“Şuşa ili”: reallığa baxış
2022-ci ilin “Şuşa ili” elan edilməsi, ilk növbədə, ulu öndər Heydər Əliyevin “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” tezisinin real həyata transferidir. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin regionda ən abad və müasir zonaya çevriləcəyini ilk gündən qətiyyətlə bəyan etmiş Prezident İlham Əliyevin rəhbərliyi ilə postmüharibə mərhələsində həyata keçirilən kompleks tədbirlər sistemli və ardıcıl xarakter daşıyır. Dövlət başçısının Şuşanın bərpası və yenidən qurulması prosesini şəxsi nəzarətə götürməsi, 2021-ci il ərzində şəhərə 7 dəfə səfər etməsi, bu baxımdan, xüsusi vurğulanmalıdır.
Şuşanın işğaldan azad edilməsi ilə əlaqədar 2020-ci il noyabrın 8-də Şəhidlər xiyabanından xalqa tarixi müraciətində “Əziz Şuşa biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” mesajlarını verən müzəffər Ali Baş Komandan İlham Əliyev şəhərin tarixi simasının, özünəməxsus milli ruhunun özünə qaytarılması üçün cəmi bir ildə onilliklər ərzində görülməsi mümkün olan layihə və tədbirlərin müəllifinə çevrilib. Şuşanı “Qarabağın tacı”, “Azərbaycanın mədəniyyət paytaxtı” adlandıran dövlət başçısı şəhərin tarixiliklə müasirliyin sintezinə əsaslanan arxitektura elementləri əsasında bərpasını əsas vəzifələrdən biri kimi müəyyənləşdirib. Tarixi zəfərdən dərhal sonra şəhərdə infrastrukturun yenidən qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılması, abadlıq-quruculuq işlərinin təşkilində çevikliyin, səmərəliliyin təmin olunması, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması, ilk xüsusi nümayəndənin bu şəhərə təyin edilməsi deyilənlərin bariz göstəricisidir.
Prezident İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında” Sərəncamı isə Qarabağ xanı Pənahəli xan tərəfindən 270 il əvvəl təməli qoyulmuş, zəngin tarixi olan Şuşa şəhərinin işğaldan azad edilməsi, bərpası və yenidən qurulması tədbirlərini özündə simvolizə edir. Sərəncamın preambluasında qeyd olunduğu kimi, “Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Qısa müddətdə Şuşanın Baş planının hazırlanması, qüdrətli şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir”.
Xüsusi olaraq vurğulamaq istərdim ki, Prezident İlham Əliyevin son 15 ildə imzaladığı sərəncamlar əsasında ölkəmizdə hər yeni ilin cəmiyyət üçün müəyyən vacib sahələrə (“Gənclər ili”, “Turizm ili”, “Könüllülər ili” və s.), hadisələrə (“Multikulturalizm ili”, “İslam Həmrəyliyi ili” və s.) və tarixi şəxsiyyətlərə (“Nəsimi ili”, “Nizami Gəncəvi ili” və s.) həsr edilməsi təqdirəlayiq ənənəyə çevrilib. Bu sərəncamlar əsasında hər il ictimai diqqəti konkret sahə üzərində kökləmək, cəmiyyətin ümumi potensialını bu istiqamətdə səfərbər etmək, faydalı müzakirələr aparmaq, lokal və qlobal miqyaslı tədbirlər keçirmək mümkün olub. Ən əsası isə dövlət başçısının münasib təşəbbüsləri əsasında reallaşdırılan ardıcıl və sistemli tədbirlər xalqımızın milli mənəvi dəyərlərinin, zəngin mədəniyyətinin, musiqisinin, ədəbi irsinin, dahi şəxsiyyətlərinin dünyaya bir daha təqdimatı, təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.
Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şuşa şəhəri ilə bağlı istənilən məsələyə münasibətdə xüsusi həssaslıq və əsaslı diqqət nümayiş etdirmələri özündə dərin siyasi və mənəvi-psixoloji məqamları ehtiva edir. Məsələ bundadır ki, Azərbaycan xalqı Qarabağ deyiləndə, ilk növbədə, onun baş tacı Şuşa şəhərini göz önünə gətirir. Özünü azərbaycanlı sayan hər kəs milli mədəniyyətimizin beşiyi olan Şuşa şəhərinin 1992-ci il mayın 8-dən Ermənistan silahlı qüvvələri tərəfindən işğalı ilə qəlbən, ruhən barışmayıb, doğma şəhərə qayıdacağına, ümidini heç zaman itirməyib. Qarabağın azadlığını, Azərbaycanın suverenliyini Şuşadan kənarda təsəvvürə belə gətirməyib, tarixi yurd yerimizin işğaldan azad olunacağına. geri qaytarılacağına sarsılmaz inam nümayiş etdirib. Bu inam xalqımızın ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” deyimindən ruh və mənəvi qida alıb.
