Heydər Əliyev – əfsanəyə çevrilmiş böyük dövlət xadimi

Heyder Eliyev – efsaneye cevrilmis boyuk dovlet xadimi

Mənim həyat amalım yalnız bütün varlığım qədər sevdi­yim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisa­di, siyasi, mədəni inkişafına xidmət olub.

Heydər ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

 

Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim, Şuşanı azad etdik! Bu, böyük qələbədir! Bu gün şəhidlərimizin, ulu öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti,

Müzəffər Ali Baş Komandan

 

                                                                       Lider fenomeni

Millətin nümayəndələri özlərini o vaxt xoşbəxt hesab edə bilərlər ki, uca Allah onlara zamanın­da müqəddəratlarını düzgün müəyyənləşdirən müdrik lider əta edir. Tanrının Heydər Əliyev kimi nəhəng şəxsiyyət bəxş etdiyi azərbaycanlılar da xoşbəxtdirlər.

Tarixdən hər birimizə bəllidir ki, istənilən xalqın müəyyən əlverişli məqamda milli-etnik soykökünə qayı­dışı, tarix boyu əxz etdiyi milli-mənəvi dəyərlər və təfəkkür-tərzi sisteminə söykənən özünəməxsusluğunu bərpa və bəyan etməsi əsasən lider fenome­ninin fövqəladə missiyası ilə şərtlənir. Azərbaycan xalqı ilə bağlı bu şərəfli missiyanı məhz ümummilli lider Heydər Əliyev həyata keçirmişdir. Belə şəxslər tarixin ən çətin və keşməkeşli dövrlərində milli ruhun enerjisindən, xalqın tarixi-si­yasi tələbatından və genetik potensialın­dan püxtələşir. Azərbaycana günəş kimi doğaraq bənzərsiz dühası ilə xalqını və vətənini qaranlıqdan çıxarmaqla nura qərq edən uzaqgörən siyasi xadimin fövqəlbəşərliyi, milləti və dövləti qarşısın­dakı müstəsna xidmətləri zaman keçdikcə daha aydın görünür.

Ali bəşəri xüsusiyyətləri özündə cəmləşdirən, vətəninə və millətinə ürəkdən bağlı olan, azərbaycançılıq ideyalarını və milli dövlətçiliyi hər şeydən üstün tutan müdrik liderin ən əsas istəyi xalqın birliyinə, dünya azərbaycanlılarının həmrəyliyinə nail olmaq və buna söykənən müstəqil, qüdrətli, müasir dövlət qurmaq olmuşdur. Buna görə də ulu öndər Heydər Əliyev səlahiyyət sahibi olduğu ilk günlərdən tarixi ənənə və soykökün təməl prinsipləri üzərində milli şüurun düzgün formalaşması, onun tərəqqisi naminə misilsiz xidmətlər göstərmiş, xalqa məxsus adət-ənənə və dəyərlər sistemini qloballaşmanın sərt təsirlərindən qorumağı bacarmış, nəticədə proseslərin düzgün məcrada inkişaf etməsinə, azərbaycançılığın milli ideologiyaya çevrilməsinə, millətin həmrəyliyinə və mənəvi bütövlüyünə nail olmuşdur. Bu isə millətin təkamülündə və monolitliyində aparıcı amil olmaqla yana­şı, həm də xalqın öz rəhbərinin ətrafında birləşməsinə, bununla da milli birliyin daha da möhkəmlənməsinə və əzəmətli dövlətin yaranmasına rəvac vermişdir.

Nadir şəxsiyyətlərdən olan Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə hər cür ideoloji-siyasi və digər maneələrə sinə gərərək, Azərbaycan xalqının milli özünüdərki üçün zəruri tədbirləri həyata keçirmiş, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi yüksəlişlərə ruhlandırmağa müvəffəq olmuşdur. Ulu öndər xalqın şanlı keç­mişini, soykökünü qaytarmaq, habelə zəngin mədəniyyətini, incəsənətini, adət-ənənələrini yaşatmaq, eləcə də ana dilini inkişaf etdirmək üçün böyük işlər görmüşdür.

Ötən əsrin 60-cı illərinin əvvəllərində Azərbaycanın əksər göstəriciləri aşa­ğı, həmçinin sənaye potensialı zəif olduğu üçün, ölkəmiz Sovet İttifaqında geridə qalmış kənd təsərrüfatı res­publikası kimi tanınırdı. Ölkəni böhran vəziyyətdən çıxarmaq üçün liderə böyük ehtiyac duyulurdu. 1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə gələn dahi şəxsiyyət Heydər Əliyev məqsədyönlü tədbirlər görərək, hərtərəfli islahatlar həyata keçirərək respublikamızı qısa müddətdə sürətlə inkişaf etdirdi və bütün bunların nəticəsində Azərbaycan geridə qalmış kənd təsərrüfatı ölkəsindən aqrar-sənaye respublikasına çevrilərək, bir çox cəhətdən özünü təmin edən və ümumittifaq büdcəsinə töhfələr verən iki respublikadan biri oldu.

1982-ci ildə ulu öndərimizin ittifaq rəhbərliyinin ən yüksək pillələrindən birinə–SSRİ Nazirlər Soveti sədrinin bi­rinci müavini vəzifəsinə irəli çəkilməsi və Mərkəzi Komitənin Siyasi Bürosuna üzv seçilməsi, eyni zamanda müxtəlif fəxri adlar alması ermənilərin ciddi narahatlığı­na səbəb oldu. Yeni vəzifənin öhdəsindən məharətlə gələn müdrik insanın uğurları bəzi rəhbər vəzifəli şəxslərdə də ona qarşı qısqanclıq hissləri yaradır və bu ermənipərəst Qorbaçovun hakimiyyətə gəlişindən sonra daha qabarıq nəzərə çarpırdı. Yaranmış fürsətdən istifadə edən ermənilər onun vəzifədən uzaqlaş­dırılması planını işə salaraq, bu prosesə dünyada məşhur olan erməni lobbisini də cəlb edirdi. Heydər Əliyevin 1987-ci ilin oktyabrında vəzifədən istefa verməsindən sonra, vətənin və xalqın məşəqqətli günləri başlayır. Əvvəlcə, Azərbaycanın tarixi ərazilərini Ermənistana birləşdirmək ideyası meydana çıxır ki, bu da torpaq­larımızın işğal edilməsi ilə nəticələnir, bir müddət sonra isə “Qanlı yanvar” faciəsi törədilir. Sözsüz ki, o zaman Heydər Əliyev hakimiyyətdə olsaydı bu hadisələrin heç biri baş verməzdi.

