İctimai münasibətlərdə birbaşa dialoq prizması

Ictimai munasibetlerde birbasa dialoq prizmasi

Azərbaycanın dövlət başçısı öz fəaliyyətində vətəndaşlarla birbaşa dialoqlara daim üstünlük verir. Prezidentin ayrı-ayrı tədbirlərdə, rayonlara səfərləri zamanı ictimaiyyət nümayəndələri ilə canlı ünsiyyətə girməsinin, bu və ya digər məsələlər barəsində məhz ilkin mənbədən məlumat almasının dəfələrlə şahidi olmuşuq. Bu, ictimai münasibətlərin daha məqsədəuyğun və səmimi forması, yeni davranış tərzi kimi gözəl bir ənənəyə çevrilməkdədir.

Cənab İlham Əliyevin ölkəyə rəhbərlik və idarəetmə bacarığından bəhs edilən mənbələrdə “kreativ” sözünə çox rast gəlirik. Kökü latın dilinə gedib çıxan bu sözün ilkin mənası “yaratmaq”, “ərsəyə gətirmək”dir. Onu ədəbi leksikona ingilis şair Cefri Çouser gətirərək, “ilahi yaradıcılıq” (divine creati­on) mənasında işlədib. Avropada maarifçi­lik hərəkatında, riyaziyyatçı alimlərin yeni nəzəriyyə axtarışlarında, digər kontekstlərdə “kreativ yanaşma” söz birləşməsi geniş yer alır. Kreativlik ideyaların mərhələli prose­sini ehtiva edir: diqqətin problem üzərində cəmlənməsi, onun miqyasının müəyyən edilməsi, həll yolunun tapılmasına daxili inam və sair bu ardıcıllığa aiddir. Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyətində hər bir situa­siyaya yeni baxış bucağından nəzər yetirmək üsulu da məhz onun özünəxas dəstxəti kimi qələmə verilir. Dövlət başçımızın hər za­man yüksək faydalı iş əmsalı naminə yeni təfəkkür, yaradıcı ruh, orijinallıq və qeyri-adi ustalıq məziyyətlərini sərgiləməsi analitiklərin diqqətindən yayınmır.

 Ötən ilin aprelində ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransı xatırlayaq. Toplantının iştirakçıları ilə Prezident İlham Əliyevin “sual-cavab” formatında görüşü həm onların, həm də dünyada bu görüşü birbaşa efirdə, sonra isə lent yazısında diqqətlə izləyən geniş auditoriyanın yaxşı yadındadır.Tanınmış xarici ekspertlərlə canlı və əyani ünsiyyətə girən, onların geniş spektrli müxtəlif suallarını dolğun şəkildə cavablandıran dövlət başçımızın görüşü üç saatdan artıq davam etmişdi. Diqqətə layiq olan yeni elementlərdən biri dəyişmiş şəraitdə ATƏT-in Minsk qrupunun gələcək rolu barədə müzakirə olmuşdu. Altınbaş Universitetinin rektoru, professor Çağrı Erhanın bu barədə sualına cavabın­da cənab İlham Əliyev demişdi ki, ATƏT-in Minsk qrupu həmsədrlərindən letargiya yuxusundan ayılmağı, diplomatik şəkildə düşünməyi və kreativlik göstərməyi xahiş etmişəm...

Görünən budur ki, yalnız özünə güvənən güclü rəhbər cəmiyyətlə birbaşa dialoqa rəvac verə bilər və ictimaiyyətin keyfiyyət dəyişikliyini, irəliləyişi əngəlləyən reqressiv köhnə mirasdan imtina edə bilər. Prezident İlham Əliyev məhz belə rəhbərdir. Onun bir neçə gün öncə Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş forumda gənclərlə görü­şü dövlət və cəmiyyətin yeni qarşılıqlı münasibətlər sistemini bir daha ortaya qoydu. Azərbaycan liderinin yeni obrazı, onun parlaq, cəsarətli, məna strukturu ba­xımından proqram xarakterli çıxışı, hər bir cəmiyyətdə nihilist mədəniyyət daşıyıcısı kimi tanınan gənclərlə bərabər səviyyəli və birbaşa dialoqu məhdudlaşdırıcı paterna­list dövlət davranışlarının qanunauyğun demontajının təsdiqi oldu. Elə bunun özü cəmiyyətlə birbaşa dialoqda ifadəsini tapan demokratik yenilənmə faktorudur.

