Dövlət hər bir qazi və şəhid ailəsinin yanındadır

Dovlet her bir qazi ve sehid ailesinin yanindadir

Hərbçilər, qazilər və şəhid ailələri hər zaman dövlətimizin xüsusi diqqət və qayğısı altındadır. Çünki torpaqları işğal olunmuş bir ölkənin ərazi bütövlüyünü qoruyan, düşmənə layqli cavab verən, bu yolda sağlamlığını itirən, Vətənin azadlığı uğrunda şəhidlik zirvəsinə yüksələn onlardır.

Dövlətimiz də, öz növbəsində, ölkənin müstəqilliyini, Konstitusiya quruluşunu və ərazi bütövlü­yünü qoruyarkən sağlamlığını itirmiş, əlil olmuş insanlara hörmət və ehtiramla yanaş­mağı, onların, həmçinin şəhid ailələrinin sosial müdafiəsinin daha da möhkəmləndirilməsini prioritet vəzifə kimi qarşıya qo­yur. Özü də ayrı-seçkilik qoy­madan: həm Birinci, həm də İkinci Qarabağ müharibəsinin ağır nəticələri ilə üzləşənlərə həssas münasibət göstərmək prinsipini qoruyub saxlayır. Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinin, bu haqq sava­şında şanlı Zəfər qazanan rəşadətli silahlı qüvvələrimizin üzvlərinin sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən, mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunun bariz nümunəsidir.

Müharibə dövründə əl-qolunu itirmiş qazilərimiz üçün ən müasir protezlər sifariş edi­lib. Onların müalicələrinin xari­ci ölkələrdə davam etdirilməsi üçün hər cür şərait yaradılıb. Ehtiyacı olan bütün qazilərə, eyni zamanda, şəhid ailələrinə dövlət tərəfindən lazımi köməklik göstərilməkdədir.

Bu il Novruz bayramın­da Bakı şəhəri və Abşe­ron rayonundakı yaşayış komplekslərindən daha 100 mənzil şəhid ailələri və müharibə əlillərinə təqdim edildi. Həssas qəlbli insan­larda xoş bayram ovqatı yaradan bu mərasim bir daha təsdiqlədi ki, Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlarla ölkəmizdə vətəndaş rifahının təminatına xidmət edən ardıcıl və ge­nişmiqyaslı sosial islahatlar 2022-ci ildə də davam etdirilir. Yeni sosial islahat paketi olaraq bu ilin əvvəlindən əməkhaqqı, pensiya və digər sosial ödənişlər növbəti dəfə artırıldı. 3,4 milyon şəxsi əhatə edən bu artımlar üçün ayrılan illik əlavə vəsait 2,1 milyard manatdır.

Tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra şəhid ailəsi üzvləri, müharibə vete­ranları, erməni terrorundan əziyyət çəkənlərlə bağlı icra olunan sosial dəstək proqra­mı dövlətimizin bu qəbildən olan insanlara xüsusi önəm verməsinin təsdiqidir. Şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqra­mı mühüm sosial dəstək tədbirlərindən biridir. Dövlət başçısının sərəncamı ilə bu proqram təxminən 5 dəfə genişləndirilib. Bu ilin əvvəlindən 200, postmüharibə dövründə 3200, ümumilikdə, ötən dövrdə 12500-dən çox şəhid ailəsi və müharibə əlilinin mənzil və ya fərdi evlə təmin edilməsi də bu diqqət və qayğının nümunəsidir. Bu qayğının nəticəsidir ki, Vətən müharibəsi şəhidlərinin ailələri və müharibə əlilləri qeydiy­yata alındıqdan qısa zaman sonra artıq onların mənzillə, eləcə də müharibə əlillərinin avtomobillə təminatı həyata keçirilir. Bu da onlara xüsusi qayğının daha bir təzahürüdür.

Azərbaycan şəhid ailələrinə, əlillərə, müharibə veteranlarına göstərilən diqqətə görə dünya miqyasın­da nümunəvi ölkələrdəndir. Ümumiyyətlə, həm Birinci, həm də İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə Bakıda, Sumqayıt­da, Abşeron rayonunda bu ilin sonuna qədər yenə də mənzillər veriləcəkdir. Əlavə olaraq, müharibə əlillərinə 7200-ə yaxın minik avtomobili verilmişdir. Prezident İlham Əliyev tərəfindən yaradılmış “YAŞAT” Fondunun şəhid ailələrinə və əlillərə qayğısı xüsusi qeyd edilməlidir.

Azərbaycan xalqı şəhidlərimizin intiqamını düşməndən döyüş meyda­nında aldı və onların qanı yerdə qalmadı. Ali Baş Komandanımızın rəhbərliyi altında Vətən müharibəsində qazandığımız Zəfər xalqı­mızın minlərlə qəhrəman övladının canı-qanı bahası­na, əsgər və zabitlərimizin, cəbhəyə könüllü yollanmış vətənpərvər gənclərimizin igidliyi və rəşadəti sayəsində tariximizə yazılmış şanlı salnamədir. Ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrun­da şücaət göstərən qazilərə, bu yolda canını fəda edən qəhrəmanlarımızın ailələrinə diqqət və qayğı ilə yanaşmaq bütün cəmiyyətimizin borcu­dur.