On səkkiz ildə Gəncəyə on səkkiz səfər...

On sekkiz ilde Genceye on sekkiz sefer...

Bu, mənim Gəncəyə Prezident kimi 18-ci səfərimdir. Belə çıxır ki, orta hesabla hər il Gəncədə səfərdə oluram. Elə illər olub ki, iki dəfə olmuşam. Həm ona görə ki, Gəncə Azərbaycanın ikinci şəhəridir və bu şəhərə daim diqqət həmişə yüksək səviyyədə olub.

İlham ƏLIYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Azərbaycan Respublikasının Prezidenti on səkkizinci dəfə Gəncəyə gəldi… Söhbət, təbii ki, İlham Əliyevin respublikaya rəhbərliyi dövründən gedir. Dövlət başçısı Gəncəyə olan məhəbbətini heç vaxt gizlətməyib və bunu öz çıxışlarında dəfələrlə bəyan edib. Sakinlər də bunu görür və böyük razılıqla təsdiq edir, dərin minnətdarlıqlarını bildirirlər.

 

 Son on səkkiz ildə Gəncə çoxmu dəyişib? Sualı kimə ünvanlasan, bir cavabı olacaq: Çox! Gəncə, sanki, ölkə Prezidentinin öz əli ilə əkib-becərdiyi bir çinardır. Gündən-günə böyüyür, qol- budaq atır, kökləri daha dərinliklərə gedir. Şəhər hamının gözü qarşısında öz görkəmini dəyişir və maraqlıdır ki, burada tarixiliklə müasirlik qoşa addımlayır. Bir tərəfdən, tarixi-memarlıq abidələri bərpa olunur, onlara ikinci həyat verilir, digər tərəfdən, yeni prospektlər, park və xiyabanlar salınır, müasir binalar tikilir, sosial obyektlər inşa olunur, infrastruktur yenilənir. Hələ bir neçə il qabaq şəhərdə su və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin icrasına başlananda çoxları inanmırdı ki, birbaşa mənzillərində Göygöldən, digər çaylardan gələn sulardan içə biləcəklər. Amma indi bu reallıqdır. Doğrudur, layihə hələ tam başa çatdırılmayıb, lakin iş gedir. Nəzərdə tutulan layihə uğurla başa çatdırılacaq. Elə ölkə Prezidentinin özü də həmin məsələyə toxunarkən dedi: “İçməli su layihəsi hələ ki, icra edilir. Əfsuslar olsun ki, bu layihə bir qədər uzandı. Düzdür, çox genişmiqyaslı layihədir, həm də maliyyətutumlu layihədir, təqribən, 800 milyon manat dəyərində olan bir layihədir. Bu layihənin icrası nəticəsində Gəncə şəhərinin içməli su və kanalizasiya problemləri birdəfəlik həll olunacaq. Mənə verilən son məlumata görə, hazırda bu layihənin icrası 42 faiz səviyyəsindədir. Əlbəttə, əlavə tapşırıqlar veriləcək ki, bu layihənin icrası sürətləndirilsin, Gəncə şəhərinin bu problemi də öz həllini tapsın.”

Fikir verirsinizmi, bu on səkkiz il göstərdi ki, cənab Prezidentin Gəncədə nəzərindən qaçan, əhəmiyyət vermədiyi elə bir sahə yoxdur. Eyni zamanda, şəhərdə harada vəziyyət necədir, əzbər bilir və problemləri elə yerindəcə həll edir, müvafiq qurumlara öz tapşırıqlarını verir. Hətta bir neçə il qabaq özü­nün təşəbbüsü və iştirakı ilə açılmış obyektərin bu gün necə işləməsindən belə hərtərəfli xəbəri var. Diqqət yeti­rin: “Bir neçə il bundan əvvəl Gəncədə “ASAN xidmət” Mərkəzi açılmışdır. Ancaq tələbat o qədər böyükdür ki, növbələr yarandı. Əlbəttə ki, “ASAN xidmət”in xüsusiyyətlərindən biri həm şəffaflıqdır, müasir xidmətlərin göstərilməsidir, həm də rahatlıqdır.

