan təmizlənməsi xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan əslində Azərbaycana maliyyə köməyi yox, texniki yardım lazımdır. Respublikamızda bu sahədə fəaliyyət göstərən Minatəmizləmə Agentliyi, Müdafiə Nazirliyində bir neçə batalyon və FHN qrupu isə belə genişmiqyaslı işi fiziki baxımdan başa çatdırmaqda çətinlik çəkir. Ona görə də Azərbaycan bir il üç ay bundan əvvəl beynəlxalq strukturlara kömək üçün müraciət etsə də, hələ ki, müsbət nəticə yoxdur.
Bütün bu çətinliklərə baxmayaraq, ölkəmiz Vətən müharibəsindən dərhal sonra Qarabağ və Şərqi Zəngəzurda minatəmizləmə ilə paralel olaraq, bərpa-quruculuq işlərinə başladı. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradıldı. Qısa müddət ərzində Füzuli Beynəlxalq Hava Limanı tikilib istifadəyə verildi, eyni zamanda, Zəngilan və Laçında da yeni aeroportların inşasının reallaşdırılması yönündə işlərə başlanıldı. Ermənilərin dağıtdığı tarixi və mədəni abidələrin bərpası da diqqət mərkəzində saxlanıldı. Zəngilanda, Şuşada, Hadrut qəsəbəsində, Daşaltıda yeni məscidlərin təməli qoyuldu. Heydər Əliyev Fondu tərəfindən Şuşada Vaqifin məqbərəsi, Aşağı Gövhər ağa, Yuxarı Gövhər ağa və Saatlı məscidləri bərpa olundu.
Bu gün işğaldan azad edilən ərazilərdə yol infrastukturunun qurulmasına xüsusi önəm verilir. Laçın şəhərindən yan keçməklə tikilən avtomobil yolunun cari ilin iyun ayına qədər istifadəyə veriləcəyi nəzərdə tutulur. Artıq 28 kilometrlik həmin yolun 17 kilometri çəkilib, Həkəri çayının üzərində isə bir körpü salınıb.
Onu da xatırladaq ki, ümumi uzunluğu 1516,3 kilometr təşkil edən 15 avtomobil yolunun layihələndirilməsi və tikintisi işləri davam edir. Laçın rayonunda Qorçu hava limanının tikiləcəyi ərazidə qazma-partlatma və torpaq işlərinin yerinə yetirilməsi həyata keçirilir.
Qarabağda yol infrastrukturu layihələrindən ən qürurvericisi, dövlətimizin başçısının və Birinci vitse-prezidentin 2020-ci il noyabr ayının 16-da Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı Şuşa şəhərini işğaldan azad edərkən rəşadətli Ordumuzun keçdiyi “Zəfər yolu”nun tikintisidir.
Uzunluğu 101 kilometr, 2 hərəkət zolaqlı olan “Zəfər yolu” olduqca çətin dağlıq-meşəlik ərazidən keçməsinə baxmayaraq, tikintisi 10 ay ərzində başa çatdırılaraq, 2021-ci il noyabr ayının 7-də ölkə Prezidentinin iştirakı ilə açılış mərasimi keçirilib. Bu yol Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun 149-cu kilometrindəki Əhmədbəyli kəndindən başlayır, Alxanlı kəndi, Füzuli Hava Limanı, Füzuli şəhəri, Böyük Tağlar kəndi, Topxana meşəsi, Çanaqçı, Sığnaq, Daşaltı kəndindən keçərək Şuşa şəhərinə çatır.
Qarabağda icra olunan digər yol infrastrukturu layihələri kimi, Füzuli Beynəlxalq Hava Limanını da əlaqələndirməklə Şuşa şəhərinə doğru uzanan və uzunluğu 81,6 kilometr olan ikinci avtomobil yolu da yüksək keyfiyyətlə inşa edilir.
Hazırda Zəngəzur dəhlizi yolunun ölkəmizdən keçən hissəsində tikinti işləri sürətlə aparılır. Yol üzərində körpü və tunellər inşa edilir. Artıq magistralda asfaltlanma prosesi həyata keçirilir.
