Müasir Azərbaycanın banisi

Muasir Azerbaycanin banisi

Azərbaycan xalqı çoxəsrlik tarixinin ən möhtəşəm dövrünü yaşayır. Qarabağda zəfər savaşı özümüz və ətraf aləm barəsində təsəvvürümüzü kökündən dəyişdirdi, bizi öz gözümüzdə ucaltdı. Vətənin bütövlüyü uğrunda mübarizəyə çevrilmiş İkinci Qarabağ müharibəsi xalqımızı daha sıx birləşdirdi, torpağımızı, milli-mənəvi dəyərlərimizi qorumaq əzmimizi və iradəmizi dünyaya nümayiş etdirdi.

 

Azərbaycan hazırda müasir dövrün sürətlə inkişaf edən dövlətləri sırasında olmaqla müstəqil daxili və xarici siyasət aparır, dünya birliyində yüksək nüfuz sahibi kimi tanınır.

Ölkəmizin bugünkü inkişafında, ləyaqətli gələcəyinin təmin olunmasında Azərbaycan Prezidenti İlham Əliyevin həlledici rolu danılmazdır. Eyni zamanda, qeyd edilməlidir ki, yaşadığımız gerçəklik və inkişaf perspektivləri keçən əsrin 60-cı illərindən başlayır. Bizim bu günümüz və gələcəyimiz ulu öndər Heydər Əliyevin yaratdığı özül üzərindı ucalır.

Qeyd edim ki, 1969-cu ildən başlayaraq, dahi şəxsiyyət 35 il ərzində yalnız bir dəfə ölkəmizin rəhbəri kimi hakimiyyətdən kənarda olub və 1982-1987-ci illərdə keçmiş SSRİ-də yüksək vəzifədə çalışıb, Nazirlər Soveti Sədrinin birinci müavini kimi fəaliyyət göstərib.

Amma Heydər Əliyevin Azərbaycanda olub-olmamasına, yüksək vəzifədə çalışıb-çalışmamasına və ya pensiyaya çıxmasına baxmayaraq, respublikanın bütün şəhərlərindən ucqar kəndlərinə kimi ağlı kəsən hər bir insan ölkənin böhranlı dövrlərində müdrik şəxsiyyətin zəkasına, iradəsinə və məharətinə güvənib, ümummilli liderin simasında Vətənini və həmvətənlərini sevən, lazım gəldikdə onların köməyinə gəlməyə və arxa durmağa həmişə hazır müdrik bir ağsaqqal görüb.

Xatırladım ki, 1969-cu ilin iyulunda Heydər Əliyev respublikanın rəhbəri oldu. Bu işə respublika Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsindən gəlmişdi. Adıçəkilən komitə sovet dövlətinin hakimiyyət strukturunda son dərəcə səlahiyyətli bir qurum idi. Heydər Əliyev burada sıravi əməkdaş kimi fəaliyyətə başlayaraq, 46 yaşında general rütbəsində həmin komitənin rəhbəri oldu. Bu fakt ona görə əlamətdardır ki, o vaxtlar keçmiş SSRİ-nin ideologiyasında beynəlmiləlçilik və xalqların hüquq bərabərliyi bəyan edilsə də, bu vəzifəyə, bir qayda olaraq, milliyyəti azərbaycanlı olan şəxslər gətirilmirdi. Beləliklə, ulu öndər Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsində çalışan ilk azərbaycanlı oldu.

Heydər Əliyev bizim gerçəkliyimizə daxil olduğu andan cəmiyyət tərəfindən prinsipial, qətiyyətli, iradəli və etibarlı bir insan kimi qəbul edildi. O, respublikada vəziyyətə yaxşı bələd idi, qüsurları, ağrılı məqamları aydın görürdü və yeni vəzifədə fəaliyyətinin ilk günlərindən dövlət orqanlarını və ictimaiyyəti mövcud nöqsanların aradan qaldırılmasına, Azərbaycanın sürətli inkişafının təmin olunmasına cəlb etdi.

Azərbaycan SSR-nin rəhbəri kimi çalışdığı on üç ildən bir qədər artıq müddətdə Heydər Əliyev iqtisadiyyatın inkişafında və insanların həyat səviyyəsinin yüksəldilməsində böyük uğurlara nail oldu. Təkcə xaricdə deyil, keçmiş SSRİ-də də az tanınan Azərbaycan barəsində hərtərəfli inkişafda olan cəmiyyətin bir çox problemlərini müvəffəqiyyətlə həll edən qabaqcıl respublika kimi danışmağa başladılar. Bu dəyişikliklərin təşkilatçısı, dünya miqyaslı siyasi xadim kimi Heydər Əliyev haqqında xarici mətbuatda yazılar dərc edilməyə başlandı, Qərb ölkələrinin analitik mərkəzlərində söhbətlər açıldı. Biz özümüzü daha rahat və inamlı hiss etməyə başladıq, gözümüzdə dəyərimiz yüksəldi, gücümüzü və imkanlarımızı dərk etdik.