Ona görə biz xidmətin adını “ASAN” qoymuşuq. Əgər növbə yaranırsa və insanlar saatlarla növbədə dayanırsa, bu, artıq “ASAN xidmət” olmadı. Ona görə mənim göstərişimlə ikinci “ASAN xidmət” mərkəzi yaradıldı, birincidən daha böyük. Bu xidmət artıq bu gün rəsmən açıldı və bir neçə gündən sonra öz qapıları­nı vətəndaşların üzünə açacaq. Beləliklə, növbələr artıq aradan götürüləcək.”

Azərbaycan Prezidenti Gəncədə bir-birindən gözəl obyektlərin tikilib istifadəyə verilməsini xüsusi vurğu­layır və hiss olunur ki, bütün bunlar­dan zövq alır, qürurlanır, sevinir və bəzən belə bir tikilinin heç Bakıda da olmadığını dilə gətirir: “Bu gün, eyni zamanda, Gəncə İdman Sarayının tikintisi ilə tanış oldum. Bu sarayı da mənim təşəbbüsümlə inşa etməyə başlamışıq. Bu, çox böyük layihədir. Deyə bilərəm ki, Azərbaycanda bu boyda idman sa­rayı yoxdur, hətta Bakı şəhərində. Baxmayaraq ki, Bakı şəhərində bir çox idman sarayları var,– ancaq bü­tün əsas idman növlərinin bir yerdə cəmləşməsi Bakıda yoxdur. Burada isə həm döyüş idman növləri, güləş, boks, həm məktəblər - güləş məktəbi, boks məktəbi, həmçinin əl oyunları üçün xüsusi zal – basketbol, voley­bol, həndbol, 50 metrlik üzgüçülük hovuzu, yardımçı otaqlar və zallar, otel. Yəni bir daha demək istəyirəm ki, bu, ölkəmizin ən böyük idman sarayıdır. Bu sarayı Gəncədə inşa etmək gəncəlilərə edilən bir hədiyyədir. Onu da bildirməliyəm ki, hələ mən Prezident olmadığım dövrdə, Milli Olimpiya Komitəsinin prezidenti kimi Gəncədə Olimpiya Mərkəzinin yaradılması ilə bağlı təşəbbüslə çıxış etmişdim və o idman qurğusu o vaxt inşa olunub. Ancaq illər keçdikcə, əlbəttə ki, bu idman obyekti həm fiziki, həm mənəvi cəhətdən köhnəlib və orada normal məşq etmək üçün şərait o qədər də uyğun deyildi. Amma bu idman sarayı əminəm ki, gələn ilin sonuna qədər istifadəyə veriləcək, həm idmançılar, həm də şəhər sakinləri üçün çox faydalı olacaq. Çünki mən hesab edirəm və haqlıyam ki, hər bir insan idmanla məşğul olmalıdır. Yəni, bu obyektlərin açılması və təməlinin qoyulması, əlbəttə ki, şəhərə olan qayğının təzahürüdür.”

