Tarix həqiqət müstəvisində

Tarix heqiqet mustevisinde

Heydər Əliyev erməni separatizminə qarşı mübarizədə 

 

Tarix həmişə hər şeyi öz yerinə qoyur.
Heydər ƏLİYEV,
Ümummilli lider

 

Mətləbə keçməzdən öncə erməni separatizminin və erməni millətçiliyinin tarixi köklərinə nəzər yetirmək zəruridir. Tədqiqatlar göstərir ki, dünyaya səpələnmiş erməniləri öz ətrafında birləşdirən erməni-qriqorian kilsəsi hər zaman “yeni vətən” axtarışında olub. Əsrlər boyu ərazisində pərakəndə halda yaşadıqları Osmanlı dövlətinə qarşı xəyanət edən ermənilər Vatikandan, eyni zamanda, Roma imperiyasına daxil olan bir sıra dövlət başçılarından kömək istəmiş, beləliklə “erməni məsələsi”nin gündəliyə gəlməsində ilk addımlarını atmışlar. Reallıq belə bir həqiqəti təsdiqləyir ki, erməni separatizminin və erməni millətçiliyinin kökündə qriqorian kilsəsinin uydurduğu “erməni məsələsi” durur. XVIII əsrin əvvəllərindən etibarən “erməni məsələsi” özünün yeni mərhələsinə daxil olmuş, Qərb dövlətlərinin diqqətini “erməni məsələsi”nə yönəldilməsində “mxitarçılar” xüsusi olaraq seçilmiş, erməniliyin mifik arzularını erməni kütləsinin beyninə yeritmişlər.

“Erməni məsələsi”nin növbəti mərhələsi XIX əsrin birinci otuzilliyində başlamış, 1828-1829-cu illərdə Qacarlar İranından və Osmanlı imperiyasından Azərbaycanın Arazdan şimalda yerləşən torpaqlarına kütləvi şəkildə 120 minə yaxın erməni köçürülmüşdür. Onların böyük hissəsi İrəvan torpaqlarında məskunlaşdırılmış və baş verən demoqrafik proseslər nəticəsində bölgədə pərakəndə ermənilərin xüsusi çəkisi süni şəkildə artmışdır. İran və Osmanlı imperiyası ilə sərhəddə xristian elementindən təşkil edilmiş bufer zona yaratmaq istəyən Rusiya imperiyası 1828-ci il martın 21-də Naxçıvan və İrəvan xanlıqları ərazisində “Erməni vilayəti”inin yaradıldığını elan etmişdir. “Erməni məsələsi”nin bu səhifəsini adlayan və öz məkrli siyasətini davam etdirən qriqorian kilsəsi erməni lobbisi ilə tandemdə hərəkət edib. ХIХ əsrin son rübündə “erməni məsələsi”ni beynəlxalq münasibətlər sisteminə gətirə bilmiş və Osmanlı İmperiyasına qarşı açıq mübarizəyə başlasa da, ermənilik qarşıya qoyduğu məqsədə nail ola bilməmişdir. Şərqi Anadoluda baş verən erməni qiyamları Sultan Əbdülhəmid hökuməti tərəfindən dayandırılmış və “erməni məsələsi” Anadoludan Qafqaza transfer edilmişdir. 