İyirmi səkkiz il müddətində 8 may təqvimini tariximizin faciəsi, “qara səhifə”lərdən biri, “Şuşanın işğalı günü” kimi kədərlə yaşayan Azərbaycan xalqı 2021-ci ildə həmin günü tamam başqa ovqatda qarşıladı. Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci il mayın 7-də imzaladığı sərəncamla şəhərin Azərbaycanın mədəniyyət paytaxtı, eləcə də, 2022-ci ilin “Şuşa ili” elan edilməsi mühüm tarixi-fəlsəfi məzmun daşıyır. Cənab Prezidentin də bəyan etdiyi kimi, Şuşa şəhəri bundan sonra əbədi olaraq Azərbaycanın mədəniyyət paytaxtı olaraq qalacaqdır. Hər iki sərəncam Şuşa gerçəkliklərinin dünyaya çatdırılmasına, şəhərin yenidən qurulmasına, tarixi şöhrətinin bərpasına və ənənəvi mədəni həyatının canlanmasına, eləcə də, Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi dünyada təbliğinə xidmət edir.
Xüsusi vurğulamaq lazımdır ki, Vətən müharibəsinin başlandığı ilk gündən Şuşa şəhərinin işğaldan azad edilməsi həyata keçirilən bütün hərbi-taktiki əməliyyatların əsasını, özəyini təşkil edib. “Şuşasız bizim işimiz yarımçıq qalar”, – deyən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev şəhərin qısa zamanda işğaldan azad edilməsini müzəffər ordumuz qarşısında əsas vəzifələrdən biri kimi müəyyənləşdirib. Şuşa şəhəri ordu rəhbərliyinin unikal döyüş strategiyası əsasında, hərbçilərimizin xüsusi mətinliyi və mübarizliyi ilə işğaldan azad edilib. Azərbaycan əsgəri yüksək qəhrəmanlıq, vətənpərvərlik, döyüş əzmi, fiziki güc və iradə nümayiş etdirərək, yüngül silahlarla, əlbəyaxa döyüşlərlə düşməni məhv edib. 8 Noyabr təqviminin – Şuşanın işğaldan qurtuluş gününün “Zəfər Günü” elan olunması da mühüm tarixi qərardır. Bu, şəhərin Qarabağ bölgəsinin taleyindəki əlahiddə yeri və rolu ilə şərtlənir.
Şuşanın işğaldan azad edilməsi faktiki olaraq, Ermənistanın Vətən müharibəsindəki hərbi-siyasi kapitulyasını qaçılmaz reallığa çevirib. Bu tarixi qələbə fonunda məğlubiyyətinin qaçılmazlığını görən Ermənistan hərbi-siyasi rəhbərliyi Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü haqlı tələbləri qəbul etməyə, Ağdam, Laçın və Kəlbəcər rayonlarının xüsusi qrafik əsasında təhvil verilməsini və digər vacib məsələləri özündə ehtiva edən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatı, faktiki olaraq, təslimçilik aktını imzalamağa məcbur olub.
Dövlətimizin başçısı İlham Əliyev bununla əlaqədar deyib: “Şuşa işğaldan azad olunandan sonra artıq düşmən dərk etdi ki, bundan sonra bizə qarşı müqavimət göstərmək heç bir əhəmiyyət kəsb etməyəcək. Şuşa işğaldan azad olunandan bir gün sonra qəhrəman Azərbaycan Ordusu daha 70-dən çox yaşayış məntəqəsini işğalçılardan azad edib və əslində, bu, düşmənə vurulan son zərbə idi. Təsadüfi deyil ki, noyabrın 10-da düşmən faktiki olaraq kapitulyasiya aktını imzalamışdır”.
Şuşanı düşməndən azad edən Prezident, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev, ilk növbədə, fiziki-mənəvi və siyasi sələfi – ulu öndər Heydər Əliyevin vəsiyyətini gerçəkləşdirib. Beləliklə, ata vəsiyyəti, oğul qətiyyəti, xalq-lider birliyi Şuşanın tarixi qurtuluşunu şərtləndirib. Xalqımız Prezident İlham Əliyevin dilindən Şuşanın azad olunması xəbərini eşidərək, həmin günlərdə ən xoşbəxt, unudulmaz anlarından birini yaşayıb. Şuşanın azad olunması Azərbaycan müasir tarixinə ən şanlı səhifələrdən biri kimi yazılıb. Milli birlik, dəyanət və ləyaqət rəmzinə çevrilən Şuşa şəhəri xalqımızın tarixini, mədəniyyətini, ruhunu ifadə edir. Şuşanın azad edilməsi həm də “Dəmir yumruq” əməliyyatının zirvə nöqtəsi olub.
