Azərbaycanın haqq işi beynəlxalq aləmdə təqdir edilir

Azerbaycanin haqq isi beynelxalq alemde teqdir edilir

Diplomatik uğurlarımız ölkəmizin mövqeyini daha da möhkəmləndirir

Əfsanəvi qəhrəmanlıq dastanına çevrilmiş İkinci Qarabağ müharibəsi zamanı işğal altındakı ərazilərimizin ordumuzun gücü ilə azad edilməsi ölkəmizin dünya birliyindəki əlaqələrini daha da genişləndirib. Keçmiş postsovet dövlətləri ilə müqayisədə indi Azərbaycan daha yüksək reytinqli müstəqil dövlət kimi qəbul edilir. Ermənistan üzərində qazandığımız tarixi Qələbədən sonra Azərbaycanın haqq işi beynəlxalq aləmdə də dəstəklənir. Bu şanlı Qələbə Azərbaycan tarixinə yeni bir səhifə yazdı, ölkəmizi bütövləşdirdi, Ermənistanın işğalçılq siyasətinə birdəfəlik son qoydu, ölkəmizin dünya birliyindəki reytinqini yüksəltdi. Azərbaycan Silahlı Qüvvələrinin hər bir üzvü yüksək peşəkarlığa, qibtə olunacaq Vətən sevgisinə malik olduğunu döyüş meydanında dünyaya nümayiş etdirdi. 30 il düşmən əsarətində olan həmin ərazilərdə indi əzəmətli Azərbaycan bayrağı dalğalanır. Bütün bunlar son 18 ildə həyata keçirilən düşünülmüş daxili və xarici siyasətin məntiqi nəticəsidir.

Dövlət başçımızın həyata keçir­diyi strategiyanın prioritetini ölkənin milli təhlükəsizliyi və sosial-iqtisadi inkişafı təşkil edir. Bu məqsədlə ölkə rəhbərinin müəyyənləşdirdiyi istiqamətlərə uyğun olaraq, respub­likamızın müstəqil, açıq, praqmatik və milli maraqlara söykənən xarici siyasət kursu uğurla davam etdiril­miş və Azərbaycanı dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşmuşdur.

Prezident İlham Əlyevin həm beynəlxalq tədbirlərdəki çıxış­larında, həm də xarici ölkələrin dövlət və hökumət başçıları ilə keçirdikləri görüşlərdə vurğuladığı kimi, Azərbaycan bütün ölkələrlə bərabərhüquqlu, qarşılıqlı hörmət və etimad əsasında münasibətlərin qurulmasını xarici siyasətimizin başlıca prioritetlərindən hesab edir. Diplomatiyamızın bu prinsip əsasında fəaliyyəti respublikamızın həm qonşu, həm də regiondan kənarda yerləşən dövlətlərlə münasibətlərinin sabit əsasda inkişafına zəmin yaratmış, möveyini daha da möhkəmləndirmiş və strateji əməkdaşlığını genişləndirmişdir. Təsadüfi de­yil ki, bu kontekstdə, beynəlxalq münasibətlər sistemində gərginliyin artdığı bir dövrdə, Azərbaycan dövlətinin dünyada birləşdirici xətləri təşviq etməsi, sülh tərəfdarı olma­sı xüsusi əhəmiyyət kəsb etmişdir. Dövlətimizin başçısı deyib: “Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Hesab edirəm ki, yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında”.

Həmişə olduğu kimi, yenə də diplomatik fəaliyyətimizin əsasını dövlətimizin suverenliyi və ərazi bü­tövlüyünün möhkəmləndirilməsi təşkil edir. Vətən müharibəsində əldə edil­miş şanlı Qələbəmiz ölkəmizin reytin­qinin beynəlxalq müstəvidə daha da yüksəldilməsinə, işğaldan azad olun­muş ərazilərimizin bərpası və yenidən qurulması vəzifələrinin həyata keçirilməsi işinin sürətləndirilməsinə, bu işdə bir sıra dövlətlərin, o cümlədən iri infrastruktur şirkətlərinin dəstəyinin göstərilməsinə təkan verib. Dövlətimizin üzv olduğu bir sıra təşkilatların, eləcə də , tərəfdaş dövlətlər tərəfindən Vətən müharibəsinin nəticələrini alqışla­yan bəyanatlar verməsi, möhtərəm Przidentimizə təbriklər ünvanla­maları diplomatik nailiyyət kimi dəyərləndirilməlidir.

2020-ci il noyabrın 10-da Ermənistanın kapitulyasiya aktını imzalamasından və təslim olduğunu rəsmən təsdiqləməsindən sonra sanki beynəlxalq aləm qəflət yuxusundan oyandı və qarşılarında müstəqil, güclü Azərbaycan dövlətini daha yaxından gördülər. Sanki inanmaq istəmirdilər ki, 30 il ərzində qüdrətli dövlətlərin, ATƏT-in Minsk qrupunun, həmçinin nüfuzlu beynəlxalq təşkilaların nizamlamaqa aciz olduqları, bəlkə də nizamlamaq istəmədikləri Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini ölkəmiz Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində həll etdi. Erməni faşistlərinin 30 il ərzində yerlə-yeksan etdiyi torpaqla­rımızda müharibədən dərhal sonra genişmiqyaslı yenidənqurma-bərpa işlərinə başlanılması daxili və xarici siyasətdə düzgün müəyyənləşdirilmiş strategiyanın uğurlu nəticəsi idi.