XX əsrin əvvəllərində erməni millətçilərinin Cənubi Qafqazda, o cümlədən Azərbaycan torpaqlarında törətdikləri qanlı cinayətlər erməni əfsanələrindən olan “Böyük Ermənistan” ideyasını reallaşdırmamışdır. 1917-ci il oktyabr çevrilişindən sonra öz məkri siyasəti üçün əlverişli məqam əldə etmiş ermənilik öz riyakar məqsədlərini həyata keçirmək üçün müsəlmanlara qarşı soyqırımı törətmişdir. Erməni silahlı dəstələri təkcə 1918-ci ilin martına qədər İrəvan quberniyasında təqribən 135 min nəfər soydaşımızı soyıqırımına məruz qoymuşlar. Bu dövrdə erməni millətçilərinin dinc əhaliyə qarşı törətdikləri soyqırımı Azərbaycanın başqa bölgələrində də baş vermiş, türk-müsəlman dünyasına nifrət edən S.Şaumyanın göstərişi ilə daşnak-hnçak quldur dəstələri 1918-ci ilin martında Bakıda 12 mindən çox Azərbaycan türkünü qətlə yetirmişdilər. Lakin azərbaycanlıların kütləvi şəkildə fiziki məhvi S.Şaumyanın anti–Azərbaycan planlarına uyğun gəlmirdi. O, Azərbaycan türklərinə nifrətini gizlətmədən Bakıda mart soyqırımının dəhşətlərini yaşamış şəhər əhlinə həyasızcasına bəyan etmişdi: “Sizin hamınızı bundan öncə öldürməliydik”.

Törətdiyi qanlı cinayətlərdən usanmayan erməni millətçiləri 1918-ci ilin yayında “erməni məsələsi”nin tərkib hissəsi olan qondarma “Dağlıq Qarabağ” məsələsini Azərbaycan tarixinə gətirmiş, 1920-ci il aprel çevrilişindən sonra Azərbaycanın tarixi torpaqlarına ərazi iddialarını reallaşdırmaq ümidlərini bolşevik Rusiyasına bağlamışlar. Cənubi Qafqaz meqaregionunda Sovet hakimiyyətini “süngü ucunda” yaymaq siyasətini həyata keçirən bolşeviklər daşnaklarla əlbir olmaqdan çəkinmir və Ararat Respublikası ərazisində sovet hakimiyyəti elan edildikdən sonra (29 noyabr 1920-ci il) erməni tərəfi Zəngəzur qəzasının qərb hissəsini ələ keçirə bilir. Lakin ermənilərin Naxçıvanla bağlı ərazi iddiaları Qars müqaviləsi ilə (13 oktyabr 1921-ci il) dayandırılır. Yaranmış vəziyyətdə erməni millətçiləri Qarabağa qarşı ərazi iddialarından imtina etmədiklərini bildirir, 1921-ci il iyulun 4 və 5-də Rusiya K(b) MK–nın Qafqaz Bürosunun iclasında bolşevik ermənilər Qarabağ ərazisinin bir hissəsini tələb edirlər. Qeyd etmək lazımdır ki, tarixin heç bir dönəmində “düzən” və “dağlıq” hissələrə bölünməyən Qarabağı erməni millətçiləri bolşeviklərin köməyi ilə Qarabağın dağlıq hissəsində 1923-cü il iyulun 7–də Dağlıq Qarabağın Muxtar Vilayətinin (DQMV), (1937-ci ildən etibarən Dağlıq Qarabağ Muxtar Vilayəti – red.) elan edilməsinə nail olur və tarixə təhrif olunmuş bir məfhum – “Dağlıq Qarabağ” anlayışını gətirmişlər. Lakin DQMV-nın yaranması belə, erməni məkrini dayandırmır.

Təəssüf ki, tarixi saxtalaşdırıcılar onilliklərlə Qarabağ həqiqətlərini təhrif etməyə çalışmış, erməniliyin dəyirmanına su tökmüşlər. Belə ki, XX əsrin sonlarında tarixin saxtalaşdırıcıları xüsusi canfəşanlıq göstərmişlər. Bu sırada XX əsrin əvvəllərində Qafqazda yer quruluşu işlərinə rəhbərlik etmiş Mixail Skibitskinin oğlu Aleksandr Mixayloviç Skibitski xüsusi olaraq seçilmişdir. O, 1991-ci ildə “erməni məsələsi”nə dəstək göstərdiyini gizlətməmiş, “Soyuz” həftəlik qəzetində nəşr olunan “Qarabağ böhranı” məqaləsində qondarma “Dağlıq Qarabağ” məsələsinin köklərini pərdələyərək yazmışdır ki, “nə qədər ağır olsa da, biz etiraf etməliyik ki, insan talelərinə ağır zərbə vurmuş Qarabağ məsələsi, əslində, dezinformasiya nəticəsində meydana çıxmışdır”. 