Yenidən fəal siyasətlə məşğul olmaq niyyəti olmayan ümummilli lider, baş verənlərə biganə qala bilmədiyi üçün hər bir təhlükəni gözaltına almaqla, heç nədən və heç kəsdən çəkinmədən 1990-cı ilin sərt qış günlərinin birində oğlu İlham Əliyevlə birlikdə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək, respublikada “20 Yanvar” qır­ğınını törətmiş Sovet İttifaqı rəhbərliyini kəskin şəkildə ittiham edən son dərəcə cəsarətli və qətiyyətli bəyanatla çıxış etməklə, hər zaman Azərbaycan xal­qının yanında olduğunu bəyan edir. Bu, yeni tarixi epoxanın başlanğıcında Heydər Əliyevin müstəqillik uğrundakı mübarizəsinin şərəfli səhifəsi olmaqla çox böyük əhəmiyyət kəsb edirdi. Bundan sonra ona qarşı təzyiqlər və təxribatlar kampaniyası geniş vüsət alır. Bütün bunlara baxmayaraq, doğma yurduna qayıdan vətənpərvər insana Bakıda ya­şamağa imkan verilmədiyi üçün doğulub boya-başa çatdığı Naxçıvana qayıdır və orada xalq onu, o, isə xalqını qoruyur.

Vurğulanmalıdır ki, həmin vaxt ermənilərin məkirli niyyəti, həmçinin Naxçıvanın da işğalına yönəlsə də, Heydər Əliyev buna imkan vermir və eyni zamanda müstəqilliyin əldə edilməsi üçün həlledici addımlar atmağa başlayır. Məhz onun təşəbbüsü ilə ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin bayra­ğı Naxçıvanda dövlət bayrağı elan edilir və Azərbaycanın Ali Məclisinə bu bay­rağın dövlət bayrağı kimi qəbul edilməsi barədə vəsatət göndərilir. Bununla yanaşı, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosia­list” sözləri çıxarılır.

Göründüyü kimi, Azərbaycanın dövlət müstəqilliyinə gedən yol böyük şəxsiyyətin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvandan başlamışdır. 1992-ci ilin noyabrında bilavasitə onun liderli­yi ilə siyasi platforması Azərbaycanın parlaq gələcəyindən xəbər verən Yeni Azərbaycan Partiyası yaradılır. Müxalifət partiyası kimi yaradılmış partiyanın siyasi arenaya gəlməsi bütün məsələlərin demokratik və sivil qaydada həll edilməsi üçün xüsusi əhəmiyyətə malik olan çox mühüm bir hadisə idi. Hazırda nəinki Azərbaycanda, eləcə də cənubi Qafqazda ən böyük partiya olan Yeni Azərbaycan Partiyası bilavasitə xalqa və milli maraqlara xidməti sayəsində qısa zaman kəsiyində, 1993-cü ildə iqtidar partiyasına çevrilir və bununla da hər şey müsbətə doğru dəyişir.

                                                                    Xalqın böyük etimadı

Müstəqilliyimizin ilk illərində bir tərəfdən ölkədə yaranmış özbaşınalıq, anarxiya, xaos, hakimiyyət zəifliyi, xalq ilə iqtidar arasında yaranmış uçurum, digər tərəfdən isə Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarının reallaşdı­rılması ölkəmiz üçün ciddi çətinliklər yara­dır. SSRİ-nin süqutu ilə əlaqədar yaran­mış tarixi şəraiti düzgün qiymətləndirən müdrik və əzmkar xalqımız 1991-ci ildə ikinci dəfə dövlət müstəqilliyini əldə etmiş olsa da, AXC-Müsavat iqtidarı təmsilçilərinin şəxsi ambisiyaları, eləcə də səriştəsizlikləri və torpaqlarımızın işğalı ilə müşayiət olunan müharibə çox qısa müddətdə istiqlalımızı uçurumun kənarına gətirib çıxarır. Nicatın yalnız Heydər Əliyevdə olduğuna əmin olan Azərbaycan xalqı doğru seçim edərək öz sınanmış rəhbərinə üz tutur və müdrik liderin hakimiyyətə gəlməsini israrla tələb edir.

Vətənini və xalqını canından çox sevən ulu öndər heç bir təhlükəyə məhəl qoymadan xalqın çağırışını qəbul edərək Naxçıvandan Bakıya gəlir və 15 iyun 1993-cü il tarixdə Azərbaycan Respub­likası Ali Sovetinin Sədri seçilir. Böyük qayıdışından sonra ölkəni dərin böhran­dan, əslində dövlətçiliyi süquta uğramaq­dan və müstəqilliyi itirmək təhlükəsindən xilas etmək üçün qısa müddət ərzində Respublika ərazisinə səpələnmiş silah­lı cinayətkar dəstələr zərərsizləşdirilir, vətəndaş müharibəsinin qarşısı alınır, separatçı meyillərə son qoyulur, ictimai-siyasi sabitlik bərqərar edilir ki, bütün bunlar hərtərəfli islahatların başlanması­na zəmin yaradır.

İndi sağlam düşüncəli hər bir Azərbaycan vətəndaşı çox yaxşı dərk edir ki, ölkəmizin müasir tarixinin həlledici dönüş nöqtəsi hesab edilən həmin zamanda Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsəydi, nəinki bugünkü qüdrətli Azərbaycan olmazdı, ümumiyyətlə onun mövcudluğu şübhə altına düşə bilərdi. Yeri gəlmişkən, alman filosofu İmmanuel Kantın dediyi “sürətlə öz siyasi süqutuna yaxınlaşan xalqın taleyini yalnız dahi şəxs dəyişə bilər” fikri müstəqilliyin ilk illərində ulu öndərin timsalında bir daha öz təsdiqini tapdı.

Beləliklə də, ölkəsini olduqca ağır vəziyyətdən yüksək məharətlə çıxar­mış ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkədə hərtərəfli rişəli islahatlar həyata keçirilməyə başlanıldı. Dahi rəhbərin müəyyən etdiyi bütün sahələrdə islahatlar aparmaq yolu ilə ölkə iqtisadiyyatını inki­şaf etdirmək və mövcud iqtisadi potensi­aldan istifadənin səmərəsini artırmaqla onu xalqın bütün təbəqələrinin həyat tərzinin yaxşılaşdırılmasına yönəltmək kimi bir-birini tamamlayan iki istiqamət ölkənin müasir inkişaf gerçəkliyinin obyektiv nəzəri-praktiki təməli olmaqla, Respublikamızın tərəqqisinə və xalqın rifahının yaxşılaşmasına böyük təkan ver­di. İslahatların uğurla həyata keçirilməsi sözsüz ki, Heydər Əliyev dühasının bəhrəsi idi.

