Xalqın öz liderinə inamından yaranmış qurtuluş

Xalqin oz liderine inamindan yaranmis qurtulus

O vaxt Azərbaycanda xaos hökm sürürdü. Bu gün Azərbaycanda sabitlik­dir. O vaxt Azərbaycanda hərc-mərclik var idi. Bu gün Azərbaycanda sülhdür, əmin-amanlıqdır. O vaxt Azərbaycanın iqtisadiyyatı tənəzzülə uğrayırdı. Bu gün Azərbaycan dünyada ən dina­mik inkişaf edən ölkələrdən biridir. O vaxt Azərbaycan vətəndaş müharibəsi ilə üz-üzə qalmışdı. Bu gün Azərbaycanda milli birlik, milli həmrəylik mövcuddur. O vaxt Azərbaycanda total böhran hökm sürürdü. Bu gün dünya­nın aparıcı dairələri etiraf edir ki, Azərbaycan ən qüdrətli ölkəyə çevrilməkdədir. Bütün bunları edən, bütün bunları yaradan xalqın dəstəyinə ar­xalanan xalqımızın ümummilli lideri Heydər Əliyev olmuş­dur.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Bəxt bizim yanımızda idi ki, ulu öndər Sovet rəhbərliyindəki xəbis ürəklilərin, türk düşmənlərinin fitnə-fəsadlarına tab gətirmiş, sağ-salamat Azərbaycana qayıtmış və millətin güvənc yerinə çevrilmişdi. Biz ona görə şanslıyıq ki, azərbaycanlı olduğu ilə daim fəxr edən bu dahi siyasətçi əvvəlcə mühasirədə olan Naxçıvana gün ağlamış, sonra isə bütövlükdə ölkəmizin sabahına işıq salmışdır. Heydər Əliyev tanınmış ziyalılarımızın təkidli çağırışları və cəmi iki il əvvəl onu fiziki cəhətdən yox etmək istəyən “iqtidar”ın yalvarışlı xahişləri ilə Bakıya qayıdanda da qazanan Azərbaycan xalqı oldu. Bütün bunlar barədə çox yazılıb, bu gün də yazırıq, gələcək nəsillər də illər boyu xatırlayacaq və yazacaqlar.

Ötən əsr xalqımızın tarixində xüsusi bir mərhələ təşkil edir. Çünki həm 1918-ci il mayın 28-də, həm də 1991-ci il oktyabrın 18-də imperiya əsarətinə qarşı mübarizə nəticəsində milli azadlığa, dövlət müstəqilliyinə nail olmuşuq. Ancaq iş elə gətirib ki, ilk dövlət müstəqilliyimizi bir sıra tarixi, ictimai-siyasi səbəblər üzündən, o cümlədən dünyanın yenidən bölüşdürülməsi ilə bağlı imperialist dairələrin yürütdüyü siyasətin və bolşevik işğalının nəticəsində qoruyub saxlaya bilməmişik. Nəticədə Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti xarici və daxili düşmənlərə qarşı mübarizələrlə dolu 23 aylıq mövcudluqdan sonra müstəqilliyini itirmişdir.

Təəssüf ki, 1991-ci ilin oktyabrında bərpa etdiyimiz dövlət müstəqilliyimiz də həmin taleyi yaşamaq təhlükəsi ilə üz-üzə qalmışdı. Belə ki, Azərbaycan hüquqi baxımdan müstəqillik əldə etsə də, əslində, xalqın mandatı olmadan hakimiyyəti ələ keçirmiş Mütəllibov rejimi imperiyaya yarınmaq siyasəti yeridirdi. Bir il sonra isə Xalq hərəkatı dalğasında siyasi səhnəyə gələn naşı, səriştəsiz AXC liderləri ilə Mütəllibov güruhu arasında hakimiyyət davası gedirdi. Ölkədə xaos, özbaşınalıq hökm sürürdü. Ayrı-ayrı şəxslərə, siyasi qruplara mənsub qanunsuz silahlı dəstələrin yaradılması Azərbaycanı vətəndaş müharibəsinə sürükləyirdi. Yaranmış vəziyyətdən istifadə edən Ermənistan Azərbaycan torpaqlarının işğalını genişləndirirdi.

Tarixçilər yazırlar ki, belə bir şəraitdə Azərbaycan xalqı sınanmış lideri Heydər Əliyevin hakimiyyətə qayıdışını daha böyük təkid və qətiyyətlə tələb etməyə başladı. Xalq Heydər Əliyevin necə böyük bir qüvvə olduğunu, Azərbaycanı mövcud bəlalardan yalnız onun çıxara biləcəyini kifayət qədər başa düşürdü. Çünki beş ildən artıq davam edən böhran 1993-cü ilin əvvəllərindən başlayaraq daha kəskin xarakter almışdı.