XX əsrin 20-ci illərindən başlayaraq erməni separatçılarının ideoloqlarından olan A.Mikoyan, Q.Arutyunyan, sonralar Q.Xolopov, S.Xanzadyan, S.Kaputikyan, Z.Balayan və başqaları Dağlıq Qarabağla bağlı erməniliyin məkrli planlarını davamlı olaraq aparmışlar. İkinci Dünya müharibəsindən sonra erməniliyin gündəmə gətirdiyi Dağlıq Qarabağ və Naxçıvan məsələləri ermənilərin xeyrinə həll olunmadığından, 1947-ci ilin sonlarında erməni millətçiləri Azərbaycanın tarixi torpağı – İrəvan məkanında etnik təmizləmə aparmaq planını ortaya atmış və Moskvanın razılığı ilə Azərbaycan türklərinin Ermənistan SSR ərazisindəki ata-baba torpaqlarından qovulmasının növbəti mərhələsi başlanmışdır. 

1948-1953-сü illər deportasiyasından sonra da erməni millətçiləri öz əsassız ərazi iddialarından əl çəkməmiş, 1963-cü ildə Sov.İKP MK-nın birinci katibi Nikita Xruşşova DQMV məsələsinin həll olunmasını qarşıya qoyan etiraz məktubu göndərmişlər. Həmin məktuba Azərbaycan SSR-də yaşayan 2.500-ə yaxın erməni imza atmışdır. O dövrdə SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri olmuş A.Mikoyan “erməni məsələsi”ni SSRİ məkanında davamlı şəkildə gündəmdə saxlamağa çalışmıış, 1964-cü ilin əvvəllərində Krımın Ukraynaya birləşdirilməsi faktını Nikita Xruşşova nümunə göstərərək, DQMV-ni Ermənistana birləşdirmək təklifi ilə çıxış etmişdir. Bu məsələdə Nikita Xruşşovun mövqeyi qəti olmuş və bildirmişdir: “Bir gün ərzində DQMV ermənilərinin Ermənistana köçürülməsi üçün 12 min hərbi yük maşını verməyə hazıram”.

 Lakin ermənilər sakitləşməmiş və 1964-cü ilin payızında SSRİ-də baş verən siyasi olaylardan istifadə etməyə çalışmışlar. Nikita Xruşşovun istefasından sonra 1966-cı ilin avqustunda Sov.İKP MK-nın Baş katibi L.Brejnevə 2000 erməninin imzası ilə məktub göndərilmişdir. Millətçilik ruhunda yazılmış bu məktubda DQMV-nin Ermənistanın SSR-dən süni şəkildə ayrılmasının məqsədəuyğun olmadığından bəhs edilirdi. 

Uzun illər məsul vəzifələrdə çalışan Heydər Əliyev erməni separatçılarının məkrli siyasətini diqqətlə izləmiş, erməniliyin cinayətkar təbiətini üzə çıxarıb ifşa etmişdir. 1969-cu il iyulun 14-də Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə seçildikdən sonra da ulu öndər bütün gücünü erməni separatçılarına qarşı yönəltmişdir. 