Bəli, bu gün hakimiyyət və ölkənin bi­rinci şəxsi adi vətəndaş üçün əlçatan olub. Onlar bir-biri ilə çox yaxın məsafədədirlər. Cənab İlham Əliyev dövlətin, hakimiyyətin və ölkədəki siyasi rejimin keyfiyyətcə trans­formasiya olunmasını sona çatdırmaq­dadır. Azərbaycanda siyasi hakimiyyətin idarəetmə vasitəsi və metodları dəyişir. Postsovet məkanında ilk dəfədir ki, hakimiyyət piramidasının zirvəsində qərar tutan və əsas söz sahibi olan siyasətçinin özü icra strukturunun təkmilləşməsini təklif edir. Dövlətimizin başçısı özü cəmiyyətə yeni idarəetmə modeli təqdim edir. Mahiyyət etibarı ilə bu, zamanın tələbidir, baxmayaraq ki, əvvəlki konseptual model Azərbaycana sırınmağı nəzərdə tutlan “na­rıncı inqilab” baxımından zəruri və obyektiv xarakter daşıyırdı. Rəngarəng inqilabların ölkələrin həyatını necə pozduğunu elə bir tək qonşumuz Ermənistanın timsalında aydın şəkildə görürük. Hər şey zamana bağlıdır və indi ölkəmizdə daha geniş de­mokratik mühitin formalaşması prosesləri daha rəvan gedir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin görüş zamanı gənclərə dediyi sözlər belə cağdaş davranış üçün fəaliyyət proqramıdır. Ölkə rəhbəri deyib ki, Azərbaycan dəyərləri bizim üçün əsas prinsipdir və gənc nəsil də bu ruhda – milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalı, mənfi xarici təsirlərdən uzaq olmalıdır. Buna nail olmaq üçün tərbiyə işləri davamlı aparılmalıdır. Savad, bilik vacibdir, eyni zamanda, gənclərimiz milli mədəniyyətimizə bağlı olmalıdırlar. Bizim milli dəyərlərimizi dərk etməli, yaşatma­lıdırlar və bu istiqamətdə çox ciddi iş aparılmalıdır. Çünki dünyada qloballaşma adı altında müəyyən proseslər gedir və bəzi hallarda xarici dairələr gəncləri özləri üçün hədəf seçirlər. Yəni, onları aldatma­ğa, yoldan sapdırmağa çalışırlar. Əlbəttə, bunun qarşısı alınmalıdır.

Cənab İlham Əliyevin səyləri sayəsində totalitar-partokrat düşüncə konsepsiyasın­dan imtina edilib. Vətəndaş institutlarına meydan verilib, onların azadlıqları hərtərəfli təmin olunub. Milli Məclisdə tənqidi düşüncəli şəxslərə də yetərli qədər mandat verilib. Ölkədə söz, fikir, mətbuat azadlığı xeyli genişlənib, əhalinin 80 faizdən çoxu internetə çıxa bilir. Gənclərlə görüşdən də gördük ki, dördüncü sənaye inqilabı ərəfəsində ölkə rəhbəri cəmiyyətə dövlət idarəetməsinin yeni prinsip və qaydalarını necə ürəklə təklif edir. Çünki ölkəmizdə artıq gənc meritokratik elita – bilik və bacarıqlara əsaslanan idarə üsulunun da­şıyıcıları pərvəriş tapır. Bu idarə üsulunda hakimiyyətin şəxsi bacarıqları, modern düşüncələri olan şəxslərə etibar olunma­sı reallaşdırılır. Mikayıl Cabbarov, Emin Əmrullayev, Sahil Babayev, Ceyhun Bayra­mov, Fərid Qayıbov kimi kadrların yüksək vəzifələrə təyin edilmələri buna misal ola bilər. Azərbaycanda hakimiyyət sisteminin horizontallaşması, dövlət idarəetməsində köklü islahatlar aparılması siyasəti özünü hərtərəfli doğruldur.

Postsovet məkanında İlham Əliyev kimi ikinci elə bir siyasətçi yoxdur ki, dünya siyasəti konyukturasını bu cür sistemli şəkildə təhlil eləyib incəliklə duya bilsin. Siyasi sentimentalizmdən uzaq olan dövlət başçımız əsl praqmatik və realistdir. Dün­yada güc nəhəngi deyil, müqayisədə kiçik sayılan bir dövlətdə qlobal təhlükəsizlik sistemində sabitliyə nail olmanın han­sı çətinliklərə məruz qala biləcəyini dahiyanə şəkildə dərk edir. Buna görə də antimilli qrupların, eləcə də potensial “beşinci kolon”un qol-qanad açmasına imkan vermir. Bəllidir ki, onlar qətiyyən təəssübkeş deyillər, məhz Şimalın və ya Cənubun, Qərbin və ya Şərqin, eyni za­manda, dini və ya irqi təmayüllərin ideoloji ekspansionizminə qulluq edirlər.