İşğal müddətində Şuşa şəhərinin adını qondarma şəkildə dəyişməyə cəhd edən, marionet rejimin “parlamentini” bu şəhərə köçürməyə, Şuşanı bu rejimin “paytaxtı” elan etməyə çalışan Ermənistan bu gün ideoloji, siyasi, hərbi baxımdan məğlub ölkədir. Şuşanın məhz döyüş meydanında, dünya hərb tarixində misli görünməmiş plan əsasında azad edilməsi və Azərbaycanın nəzarətinə keçməsi tarixi ədalətin bərpası, erməni tərəfin 200 illik “böyük Ermənistan” ideologiyasının iflası və məntiqli sonluğu deməkdir. Şuşa şəhərinə xüsusi diqqət və qayğının göstərilməsi, 2022-ci ilin ölkəmizdə “Şuşa ili” elan edilməsi 8 may tarixini 28 il “qələbə kimi” qeyd edən Ermənistana verilən ciddi dərs və sərt mesajdır. İşğalçı ölkə postmüharibə dövründə regiondakı yeni geosiyasi reallıqlarla barışmalı, saxta idelogiyasının iflasa uğramasını dərk edərək əməkdaşlıq təşəbbüslərinə konstruktiv yanaşmalıdır.
Prezident İlham Əliyev bu yaxınlarda yerli televiziya kanallarında müsahibəsində Azərbaycanın iqtisadi inkişafı, həyata keçirilən islahatlar, şəffaflıq və korrupsiyaya qarşı mübarizə tədbirləri ilə yanaşı, Ermənistanda revanşizm əhval-ruhiyyəsinin hələ də mövcud olduğunu, bu ölkənin istənilən təxribat və təhdidlərinin qarşısının qətiyyətlə alınacağını vurğulayıb: “Biz istəyirik ki, müharibə dövrü başa çatsın, istəyirik ki, normal əlaqələr yaradılsın, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, nəhayət, tanısın. Biz bunu istəyirik. Amma biz görsək ki, dediyim kimi, bizim üçün təhlükə var, o təhlükə elə yerindəcə məhv ediləcək”.
“Şuşa ili”nə dair sərəncamın imzalanmasında məqsəd həm də bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhərinin Azərbaycanın ayrılmaz tərkib hissəsi olmasının təkzibedilməz tarixi faktlar əsasında bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırılmasıdır. XVIII əsrin ortalarından etibarən geostrateji mövqeyi, Qarabağ xanlığının təhlükəsizliyi baxımından Şuşa çox əhəmiyyətli şəhər hesab edilib, böyük üstünlüyə malik olub. Üç tərəfdən sıldırım qayalar və dərin dərələr əhatəsində yerləşən şəhər alınmaz təbii istehkam-qala hesab edilib. “Şuşa kimdədirsə, Qarabağa nəzarət ondadır” deyimi də məhz bu reallıqlara əsaslanır.
Ermənistan hərbi-siyasi rəhbərliyinin apardığı əsassız təbliğata, tarixi saxtalaşdırmaq cəhdlərinə baxmayaraq, bütün dünya Şuşanı Azərbaycan şəhəri, ölkəmizin beynəlxalq hüquqla tanınmış ayrılmaz hissəsi hesab edir. Erməni tarixçi və ideoloqlarının uzun illər boyu Şuşanı “erməni şəhəri” kimi təqdim etmək cəhdləri tamamilə iflasa uğrayıb. Təcavüzkar ölkənin baş naziri N.Paşinyan İkinci Qarabağ müharibəsindən sonra sovetlər birliyi dövründə Şuşa əhalisinin 90 faizinin azərbaycanlılardan ibarət olduğunu bildirməklə, faktiki olaraq, şəhərin Azərbaycana məxsusluğunu etiraf edib. Baş nazirin bu etirafı Ermənistandakı revanşist qüvvələr tərəfindən “vətənə xəyanət” kimi dəyərləndirilib.
Azərbaycan Prezidenti İlham Əliyevin haqlı olaraq vurğuladığı kimi, Şuşa şəhərinin, habelə Bayat və Şahbulaq qalalarının təməlinin Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulmasını tarixi faktlar da birmənalı təsdiq edir. 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılarkən Şuşa əhalisinin böyük hissəsini azərbaycanlılar təşkil edib. 1992-ci ilin may ayında işğala məruz qalarkən şəhərin əhalisinin 98 faizi məhz azərbaycanlılardan ibarət olub.