Sənədlər göstərir ki, XX əsrin 60-70-ci illərində erməni separatçıları təkcə DQMV-də deyil, Azərbaycan SSR-in digər rayonlarında da millətçilik əhval-ruhiyyəsini alovlandırmışlar. Belə ki, 1948-1953-cü illərdə A.Mikoyanın təşəbbüsü ilə Daşkəsən rayonuna (1956-cı ilə qədər Dəstəfur rayonu-red.) yüzlərlə erməni ailəsi köçürülmüşdür. Daşnak ideologiyası ilə beyinləri doldurulmuş həmin ermənilər öz millətçi fikirlərini gizlətmir, 1969-cu il yayının sonunda Daşkəsən rayonunun Bayan kəndində Böyük Vətən müharibəsi əsgərlərinin xatirəsinə ucaldılmış abidənin üzərinə “Daşnaksutyun” partiyasının rəmzi olan qartal işarəsini qoyurlar. Sovet cəmiyyətində daşnak ideologiyasına və onun atributlarına yer olmadığından erməni millətçiliyinin təcəssümü olan bu abidə sökülür. Bayan kəndində məskunlaşmış ermənilər abidənin sökülməsinə qarşı etirazlarını bildirib plakatlarla çıxış edir, erməni xalqının xatirəsinin təhqir olunduğunu bəyan edirlər. Heydər Əliyev bu hadisəyə dərhal reaksiya verir. Onun göstərişi ilə Azərbaycan KP MK bürosunun iclası keçirilir və Ali Sovet Rəyasət Heyətinin sədri M.İskəndərovun başçılığı ilə Daşkəsən rayonuna komissiya göndərilir. Vəziyyəti öyrənən komissiya Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevə təqdim etdiyi 26 avqust 1969-cu il tarixli arayışda göstərir ki, Bayan kəndinin millətçi əhval-ruhiyyəli ermənilərə bildirilmişdir ki, sovet cəmiyyətində “daşnak atributları qəbuledilməzdir və bərpası qeyri-mümkündür”. Beləliklə, ümummilli liderin həyata keçirdiyi tədbirlər nəticəsində erməni təxribatı dayandırılır.

Ermənistan SSR rəhbərliyinin sıralarında həmişə millətçi əhval-ruhiyyə hökm sürmüşdür. 1972-ci ildə Ermənistan SSR rəhbərliyinin dəstəyi ilə erməni ziyalılarının nümayəndələri Sov.İKP MK-nın Baş katibi L.Brejnevə məktub göndərib, DQMV məsələsini yenidən qaldırırlar. Bu müraciət DQMV-nin yerli rəhbərliyi – Azərbaycan Kommunist Partiyası Dağlıq Qarabağ Vilayət komitəsinin birinci katibi Qurqen Melkumyan (1962-1973), DQMV Xalq Deputatları vilayət Sovetinin sədri Muşeq Ohancanyan (1962-1974) və vilayətin ideologiya üzrə katibi N.Arutyunyan tərəfindən gizlicə dəstəklənirdi. 

Ümummilli lider Heydər Əliyev DQMV-də erməni separatizminin qarşısının alınması üçün prioritet vəzifə olaraq kadr dəyişikliyinin aparılmasının zəruriliyini görürdü. 1973-cü il oktyabrın 12-də Azərbaycan Kommunist Partiyası Dağlıq Qarabağ vilayət komitəsinin keçirilən plenumun qərarına əsasən Qurgen Melkumyan Azərbaycan Kommunist Partiyası Dağlıq Qarabağ Vilayət Komitəsinin birinci katibi vəzifəsindən və Dağlıq Qarabağ Vilayət Komitəsinin büro üzvlüyündən azad edilir. 1974-cü il noyabrın 27-də ümummilli lider Heydər Əliyev Azərbaycan KP Dağlıq Qarabağ Vilayət Komitəsinin ikinci katibi N.Volodinin “ona həvalə edilmiş iş sahəsinə rəhbərliyinin zəifləməsi ilə əlaqədar olaraq” tutduğu vəzifədən azad edilməsi təklifi ilə Sov.İKP MK-ya müraciət etmiş və bu vəzifəyə “bacarıqlı təşkilatçı, vicdanlı, prinsipial işçi” kimi tanınan V.A.Boqoslovskini tövsiyə etmişdi.