Heydər Əliyevin ikinci dəfəki hakimiyyəti dövrü tarixi nöqteyi-nəzərdən qısa – cəmi on il olsa da, bu müddət ərzində bir neçə onilliklərə bərabər inkişaf və tərəqqi əldə edildi. Ölkəni dağılmaq və parçalanmaq həddinə gətirib çıxaran dövlət və hakimiyyət böhranı, vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı, əsaslı siyasi və iqtisadi islahatlar aparıldı, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna, demokratik təsisatların inkişafına və qanunun aliliyinə təminat yaradıldı, cəmiyyət və dövlət həyatının bütün sahələrində tənəzzülə son qoyuldu. İqtisadiyyatda, ictimai həyatda, mədəniyyətdə dirçəliş başlandı, Azərbaycan dünyanın ən sürətlə inkişaf edən ölkələri sırasına çıxdı. Əhalinin həyat səviyyəsi xeyli yüksəldi. Azərbaycanın milli maraqlarına cavab verən xarici siyasət formalaşdırıldı və həyata keçirildi.

Heydər Əliyev cəmiyyətimizə siyasi mədəniyyət gətirdi, ölkəmizdə və xaricdə böyük nüfuza malik Yeni Azərbaycan Partiyasını yaratdı.

Dahi şəxsiyyətin iki dəfə respublikanın rəhbəri olduğu 30 ildən artıq bir dövr Azərbaycanın çoxəsrlik tarixində kiçik bir müddətdir. Lakin bu dövr dövlətçiliyimizin və xalqımızın mənlik şüurunun formalaşmasında tarixi bir mərhələ təşkil edib. Heydər Əliyevin hakimiyyətə birinci gəlişi xalqın həyatında dönüş nöqtəsinə, çiçəklənmə, yeni dünyabaxışın formalaşması, insanların öz qüvvə və imkanlarını dərk etməsi mərhələsinə çevrilib. Cəmiyyət naqislik kompleksi hissinə yaxın bir vəziyyətdən xilas olunub.

1993-cü ildə Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı yenicə əldə edilən müstəqilliyimizi, xarici və daxili amillərin təsiri altında dağılmaqda olan dövlətçiliyimizi, millətin şərəf və ləyaqətini xilas etdi.

Lakin yuxarıda deyilənlər ulu öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı fədakar fəaliyyətinin yalnız bir hissəsidir. Başqa sözlə, Heydər Əliyev özündən sonra dəyəri yuxarıda vurğulananlardan heç də az diqqət çəkməyən bir məsələni– müəllifi olduğu müdrik siyasətinin ardıcıl və davamlılığını gerçəkləşdirdi.

Heydər Əliyev iqtisadi-sosial sahələrdə, daxili və xarici siyasətdə, ərazimizin işğaldan azad olunması, habelə digər zəruri problemlərin həllini reallaşdırdı, siyasətinin davamçısını yetişdirdi və xalqa bəxş etdi.

Sonda Heydər Əliyevin güc-qüdrətini, müdrikliyini dərindən dərk edən Ermənistanın SSR-nin o dövrdəki rəhbəri Karen Dəmirçiyanın bir fikrini xatırlatmaq istərdim. O, 1988-ci il fevralın 8-də (o vaxt Heydər Əliyevin artıq heç bir vəzifəsi yox idi, pensiyaçı idi) Yerevanın Teatr meydanındakı mitinqdə çıxış edərək, ölkəmizə ərazi iddiaları edənlərə deyib: “Ey mənim sevimli erməni millətim, biz həlli mümkün olmayan bir işdən yapışmışıq. Yaxşı bilin ki, 20-ci əsrdə türklərin yetişdirdiyi iki qüdrətli adamı var: Atatürk və Heydər Əliyev. Onların ikincisi sağdır. Bütün cəhdlərimizə baxmayaraq, o, Azərbaycanı çekist məharəti ilə hər tələdən qurtarır. Bilin ki, Heydər Əliyev nə qədər sağdır, biz nə Qarabağı ala biləcəyik, nə də başqa əraziləri. O, bizdən ağır zərbələr alsa da, Azərbaycan xalqı ən çətin günlərində yenidən onu Bakıya gətirəcək və bununla da bizim arzularımız puça çıxacaq”.

Düz sözə nə demək olar?!. Bircə əlavəm var: XXI-ci əsrdə Türk dünyasının Azərbaycanda yeni bir qüdrətli adamı var. Gəlin, ölkəmizin inkişafı, xalqımızın indiki xoşbəxt günü və gələcəyi naminə onun ətrafında daha da sıx birləşək.