Müasir Azərbaycan Ordusu
Əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan qüdrətli ordumuz dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahatlar sayəsində Cənubi Qafqazın ən qüdrətli silahlı qüvvələrinə çevrilmişdir. Ordumuzun döyüşə hazırlıq səviyyəsinin daim yüksək olması, şəxsi heyətin müasir silah və texnikadan məharətlə istifadə etmək bacarığı, təlim sisteminin mütərəqqi metodlarından istifadə etməsi, hərbi təhsilin və hərb elminin günün tələbləri səviyyəsinə yüksəldilməsi Azərbaycan Ordusunun qarşısında dayanan bütün vəzifələri yerinə yetirməsinə imkan verir.
44 günlük İkinci Qarabağ müharibəsi bu həqiqəti bir daha təsdiqlədi. Müzəffər ordumuzun 30 illik işğala son qoyması həm də bütün dünyaya nümayiş etdirdi ki, silahlı qüvvələrimiz yeni nəsil silahlarla müharibə aparmaq qüdrətindədir və ordumuz bundan sonra da Azərbaycanın keşiyində dayanacaq.
Ənənəvi olaraq ordu dövlətin əsas elementlərindən biri və onun mövcudluğunun təminatı hesab olunur. Buna görə də, güclü orduya malik olmayan ölkələrin risklər qarşısında qaldığı heç kimdə şübhə doğurmur. Sabitlik və dinamik inkişafla yanaşı, müasir Azərbaycanı xarakterizə edən əsas amillərdən biri də məhz güclü ordunun yaradılmasıdır. Son illər ölkəmizin iqtisadi qüdrətinin artması sosial məsələlərin həlli, milli ordunun gücləndirilməsi üçün geniş imkanlar yaratmışdır. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin dəfələrlə artırılması sayəsində ordumuzun bütün sahələrdə potensialını ən yüksək səviyyəyə çatdırmaq mümkün olmuşdur.
Hazırda Azərbaycan Ordusu ölkə rəhbərliyinin daimi dəstəyi ilə çox yüksək inkişaf səviyyəsindədir. Bütün bu diqqət və qayğı nəticəsində Azərbaycan ordusu davamlı olaraq güclənir, şəxsi heyətin peşəkarlıq səviyyəsi yüksəlir, döyüş qüdrəti artır. Azərbaycanın sarsıdıcı qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi sayəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunması silahlı qüvvələrimizin gücünü bütün dünyaya göstərdi. Bu tarixi qələbə, ilk növbədə, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sarsılmaz iradəsi və qalib Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində əldə edilmişdir.
Əlbəttə, bu gün müasir silahlarla təzhizat dövrün tələbidir. Bu baxımdan, Azərbaycan Ordusunun müasir silah və hərbi texnika ilə təmin edilməsi yüksək səviyyədə həyata keçirilmişdir. Hazırda Azərbaycan silahlarının müəyyən hissəsini özü istehsal edir və müdafiə sənayesi məhsulları istehsalında davamlı artım müşahidə olunur. Bütün bunlar da Azərbaycan Ordusunun döyüş qabiliyyətini artırmağa təkan vermişdir. Bu prosesdə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin böyük rolu var. Ötən ilin dekabr ayında jurnalistlərə açıqlamasında Müdafiə Sənayesi naziri Mədət Quliyev bildirmişdi ki, Prezident İlham Əliyev 2050-ci ilə qədər istifadə oluna biləcək silahların üstündə işləməklə bağlı tapşırıq vermişdir. Nazirin sözlərinə görə, silah arsenalımız ən yeni, müasir silahlarla təchiz olunur. Qeyd etmək yerinə düşər ki, nazirliyin müəssisələrində aparılan elmi tədqiqat və təcrübi-konstruktor işləri nəticəsində 400-dən artıq müdafiə təyinatlı məmulatların hazırlanması işləri başa çatdırılmış və seriyalı istehsal təmin edilmişdir. Prezident İlham Əliyev 2021-ci ilin sonlarındakı çıxışında xüsusi qeyd etmişdir ki, Azərbaycan dövləti 2021-ci ildə hərbi məqsədlər üçün bir çox silah istehsalçıları ilə yeni müqavilələr bağlamışdır. Həmin silahlar yaxın müddətdə ordumuzun döyüş qüdrətini daha da artırmağa xidmət edəcək.