Ölkə Prezidentinin yanvarın 30-da Gəncəyə olan növbəti səfəri bir daha göstərdi ki, dövlət başçı­mız bütün səylə bu qədim şəhəri meqapolis etmək niyyətindədir və aparılan genişmiqyaslı abadlıq-quruculuq, yenidənqurma işləri məhz həmin istiqamətə yönəldilib. Prezident ətraf rayonların, o cümlədən, Kəlbəcərin, Daşkəsənin, elə Gədəbəyin özünün, o cümlədən, düşmən tapdağından azad edilmiş rayonların inkişafın­da Gəncənin xüsusi rol oynaya biləcəyini vurğuladı. “Bir də ki, İkinci Qarabağ müharibəsindən sonra Gəncə, eyni zamanda, Kəlbəcər rayonunun inkişafı ilə bağlı öz sözünü deyir və deməlidir. Çünki hazırda bizim Kəlbəcərə yeganə, yəni, rahat gedə biləcəyimiz yol Gəncədən Göygölə, Göygöldən Kəlbəcərədir. Rahat deyəndə, biz ancaq yaz-yay mövsümlərində o yoldan rahat istifadə edə bilərik. Çünki qış aylarında yol həm bəzi yerlərdə keçilməz, həm də çox təhlükəli olur. Bu yol faktiki olaraq sovet vaxtında olmayıb, bir cığır idi. Biz qısa müddət ərzində o cığırı genişləndirdik və mən özüm də keçən il o yolla Kəlbəcərə getmiş­dim, Murov aşırımından keçərək. Hazırda Murov dağının altından böyük – uzunluğu, təqribən, 12 kilometr olan tunel çəkilir. Yəni, Kəlbəcərin gələcək inkişafı, vətəndaşların oraya qayıtmaları və Kəlbəcər rayonunun, eyni zaman­da, Laçın rayonunun təchizatı böyük dərəcədə bu bölgədən təşkil ediləcəkdir. Ona görə Gəncə və bu zona azad edilmiş torpaqla­rın bərpası, vətəndaşların rahat yaşaması üçün xüsusi əhəmiyyət daşıyır. Hazırda bizim hərbi postlarımıza, bizim sərhəd bo­yunca yerləşən postlara da əsas təchizat buradan gedir. Ona görə Gəncə və Gəncənin ətrafında yerləşən ərazilərin bundan sonra da ölkəmizin həyatında, xüsusilə azad edilmiş torpaqların həyatında xüsusi rolu olacaqdır.”

Əslində, bu gün Gəncədə həyata keçirilən işlər qədim şəhərin Qərb bölgəsində xüsisi yerinin oldu­ğunu bir daha sübut edir. Təbii ki, Gəncənin imkanları böyükdür, ətraf rayonlara təsiri göz qabağındadır və hələ qarşıda duran nəhəng işlərin həyata keçirilməsində öz sözünü deyə biləcəyi şübhəsizdir: “Əlbəttə ki, şəhərin əhalisi artır. Əhalinin bu artımına və müasir tələblərə uyğunlaşmaq üçün biz, əlbəttə ki, əlavə addımlar atırıq və atacağıq. Eyni zamanda, hazırda Daşkəsən rayonunda dağ-mədən sənayesinin uğurla inkişafı da böyük dərəcədə Gəncədəki infrastrukturla bağlı olacaq. Çünki orada həm qızıl yataqları, həm də dəmir filizi yataqları mövcuddur. Bu işlərin sürətləndirilməsi üçün əlavə göstərişlər verilib. Dəmir filizi ya­taqlarından səmərəli istifadə etmək üçün zəncirvari sənaye klasteri yaradılmalıdır. Əlbəttə ki, Gəncənin də burada xüsusi rolu olacaqdır. Bir sözlə, Regionların Sosial-İqtisadi İnkişafı Dövlət proqramlarının icrası nəticəsində Gəncə şəhəri həmişə xüsusi yerə malik olubdur. Bu gün də belədir, sabah da belə olacaq.”

“Bu gün də belədir, sabah da belə olacaq” – deyən ölkə başçısının Gəncənin inkişafı, gözəlləşməsi, müasirləşməsi üçün gördüyü işlər o qədər hərtərəfli və genişdir ki, bunların hamısı haqqında bir qəzet yazısında söhbət açmaq, sadəcə, mümkün deyil. Bu yaxınlarda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla şəhərin gələcək inkişaf perspektivləri ilə bağlı söhbət edir­dim. Dedi ki, Gəncənin kompleks inkişaf planı təsdiqlənib və onun icrası birbaşa cənab Prezidenti­mizin nəzarəti altındadır. Gəncə həm də başdan-başa bağlar, xiyabanlar, parklar şəhəri olacaq. Su-kanalizasiya çəkilişi də başa çatdırıldıqdan sonra rahat asfalt yolu, səkisi olmayan küçə, dalan qalmayacaq. Qeyd etməliyəm ki, son vaxtlar doğrudan da, Gəncədə iş qaynayır. Hara baxırsan, güllü-çiçəkli, rahat istirahət guşələri olan park və xiyabanlardır. Şəhərin özündə gül-çiçək yetişdirirlər, daha xaricdən xərc çəkib gətirməyə eh­tiyac qalmır. Köhnə müəssisələrin yerində müasirlərinin yaradılma­sına başlanılıb. Yeni təsis edilmiş Gəncə İş Adamları Birliyi yerli strukturların köməyi ilə şəhərdə bu istiqamətdə fəaliyyətə başlayıb. Bu yaxınlarda respublikada ilk dəfə olaraq LED lampaları istehsal edən müəssisənin açılışı oldu. Bunla­rı ona görə nəzərə çatdırırıq ki, Gəncəyə ölkə rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğı iş adamlarını, təbii ki, Gəncə Şəhər İcra Hakimiyyətini də ruhlandırıb, fəallıqlarını bir qədər də artırıb.