Heydər Əliyev yeni iqtisadi sistemə keçid prosesində iqtisadi potensialın ilk növbədə xalqın rifahına yönəldilməsini, əhalinin sosial maraqlarının təminatını, xüsusən aztəminatlı insanların sosial müdafiəsini dövlət qarşısında mühüm vəzifələrdən biri kimi müəyyən edirdi. Mövcud imkanlardan, o cümlədən təbii sərvətlərdən və iqtisadi potensialdan səmərəli istifadə etmək üçün hər gün, hər ay, hər rüb və hər il yorulmadan çalışmağın zəruri olduğunu vurğu­layan Heydər Əliyev, bunu iqtisadiy­yatın inkişafının, nəticədə ölkəmizin qüdrətlənməsinin və vətəndaşlarımızın rifahının yüksəldilməsinin əsası kimi qiymətləndirirdi.

Dünya təcrübəsi təsdiq edir ki, is­lahatların müvəffəqiyyəti düşünülmüş, əsaslandırılmış strategiya və taktikadan baş­qa, bir çox sosial-siyasi və ideoloji amillərdən də asılıdır. Ümummilli liderin hakimiyyətə qayıdışından sonra Azərbaycanda ictimai-siyasi sabitliyin bərqərar olun­ması iqtisadi inkişafın davamlılığına və yeni hədəflərə rəvac verməklə yanaşı, tərəfdaşlar qazanılmasına da zəmin yaratdı. Ulu öndərin ikinci dəfə res­publikamıza rəhbərliyinin ilk illərində ölkəmiz vətəndaş müharibəsindən yenicə qurtulduğu, atəşkəs rejimini təzəcə əldə etdiyi üçün, həmin dövrdə investorları Azərbaycana sərmayə qoymaq üçün həvəsləndirmək, onların etimadını qazan­maq həddindən artıq çətin, demək olar ki, mümkünsüz bir məsələ idi. Bununla belə, ulu öndər 1994-cü ilin sentyabr ayında ölkəmizin qüdrətlənməsində mühüm əhəmiyyəti olan, Azərbaycanın Dövlət Neft Şirkəti ilə dünyanın 11 böyük neft şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" yataqlarının istifadə edilməsi barədə “Əsrin müqaviləsi” kimi möhtəşəm bir müqavilənin bağlanılmasına nail oldu.

Sözsüz ki, Azərbaycan neftinin dünya bazarlarına çıxmasında müstəsna rolu olan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin ərsəyə gəlməsi, Azərbaycanı dünya­da böyük qaz potensialına malik olan bir dövlət kimi tanıdan “Şahdəniz”in reallaşması da bu böyük şəxsiyyətin misilsiz xidmətlərinin nəticəsi idi. Xüsusi vurğulamaq lazımdır ki, türk dünyası­nın bir-biri ilə, eləcə də bütün dünya ilə birləşdirilməsinə xidmət edən tarixi “İpək Yolu” layihəsində də Heydər Əliyevin təşəbbüsü ilə görülən işlər müstəsna əhəmiyyət kəsb etmişdir. Əsas məqsədi Orta Asiya və Qafqaz ölkələrinin dünya iqtisadiyyatına fəal qoşulmasını təmin etməkdən ibarət olan bu böyük layihənin reallaşdırılmasında Bakı-Tbilisi-Ceyhan boru xəttinin mühüm əhəmiyyətini nəzərə alan müdrik lider, bu səbəbdən əvvəlcə bütün qüvvəsini həmin xətt layihəsinə yönəltmişdir. Tarix onun növbəti uzaqgörənliyini təsdiq etdi və göstərdi ki, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru xəttinin, Şərq-Qərb nəqliyyat dəhlizinin, Bakı-Tbilisi-Qars dəmir yolunun inşası və qədim “İpək Yolu”nun bərpası Heydər Əliyevin Azərbaycan iqtisadiyyatının qüdrətlənməsinə yönələn müdrik siyasəti olmaqla bərabər, həm də türk dünyasının birləşdirilməsinə hesablanmışdır.

Sadalananlar qəti əminliklə onu deməyə əsas verir ki, müasir şəraitdə dövlət müstəqilliyimiz üçün vacib olan iqtisadi potensialımızın əsası Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə qoyulmuşdur. Azərbaycanın son inkişaf tarixi bariz şəkildə göstərdi ki, Heydər Əliyev məntiqindəki "müstəqillik-iqtisadiyyat" dialektikası öz dərinliyi, yeni­liyi və konkretliyi ilə hər zaman aktualdır. Möhtərəm Prezident cənab İlham Əliyev demişdir: “...1993-2003-cü illər sabitlik, inkişaf illəri olmuşdur. Heydər Əliyev bir daha göstərdi ki, ən ağır, böhranlı vəziyyətdən çıxış yolu var. O da düşü­nülmüş siyasətdir, cəsarətdir, müstəqil siyasət və addımlardır...”.

                                                                       Qüdrətlənən Azərbaycan

Ulu öndərin sürətli iqtisadi inkişaf konsepsiyasını uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda nəhəng transmilli energetika və nəqliyyat layihələri həyata keçirilir, həmçinin iqtisadiyyatımızın daha da güclənməsinə xidmət edən digər əhəmiyyətli işlər görülür, tərəqqinin davamlılığı təmin olunur. Belə ki, 2006-cı ildə Xəzər və Aralıq dənizlərini birləşdirən Bakı–Tbi­lisi–Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı–Tbilisi–Ərzurum qaz kəməri istifadəyə verilmişdir. Bundan başqa, 2018-ci ildə Avropanın enerji təhlükəsizliyinin, həmçinin Azərbaycanın perspektiv inkişafının və iqtisadi ma­raqlarının təmin edilməsində mühüm rol oynayan Cənub Qaz Dəhlizinin və onun tərkib hissəsi olan TANAP boru kəmərinin Bakıda rəsmi açılış mərasimləri keçirilmişdir.

