Zəfər qurultayı dövlətimiz və millətimiz naminə uğurlara yeni stimul verib
Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq. Bu, böyük xoşbəxtlikdir – hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan vətəndaşları üçün, xaricdə yaşayan azərbaycanlılar üçün.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Dünyanın müxtəlif guşələrində güclü Azərbaycan diasporları fəaliyyət göstərirlər. Ümummilli lider Heydər Əliyevin diqqəti sayəsində təşkilatlanmış, Bakıda keçirilən qurultaylarda toplaşaraq bu sahə ilə bağlı qəbul olunmuş qərarların təməli üzərində möhkəmlənmiş diasporlarımız bu gün müvafiq Dövlət Komitəsi vasitəsilə koordinasiya olunur, ictimai-siyasi həyatda fəallıqları ilə seçilirlər. Əgər 20 il öncə dünyada 200-dən bir qədər çox diaspor təşkilatımız var idisə, hazırda onların sayı iki dəfədən də artıqdır. Diaspor təşkilatlarının kəmiyyət və keyfiyyət vüsəti fərəh doğurur.
Prezident İlham Əliyevin tövsiyə və tapşırıqları Azərbaycan diaspor təşkilatları üçün əsl fəaliyyət proqramı hesab olunur. Xaricdə yaşayan milyonlarla soydaşımız özünü daha arxalı, daha güvənli hiss edir və faydalı iş əmsalını artırmaqla xalqımız, millətimiz haqqında müsbət rəy formalaşdırır.
Xaricdəki soydaşlarımızın böyük bir qrupunun bu günlərdə mədəniyyət paytaxtımız Şuşada toplaşaraq özlərinin V qurultayını keçirmələri böyük tarixi hadisədir. Bu, ilk növbədə, xain qonşularının təcavüzünə məruz qalmış Azərbaycanın haqq işinin və uğurlarının dünyada geniş təbliğ olunması deməkdir. Eyni zamanda dövlətimizin harada yaşamasından asılı olmayaraq, daim öz vətəndaşlarının yanında olması, onlara sahib çıxması və informasiya cəbhəsində yeni uğurlar qazanması amalının təzahürüdür.
Vətən müharibəsi dövründə diasporlarımız yaşadıqları məkanlarda Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə son qoyulması və ərazi bütövlüyümüzün bərpa olunması istiqamətində fəal iş aparıblar. 44 günlük Zəfər yürüşü zamanı diaspor təşkilatlarımız dünyanın 30-dan çox olkəsində 200-dək aksiya keçiriblər və həmin aksiyalarda ümumilikdə 25 mindən çox soydaşımız, eləcə də dost xalqların nümayəndələri iştirak ediblər. Bundan başqa, 50-dən çox ölkədə fəaliyyət göstərən 300-ə yaxın diaspor təşkilatının müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlament üzvlərinə, beynəlxalq təşkilatlara bəyanatlar, müraciətlər göndərməsi fərəh doğuran faktdır.
Azərbaycan Prezidenti İlham Əliyev Zəfər Qurultayındakı nitqində ulu öndərin təşəbbüsü ilə keçirilmiş ilk qurultayı qürur hissi ilə xatırlayıb: “2001-ci ildə ulu öndər dərin məzmunlu çıxışında, eyni zamanda, təbii ki, Qarabağ problemi ilə bağlı öz fikirlərini bildirmişdir və demişdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədəbaba torpaqlarına qayıdacaqdır. Biz – ulu öndərin davamçıları bu sözləri gerçəyə çevirdik və V qurultaya hazırlıq işləri başlayarkən mənə məruzə edildi və mən dedim ki, bu qurultay mütləq Şuşada keçirilməlidir. Əminəm ki, qurultay iştirakçıları da buna çox müsbət yanaşıblar və böyük həvəslə Şuşaya, qədim Şuşaya, bizim mədəniyyətimizin paytaxtı olan Şuşaya gəlmişlər. Şuşa da öz doğmalarını, bax, belə günəşli hava ilə qarşılayır və bu, bir daha onu göstərir ki, bura bizim tarixi torpağımızdır. Hətta təbiət, günəş də bizimlə həmrəydir”.