“Gəncədə lokomotiv deposunun yaradılması artıq başa çatıb. Buna da çox böyük ehtiyac var. Çünki qeyd etdiyim kimi, Gəncədən Şərq-Qərb nəqliyyat dəhlizi keçir. Bakıda bu yaxınlarda lokomotiv deposu açılmışdır, ikinci depo isə Gəncədə açıldı. Görün, bugünkü proqramın nə qədər böyük əhatə dairəsi var. Bütün bu açılışlar və təməlqoyma mərasimləri göstərir ki, ölkəmizin hər bir yerində inkişaf getməlidir, davam etməlidir, biz əldə olunmuş nailiyyətlərlə kifayətlənməməliyik, yalnız irəliyə getməliyik və bütün gücümüzü səfərbər edib insan­lar üçün daha yaxşı həyat şəraiti yaratmalıyıq.” Ölkə Prezidentinin Gəncədə dediyi sözlər də bir daha göstərir ki, biz müharibədən çıxan ölkə olsaq da, əsas gücümüz ermənilər tərəfindən dağıdılmış kənd və qəsəbələrin yenidən qurulmasına yönəlsə də heç bir sosial sahə yaddan çıxmır, nəzərdə tutulan bütün layihələr uğurla icra olunur.

Bunu ötən bazar günü Gəncədə olarkən cənab Prezidentimiz xüsusi vurğuladı.

Elə Gəncə Dövlət Dram Teatrı üçün yeni, möhtəşəm bir binanın tikintisinin davam etdirilməsi və ölkə rəhbəri tərəfindən açılışı da bunu bir daha sübut etdi: “Eyni zaman­da, bu gün Gəncə Dram Teatrının açılışı oldu. Təəssüf edirəm ki, pan­demiyaya görə teatrın truppası ilə görüşə bilmədim. Ancaq yadımda­dır ki, mən bir neçə il bundan əvvəl Gəncədə olarkən teatr truppasının nümayəndələri şəhərdə dram teatrının tikilməsi ilə bağlı mənə müraciət etmişdilər. Mən də onlara söz vermişdim ki, bu müraciəti nəzərə alacağam. Həm memarlıq, həm də funksionallıq baxımından çox gözəl, möhtəşəm dram teatrı açıldı. Yenə də deyirəm, ölkə qar­şısında bir çox problemlər var və bu problemlər təxirəsalınmaz həllini gözləyir. Amma buna baxmayaraq, mədəniyyətə, şəhərin, Gəncənin mədəni həyatına töhfə verə biləcək hər bir təşəbbüs dəstəklənməlidir. Neçə ki, bir neçə il bundan əvvəl Gəncə Filarmoniyası açıldı. Baxın, bu Filarmoniyanın açılması Gəncə şəhərinin mədəni həyatına nə qədər töhfə veribdir, eyni zamanda, şəhərin ümumi görünüşünə gözəl töhfə olubdur. Çünki memarlıq baxı­mından çox gözəl bir binadır. Dram Teatrı da çox möhtəşəm binadır və orada artistlər, truppa üzvləri və tamaşaçılar üçün gözəl şərait yaradılıb”.