Bundan əlavə, 20 sentyabr 1994-cü il tarixində Bakıda imzalanmış "Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş"in müddəti 2017-ci ilin sentyabr ayının 14-də yeni, ölkəmiz üçün daha əlverişli şərtlərlə 2050-ci ilə qədər uzadılmış, bu isə Azərbaycanda bundan sonra da uzun illər neftin hasilat səviyyəsinin sabit qal­masına, neft sektoruna xarici investisiya qoyuluşunun təmin olunmasına zəmin yaratmışdır. Xüsusi vurğulamaq lazımdır ki, praqmatik lider cənab İlham Əliyevin yürütdüyü son dərəcə təmkinli, səbirli, balanslaşdırılmış siyasət sayəsində 12 avqust 2018-ci il tarixdə Qazaxıstanın Aktau şəhərində 5 Xəzəryanı dövlət başçılarının iştirakı ilə imzalanan tarixi Aktau Konvensiyası ilə 1996-cı ildən davam edən Xəzərin hüquqi statusu ilə bağlı 22 illik danışıqlar milli maraqlarımı­zı qane edən sonluqla bitmiş və Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi birdəfəlik öz həllini tapmışdır.

2018-ci ilin oktyabr ayının 19-da Azərbaycan–Türkiyə qardaşlığının təzahürü olaraq birgə səylərlə reallaşdı­rılan, hər iki ölkənin iqtisadi inkişafına, bütövlükdə regionun tərəqqisinə böyük töhfə olan «STAR» neft emalı zavo­dunun açılışı da neft strategiyasının uğurlarından olmuşdur. Azərbaycandan Avropa bazarlarına təbii qazı ixrac etmək üçün ən qısa və birbaşa yol kimi seçilmiş, Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP layihəsi də yekunlaşdırılmışdır. Prezident İlham Əliyevin təşəbbüsü ilə Avropa və Asiyanı birləşdirən Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində də müstəsna əhəmiyyətli işlər görül­müşdür. Belə ki, təməli 2007-ci ildə qoyulmuş Bakı–Tbilisi–Qars dəmir yolunun 2017-ci il oktyabrın 30-da Bakıda rəsmi açılışı olmuşdur. 2018-ci il sentyabrın 18-də isə yeni Ələt-Astara-İran İslam Respublikası magistral av­tomobil yolunun istifadəyə verilməsi ilə Azərbaycan ərazisində "Şimal-Cənub" nəqliyyat dəhlizi layihəsinin reallaşması üçün işlər başa çatdırılmışdır. Sözsüz ki, bu uğurları iqtisadi islahatların siyasi islahatlarla paralel şəkildə və yüksək peşəkarlıqla aparılması şərtləndirmişdir.

Fərəhləndirici və qürurverici haldır ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin müdrik və zamanı önləyən siyasətini dövrün tələblərinə uyğun uğur­la davam etdirən dövlət başçısı cənab İlham Əliyevin zəngin elmi bilikləri, mükəmməl siyasi strategiyası, sarsıl­maz qətiyyəti, polad iradəsi, yorulmaz fəaliyyəti və xalqla iqtidar arasında olan sıx birliyin sayəsində planetimizin üzləşdiyi çoxsaylı qlobal çətinliklərə, ümumbəşəri ciddi və mürəkkəb problemlərə, eləcə də Yer kürəsini bürüyən koronavirus (COVID-19) pandemiyasına, həmçinin müharibədən yeni çıxmış ölkə olmasına rəğmən, bu gün də respublikamızda iqtisadiyyat güclənir, bütün sahələrdə mütəmadi ola­raq mütərəqqi islahatlar həyata keçirilir, regionların tarazlı inkişafının davamlı­lığı təmin olunur, hər bir istiqamət üzrə ardıcıl uğurlar əldə edilir ki, nəticədə dövlətimiz daha da qüdrətlənir və doğma Azərbaycanımız durmadan çiçəklənir. Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə nəhəng layihələr reallaşdırılır, qeyri-neft məhsullarının istehsalının və ixracının artırılması üzrə kompleks stimullaşdı­rıcı tədbirlər görülür, dövlət-sahibkar münasibətlərinin və biznes-investisiya mühitinin daha da sağlamlaşdırılması, özəl sektorda təşviq alətlərinin tətbiqi, aqrar sektora, kiçik və orta sahibkarlığa dövlət dəstəyi daim diqqət mərkəzində saxlanılır.

Milli iqtisadiyyat və onun əsas sektorları üzrə strateji yol xəritələri, konsepsiyalar və digər dövlət proqram­ları çərçivəsində müəyyən olunmuş tədbirlərin icrası uğurla həyata keçirilir. Dünyada gedən neqativ proseslərlə əlaqədar olaraq yaranmış beynəlxalq iqtisadi böhran vəziyyətinin fəsadları Azərbaycan iqtisadiyyatına az da olsa sirayət etsə də, sevindirici haldır ki, dövlət başçısının operativ və səmərəli iqtisadi siyasəti, bilavasitə onun tap­şırığı ilə görülən qabaqlayıcı tədbirlər nəticəsində ciddi təsir göstərməmişdir. Reallaşdırılması nəzərdə tutulan tədbirlərdən və işlərdən heç birinin, o cümlədən hər hansı bir sosial layihənin icrasının təxirə salınmaması da bunun bariz təcəssümüdür.

Dövlətlərarası münasibətlər sistemində bərabərhüquqlu əməkdaşlığı dəstəkləyən və təbliğ edən Azərbaycanın mövqeyi beynəlxalq arenada da möhkəmlənmişdir. Təsadüfi deyil ki, 120 üzvlə BMT-dən sonra ikinci ən böyük təsisat olan Qoşulmama hərəkatına üzv dövlətlərin hamısı ötən il böyük etimad göstərərək ölkəmizin sədrlik müddətini yekdilliklə daha bir il uzatmışlar. Azərbaycan Türk Şurasına sədrliyini də uğurla başa vurmuşdur. İslam Əməkdaşlıq Təşkilatı ənənəvi ola­raq ölkəmizin haqlı mövqeyini müdafiə edir. Dövlətimiz NATO tərəfindən də dəstəklənir. Digər dövlətlərlə, xüsusən də qonşu ölkələrlə qurulmuş mükəmməl əlaqələrin davamlılığı uğurla təmin olunur.