Dünya təcrübəsi də göstərir ki, müharibədən çıxmış dövlətlər, hətta qalib gələn tərəf də hələ bir müddət özünə gələ bilmir. Ancaq Azərbaycan müharibənin başa çatmasından bir həftə sonra abadlıq işlərinə başladı. Bu, həm də iqtisadi qüdrətimizdən xəbər verirdi. Bununla yanaşı, xarici siyasətimizdə prioritet məsələlərdən biri də Azərbaycan və Ermənistan arasında bir-birinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığının qarşılıqlı tanın­ması və hörmət edilməsi əsasında dövlətlərarası münasibətlərin təsis edilməsi olmuşdur. Eyni zamanda, Ermənistan–Azərbaycan sərhəd xəttinin delimitasiya və demarkasi­ya prosesinin başlanması, regional əməkdaşlıq, dayanaqlı inkişaf və tərəqqi üçün intensiv şəkildə fəaliyyət davam etdirilmişdir.

Vətən müharibəsindən sonra regionda yaranmış reallıqlar ar­tıq beynəlxalq aləmdə də qəbul edilir. Söz yox ki, ölkəmizin bütün sahələrdəki uğurlarını hələ də həzm etmək istəməyən anti–Azərbaycan qüvvələr tarixi Qələbəmizdən sonra özlərinə gələ bilməyiblər. Ancaq bu, bir reallıqdır. Hətta Ermənistanın siyasi və hərbi rəhbərliyi bu reallıq­ları qəbul etmək məcburiyyətindədir. Çünki müharibədən sonra res­publikamızın əlaqələrinin daha da möhkəmləndirilməsi reallıqları göz önündədir. İkitərəfli, regional və çoxtərəfli formatlar, o cümlədən BMT, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, NATO, GUAM, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində keçirilmiş görüşlər, səsləndirilmiş bəyanatlar və qəbul edilmiş sənədlər Azərbaycanın reytinqinin daha da yüksəlməsindən xəbər verir. Artıq regionda sülhün bərpa edilməsi, münaqişədən sonrakı bərpa və yenidənqurma fəaliyyətləri və “Böyük qayıdış”ın bir addımlığında olmamız da bundan xəbər verir. Artıq bu işlərin həyata keçirilməsi, zəruri şərtlərin formalaşdırılması istiqamətində qətiyyətli addımlar atılır. Eyni zaman­da, Vətən müharibəsindən sonra regionda yaranmış yeni vəziyyətin dayanıqlı sülh və inkişaf üçün açdığı imkanların reallaşdırılması, o cümlədən nəqliyyat kommunika­siyalarının açılmasını təmin etmək istiqamətində ardıcıl və məqsədyönlü səylər göstərilmişdir.

Həmişə olduğu kimi, yenə də xa­rici siyasətimizin əsas istiqamətlərini qonşu dövlətlərlə münasibətlər və üçtərəfli əməkdaşlıq formatları, digər dövlətlərlə ikitərəfli münasibətlər, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq, Türk Dövlətləri Təşkilatı ilə münasibətlərin yüksək səviyyədə qurulması, BMT və digər nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrin möhkəmləndirilməsini davam etdirmək, soydaşlarımızın xarici ölkələrdə üzləşdikləri çətinliklərin həlli istiqamətində atılan addımlar, o cümlədən beynəlxalq qurumlar­da sədrlik təşkil edir. Azərbaycanın BMT-dən sonra ən böyük təşkilat olan Qoşulmama Hərəkatına uğur­lu sədrliyi üzv dövlətlər tərfindən də yüksək dəyərləndirilir. Bunun nəticəsidir ki, quruma üzv dövlətlər Azərbaycanın QH-yə daha bir il müddətinə sədrlik etmək barədə qurumun hazırkı sədri Prezident İlham Əliyevə müraciət ünvanlayıb. Qoşulmama Hərəkatına 3 illik sədrliyi 2022-ci ildə bitməli olan Azərbaycan daha bir il hərəkatın sədri olacaq. Onu da qeyd edək ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi uğurla davam etdirilmişdir. Beynəlxalq təşkilat və qurumlar çərçivəsində, xüsusilə BMT-nin 6 qərargahında (Nyu-York, Cenevrə, Vyana, Nayrobi, Paris, Haaqa) hərəkatın fəaliyyətinin əlaqələndirilməsi həyata keçirilmiş, təşkilat adından müvafiq bəyanatlar səsləndirilmiş və irəli sürülmüş qətnamələr qəbul olunmuşdur.