Əlbəttə, Azərbaycanda 2021-ci ildə də yeni silah və texnikanın alınması prosesini davam etdirmişdir. İşğaldan azad edilmiş ərazilərdə müasir hərbi infrastukturun yaradılması işi də yüksək səviyyədə aparılmışdır. Belə ki, ilk dəfə olaraq Xocavənd rayonunda Azərbaycan Ordusunun peşəkarlığının artırılması üçün istənilən hərbi vəzifəni yerinə yetirə biləcək “Komando” briqadası yaradılmışdır. Xatırladaq ki, ötən ilin dekabr ayının 24-də Prezident İlham Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfəri çərçivəsində hərbi hissənin açılışındakı çıxışında bildirmişdi ki, bu hərbi hissənin açılması çox böyük əhəmiyyət daşıyır. Çünki bu hərbi hissə işğaldan azad edilmiş ərazidə – Xocavənd rayonunda açılır və ordumuzun ixtiyarına verilir. Ölkə başçısı çıxışında Komando Briqadasının yaradılmasının Azərbaycan üçün yenilik olduğunu vurğulayaq əlavə etmişdi ki, bu briqadalar istənilən hərbi vəzifəni icra etməyə qadir olacaqlar. “Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bu briqadalarda xidmət edəcəklər. Bu, bizim ordumuzun gücünü böyük dərəcədə artıracaq. Bir daha demək istəyirəm ki, belə briqadalar çox olacaq, minlərlə hərbçimiz bu briqadalarda xidmət edəcəklər”, – deyən Prezident İlham Əliyev diqqətə çatdırmışdı ki, Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaqdır.
Mütəxəssislərin sözlərinə görə, qardaş Türkiyədə sınaqdan keçirilmiş bu qoşun növu böyük işlər görmək iqtidarındadır. Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin təcrübəsinə əsaslanan “Komando” hərbi hissələri bütün növ döyüş tapşırıqlarının icrasını hər an yerinə yetirməyə hazır olan hərbi qruplardır. Ümumiyyətlə, komandolar fiziki və nəzəri hazırlıqları yüksək olan hərbçilərdir. Onlar qısa müddət ərzində hədəfin detalları ilə birlikdə kəşfiyyatını həyata keçirərək vəziyyəti qiymətləndirib hədəfi məhv etmək bacarığına malikdirlər. Hərbi mütəxəssislər bildirirlər ki, komandolar elit hərbi hissələr sayılır. Onlar verilən istənilən tapşırığı yerinə yetirmək əzmindədirlər. Xüsusi təyinatlılarla onların fərqi elə də böyük deyil. Sadəcə, xüsusi təyinatlılar yalnız xüsusi tapşırıqları yerinə yetirirlərsə, “Komando” təyinatlı hərbi hissələr istənilən tapşırığı yerinə yetirmək hazırlığına malik olurlar. Onlar istər suda, istər quruda, bütün coğrafi şəraitlərə uyğun əməliyyatları apara bilirlər. Xüsusilə qeyd etmək lazımdır ki, İkinci Qarabağ Müharibəsində qələbənin qazanılmasında xüsusi təyinatlı dəstələr olduqca böyük rol oynamışdı.
Heç kimə sirr deyil ki, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu kosmik sənayemizin imkanlarından da yararlanmışdı. Belə ki, müharibə zamanı həyata keçirilən döyüş əməliyyatlarında müasir silahlardan - PUA-lardan, yüksək dəqiqliklə hədəfi məhvetmə vasitələrindən geniş miqyasda istifadə olunmaqla yanaşı, peyk texnologiyasının üstünlüklərindən də istifafə olunmuşdu. Artıq 11 ildir ki, Azərbaycan kosmik klubun üzvüdür və bu qısa müddət ərzində ölkəmiz kosmosa 3 peyk göndərmişdir. “Azerspace-1” və “Azerspace-2” telekommunikasiya, “Azersky” optik müşahidə peykləri ilə kosmik ölkələr sırasında özünəməxsus yerini tutmağı bacaran Azərbaycan bu peyklər vasitəsilə düşmənin hərəkətlərini onlayn formatda izləmək və onların təxribatlarının qarşısının alınmasında böyük rol oynamışdır. Məhz “Azersky”dan əldə olunan informasiyalar əsasında düşmənin hərbi obyektləri, zirehli texnikaları, hərbi anbarları darmadağın edilmişdi. İkinci Qarabağ müharibəsinin nəticələri bir daha göstərdi ki, Azərbaycan haqlı olaraq böyük sərmayətutumlu kosmik layihələrini həyata keçirmişdir. Halbuki bir çoxları belə bahalı layihələrə sərmayə yatırılmasının məqsədəuyğunluğunu şübhə altına almağa çalışırdı. Ancaq indi aydın şəkildə məlum oldu ki, 2009-cu ildə təsdiq edilən “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” milli maraqlara uyğundur. Ən əsası, kosmik sənayenin yaradılması xarici dövlətlərin peyklərindən asılılığı aradan qaldırmış və “Azerspace-1” ölkənin informasiya təhlükəsizliyinin vacib komponentinə çevrilmişdir. Eyni zamanda, 2015-ci ildən etibarən “Azersky” peyki ölkənin müdafiə və təhlükəsizliyi üçün davamlı istifadə edilir, həmçinin işğal olunmuş ərazilərimizdə törədilmiş yanğınların mütəmadi olaraq monitorinqi və dəymiş ziyanın qiymətləndirilməsi aparılır.