Xüsusi vurğulanmalıdır ki, Türkiyə ilə qardaşlıq münasibətləri, Türkiyə-Azərbaycan əlaqələri 15 iyun 2021-ci il tarixdə “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə keyfiyyətcə yeni mərhələyə qədəm qoyaraq rəsmən müttəfiqlik səviyyəsinə yüksəlmişdir. Rusiya ilə olan əlaqələrin də uğurla davam etdirilməsi “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” 22 fevral 2022-ci il tarixli Bəyannamə ilə bir daha öz təsdiqini tapmışdır. İran və Gürcüstanla daim təmaslar və fikir mübadiləsi əsnasında dostluq və tərəfdaşlıq əlaqələri inkişaf etməkdədir. Bütün bunlar təbii ki, milli maraqlara uyğun həyata keçirilən müdrik xarici siyasətin nəticəsidir.

Göründüyü kimi, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində respublikamızda ictimai-siyasi sabitlik hökm sürür, dövlətimiz yüksək templə inkişaf edir, beynəlxalq əlaqələr genişlənir və vətənimiz Azərbaycan dünya ölkələri sırasın­da tutduğu layiqli mövqeyini daha da möhkəmləndirir.

                                                                       Zəfərə doğru gedən yol

Ümummilli liderin zəngin və çoxşaxəli fəaliyyətinin prioritet istiqamətlərindən birini də Azərbaycanın təhlükəsiz gələcəyinə, müstəqilliyinə və ərazi bütövlüyünə zəmanət verən ordu quruculuğu təşkil edirdi. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra ölkəmizdə bu sahədə yaran­mış tənəzzülə ulu öndərin birinci dəfə hakimiyyətə gəlişindən sonra son qoyuldu. Azərbaycanda SSRİ müdafiə sənayesinin on bir böyük zavodunun tikilməsi, bu zavodlarda o dövrün ən müasir texnologiyalarının tətbiq olun­ması Azərbaycan Respublikasının müdafiə sənayesi istehsalında keyfiyyətli məhsulların həcmini dəfələrlə artırırdı ki, bu da müstəqilliyə doğru gedən yolda vacib amillərdən idi.

 

Bununla yanaşı, milli hərbi kadrla­rın hazırlanması prosesi də vüsət aldı. Müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə ixtisaslı milli mütəxəssislərin yetişdirilməsi istiqamətində Heydər Əliyevin gördüyü böyük işlər bu müd­rik şəxsiyyətin uzaqgörənliyinin par­laq sübutu idi. Ordu qururculuğunda keyfiyyətli hərbi təhsilin formalaşdırıl­masının və ixtisaslı gənc hərbi kadrların püxtələşdirilməsinin son dərəcə strateji əhəmiyyətli məsələ olduğunu hər zaman qeyd edən ulu öndər, bu sahəni də daim diqqət mərkəzində saxlayırdı. Bu məsələnin vacibliyini nəzərə alan ümum­milli lider Heydər Əliyev hələ Sovetlər dönəmində, SSRİ-nin iflas təhlükəsi heç kimin ağılına gəlmədiyi bir vaxtda milli kadrların, xüsusilə peşəkar hərbçilərin hazırlanması istiqamətində misilsiz işlər görürdü. Belə ki, o, azərbaycanlı gənclərin hərtərəfli formalaşması üçün onların ali təhsil, o cümlədən xaricdə təhsil almalarına xüsusi önəm verməklə yüzlərlə şəxsin müxtəlif dövlətlərin ali təhsil müəssisələrində, həmçinin ali hərbi məktəblərində təhsil almaları istiqamətində əməli tədbirlər həyata keçirirdi.

Ümummilli liderin şəxsi müdaxiləsi və qayğısı ilə ötən əsrin 70-ci illərindən başlayaraq ali hərbi məktəblərə qəbul olunan gənclərin sırasında azərbaycanlıların sayı intensiv şəkildə artmağa başladı və bu sahədə də milliləşdirmə prosesi sürətləndi. Digər istiqamət isə ölkə daxilində milli təhsil müəssisələrinin təkmilləşdirilməsi və yeni təhsil ocaqlarının yaradılması idi. Bakıda hərbi məktəbin açılmasına mərkəzi hakimiyyətdən icazə almaq çox çətin olsa da, ulu öndər buna nail oldu və məhz onun əzmi sayəsində 19 iyul 1971-ci il tarixində silahlı qüvvələrin peşəkar milli hərbçi heyəti ilə komplektləşdirilməsində müstəsna əhəmiyyəti olan Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradıldı. Sözügedən hərbi məktəbin fəaliyyətə başlaması Azərbaycanda hərb sahəsinə marağın daha da güclənməsinə təkan verdi.

Böyük şəxsiyyət Heydər Əliyev növbəti dəfə Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmizdə bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da köklü islahatlar həyata keçirildi. Silah­lı qüvvələrin beynəlxalq əlaqələrinin genişləndirilməsini də hər zaman diqqətində saxlayan Ali Baş Komandan Heydər Əliyev, onu müasirləşdirmək üçün sovet hərb sistemini dəyişib, NATO standartlarını tətbiq etməyin zəruriliyini, Şimali Atlantika Alyansının isə beynəlxalq münasibətlər sistemində yeri və rolunu nəzərə alaraq, ölkəmizin NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulması barədə qətiyyətli qərar verdi və 4 may 1994-cü ildə Brüsseldə təşkilatın çərçivə sazişini imzaladı. Bundan sonra, digər ölkələrin qanunvericiliyindən və təcrübəsindən bəhrələnilməklə, eləcə də hərb tariximizə əsaslanılmaqla mükəmməl hərbi qanunvericilik bazası yaradılması prosesi başladı, həyata keçirilən mühüm tədbirlər sayəsində çağırış və səfərbərlik işi də xeyli təkmilləşdirildi, həmçinin hərbi hissələrdə intizam möhkəmləndi və qanunun aliliyi prinsipi bərqərar oldu. Bununla da, görülən işlər qısa zaman­da öz bəhrəsini verdi və Azərbaycanın qüdrətli ordusu formalaşmağa başladı.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və onun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla davam etdirdiyi ordu quruculuğu sahəsində həyata keçirilən köklü islahatların və kompleks tədbirlərin nəticəsi olaraq silahlı qüvvələrimizin maddi-texniki bazası möhkəmləndirildi, arsenalı ən müasir silah-sursat və hərbi texnika ilə zənginləşdirildi, hərbi qulluqçuların nəzəri və peşə bilikləri, mənəvi-psixoloji hazırlığı artırıldı, bir sözlə müasir tələblərə tam cavab verən, istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir və işğal altında­kı torpaqlarımızı azad etməyə hər an hazır olan Azərbaycan Silahlı Qüvvələri formalaşdı.