Qeyd etmək lazımdır ki, XX əsrin 60-70-ci illərində erməni separatizminin təzahürü vilayətin mərkəzi Xankəndıdə (Stepanakertdə) də açıq-aydın özünü büruzə vermişdi. Belə ki, 1967-ci ilin iyulunda ermənilər Xankəndinin mərkəzində azərbaycanlı müəllim Ərşad Məmmədovla birlikdə üç nəfəri vəhşicəsinə yandırmışdılar. Həmin vaxt Azərbaycan DTK-sının sədri olan Heydər Əliyev iki həftə Xankəndidə qalaraq əsl cinayətkarların aşkar edilərək layiqli cəzalarına çatdırılmasına nail olmuşdu. 

1971-ci ildə erməni millətçiləri Xankəndidə yerləşən “Qarabağ” mehmanxanası qarşısında qumbara partlatmışdılar. Yaranmış vəziyyətdə Heydər Əliyev erməniliyin cinayətkar aktlarının qarşısını almaq məqsədilə separarçıların yuvası olan Stepanakert rayonundan millətçi ermənilərin dağıdılmasının vacibliyini prioritet vəzifə olaraq qarşıya qoyur. Onun tapşırığı ilə 1977-ci ildən etibarən Muxtar Vilayətdə yeni inzibati-ərazi bölgüsü həyata keçirilir. 1978-ci ildə Stepanakert rayonu Əsgəran rayonu adlandırılır və Əsgəran yeni yaranmış rayonun mərkəzinə çevrilir, rayonda azərbaycanlıların xüsusi çəkisi artırılır. 

Məlumdur ki, Azərbaycan çoxmillətli və polikonfessiyalı ölkədir və ta qədimdən multikultural mühitə malik olmuşdur. Lakin XIX əsrin birinci otuzilliyində Araz çayının sol sahilində yerləşən Azərbaycan torpaqlarına kütləvi şəkildə köçürülmüş ermənilər Azərbaycanın multikultural mühitinə uyğunlaşa bilməmiş və separatçlılıqdan imtina etməmişdilər. Erməni separatizminə növbəti zərbə Azərbaycan Kommunist Partiyası Dağlıq Qarabağ Vilayət Komitəsinin 1975-ci il 21 mart tarixli plenumunda vuruldu. Plenumda Dağlıq Qarabağ Vilayət Komitəsinin keçmiş büro üzvlərinin qeyri-prinsipiallığı, millətçi ünsürlərin təhlükəliliyinə etinasızlıqla yanaşıldığı, tədbirlərin yarımçıq görüldüyü göstərilmişdir. Bu plenumda konkret adlar çəkilmiş, DQMV Yazıçılar Birliyinin sədri Baqrat Ulubabyanın, şair Boqdan Canyanın, DQMV mədəniyyət idarəsinin rəisi Jan Andriyanın, Vilayət Diyarşünaslıq muzeyinin müdiri Şagen Mkrtçyan və başqalarının siyasi sabitliyi pozmağa çalışdıqları bildirilmişdir. Qeyd etmək lazımdır ki, DQMV mədəniyyət idarəsinin rəisi Jan Andriyan Azərbaycan Kommunist Partiyası Dağlıq Qarabağ Vilayət Komitəsinin 12 sentyabr 1974-cü il tarixli iclasının qərarı ilə millətçi mövqedən çıxış etdiyinə, 1972-ci ildə Qafanda yaranmış “Vətənpərvərlər İttifağına” qoşulduğuna görə partiya sıralarından xaric edilmişdir. Plenum Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevə DQMV-nin sosial-iqtisadi inkişafı istiqamətində gördüyü işə və göstərdiyi qayğıya görə minnətdarlığını bildirmişdir.

