Müasir Azərbaycan Ordusu

Muasir Azerbaycan Ordusu

 Əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan qüdrətli ordumuz dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahatlar sayəsində Cənubi Qafqazın ən qüdrətli silahlı qüvvələrinə çevril­mişdir. Ordumuzun döyüşə hazırlıq səviyyəsinin daim yüksək olması, şəxsi heyətin müasir silah və texnikadan məharətlə istifadə etmək bacarığı, təlim sisteminin mütərəqqi metodlarından istifadə etməsi, hərbi təhsilin və hərb elminin günün tələbləri səviyyəsinə yüksəldilməsi Azərbaycan Ordusunun qarşısında dayanan bütün vəzifələri yerinə yetirməsinə imkan verir.

 44 günlük İkinci Qarabağ müharibəsi bu həqiqəti bir daha təsdiqlədi. Müzəffər ordumuzun 30 il­lik işğala son qoyması həm də bütün dünyaya nümayiş etdirdi ki, silahlı qüvvələrimiz yeni nəsil silahlarla müharibə aparmaq qüdrətindədir və ordumuz bundan sonra da Azərbaycanın keşiyində dayanacaq.

Ənənəvi olaraq ordu dövlətin əsas elementlərindən biri və onun mövcudluğunun təminatı hesab olunur. Buna görə də, güclü ordu­ya malik olmayan ölkələrin risklər qarşısında qaldığı heç kimdə şübhə doğurmur. Sabitlik və dinamik inki­şafla yanaşı, müasir Azərbaycanı xarakterizə edən əsas amillərdən biri də məhz güclü ordunun yaradıl­masıdır. Son illər ölkəmizin iqtisadi qüdrətinin artması sosial məsələlərin həlli, milli ordunun gücləndirilməsi üçün geniş imkanlar yaratmışdır. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin dəfələrlə artırıl­ması sayəsində ordumuzun bütün sahələrdə potensialını ən yüksək səviyyəyə çatdırmaq mümkün ol­muşdur.

 Hazırda Azərbaycan Ordusu ölkə rəhbərliyinin daimi dəstəyi ilə çox yüksək inkişaf səviyyəsindədir. Bütün bu diqqət və qayğı nəticəsində Azərbaycan ordusu davamlı olaraq güclənir, şəxsi heyətin peşəkarlıq səviyyəsi yüksəlir, döyüş qüdrəti artır. Azərbaycanın sarsıdıcı qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi sayəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunması silahlı qüvvələrimizin gücünü bütün dünyaya göstərdi. Bu tarixi qələbə, ilk növbədə, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sarsılmaz iradəsi və qalib Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində əldə edilmişdir.

Əlbəttə, bu gün müasir silah­larla təzhizat dövrün tələbidir. Bu baxımdan, Azərbaycan Ordusunun müasir silah və hərbi texnika ilə təmin edilməsi yüksək səviyyədə həyata ke­çirilmişdir. Hazırda Azərbaycan silah­larının müəyyən hissəsini özü istehsal edir və müdafiə sənayesi məhsulları istehsalında davamlı artım müşahidə olunur. Bütün bunlar da Azərbaycan Ordusunun döyüş qabiliyyətini artır­mağa təkan vermişdir. Bu prosesdə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin böyük rolu var. Ötən ilin dekabr ayında jurnalistlərə açıqlamasında Müdafiə Sənayesi naziri Mədət Quliyev bildirmişdi ki, Prezident İlham Əliyev 2050-ci ilə qədər istifadə oluna biləcək silahla­rın üstündə işləməklə bağlı tapşırıq vermişdir. Nazirin sözlərinə görə, silah arsenalımız ən yeni, müasir silahlar­la təchiz olunur. Qeyd etmək yerinə düşər ki, nazirliyin müəssisələrində aparılan elmi tədqiqat və təcrübi-konstruktor işləri nəticəsində 400-dən artıq müdafiə təyinatlı məmulatların hazırlanması işləri başa çatdırılmış və seriyalı istehsal təmin edilmişdir. Prezident İlham Əliyev 2021-ci ilin sonlarındakı çıxışında xüsusi qeyd etmişdir ki, Azərbaycan dövləti 2021-ci ildə hərbi məqsədlər üçün bir çox silah istehsalçıları ilə yeni müqavilələr bağlamışdır. Həmin silahlar yaxın müddətdə ordumuzun döyüş qüdrətini daha da artırmağa xidmət edəcək.