Təsadüfi deyildir ki, “Global Fi­repower” təşkilatının dünya ölkələri ordularının gücü ilə bağlı müxtəlif illərdə hazırladığı hesabatlarda da Azərbaycan Ordusunun Cənubi Qaf­qazın ən güclü ordusu olması qeyd edilirdi. Hərbi qulluqçuların xidmət şəraitinin müasirləşdirilməsi, əsgərlərin məişət işlərindən azad edilməsi, yüksək tələblərə cavab verən əsgər yataqxa­nalarının istifadəyə verilməsi, hər cür infrastrukturu olan hərbi şəhərciklərin tikilməsi, hərbi qulluqçuların sosial məsələlərinin həlli, əmək haqlarının davamlı olaraq artırılması, verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi, həmçinin onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət problemlərinin həlli də bir daha sübut edirdi ki, həyatını Vətəni müdafiə etmək kimi şərəfli peşəyə həsr edən hərbi qulluqçular hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar.

Bütün bunlar silahlı qüvvələrdə nizam-intizamı daha da möhkəmləndirir, hərbçilərin döyüş ruhunu və qabiliyyətini artırır, əzmini yüksəldirdi ki, bu da Vətən müharibəsindəki qələbəmizi şərtləndirdi.

                                                                       Möhtəşəm qələbə

Məlum olduğu kimi, 27 sentyabr 2020-ci il tarixdə səhər saatlarında Ermənistan silahlı qüvvələrinin növbəti dəfə təxribat törədərək genişmiqyaslı şəkildə cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması ordumuzu mənfur düşmənin layiqli cavabını verməyə vadar etdiyindən Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatları həyata keçirdi və bununla da İkinci Qarabağ müharibəsi başladı. Böyükdən kiçiyə hər kəs Vətən müharibəsinin qələbə ilə başa çatmasını qarşıya məqsəd qoydu. Dövlət başçısı cənab İlham Əliyevə olan sonsuz inam xalqı öz liderinin ətrafında daha da sıx birləşdirdi. Ali Baş Komandanın rəhbərliyi ilə silahlı qüvvələrimiz tərəfindən işğal altında olan ərazilərimizin bir birinin ardınca qısa zamanda erməni qəsbkarlarından təmizlənməsi düşmənin zəbt etdiyi tarixi torpaqlarımızın tezliklə tam azad ediləcəyindən və ərazi bütövlüyümüzün bərpa olunacağından xəbər verirdi ki, bu da xalqın mübarizə əzmini, o cümlədən orduda olan ruh yüksəkliyini daha da artırırdı.

Xalqımız tam əmin idi ki, möhtərəm Prezidentimizin rəhbərliyi ilə işğal altında olan tarixi torpaqlarımız tezliklə azad edilməklə, doğma yurdumuzun hər bir guşəsində Azərbaycan bayrağı dalğalanacaqdır və bu belə də oldu. Elə ilk günlərdən düşmənə sarsıdıcı zərbələr vuran qəhrəman övladların ardıcıl zəfərlər qazanmaqla kəndlərimizi, qəsəbələrimizi, yaşayış məntəqələrimizi, eləcə də şəhərlərimizi, o cümlədən 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabr­da Qubadlı və nəhayət 8 noyabrda Şuşa şəhərini işğaldan azad etməsi Ermənistanı sülhə sövq etdi və bu düşmənin kapitulyasiya aktını imzalama­sı ilə nəticələndi. Ardınca 20 noyabrda Ağdam, 25 noyabrda Kəlbəcər və 1 dekabrda Laçın işğaldan azad olundu.

Bununla da, haqq mübarizəsi hərbi-siyasi qələbəmizlə başa çatdı və ədalət bərpa edildi. Təbii ki, bütün bunlar müzəffər Ali Baş Komandanın mükəmməl siyasətinin və sarsılmaz qətiyyətinin, dövlətimizin qüdrətinin, silahlı qüvvələrimizin gücünün, hərbi qulluqçularımızın qəhrəmanlığının və xalqımızın mübarizliyinin sıx vəhdətinin nəticəsində mümkün olmuşdur. Qazan­dığımız tarixi zəfər millətimizin ruhunu dəyişdi, vüqarını və qürurunu daha da artırdı, alnını açıq, üzünü ağ, başını uca etdi, milli məğrurluğumuzu daha da möhkəmləndirdi. Fürsətdən istifadə edib, uca Allahdan bütün şəhidlərimizə rəhmət, yaralılarımıza isə şəfa diləyirəm.

Qürurvericidir ki, Ermənistanın növbəti təxribatlarının qarşısını almaq və düşməni sülhə məcbur etmək məqsədi ilə gedən 44 günlük müharibədə müd­rik və qətiyyətli Ali Baş Komandanın rəhbərliyi ilə qüdrətli Azərbaycan Silahlı Qüvvələrinin hərbçilərinin şücaəti hərb tariximizin qəhrəmanlıq salnaməsini yaratmağa müvəffəq oldu. Təsadüfi deyil ki, NATO, eləcə də ABŞ, Bö­yük Britaniya, Almaniya, Ukrayna və digər ölkələrin hərbçiləri Azərbaycanın Vətən müharibəsi təcrübəsindən bəhrələnmək, bununla əlaqədar öz ordu­larında müəyyən dəyişikliklər aparmaq fikirlərində olduqlarını açıq etiraf etdilər.

Məsləkdaş dəstəyi

Ulu öndər Heydər Əliyevin layiq­li siyasi varisi cənab İlham Əliyevin prezidentlik dövrü Azərbaycanın daha da qüdrətlənməsi, xalqın rifahının hərtərəfli yaxşılaşdırılması, eləcə də ardıcıl uğurları ilə səciyyələnmiş və bu müsbət tendensiya yüksələn xətlə davam etməkdədir. Bütün bunları şərtləndirən isə ümummilli lider Heydər Əliyevin mükəmməl və uzaqgörən siyasəti, bu siyasəti dövrün tələbləri ilə uzlaşdıraraq yüksək məharətlə davam etdirən möhtərəm Prezident cənab İlham Əliyevin dühası, onun etibarlı məsləkdaşı Mehriban xanım Əliyevanın dəstəyi və millətimizin müdrikliyi, eləcə də sarsılmaz xalq-iqtidar birliyidir.