Qarabağ və Şərqi Zəngəzurun elektrik enerjisi təchizatı da diqqətlə saxlanılıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın cari il fevralın 13-də Ağdam rayonuna səfərləri çərçivəsində “Azərenerji” ASC-nin 110/35/10 kV-luq “Ağdam-1” və “Ağdam-2” elektrik yarımstansiyaları, “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzi istifadəyə verilib, eyni zamanda, Ağdam Sənaye Parkında fəaliyyət göstərəcək bərpa olunan enerji mənbələri ilə qidalanan işıq dirəkləri, xalça istehsalı müəssisələri, “Park Forest Otel Ağdam” mehmanxanası və 209 mənzildən ibarət yeni yaşayış kompleksinin təməlləri qoyulub.
Ölkə rəhbəri və birinci xanım səfər zamanı Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində bərpa-restavrasiya işlərinin gedişi, həmçinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahında yaradılan şəraitlə maraqlanıb, Qarabağ xanlarının türbələri və yaşayış evi-İmarət kompleksində olublar.
Qarabağda sənaye parkının qurulması qarşıya innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafına, xidmətlərin göstərilməsi üçün münbit şəraitin yaradılmasına və bu sahədə sahibkarlığın dəstəklənməsinə nail olmaq, bölgədə yerli və xarici investisiyalar üçün əlverişliliyin artırılması, əmək qabiliyyətli əhalinin istehsal sahəsində məşğulluğunun yüksəldilməsi kimi məsələləri qarşıya mühüm vəzifələr kimi qoyur.
Yeri gəlmişkən, Qarabağ və Şərqi Zəngəzurda sənayeləşmə prosesinin mərhələli şəkildə aparılacağı nəzərdə tutulur. Abadlıq və quruculuq işlərinin həyata keçirilməsi üçün ilkin mərhələdə tikinti şirkətləri prosesə qoşulur. Nəzərə alsaq ki, əhali tezliklə işğaldan azad edilmiş ərazilərə qayıdacaq, belə olan halda, onların ərzağa olan tələbatının təmin edilməsi xüsusi diqqətdə saxlanılır. Bu baxımdan, növbəti mərhələdə kənd təsərrüfatı məhsullarının emalı, yüngül və qida sənayesinin formalaşdırılması prosesinin həyata keçiriləcəyi planlaşdırılır.
Ağdam Sənaye Parkında quruculuq işləri indiyədək mərhələli şəkildə həyata keçirilib. İlk olaraq 190 hektar ərazinin 74 hektardan çoxu mina və hərbi sursatlardan təmizlənib. Sənaye Parkında mobil tipli şəhərcik salınıb. Ərazidə tikinti aparılacaq sahənin su ilə təmin edilməsi məqsədilə 350 metr dərinliyində subartezian quyusu qazılıb. Əraziyə 10 kilovoltluq elektrik xətti çəkilib və 630 kilovoltluq transformator məntəqəsi quraşdırılıb.
Ağdam Sənaye Parkının 74 hektar ərazisində topoqrafik planlama və mühəndis-geoloji tədqiqat işləri yekunlaşdırılıb. Topoqrafik planlama zamanı parkın ərazisində dağılmış tikililərin geometrik ölçüləri müəyyən edilib və ərazidən daşınması nəzərdə tutulan tullantıların həcmi dəqiqləşdirilib.
Beləliklə, Vətən müharibəsində şanlı qələbə müjdəsini Azərbaycan xalqına çatdırmaq üçün tarixi müraciətində Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin ifadə etdiyi “Məcburi köçkünlər yaxşı bilirlər ki, onların öz dədə-baba torpaqlarına qayıtması üçün biz əlimizdən gələni edəcəyik, işğaldan azad edilmiş bu torpaqları yenidən quracağıq” ifadəsi Qarabağda bərpa-quruculuq tədbirlərinin sürətlə həyata keçirilməsində təsdiqini tapır. Otuz ilə yaxın müddətdə doğma yurd-yuvalarına qovuşmaq həsrəti ilə yaşayan keçmiş məcburi köçkünlər üçün bu ərazilərdə yaşayış komplekslərinin təməlinin qoyulması da onları arzularına daha da yaxınlaşdırır.