İqtisadi tərəqqi sosial rifahın mühüm amilidir

Iqtisadi tereqqi sosial rifahin muhum amilidir

Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən inkişaf strategiyası bu gün uğurlu nəticələri ilə diqqət çəkir. Əldə olunan nailiyyətlər Azərbaycan iqtisadiyyatının müasirləşməsini təmin etməklə onun beynəlxalq siyasi-iqtisadi nüfuzunu daha da artırır, iqtisadi qüdrətini davamlı şəkildə yüksəldən ölkəmiz dünya miqyasında kreditor mövqelərini getdikcə gücləndirir. Azərbaycanın ötən bir ildə maliyyə imkanlarını genişləndirməsi, bununla da sosial-mədəni layihələrin həyata keçirilməsinə, humanitar yardımların göstərilməsinə nail olması bunun bariz ifadəsidir.

Prezident İlham Əliyev son illərdə sosial-iqtisadi çağırışları nəzərə alaraq ölkədə islahatları da sürətləndirib. Bu islahatlar məzmununa görə məqsədyönlü və konkret strateji hədəfə doğru hesablanıb. Genişmiqyaslı islahatlar respublikada yüksək dayanıqlı və inklüziv iqtisadi artımın təmin edilməsi, iqtisadiyyatın daha da şaxələnməsi, özəl investisiyaların və təşəbbüslərin yüksək səviyyədə təşviqi üçün əlverişli zəmin yaradıb.

Ötən il reallaşdırılan struktur-institusional islahatlar keyfiyyətcə yeni sosial-iqtisadi artım modelinə keçidi şərtləndirib və əsas vəzifəni – Azərbaycan vətəndaşlarının rifahının daha da yaxşılaşdırılmasını gerçəkləşdirib.

Şübhəsiz ki, islahatlar bundan sonra da davam etdiriləcək və ölkəmizin iqtisadi qüdrətini daha da gücləndirəcək və onun beynəlxalq aləmdə nüfuzunu daha da artıracaq.

Ötən il ölkəmizdə kənd təsərrüfatının modernləşdirilməsi, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşılması istiqamətində də mühüm uğurlar əldə edilib. Dövlətimizin başçısı tərəfindən aqrar islahatların müasir mərhələsi ilə bağlı qəbul olunan qərarlar, bu sahənin institusional, iqtisadi və texnoloji inkişaf mexanizmlərinin təkmilləşdirilməsi yönündə kompleks tədbirlərin icrası kənd təsərrüfatının keyfiyyətcə yeni inkişaf mərhələsinə keçməsini, istehsal göstəricilərinin davamlı olaraq yüksəlməsini şərtləndirib. Bu isə respublikamızda ərzaq təhlükəsizliyinin təmin olunmasına, idxaldan asılılığın azaldılmasına, eləcə də bolluq yaradılmasına və rifahın yaxşılaşdırılmasına, həmçinin aqrar sahənin ixrac potensialının artırılmasına müsbət təsir göstərib.

Hazırda ölkənin kənd təsərrüfatı aqroparkların yaradılması ilə yeni mərhələyə daxil olub. Bu müəssisələr qısa müddət ərzində aqrar sektorun, ümumilikdə ölkə iqtisadiyyatının inkişafına mühüm təsir göstərib. Respublikada aqroparkların fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində müəyyən tədbirlər həyata keçirilib, vergi güzəştləri, subsidiya və güzəştli kreditlərin verilməsi, lizinq əsasında ayrılan texnika və avadanlıqlara görə güzəştlərin tətbiq olunması sahənin tərəqqisini stimullaşdırıb.

Aqroparklar torpaq sahələrindən səmərəli istifadə, məhsuldarlığın yüksəldilməsi, yeni istehsal və emal sahələrinin yaradılması, müasir suvarma sistemlərinin tətbiqi üçün innovativ və əlverişli mexanizmdir. Bu baxımdan həmin müəssisələrin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində rolu getdikcə gücləndirilir, sahibkarlığın inkişafı, kiçik, orta və iri təsərrüfatların qarşılıqlı faydalı əməkdaşlığı üçün əlverişli platformaya çevrilməsinə xüsusi önəm verilir.

Hazırda ölkənin 32 rayonu üzrə 240 min hektar ərazidə ümumi dəyəri 2,1 milyard manat olan 51 aqroparkın yaradılması işləri davam etdirilir. Artıq 43 aqropark fəaliyyət göstərir, digərlərində isə layihələndirmə işləri aparılır. Aqroparkların təşkilinə dövlət dəstəyi göstərilir, infrastruktur təminatı yaradılır, güzəştli kreditlər verilir.