Vurğulanmalıdır ki, ölkəmizin tərəqqisində və əldə olunan uğurlar­da, eləcə də dövlətimizin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində, milli-mənəvi dəyərlərimizin və mədəniyyətimizin bütün dünyaya tanıdılmasında yüksək erudisiya­ya, dərin düşüncəyə və mükəmməl idarəçilik qabiliyyətinə malik nəcib insanın – Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın zəngin və yorulmaz fəaliyyəti mühüm əhəmiyyət kəsb etməkdədir. Onun Respublikamızda təhsilin, elmin, səhiyyənin, mədəniyyətin, idmanın və digər sahələrin inkişafında xidmətləri, milli-mənəvi dəyərlərin qorunması və beynəlxalq səviyyədə geniş təbliği istiqamətində gördüyü böyük işlər dövlətimizin daha da qüdrətlənməsinə və xalqın rifahının hərtərəfli yaxşılaşdırıl­masına töhfələr verməkdədir.

Qeyd olunanlar, eləcə də sadəliyi, təvazökarlığı, səmimiliyi, vətəninə və xal­qına bağlılığı, bütün məsələlərə ədalətli yanaşması, cəmiyyətdə mənəvi aşınma yaradan, eləcə də saf və ali dəyərləri ucuzlaşdıran mənfi meyllərə qarşı barışmaz mövqe tutması, insanlığın təntənəsinə xidmət edən təşəbbüsləri və saysız-hesabsız xeyirxah əməlləri Mehriban xanıma sonsuz xalq məhəbbəti qazandırmışdır. Onun bəşər mədəniyyətinin inkişafı istiqamətindəki səriştəli fəaliyyəti, dövlətlərarası dialoq prosesinə verdiyi töhfələr və dünyanın müxtəlif yerlərində həyata keçirdiyi humanitar tədbirlər isə Birinci xanıma Azərbaycan xalqının sevgisi ilə bərabər, bir sıra xarici ölkə vətəndaşlarının da rəğbətini qazandırmışdır. Fərəhləndiricidir ki, Mehriban xanımın xüsusən də Şərqlə Qərb arasında mədəni dialoqa nail olmaq, fərqli sivili­zasiyaları ümumbəşəri maraqlar naminə bir araya gətirmək, dini tolerantlığı, multikulturalizmi gücləndirmək, gender bərabərliyini təmin etmək istiqamətindəki fədakar fəaliyyəti beynəlxalq səviyyədə təqdir olunur. Təsadüfi deyil ki, şöhrəti respublikamızın hüdudlarından kənara çıxan Birinci vitse-prezidentin gördüyü böyük işlərin sədası dünyanın ən nüfuzlu kütləvi informasiya vasitələrindən gəlir və onun səmərəli fəaliyyəti digər ölkələr tərəfindən də ali dövlət mükafatları verilməklə yüksək qiymətləndirilir.

Xüsusi vurğulanmalıdır ki, Azərbaycan Respublikasının Prezi­denti cənab İlham Əliyevlə birlikdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələri, müharibə əlilləri və veteranları ilə mütəmadi olaraq görüşmələri, onların qayğıları ilə maraqlanmaları, problemlərini həll etmələri vətən uğrunda, xalq yolunda öz qanını və canını əsirgəməyən, bu yolda xidmətləri olan insanlara qarşı yüksək diqqətin təcəssümü olmaqla bərabər, həmçinin hərbi qulluqçularımızda ruh yüksəkliyi yaradaraq döyüş əzmini artırırdı ki, bu da haqq mübarizəsində qələbəmizə böyük töhfə oldu. Aprel döyüşlərində yaralanan və yüksək tex­nologiyalı protezlərlə təmin edilmiş hərbi qulluqçularla 03 aprel 2019-cu il tarixdə keçirilən görüşdə Mehriban xanım Əliyeva onlara “qardaşlarım” deyərək müraciət etməklə söyləmişdir: “...Belə xalqla, belə əsgərlərlə biz Qarabağı mütləq qaytaracağıq...”. Bəli, bu, belə də oldu.

Qeyd etmək zəruridir ki, cənab Prezidentin ən sadiq silahdaşı Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyəti Vətən müharibəsi zamanı da diqqəti cəlb etmişdir. Birinci vitse-prezident ölkəmizin ədalətli mübarizəsi barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün vətənpərvər çağırışları ilə hər bir azərbaycanlını informasiya platformala­rında mübarizəyə səfərbər etməyi uğurla bacardı. Cəbhədə döyüşən qəhrəman hərbçilərimizə, eləcə də yaralılarımıza hərtərəfli dəstəyi və duaları ilə yardımçı olan, şəhidlərimizin əzizlərinin ağrı-acı­sına şərik çıxaraq bir ana, bir bacı, bir övlad kimi doğma və qayğılı münasibəti ilə onları ovunduran, hər bir məqamda dövlət başçısının yanında olan Mehriban xanım xalqımıza və ölkə rəhbərinə bö­yük dəstək verdi.

Möhtəşəm tarixi qələbədən sonra müzəffər Ali Baş Komandanın və birinci xanımın işğaldan azad olunmuş torpaq­larımızda sevinc və qürur dolu davra­nışları, səmimi paylaşımları xalqımız tərəfindən böyük maraq və fərəhlə qarşı­lanmaqla hər birimizdə sözlə ifadə oluna bilməyən iftixar hissləri yaradır.

Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş hərbçilərimizə, qətlə yetirilən mülki vətəndaşlarımıza və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə keçirilmiş yürüş hər kəsi duyğulandırmaqla bərabər qəlblərdə unudulmaz izlər buraxdı.

Mehriban xanım Əliyevanın Vətənin və xalqın taleyində bundan sonra da misilsiz rol oynayacağına, ölkənin sürətli və davamlı inkişafına, dövlət başçısının rəhbərliyi ilə respublikamızda həyata keçirilən hərtərəfli islahatlara, görülən nəhəng işlərə böyük dəstək verəcəyinə hər kəs əmindir. Bu əminliyi yaradan başlıca amil isə vətənpərvər insanın hər zaman azərbaycançılıq məfkurəsinin inkişaf etdirilməsi, ölkəmizin davamlı tərəqqisi üçün yeni yollar axtarışında olması, xalqa və dövlətçiliyə xidmətin onun həyat amalının qayəsini təşkil etməsidir.