Əlbəttə, Azərbaycanda 2021-ci ildə də yeni silah və texnikanın alınması prosesini davam etdirmiş­dir. İşğaldan azad edilmiş ərazilərdə müasir hərbi infrastukturun yara­dılması işi də yüksək səviyyədə aparılmışdır. Belə ki, ilk dəfə olaraq Xocavənd rayonunda Azərbaycan Ordusunun peşəkarlığının artırılması üçün istənilən hərbi vəzifəni yerinə yetirə biləcək “Komando” briqadası yaradılmışdır. Xatırladaq ki, ötən ilin dekabr ayının 24-də Prezident İlham Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfəri çərçivəsində hərbi hissənin açılışındakı çıxışında bildir­mişdi ki, bu hərbi hissənin açılması çox böyük əhəmiyyət daşıyır. Çünki bu hərbi hissə işğaldan azad edilmiş ərazidə – Xocavənd rayonunda açılır və ordumuzun ixtiyarına verilir. Ölkə başçısı çıxışında Komando Briqadası­nın yaradılmasının Azərbaycan üçün yenilik olduğunu vurğulayaq əlavə etmişdi ki, bu briqadalar istənilən hərbi vəzifəni icra etməyə qadir olacaqlar. “Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrun­da özlərini fəda etməyə hazır olan övladlarımız bu briqadalarda xidmət edəcəklər. Bu, bizim ordumuzun gücü­nü böyük dərəcədə artıracaq. Bir daha demək istəyirəm ki, belə briqadalar çox olacaq, minlərlə hərbçimiz bu bri­qadalarda xidmət edəcəklər”, – deyən Prezident İlham Əliyev diqqətə çatdır­mışdı ki, Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaqdır.

Mütəxəssislərin sözlərinə görə, qardaş Türkiyədə sınaqdan keçirilmiş bu qoşun növu böyük işlər görmək iqtidarındadır. Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin təcrübəsinə əsaslanan “Komando” hərbi hissələri bütün növ döyüş tapşırıqlarının icrasını hər an yerinə yetirməyə hazır olan hərbi qruplardır. Ümumiyyətlə, komandolar fiziki və nəzəri hazırlıqları yüksək olan hərbçilərdir. Onlar qısa müddət ərzində hədəfin detalları ilə birlikdə kəşfiyyatını həyata keçirərək vəziyyəti qiymətləndirib hədəfi məhv etmək bacarığına malikdirlər. Hərbi mütəxəssislər bildirirlər ki, komandolar elit hərbi hissələr sayılır. Onlar verilən istənilən tapşırığı yerinə yetirmək əzmindədirlər. Xüsusi təyinatlılarla on­ların fərqi elə də böyük deyil. Sadəcə, xüsusi təyinatlılar yalnız xüsusi tapşırıqları yerinə yetirirlərsə, “Koman­do” təyinatlı hərbi hissələr istənilən tapşırığı yerinə yetirmək hazırlığına malik olurlar. Onlar istər suda, istər quruda, bütün coğrafi şəraitlərə uyğun əməliyyatları apara bilirlər. Xüsusilə qeyd etmək lazımdır ki, İkinci Qarabağ Müharibəsində qələbənin qazanılma­sında xüsusi təyinatlı dəstələr olduqca böyük rol oynamışdı.

Heç kimə sirr deyil ki, İkinci Qara­bağ müharibəsi zamanı Azərbaycan Ordusu kosmik sənayemizin im­kanlarından da yararlanmışdı. Belə ki, müharibə zamanı həyata keçirilən döyüş əməliyyatlarında müasir silahlardan - PUA-lardan, yüksək dəqiqliklə hədəfi məhvetmə vasitələrindən geniş miqyasda istifadə olunmaqla yanaşı, peyk texnologiyasının üstünlüklərindən də istifafə olunmuşdu. Artıq 11 ildir ki, Azərbaycan kosmik klubun üzvüdür və bu qısa müddət ərzində ölkəmiz kosmosa 3 peyk göndərmişdir. “Azerspace-1” və “Azerspace-2” telekommunikasiya, “Azersky” optik müşahidə peykləri ilə kosmik ölkələr sırasında özünəməxsus yerini tutmağı bacaran Azərbaycan bu peyklər vasitəsilə düşmənin hərəkətlərini onlayn formatda izləmək və onların təxribatlarının qarşısının alınma­sında böyük rol oynamışdır. Məhz “Azersky”dan əldə olunan informa­siyalar əsasında düşmənin hərbi obyektləri, zirehli texnikaları, hərbi anbarları darmadağın edilmişdi. İkinci Qarabağ müharibəsinin nəticələri bir daha göstərdi ki, Azərbaycan haqlı olaraq böyük sərmayətutumlu kosmik layihələrini həyata keçirmiş­dir. Halbuki bir çoxları belə bahalı layihələrə sərmayə yatırılmasının məqsədəuyğunluğunu şübhə altına almağa çalışırdı. Ancaq indi aydın şəkildə məlum oldu ki, 2009-cu ildə təsdiq edilən “Azərbaycan Respubli­kasında kosmik sənayenin yaradılma­sı və inkişafı üzrə Dövlət Proqramı” milli maraqlara uyğundur. Ən əsası, kosmik sənayenin yaradılması xa­rici dövlətlərin peyklərindən asılılığı aradan qaldırmış və “Azerspace-1” ölkənin informasiya təhlükəsizliyinin vacib komponentinə çevrilmişdir. Eyni zamanda, 2015-ci ildən etibarən “Azersky” peyki ölkənin müdafiə və təhlükəsizliyi üçün davamlı istifadə edilir, həmçinin işğal olunmuş ərazilərimizdə törədilmiş yanğınla­rın mütəmadi olaraq monitorinqi və dəymiş ziyanın qiymətləndirilməsi aparılır.