Qurultaydakı çıxışlardan, mətbuata verilən müsahibələrdən də göründüyü kimi, iştirakçılar Şuşada olmalarından hədsiz iftixar duyub və buna görə dövlətimizin başçısına ürəkdən minnətdar olublar. Onların hamısı həm qeyrət qalamız olan azad şəhərdə Vətən havası udmaq, həm cənab İlham Əliyevin dərin mənalı nitqini dinləmək, həm də burada bir-biri ilə tanış olaraq gələcək fəaliyyətlərinin aydın konturlarını müəyyənləşdirmək imkanı qazandıqları üçün özlərini son dərəcə xoşbəxt hiss etdiklərini sevinə-sevinə dilə gətiriblər. Qurultay nümayəndələri cənab İlham Əliyev tərəfindən diasporun fəaliyətinin müsbət qiymətləndirilməsindən hədsiz məmnunluqlarını ifadə edərək deyiblər ki, bu, onları gələcək işlər üçün xüsusilə ruhlandırır. Prezident növbəti qurultayadək tapşırıqları və fəaliyyət istiqamətlərini dəqiq müəyyənləşdirib. Qurultaydan böyük mənəvi stimul aldıqlarını söyləyən iştirakçılar qətiyyətlə bildiriblər ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində bundan sonra da var qüvvə ilə çalışacaqlar.
Qurultayın plenar iclaslarındakı çıxışlarda qeyd edilib ki, məqsəd postmünaqişə reallıqları kontekstində Azərbaycan diasporunun qarşısında duran vəzifələrin, fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsidir. Məlumdur ki, 2020-ci ildə Vətən müharibəsindən sonra Qarabağın azad edilməsi ilə Azərbaycan diasporunun qarşısında duran vəzifələr də fərqli xarakter alıb. Əgər İkinci Qarabağ müharibəsinədək xarici ölkələrdəki diaspor təşkilatlarımızın hədəfi torpaqlarımızın işğalının, Ermənistanın təcavüzkar siyasətinin dünyaya çatdırılması idisə, bu gün əsas qayə işğaldan azad edilmiş ərazilərimizdə qarşıya çıxan problemlərin, şəhərlərimizin təcavüz zamanı yerlə-yeksan edilməsinin, Azərbaycanın maddi-mədəni və dini irsinin vandalizmə məruz qalmasının beynəlxalq ictimaiyyətə geniş təqdim olunmasıdır. Diqqətə çatdırılıb ki, Azərbaycan bu gün regionda sülh gündəliyini təqdim edib. Müvafiq olaraq, bundan sonrakı çağırışlar da yeni üslubda təqdim edilməlidir. Əsas məsələlər Vətən, onun taleyi və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, ana dilinin, tarixin, mədəniyyətin yaşadılması və inkişaf etdirilməsi ilə bağlı olmalıdır.
Natiqlər həmçinin saxta "Erməni soyqırımı"nın ifşasını, Xocalı soyqırımını törədənlərin haqq divanına çəkilməsinə nail olmağı özlərinin konkret fəaliyyət aspektləri kimi səciyyələndiriblər. Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının yaradılması ilə bağlı aprelin 22 də keçirilmiş təqdimat mərasimi də gündəmdə mühüm yer tutur. Assosiasiyanın yaradılması günün zərurətidir və sözsüz ki, kibertəhlükəsizlik sahəsində elmi-texniki tərəqqi nailiyyətlərin tətbiqinə, bu istiqamətdə maarifləndirmə və məlumatlandırma işlərinin həyata keçirilməsinə dəstək verəcək, milli maraqların təbliğatı və dezinformasiya fəaliyyətindən qorunmasına çalışacaq, bu mübarizə üzrə konkret təkliflərin verəcək, görülən işləri əlaqələndirəcək. Təqdimatda həmçinin bildirilib ki, Azərbaycanın kibertəhlükəsizliyi dövlətin prioritet məsələsidir və ilk dəfə Azərbaycanda Dövlət Təhlükəsizliyi Xidməti Akademiyasında tədris olunmağa başlanan informasiya təhlükəsizliyi ixtisası ondan artıq ali təhsil müəssisəsində tədris olunacaq. Dünyada artan kiber hücum təhdidləri bu yöndə fəaliyyəti son dərəcə zəruri edir.