Nəhayət, səbri tükənmiş Azərbaycan xalqı Heydər Əliyevin siyasi hakimiyyətə qayıtması tələbini daha qətiyyətlə irəli sürdü. Hər gün Azərbaycanın müxtəlif yerlərindən Naxçıvana nümayəndələr yollanır, teleqramlar göndərilir, Heydər Əliyev hakimiyyətə, çətin vaxtda xalqın harayına çatmağa dəvət edilirdi. Rəsmi sənədlərdə oxuyuruq: “Xalq yeganə çıxış yolunu öz böyük oğlunun şəxsiyyətində, qətiyyət və zəkasında görürdü. Xalq və tarix qarşısında məsuliyyət hissindən qorxuya düşən, o biri tərəfdən özünün yaratdığı problemlər məngənəsindən çıxış yolu tapa bilməyən AXC–Müsavat rejimi xalqın bu haqlı tələbinin qarşısında davam gətirə bilmədi”.

Heydər Əliyevin öz xalqı­nın iradəsinə tabe olaraq, ölkə rəhbərliyinə qayıtması, əslində, onun müstəqil Azərbaycan Respublikası­nı, Azərbaycan xalqını, milli-azad­lıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı könüllü olaraq öz üzərinə götürməsi demək idi.

Dəhşətli problemlər içərisində çapalayan ölkədə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev öz sarsıl­maz iradəsi, əzmi, zəngin dövlətçilik təcrübəsi və siyasi fəhmi ilə tezliklə bu mühüm vəzifələrin öhdəsindən gəlməyə qadir olduğunu göstərdi. Xalq güclü şəxsiyyətin, böyük dövlət xadiminin, Qarabağ problemi də daxil olmaqla Azərbaycan xalqı və dövlətçiliyi qarşısında duran mü­hüm problemləri həll etməyə qa­dir şəxsiyyətin siyasi hakimiyyətə qayıdışından sonra sabaha daha böyük ümid və inamla baxmağa başladı. Məhz bu ümid və inamla ölkə əhalisi 1993-cü il oktyabrın 3-də böyük ümidlə Heydər Əlirza oğlu Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçdi.

Xatırladaq ki, 1994-cü ilin əvvəllərində Azərbaycan Ordusu­nun cəbhədəki uğurları, 1994-cü ilin mayında atəşkəs haqqında razılığın əldə edilməsi, həmin ilin sentyabrında Bakıda dünyanın aparıcı neft şirkətləri ilə “Əsrin müqaviləsi”nin bağlanması, dövlət aparatının təkmilləşdirilməsi və Milli Ordunun qurulması, ölkədaxili vəziyyətin sabitləşməsi, dünya miqya­sında Azərbaycana marağın artması Heydər Əliyevin qayıdışından sonrakı ilk uğurlarımız idi.

Bütün bunları nəzərə alan Milli Məclis 1997-ci il iyunun 27-də 15 iyun gününün Azərbaycan xalqının Milli Qurtuluş Günü elan olunması haqqın­da qərar qəbul etdi.

Bu, bir faktdır ki, Heydər Əliyev siyasi kursunun ən böyük qiymətini Prezident İlham Əliyev vermişdir. Dövlət başçımız 2003-cü ilin okt­yabrından bəri, bəlkə də, elə bir gün olmur ki, xalqımıza üzağlığı, dövlətimizə başucalığı gətirən han­sısa addımı atmasın. Ancaq cənab Prezidentin Heydər Əliyev siyasətinə olan sədaqətinin ən ali zirvəsini 2020-ci ilin payızında gördük. Ali Baş Komandanımız həmin il cəmi 44 gündə işğalçı Ermənistan dövlətinə diz çökdürdü və düşmən təslim olan gün həm ulu öndərin, həm də bütün şəhidlərimizin ruhunun şad olduğunu dilə gətirdi.

Azərbaycan Prezidenti ölkəyə rəhbərlik etdiyi müddətdə dəfələrlə sübut etmişdir ki, xalqımızın bu günü və sabahı üçün Heydər Əliyev yolundan başqa heç bir yol yoxdur. Milli Məclisin 1997-ci ildə bayram kimi qəbul etdiyi 15 İyun – Milli Qurtuluş Günü isə bundan sonra da, yüz illər boyu xalqımız üçün ən əlamətdar bayramlardan biri olaraq, ehtiramla yad ediləcək.