Bundan başqa, peyklər – yalnız rabitə deyil, həm də düşmənə qarşı hücumların hazırlanmasında və döyüş əməliyyatlarının keçirilməsində, döyüş idarəçiliyində, əməliyyat-taktiki raketlərin startlarında koor­dinatların, o cümlədən, hədəflərin müəyyən edilməsində vacib yardım vasitəsidir. Mübaliğəsiz demək olar ki, Azərbaycan peyklərinin silahlı qüvvələrin məqsədləri üçün istifadəsi Azərbaycan Ordusunun inkişafında yeni mərhələnin başlanğıcı deməkdir. Bu, daha təhlükəsiz rabitə, müşahidə və ya real vaxtda kəşfiyyatdan istifadə mərhələsidir. O da vacib­dir ki, peyklərin həm mülki, həm də hərbi məqsədlər üçün istifadəsi onların istehsalı və istismarı xərclərini azaldır, ona görə də onların tətbiq dairəsi genişlənir. Hətta peyklərin sadə imkanları, məsələn, dəqiq hava məlumatlarının əldə edilməsi, yüksək dəqiqlikli raket komplekslərindən və dronlardan uğurla istifadə etməyə imkan verir, çünki bu, küləyin sürəti və istiqaməti, rütubət mövcudluğu və ya olmaması nəzərə alınmaqla həyata keçirilir. Beləliklə, hərbi texnologiya­nın gələcəyi – ilk növbədə idarəetmə sistemləri, kəşfiyyat və rabitə – kos­mosla qırılmaz şəkildə bağlıdır.

Azərbaycan yaxın bir neçə il ərzində kosmosa yeni aşağıorbitli (müşahidə) peykləri buraxa bilər. “Azərbaycan Respublikasının Kos­mik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin İdarə heyətinin sədri Saməddin Əsədov qeyd edib ki, yeni peykin orbitə buraxılmasına hazırlıq işləri minimum üç il tələb edir: “Biz yeni optik müşahidə peyki burax­mağı planlaşdırırıq. Bu istiqamətdə artıq dövlət strukturları ilə danışıqlar aparılır. Azərbaycanda bu gün bu cür peykə ciddi tələbat var. Hesab edirəm ki, yaxın zamanlarda Azərbaycanın aşağıorbitli (müşahidə) peyki kosmo­sa buraxılacaq”. S.Əsədov xatırlat­mışdır ki, Azərbaycanın birinci peyki 2013-cü ildə buraxılıb və onun istis­mar müddəti 17 il təşkil edir. İkinci telekommunikasiya peyki 2018-ci ildə buraxılıb. Bu peykin istismar müddəti isə 22 ildir: “Bizim, həm də 2014-cü ildə buraxılmış Yerin distant zond­lama peykimiz var. Onun istismar müddəti 10 ildir. Bizin hesablama­larımıza görə bu peyki minimum 12 il, 2026-cı ildək istismar etmək olar. Hazırda heç bir peykimizin texniki problemləri yoxdur”.

Bir sözlə, Azərbaycan peyklərinin hərbi məqsədlər üçün istifadəsi ordumuzun sistemli şəkildə, gündən-günə keyfiyyətcə gücləndiyinin, mülki və hərbi məqsədlər üçün ən müasir texnologiyalardan istifadə etdiyini göstərən daha bir göstəricidir. Etiraf etmək lazımdır ki, son vaxtlara qədər buna inanmaq çətin idi, lakin Ali Baş Komandan, Prezident İlham Əliyevin çoxplanlı və məqsədyönlü siyasəti sayəsində Azərbaycan kosmik eraya inamla qədəm qoy­muşdur və onu uğurla inkişaf etdirir. Xüsusilə də Azərbaycan hərbçilərinin peyklərdən istifadə etməsi ölkəmizin hərtərəfli tərəqqisinin göstəricisidir, Azərbaycan Ordusunun imkanlarının böyük ölçüdə artmasını əyani şəkildə nümayiş etdirir.