Ölkəmiz QH-yə sədrliyi çərçivəsində bu qurumun beynəlxalq nüfuzunun və təsirinin gücləndirilməsi istiqamətində səylərini davam etdirmişdir. Təşkilatın üzv dövlətləri Azərbaycan Prezidenti, Qoşulma­ma Hərəkatının sədri İlham Əliyevin COVID-19 pandemiyasına qarşı mübarizə üzrə BMT Baş Assambleya­sının xüsusi sessiyasının çağırılması təşəbbüsünü yüksək qiymətləndirmiş, qlobal miqyasda belə bir mürəkkəb dövrdə Qoşulmama Hərəkatına uğurlu sədrliyinə, eləcə də, hərəkata nəzərdə tutulandan 1 il artıq – 2023-cü ilin sonuna qədər sədrlik etməyə hazır olduğuna görə, Azərbaycana minnətdarlığını bildiriblər.

Azərbaycanın qarşıya qoyduğu mühüm vəzifələrdən biri də Avropa İttifaqı və NATO, eləcə də, üzvü olduğumuz İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu qurumlar çərçivəsində milli maraqla­rımız əsasında əməkdaşlığı davam etdirməkdir. Xüsusilə qeyd edilməlidir ki, Avropa İttiaqı ilə Azərbaycan arasında mövcud olan dialoq qarşı­lıqlı münasibətlər və intensivliyi ilə diqqəti cəlb edir. Aİ Şurasının Pre­zidenti Şarl Mişel və Aİ-nin Qonşu­luq və Genişlənmə üzrə komissarı Oliver Varhelyinin ölkəmizə səfərləri zamanı, o cümlədən ötən ilin sonun­da Brüssel şəhərində Aİ-nin Şərq Tərəfdaşlığının VI Zirvə görüşündə Prezident İlham Əliyev həmin qu­rumla münasibətlərin inkişafında ölkəmizin mövqeyi və gözləntilərini qarşı tərəfə çatdırmışdır. Son 4 ildə ilk dəfə keçirilmiş Şərq Tərəfdaşlığı Zirvə toplantısının yekununda qəbul edilmiş Birgə Bəyannamədə Aİ tərəfindən bütün tərəfdaş ölkələrin müstəqilliyi, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə dəstək bir daha ifadə olunmuşdur.

Dövlət başçımızın uğurlu diplo­matik fəaliyyəti nəticəsində NATO ilə ikitərəfli münasibətlər, yüksək səviyyəli siyasi dialoq qorunub saxla­nılmış və daha da inkişaf etdirilimiş­dir. Ötən ilin dekabrında Prezident İlham Əliyev Brüsseldə keçirilmiş Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinin Zirvə görüşü çərçivəsində NATO-nun baş katibi Yens Stolten­berqin dəvəti əsasında NATO-nun Mənzil-Qərargahına səfər etmişdir. Səfər çərçivəsində dövlət başçımızın qurumun baş katibi ilə görüşü baş tutmuş və birgə mətbuat konfransı keçirilmişdir. Bu görüş beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla izlənilmişdir. Həmçinin, Prezident İlham Əliyev Şimali Atlantika Şu­rasının Azərbaycan Respublikası ilə birlikdə “30+1” formatında keçi­rilmiş iclasında da iştirak etmişdir. Ümumiyyətlə, NATO rəsmiləri ilə digər səviyyələrdə də təmaslar da­vam etdirilimişdir.

Azərbaycanın diplomatik uğur­larından söhbət açanda ötən ilin sonlarında Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın, o cümlədən Ermənistan ərazisində fəaliyyət göstərən və azərbaycanlıları hədəfə alan fərdlər və təşkilatlar tərəfindən irqi ayrı-seçkililiyin təşviq etməsini qadağan edən müvəqqəti tədbirlərə dair Azərbaycanın vəsatətini təmin edilməsi də qeyd olunmalıdır. Məhkəmə əsaslı olaraq, Ermənistan tərəfinə azərbaycanlıların insan hüquqlarının pozulmasının qarşısını almaq üçün təcili tədbirlər görmək tapşırılıb. Bu qərar oktyab­rın 14-dən 19-dək olan məhkəmə dinləmələrindən sonra verilib.

Belə ki, 2021-ci ilin yanvar ayın­da ölkəmiz tərfindən Ermənistana qarşı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə dövlətlərarası şikayət verilmişdi. Bu şikayətdə Azərbaycan vətəndaşlarının İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında 1950-ci il Konvensiyasın­da nəzərdə tutulmuş hüquqlarının Ermənistan tərəfindən davamlı şəkildə pozulduğunu sübut edən faktlar təsbit olunmuşdu. Sentyabr ayında isə Azərbaycan Respublikası BMT-nin 1965-ci il tarixli “İrqi ayrı-seç­kiliyin bütün formaların ləğv edilməsi haqqında” beynəlxalq Konvensiya əsasında, Ermənistan tərəfindən xalqımıza qarşı uzun müddət ərzində etnik təmizləmə siyasətinin aparılma­sı faktları ilə bağlı Haaqa şəhərində yerləşən BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edilmişdir.

Diplomatiyamızın uğurlarını əks etdirəən belə faktlar istənilən qədərdir. Bu uğurlar Azərbaycanı dünyanın inkişaf etmiş dövlətləri sıra­sına qoşub. İndi Azərbaycanın haqq işi beynəlxalq aləmdə dəstəklənir və qəbul edilir.