Digər mühüm məqam ondan ibarətdir ki, 28 il müddətində Şuşa şəhərini işğal altında saxlayan Ermənistan burada hansısa abadlıq və quruculuq işi aparmayıb, əksinə, böyük dağıntılara, vandalizmə yol verib. Bu, bir daha təsdiqləyir ki, ermənilər özləri belə Şuşanın Azərbaycan şəhəri olduğunu, azərbaycanlıların nə zamansa doğma şəhərlərinə qayıdacaqlarını daxilən hiss ediblər. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi: “Yaxşı, əgər bu, sənin şəhərindirsə, niyə sən bulaqları qurudursan? Bütün tarixi abidələr yerlə-yeksan edilib. Əgər bu, sənin şəhərindirsə, niyə sən bu abidələri dağıtmısan?... Əgər bu, erməni şəhəridirsə, nə üçün yerlə-yeksan edirsiniz?”
Şuşa şəhəri həm də Azərbaycanın Vətən müharibəsindəki qalibiyyət rəmzinə çevrilib. Təsadüfi deyil ki, Azərbaycanla qardaş Türkiyə arasında strateji hərbi-siyasi müttəfiqliyə dair sənəd 2021-ci il 15 iyun tarixində məhz bu şəhərdə imzalanıb və Şuşa Bəyannaməsi adını qazanıb. Bundan əlavə, Azərbaycan, Türkiyə və Pakistanın parlament sədrlərinin 2021-ci il 27 iyul tarixində – Bakı Bəyannaməsinin imzalanmasından dərhal sonra Şuşa şəhərinə səfər etmələri Ermənistana verilmiş ciddi mesaj olub. İstər Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsində, istərsə də üçtərəfli Bakı Bəyannaməsində ölkələrin ərazi bütövlüyü və suverenliyinə yönələn təhdidlərə qarşı birgə mübarizənin təşkilinə dair müddəalar yer alıb. Pakistan və Türkiyənin parlament sədrlərinin, eləcə də deputatlarının Şuşaya şəfərində əsas məqsəd həm də şəhərin Azərbaycanın mədəniyyət paytaxtı və ümumən İslam mədəniyyəti incilərindən biri kimi qəbul olunduğunu dünyaya göstərmək olub.
Şuşanın azadlığı, bərpası və yenidən qurulması, onun tarixi şöhrətinin özünə qaytarılması Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qalibiyyətinin təcəssümü kimi dünya azərbaycanlılarında milli qürur və fəxarət hissləri doğurur. Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bununla bağlı deyib: “Bizim xalqımıza və ölkəmizə hörmət inanılmaz dərəcədə artdı. Biz bunu görürük. Bunu hər kəs, hər bir azərbaycanlı, Azərbaycandan uzaqda yaşayan hər kəs görür və hiss edir. İkinci Qarabağ müharibəsi təkcə ərazilərin azad edilməsi, təkcə milli ruhun oyanması və ləyaqət hissinin qaytarılması demək deyil, bu, çox böyük multiplikativ, müsbət effektdir və düşünürəm ki, daim müsbət təsir göstərəcək”.
2022-ci ilin Azərbaycanda “Şuşa ili” elan edilməsi şəhərin görkəmli ictimai-siyasi xadimləri, hərbçiləri, şəxsiyyətləri ilə tanınan mühüm təfəkkür mərkəzlərindən biri kimi tanıdılması baxımından da əhəmiyyətlidir. Ümumiyyıtlə, Şuşa ilə bağlı imzalanan sərəncamlar şəhərin beynəlxalq əhəmiyyətli tədbir, festival, müsabiqə və sərgilər məkanına çevrilməsini nəzərdə tutulur.
Xatırlatmaq lazımdır ki, ICESCO baş katibinin təklifi əsasında Şuşa şəhərinin “İslam mədəniyyətinin paytaxtı” elan olunması nəzərdə tutulur. Eyni zamanda, Türk Dövlətləri Təşkilatı 2023-cü ildə Şuşa şəhərini “Türk dünyasının mədəniyyət paytaxtı” elan etməyi planlaşdırır. Bu baxımdan, “Şuşa ili”ndə şəhərin bütövlükdə müsəlman və türk dünyasında yaxından tanıdılması, investisiya və turizm cəlbediciliyinin artırılması tədbirləri də səmərəli olacaq.
Sonda əminliklə qeyd etmək istərdim ki, “Şuşa ili”ndə reallaşdırılacaq tədbirlər planı Şuşa şəhərinin tarixinin ayrı-ayrı mərhələlərini, postmüharibə dövründə burada reallaşdırılan bərpa və yenidənqurma prosesini əhatə etməklə yanaşı, Azərbaycanın regionda dayanıqlı sülh, təhlükəsizlik və sabitliyə təminat yaradan qüdrətli ölkə imicinin möhkəmləndirilməsi, cəmiyyətdə qalibiyyət ovqatının yüksəldilməsi baxımından mühüm yol xəritəsi olacaq.