Gülüstana çevrilən Vətən

Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətini yeni müstəvidə yüksək məharətlə davam etdirən möhtərəm Prezident cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi uğurlu 19 il hərtərəfli köklü islahatların həyata keçirilməsi, dövlətimiz üçün strateji əhəmiyyət kəsb edən inkişaf proqram­larının hazırlanaraq işlək mexanizmlər əsasında müvəffəqiyyətlə icra edilməsi və bütün sahələrdə tərəqqi prosesinin vüsət alması ilə səciyyələnmişdir. Qeyd olunan dövr ərzində dərinləşən islahat­lar fonunda Azərbaycan sürətli inkişaf tempini qoruyub saxlamış, iqtisadiyyatını uğurla şaxələndirmiş, regional və qlobal məsələlərdə sabitləşdirici faktor kimi çıxış etmişdir. Neft strategiyasının milli mənafelərə uyğun davam etdirilməsi, eyni zamanda qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin artırılması, regionların davamlı inkişafı, yeni istehsal müəssisələrinin açılması, əhalinin sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi ötən müddətdə dövlət başçısının iqtisadi siyasətinin əsasını təşkil etmişdir.

Müdrik liderin yürütdüyü siyasətin mükəmməlliyi, obyektiv gerçəkliyə adekvatlığı, milli maraqları əks etdirməsi, qayəsinin insan amili olması və nəticədə qazanılan hərtərəfli uğurlar hər bir Azərbaycan vətəndaşını fərəhləndirir, qürurlandırır, onda daha firavan gələcəyə böyük inam və əminlik yaradır ki, bununla da cənab Prezidentə olan sonsuz xalq sevgisi dərinləşir.

Bu gün respublikamızın digər bölgələri ilə bərabər, işğaldan azad edilmiş vaxtilə ermənilər tərəfindən viran qoyulmuş kənd və şəhərlərimizdə sürətli abadılıq-quruculuq işləri aparılır və həyata keçirilən siyasətin prioritet istiqamətlərindən olan bu proses dövlət başçısının şəxsi nəzarəti ilə uğurla reallaşdırılır ki, bunun da nəticəsində Vətənin hər bir guşəsi gülüstana çevrilir. Möhtərəm cənab Prezident artıq bir neçə dəfə Birinci vitse-prezidentlə birlikdə iş­ğaldan azad olunmuş tarixi ərazilərimizə səfər edərək, yenidənqurma işləri ilə şəxsən tanış olmuş, bununla əlaqədar öz dəyərli məsləhətlərini vermiş və bir neçə müxtəlif infrastruktur layihələrinin təməlqoyma və açılış mərasimlərini keçirmişdir. Təkcə ötən il 7-si Şuşa­ya olmaqla, 32, o cümlədən dekabrın 24-də, məhz doğum günündə Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Şuşa şəhərinə olan səfər dövlət başçısının, eləcə də birinci xanımın və onların övladlarının Vətənə, yurda, torpağa və xalqa bağlılığının təcəssümüdür.

Ölkə rəhbərinin Şuşaya növbəti səfəri zamanı, 22 aprel 2022-ci il tarixində Azərbaycanın mədəniyyət paytaxtında keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı isə hər bir azərbaycanlını sevindirməklə bərabər, millətin özünəgüvənliyini daha da artırdı. Yeri gəlmişkən, ulu öndər Heydər Əliyevin 23 may 2001-ci il tarixli Sərəncamına əsasən, həmin ilin 9-10 noyabrnda keçirilmiş Dünya Azərbaycanlılarının I Qurultayında çıxış edən ulu öndər demişdir: “...İşğal olunmuş torpaqlar azad ediləcək və Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır...”.

Hazırda geniş tikinti-quruculuq meydanına çevrilən Qarabağ və Şərqi Zəngəzurda dövlət başçısının tapşırıqları və tövsiyələri əsasında “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarının reallaşdı­rılması, bütün infrastrukturların yenidən qurulması, avtomobil və dəmir yollarının, elektrik, su və qaz xətlərinin çəkilməsi, hava limanlarının, tunellərin, körpülərin, müasir yaşayış komplekslərinin, məktəblərin, xəstəxanaların, su-elektrik stansiyalarının tikilməsi, eyni zamanda Mehriban xanım Əliyevanın təşəbbüsü ilə rəhbəri olduğu və ulu öndərin xeyir­xah ideyalarını layiqincə davam etdirən Heydər Əliyev Fondu tərəfindən tarixi-mədəni və dini abidələrimizin bərpa edilməsi prosesi uğurla davam etdirilir ki, bu da dünya iqtisadiyyatında böyük problemlərin yarandığı bir dövrdə res­publikamızın qüdrətini və iqtisadi gücünü sübut edən növbəti bariz nümunədir. Bütün bunlar düşmən tapdağından azad edilmiş dədə-baba torpaqlarımızda yeni tarixi mərhələnin, mütərəqqi bir dövrün başlanmasını müjdələyərək, bölgə üçün yeni imkanlar və perspektivlər vəd edir.

Bütün bunlardan göründüyü kimi, hələ sağlığında canlı əfsanəyə çevril­miş dünya şöhrətli siyasətçi, nəhəng dövlət xadimi Heydər Əliyevin mütərəqqi ideyaları onları hər zaman fəaliyyətində rəhbər tutan möhtərəm Prezident cənab İlham Əliyevin yürütdüyü mükəmməl siyasətdə yaşayır və dövrün tələblərinə uyğun uğurla həyata keçirilir ki, bu da Azərbaycanın daha da qüdrətlənməsini və xalqın rifahının hərtərəfli yaxşılaşma­sını şərtləndirir.

Bu gün cənab Prezidentə ünvanlanan minnətdarlıq məktublarının ardı-arasının kəsilməməsi, Mehriban xanımın saysız-hesabsız xeyirxah təşəbbüslərinə görə insanların məmnunluq hissləri ilə dolu təşşəkkürlərini ifadə edən müraciətlərinin səngiməməsi ölkədə zamanla uz­laşdırılaraq uğurla həyata keçirilən Heydər Əliyev siyasətinin qədirbilən xalq tərəfindən dəyərləndirilməsinin və dəstəklənilməsinin təcəssümü, ulu öndərə, eləcə də dövlət başçısına və Birinci vitse-prezidentə olan misilsiz xalq məhəbbətinin təzahürüdür.

Bunlar isə qəti əminliklə onu deməyə əsas verir ki, nə qədər Azərbaycan dövləti və milləti varsa dünya miqyaslı böyük tarixi şəxsiyyət Heydər Əliyevin parlaq siması qədirbilən insanların qəlbində hər zaman yaşayacaq, onun əziz və unudulmaz xatirəsi həmişə yüksək ehtiramla anılacaqdır.