Gənclərlə görüşündə də cənab İlham Əliyev gizlətmədi ki, dünya dəyişir, həyəcan yaradan müəyyən reallıqlar yox deyil. Açıq və ya gizli şəkildə Azərbaycanı çətin müşküllər girdabına salmaq cəhdləri də bunun tərkib hissəsidir. Odur ki, daim ayıq-sayıq olmaq, kənar müdaxilələrdən, potensial təhlükələrdən qorunmaq lazımdır.

Elə bu açıq mükalimələri ifadə etdiyinə, gənclərə etimad və inam bəslədiyinə görədir ki, Azərbaycan Prezidenti cəmiyyətimizin bütün təbəqələrinin monolit birliyinə nail ola bilib. Məhz bu möhkəm təməl sayəsində inişilin payızında realla­şan 44 günlük zəfər yürüşü tariximizin par­laq səhifəsinə dönmüşdür. Yeri gəlmişkən, dövlətimizin başçısı gənclərlə görüşündə bu barədə də sualları cavablandıraraq, böyük qələbədə gənclərimizin misilsiz rolunu, şəhidlərimizin qəhrəmanlığını çox yüksək qiymətləndirib: “Əlbəttə ki, İkinci Qarabağ müharibəsindəki parlaq tarixi qələbəmiz gənclərin tərbiyə işində əsas rol oynamalıdır. 44 günlük Vətən müharibəsinin hər günü bizim üçün əzizdir, doğmadır. Vətən uğrunda öz canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bizim üçün doğmadır, bizim üçün müqəddəsdir və gənclər bu nümunələr əsasında tərbiyə almalıdırlar. Bizim gənclər artıq müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər. Bunun çox böyük mənəvi və psixoloji mənası var”.

Bu gün İlham Əliyevi Cənubi Qafqazda tarixi proseslərin əsas ssenaristi adlan­dıranlar yanılmırlar. Həqiqət budur ki, möhtərəm Prezidentimiz yeri gələndə tarixi qanunauyğunluqların əksinə getməyi baca­ran, özü tarix yazan dahi şəxsiyyət, inkişaf tendensiyalarını görüb hiss edən parlaq strateq kimi tanınır. Gənclərlə görüşdə açıq etiraf etdi ki, imkanlı Qərb plutokratlarının bir qismi yenə də Qafqazda aranı qatmaq, iqtisadi və siyasi kataklizmlər yaratmaq həvəsindədir. Konkret olaraq bildirdi ki, inkişaf və sülh tərəfdarı olan geopolitik rəqiblərini məhv etmək istəyi məhz qlo­ballaşma adı ilə manipulyasiya edən Corc Soros Fondu kimi təşkilatlara xas cəhətdir. Onlar heç vaxt öz yerlərində sakit oturmur­lar.

Cənab İlham Əliyev gənclərə anlatdı ki, onların yaxından iştirakı ilə Azərbaycanda bundan da güclü dövlət yaradılmalı, tale­yüklü problemlər durmadan həllini tapma­lıdır. Qarabağın uca zirvələrinə üçrəngli bayrağımızı sancan, mədəniyyət beşiyimiz Şuşanı yalın əllə alan gənclərimiz saba­hımızın şəriksiz sahibləri olmağa layiq və qadirdirlər.

Hazırda ölkəmizdə gənclər siyasəti yeni aspektdə reallaşır. Prezident İlham Əliyev özünün bütün qərarları ilə ümum­milli liderimiz, unudulmaz dahi şəxsiyyət Heydər Əliyevin gənclər siyasətinə sadiq­liyini sübuta yetirir. Dövlətimizin başçısı gəncləri əsl aparıcı qüvvəyə çevirmək və onların cari qayğılarının həllini təmin etmək məqsədilə bütün zəruri addımları atır.

Elə gənclərin nümayəndələri ilə birbaşa dialoqa girməsi və onların bütün sualları­na açıq-aydın cavablar verməsi də dövlət başçımızın ölkənin daha işıqlı gələcəyinin təmin edilməsinə növbəti uğurlu cəhdi olmaq baxımından yüksək dəyərləndirilir.