Gizli deyil ki, postmünaqişə dövründə erməni lobbi təşkilatları və onların havadarları Azərbaycana qarşı çirkin təbliğat aparırlar. Azərbaycan Prezidentinin köməkçisi – dövlət başçısı Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev mətbuata açıqlamasında deyib ki, bu gün onlar öz imkanlarından, inhisarçı və bəzən də beynəlxalq mediadan istifadə edərək ölkəmizə qarşı qara piar kampaniyasını gücləndirirlər. Ona görə də bizim diaspor nümayəndələriniz yaşadıqları ölkələrdə əsl Azərbaycan həqiqətlərini daha intensiv təqdim etməli və ermənilərin işğal dövründə törətdikləri vandallıqlar haqqında məlumatların daha dolğun şəkildə təqdim olunmasına çalışmalıdırlar. Onlar daha əhatəli şəkildə təsisatlanmalı, öz aralarında koordinasiyanı gücləndirməli, birgə səmərəli fəaliyyətə nail olmalıdırlar.
..İllərdən bəri Böyük Britaniyanın Sauthempton şəhərində yaşayan şair və alim dostum Rauf Qaraişıq bir aya yaxındır ki, növbəti kitabının nəşri ilə əlaqədar Bakıdadır. Onunla dünənki görüşümdə Dünya Azərbaycanlılarının V Qurultayı barədə yazı hazırladığımı bildirəndə dostum dedi ki, İngiltərədə yaxın ünsiyyətdə olduğu tanınmış idmançı Hafiz Baxşəliyev də Zəfər Qurulyatında iştirak edib və Şuşada bir ömürlük təəssürat əldə edib. Onun fəxrlə bildirdiyinə görə, qurultay yüksək təşkilatçılıqla keçirilib və qəlblərdə silinməz izlər buraxıb. Hafiz Baxşəliyev Azərbaycan Kikboks yığma komandasının üzvü olub. Beynəlxalq yarışlarda ölkəmizi təmsil edib və 3 dəfə Dünya, 2 dəfə Avropa çempionu olub. Hazırda Xaricdə yaşayan Azərbaycanlı İdmançılar Birliyinin rəhbəridir. Hafiz Londonda “Qafqaz”adlı idman klubu açıb və orada oxuyan azərbaycanlı tələbələri idmana, sağlam həyata cəlb edir, soydaşlarımızın bir-biri ilə sıx ünsiyyətdə olmalarını təmin edir. Eyni zamanda yaşadığı ölkənin ictimai-siyasi və mədəni həyatında fəal rol oynayır.
Hafiz Baxşəliyev deyib ki, növbəti qurultay üçün məkan olaraq məhz Şuşanın seçilməsinin dərin rəmzi mənası var. Dünya bir daha gördü ki, ermənilərin həyasızcasına özlərinin qədim diyarı saydıqları Şuşa əsl həqiqətdə məhz bizə məxsusdur və onun düşmən tapdağından azad olunması üçün vətənpərvər oğullarımız canlarını, qanlarını əsirgəməyiblər. İndi isə qalib xalqımız Şuşada, Laçında, Ağdamda, Zəngilanda... genişmiqyaslı bərpa-quruculuq tədbirləri həyata keçirir. Bu reallığı möhtrəm Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev mümkün edib. Geriyə qayıdandan sonra ölkəmizin tanıdılması üçün biz daha böyük əzmlə çalışacağıq.
Fərəhli haldır ki, xaricdə belə fəal, təşəbbüskar soydaşlarımız çoxdur. Onların hər biri köksündə doğma Azərbaycanımız üçün çarpan bir ürək gəzdirir. İnanırıq ki, böyük uğurla keçən Dünya Azərbaycanlılarının V qurultayı – Zəfər Qurultayı soydaşlarımızın hamısını dövlətimiz və millətimiz naminə yeni-yeni zəfərlərə ruhlandıracaq.