Tariximizin ilk şəhər ili...
Azərbaycan xalqı 2020-ci ildə böyük bir zəfər qazandı. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin uğurlu siyasəti, ordumuzun gücü bizə tərifsiz bir qələbə sevinci yaşatdı. Dövlətinə, xalqına böyük rəğbət və sevgi bəsləyən Prezident İlham Əliyev bu ili Şuşa ili elan etməklə ölkəmizin tarixi sərvəti olan Şuşaya diqqətini bir daha nümayiş etdirdi.
Şuşa şəhəri Azərbaycan xalqı üçün təkcə ərazi deyil, milli-mənəvi ruh, mədəniyyət, milli kimlik məsələsidir. Tariximizdə ilk dəfə olaraq, şəhər ili elan edildi. Bu da səbəbsiz deyil. 2022-ci ildə Şuşa şəhərinin əsasının qoyulmasının 270 illiyi tamam olur. Pənahəli xan tərəfindən 1752-ci ildə əsası qoyulandan bəri Şuşa şəhərinin taleyində xoş və qara günlər, illər çox olub. 1904-1905-ci illərin qanlı hadisələrinin izləri hətta XX əsrin 70- ci illərinə qədər qalırdı. Həmin illərdə Azərbaycan KP MK-nın birinci katibi işləmiş Heydər Əliyevin təşəbbüsü ilə MK bürosu Şuşa şəhərinin tarixi hissəsinin dövlət qoruğu elan edilməsi haqqında qərar qəbul etmişdi. Qala divarlarının bərpasına 25 min manat vəsait ayrılmışdı. Şəhərdəki tarix və memarlıq abidələri bərpa edilmişdi.
Mədəniyyət müəssisələri, emalatxanalar, sanatoriyalar açılmışdı. 1982-ci il yanvarın 14-də Şuşada böyük şair, Qarabağ xanının vəziri Molla Pənah Vaqifə 18 metrlik məqbərə ucaldılmışdı. Vaqif Poeziya Günləri keçirilirdi.
1992-ci ilin may ayında Azərbaycanda xaos və anarxiya olanda Şuşa şəhəri işğal edildi və dağıdıldı. 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin işğaldan qurtarılması təkcə bir ərazinin xilası deyildi, eyni zamanda, Azərbaycan millətinin zəngin və qədim mədəniyyətinin barbarların əsarətindən azad edilməsi idi. İşğaldan azad olunduqdan qısa müddət sonra şəhər tarixində indiyədək görünməyən böyük tikinti-quruculuq işləri həyata keçirilir.
Dövlət başçımızın Şuşa şəhərinə etdiyi yeddi səfərinin hər birində ya infrastruktur layihələrinin təməli qoyulub, ya da yeniləri açılıb. Şəhərdəki məscidlər, Qazançı kilsəsi təmir edilib və edilir. Bülbülün ev muzeyi yenidən qurulub, otellər açılıb. Natəvanın, Üzeyir bəyin, Bülbülün işğalçılar tərəfindən güllələnmiş büstləri yerinə qoyulub. Vaqifin məqbərəsi yenidən tikilib. “Xarıbülbül” musiqi festivalı, Vaqif Poeziya Günləri keçirilib. Prezidentimiz İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan 2021-ci il iyunun 15-də böyük tarixi əhəmiyyət daşıyan Müttəfiqlik haqqında Şuşa Bəyannaməsini imzalayıblar. Şuşa Azərbaycanın hərb, siyasi, dilpomatik, mədəniyyət meydanında qələbəsinin rəmzidir. “Xarıbülbül” musiqi festivalı bütün dünyaya bir mesaj oldu.
Cənab Prezidentin sərəncamına uyğun olaraq, keçirilməsi nəzərdə tutulacaq tədbirlər müəyyənləşdiriləcək. “Şuşa ili”nin Azərbaycanın “yumşaq güc”ünün yeni vasitəsi olacağına inanıram. Hər halda, bu tədbirlər siyasi, iqtisadi, ictimai, mədəni, təhsil, elm, humanitar və idman sahələrini əhatə edəcək. Toplantılar Şuşa şəhəri, bütövlükdə Azərbaycan haqqında həqiqətlərin dünyaya çatdırılmasında başlıca rol oynayacaq.
Şuşanın tarixinə, arxeologiyasına, mədəni, ədəbi və ictimai mühitinə həsr edilmiş beynəlxalq elmi konfranslar keçirmək olar. Dünya media orqanları nümayəndələrinin Şuşa görüşünü təşkil etmək fayda verərdi. Beynəlxalq Şuşa şahmat turniri, çövkan at yarışları, dünya ölkələrinin şagirdləri və tələbələri arasında Şuşaya dair yazı müsabiqələri keçirmək, dünyanın görkəmli ictimai xadimlərinin səfərini təşkil etmək olar. İslam, xristian, iudaizm din xadimlərinin Şuşa toplantısını keçirmək faydalı bir iş olardı.