Xatırladaq ki, respublikada 23 aqroparkın yaradılmasına indiyədək İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 173 milyon manat güzəştli kredit, nazirlik tərəfindən isə 27 aqroparka 1 milyard manat dəyərində investisiya təşviqi sənədi verilib. İnvestisiya təşviqi sənədi alan 25 aqropark 32,8 milyon manat dəyərində güzəşt əldə edib.

Bütün bunlarla bərabər, indiyədək aqroparklara 1 milyard manatdan çox özəl investisiya qoyulub. Aqroparklar məşğulluq səviyyəsinin artırılmasında da mühüm rol oynayıb. Bugünə kimi, aqroparklarda ümumi olaraq 5 minədək insan daimi, 4 min 500-dən çox insan isə mövsümi işlə təmin olunub. Fəaliyyətdə olan və təşkil ediləcək aqroparklarda əlavə 4 min 300-dən çox iş yerinin yaradılması nəzərdə tutulub.

Ötən il ərzində təkcə kənd təsərrüfatında deyil, qeyri-neft sənayesinin bütün sektorlarında müsbət göstəricilər əldə edilib. Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilir ki, dövlət başçısının həyata keçirdiyi uğurlu siyasətin nəticəsində 2021-ci ildə iqtisadi artım 5,6 faiz təşkil edib, qeyri-neft sektoru 7,2 faiz, kənd təsərrüfatı 3,4 faiz, sənaye istehsalı 5,2 faiz, qeyri-neft sənaye məhsulu 18,9 faiz, nəqliyyat sektorunda yük daşınması 2,8 faiz, sərnişin daşınması 3,1 faiz, informasiya və rabitə xidmətləri 6,1 faiz, pərakəndə ticarət dövriyyəsi 3,2 faiz, ödənişli xidmətlərin həcmi 4,8 faiz artıb

Hesabat ilində əsas kapitala 16,1 milyard manat investisiya qoyulub. İstifadə edilən vəsaitin 474,9 milyon manatı və ya 72,2 faizi məhsul istehsalı sahələrinə, 125 milyon manatı (19 faizi) xidmət sahələrinə, 58,2 milyon manatı (8,8 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Bütün həyata keçirilən tədbirlərin nəticəsidir ki, son 18 ildə ölkəmiz qeyri-neft sektorunda mühüm uğurlar əldə edib. Bu müddət ərzində yüzlərlə kiçik, orta və iri sənaye müəssisələri yaradılıb. Həmin istehsal sahələrində istehsal olunan məhsulun ölkənin daxili tələbatını ödəməklə yanaşı, xarici bazarlara göndərilməsi uğurla həyata keçirilib. Dövlətin dəstəyi ilə yaradılan sənaye parkları və sənaye məhəllələrinin bu sahədə fəaliyyəti daha çox diqqət çəkib.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, ötən il sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən sahibkarlar tərəfindən istehsal olunan malların və göstərilən xidmətlərin həcmi 5,2 faiz artaraq 54,5 milyard manat təşkil edib.

Qeyri-neft sənayesində yaradılan texnoparkların əhəmiyyəti də böyükdür. Çünki onlar yüksək keyfiyyətli məhsul hazırlamaq qabiliyyətinə malikdir. Buna elmin son nailiyyətlərindən və müasir texnologiyalardan istifadə etməklə nail olunur. Bakıda, eləcə də bölgələrdə texnoparkların və sənaye məhəllələrinin qurulması istiqamətində böyük işlər görülür. Məqsəd yerli və xarici sahibkarlar üçün müxtəlif istiqamətlər üzrə yeni sənaye müəssisələrinin yaradılmasına kömək göstərməkdir.

Prezident İlham Əliyevin 21 dekabr 2011-ci il tarixli fərmanı ilə ilk dəfə Sumqayıtda Kimya Sənaye Parkı yaradılıb. Məqsəd respublikada innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli məhsul buraxmaq, onu dünya bazarına çıxarmaq, qeyri-neft sektorunun davamlı inkişafına nail olmaq, həmçinin əhalinin məşğulluğunu təmin etmək olub.

Hazırda parkın müəssisələrində istehsal edilən məhsullar ölkənin daxili tələbatını ödəməklə yanaşı, dünya bazarına da ixrac olunur. Bu da yüksək texnika və texnologiyalardan istifadə olunduğu üçün texnoparklarda rəqabətqabiliyyətli məhsul istehsalının geniş imkanlarından xəbər verir.

Ötən il sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 35-dən çox ölkəsinə ixrac edilib. Bu günlərdə Sumqayıt Kimya Sənaye Parkının daha bir rezidenti məhsul ixracına başlayıb. Sənaye zonaları ölkədə qeyri-neft sektorunun davamlı inkişafında, idxalı əvəz edən məhsulların istehsalının artırılmasında, ixracın genişlənməsində əlverişli mexanizmdir.