Arxiv sənədləri göstərir ki, Ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə ermənilərin separatçı hərəkətlərinin qarşısı qətiyyətlə alınmışdır. 1978-ci ilin əvvəllərində Heydər Əliyevin göstərişi ilə akademik İqrar Əliyev tərəfindən ermənilərlə bağlı geniş tarixi arayış hazırlanmış, onun əsas müddəaları AKP MK bürosunun iclasında müzakirə edilərək təsdiq edilmişdir. Lakin erməni separatizminin boz hüceyrələri qıvrılmağda davam edir, hücum anını gözləyirdi. 1979-cu ildə “Oqonyok” jurnalında (№ 34) “Biz Qarabağdanıq” adlı məqalə dərc olunmuşdu. Məqalənin nəşrindən sonra jurnalın redaktoru A.Safronov İrəvandan qatı millətçi Q.K.Ter-Akopovdan məktub alır. Q.K.Ter-Akopov məktubunda əsassız olaraq Qarabağ torpaqlarını “Ermənistanın bir hissəsi” adlandırır və DQMV-nin bütün nailiyyətlərinə böhtan atırdı. Məktubla bağlı 1980-ci il martın 28-də “Oqonyok” jurnalının baş redaktoru A.Safronov Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevə müraciət etmiş və bu məsələ ilə bağlı öz “fikrini bildirməyi” xahiş etmişdir.

Heydər Əliyev “Oqonyok” jurnalının baş redaktoruna 23 iyun 1980-ci il tarixli cavabında məktub müəllifinin əsassız mülahizələr yürütdüyünü və qərəzli mövqedən çıxış etdiyini bildirmiş və vurğulamışdı ki, redaksiyaya göndərilən arayışda toplanmış faktiki materiallar “Oqonyok” jurnalının redaktoruna “məktubun müəllifinə müvafiq cavab verməyə” imkan verəcəkdir. Hazırlanmış arayışda qeyd olunmuşdu ki, 1976-1980-ci illərdə vilayətdə sənaye istehsalının həcmi 1980-ci il üçün nəzərdə tutulmuş 24 faizə qarşı 50,3 faiz artmış, əmək məhsuldarlığı isə beşilliyin sonunda müəyyən edilmiş 17,1 faizə qarşı 37,6 faiz artmışdır. Həmin arayışda DQMV-də kənd təsərrüfatının inkişafının yüksələn xətlə getdiyi bildirilmiş, 1976-1979-cu illərdə vilayətdə kənd təsərrüfatının ümumi məhsulunun orta illik həcmi plan üzrə 16,8 faiz əvəzinə 49,1 faiz təşkil etdiyi, kənd təsərrüfatında əmək məhsuldarlığının beşillikdə nəzərdə tutulmuş 15,6 faizə qarşı 42,8 faiz artdığı göstərilmişdir. 

Arayışda qaz kəmərinin tikintisinin Yevlax–Stepanakert–Şuşa hissələrində başa çatması göstərilmiş və qeyd edilmişdir ki, bu layihə vilayət mərkəzinin, eyni zamanda, kurort şəhərinin qazlaşdırılması işinin aparılmasına imkan vermişdir. Vilayətdə gedən mənzil fondunun yaxşılaşdırılması da qeyd olunmuş və göstərilmişdir ki, 1970-1979-cu illər ərzində 463,1 min kvadratmetr mənzil tikilmişdir. Bu arayışda təhsildə gedən inkişafa da diqqət yetirilmiş və bildirilmişdir ki, XX əsrin 70-ci illərinin sonunda vilayətdə 193, o cümlədən 147 erməni ümumtəhsil məktəbi fəaliyyət göstərir, Stepanakert Pedaqoji İnstitutunda təhsil erməni, Azərbaycan və rus dillərində aparılır.

Yuxarıda qeyd edilənlər onu bir daha göstərir ki, ümummilli lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində 1969-1982-ci illərdə respublikada erməni separatçılarının təxribatçı, millətçi hücumlarının qarşısı alınmış, erməni millətçilərinin yalan və böhtanları tarixi həqiqətlərə əsasən təkzib edilmiş, erməni əfsanələri həqiqətlər müstəvisində “sabun köpüyü”nə çevrilmiş, çoxmillətli, çoxkonfessiyalı Azərbaycanın inkişafı üçün hər cür şərait yaradılmışdır.