Bundan başqa, peyklər – yalnız rabitə deyil, həm də düşmənə qarşı hücumların hazırlanmasında və döyüş əməliyyatlarının keçirilməsində, döyüş idarəçiliyində, əməliyyat-taktiki raketlərin startlarında koordinatların, o cümlədən, hədəflərin müəyyən edilməsində vacib yardım vasitəsidir. Mübaliğəsiz demək olar ki, Azərbaycan peyklərinin silahlı qüvvələrin məqsədləri üçün istifadəsi Azərbaycan Ordusunun inkişafında yeni mərhələnin başlanğıcı deməkdir. Bu, daha təhlükəsiz rabitə, müşahidə və ya real vaxtda kəşfiyyatdan istifadə mərhələsidir. O da vacibdir ki, peyklərin həm mülki, həm də hərbi məqsədlər üçün istifadəsi onların istehsalı və istismarı xərclərini azaldır, ona görə də onların tətbiq dairəsi genişlənir. Hətta peyklərin sadə imkanları, məsələn, dəqiq hava məlumatlarının əldə edilməsi, yüksək dəqiqlikli raket komplekslərindən və dronlardan uğurla istifadə etməyə imkan verir, çünki bu, küləyin sürəti və istiqaməti, rütubət mövcudluğu və ya olmaması nəzərə alınmaqla həyata keçirilir. Beləliklə, hərbi texnologiyanın gələcəyi – ilk növbədə idarəetmə sistemləri, kəşfiyyat və rabitə – kosmosla qırılmaz şəkildə bağlıdır.
Azərbaycan yaxın bir neçə il ərzində kosmosa yeni aşağıorbitli (müşahidə) peykləri buraxa bilər. “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin İdarə heyətinin sədri Saməddin Əsədov qeyd edib ki, yeni peykin orbitə buraxılmasına hazırlıq işləri minimum üç il tələb edir: “Biz yeni optik müşahidə peyki buraxmağı planlaşdırırıq. Bu istiqamətdə artıq dövlət strukturları ilə danışıqlar aparılır. Azərbaycanda bu gün bu cür peykə ciddi tələbat var. Hesab edirəm ki, yaxın zamanlarda Azərbaycanın aşağıorbitli (müşahidə) peyki kosmosa buraxılacaq”. S.Əsədov xatırlatmışdır ki, Azərbaycanın birinci peyki 2013-cü ildə buraxılıb və onun istismar müddəti 17 il təşkil edir. İkinci telekommunikasiya peyki 2018-ci ildə buraxılıb. Bu peykin istismar müddəti isə 22 ildir: “Bizim, həm də 2014-cü ildə buraxılmış Yerin distant zondlama peykimiz var. Onun istismar müddəti 10 ildir. Bizin hesablamalarımıza görə bu peyki minimum 12 il, 2026-cı ildək istismar etmək olar. Hazırda heç bir peykimizin texniki problemləri yoxdur”.
Bir sözlə, Azərbaycan peyklərinin hərbi məqsədlər üçün istifadəsi ordumuzun sistemli şəkildə, gündən-günə keyfiyyətcə gücləndiyinin, mülki və hərbi məqsədlər üçün ən müasir texnologiyalardan istifadə etdiyini göstərən daha bir göstəricidir. Etiraf etmək lazımdır ki, son vaxtlara qədər buna inanmaq çətin idi, lakin Ali Baş Komandan, Prezident İlham Əliyevin çoxplanlı və məqsədyönlü siyasəti sayəsində Azərbaycan kosmik eraya inamla qədəm qoymuşdur və onu uğurla inkişaf etdirir. Xüsusilə də Azərbaycan hərbçilərinin peyklərdən istifadə etməsi ölkəmizin hərtərəfli tərəqqisinin göstəricisidir, Azərbaycan Ordusunun imkanlarının böyük ölçüdə artmasını əyani şəkildə nümayiş etdirir.