Bəli, şəhərə daha bir gözəl memarlıq abidəsi xüsusi ya­raşıq verdi. Gəncə teatrı üçün inşa olunmuş yeni bina əsl me­marlıq nümunəsidir. Aktyorlara, teatrın yaradıcı heyətinə, bütün teatrsevərlərə bundan böyük hədiyyə ola bilməzdi: “Eyni zaman­da, Gəncənin mədəni həyatı çox zəngindir. Həm Dövlət Filarmoni­yasının yeni binası tikilib, həm də Dram Teatrının. Yəni, Gəncənin hərtərəfli inkişafı ilə bağlı işlər görülür, o cümlədən, parklar, xiya­banlar, istirahət və əyləncə zonaları yenidən qurulur. Görülən bütün bu işlər düzgün müəyyən edilmiş siyasətin nəticəsidir.”

Bu 18 ildə Gəncədə hara baxır­san ölkə Prezidentinin təşəbbüsü və köməyi ilə tikilmiş bir-birindən yaraşıqlı obyektər, hamar yollar çıxır qarşına: “Yəni, bunlar əsas infrastruktur layihələridir. Bunlar həll olunmadan şəhərin inkişafın­dan söhbət gedə bilməzdi. Bununla paralel olaraq, əlbəttə ki, həm səhiyyə, həm təhsil sahəsində bütün sosial infrastruktur yenilənib. Baxın, indi Gəncədə 245 çarpa­yılıq şəhər xəstəxanası, demək olar ki, yenidən tikilib və əlavə 200 çarpayılıq modul tipli xəstəxana quraşdırılıb. Təhsillə bağlı. Şəhərdə 30-dan çox məktəb tikilib və təmir edilib. Bu problemin böyük hissəsi öz həllini tapıb. Dövlət Aqrar Universitetinin iki yataqxanası istifadəyə verilib. Mən hər ikisinin açılışında iştirak etmişəm və tədris korpusu yenidən qurulub. Nəzərə alsaq ki, hazırda ölkə iqtisadiy­yatı üçün kənd təsərrüfatı xüsusi önəm daşıyır, bu təhsil mərkəzinin müasirləşdirilməsi, əlbəttə, çox böyük əhəmiyyətə malik idi.”

Ölkə Prezidentinin dedikləri reallıqlardır. Gəncədə bu işlər görülməsəydi, hansı inkişafdan, müasirlikdən söhbət gedə bilərdi? Bir məsələni də xüsusi vurğulamaq istərdik. Dövlət başçımız jurnalistə müsahibəsini dağdıllmış evlərin fo­nunda verdi. Nə Lokomotiv deposu­nun, nə ASAN xidmətin, nə Gəncə Dövlət Dram Teatrının yeni binala­rının açılışları zamanı, nə də digər başqa bir yerdə. Səmimi deyirəm, içi biz jurnalistlər qarışıq, heç kim ölkə Prezidenti erməni faşizmini dünyada ifşa edən qədər iş görə bilməyib. Prezidentimiz Gəncəyə səfəri ilə bağlı sözlərinin hamısını məhz burada deməyi lazım bildi. Yəni qoy bütün dünya bir daha gör­sün və bilsin ki, erməni terrorçula­rının dağıtdıqları ərazi nə gündədir və biz bu ərazidə Memorial Kompleksin bünövrəsini təsadüfən qoymuruq: “Bilirsiniz, bu dağılmış evlərin önündə olmaq, bax, bu dəhşətli mənzərəni seyr etmək hər bir azərbaycanlı üçün çox ağırdır. İkinci Qarabağ müharibəsi dövründə Gəncə dəfələrlə cinayətkar Ermənistan ordusu tərəfindən bombalanıb. Şəhərə 13 raket atılıb, onlardan 8-i partlaya­raq əfsuslar olsun ki, insanların həyatına son qoyub, beş raket isə partlamayıb. Bu da öz növbəsində onu göstərir ki, Ermənistan ordu­su nə vəziyyətdə idi. Ancaq bu namərd atəş nəticəsində həlak olan vətəndaşlarımız yaşamalı idi. Onların arasında uşaqlar, qadınlar, yaşlı insanlar da var idi, 6 uşaq həlak oldu. Təkcə Gəncə şəhərində 26 mülki vətəndaş namərd atəş nəticəsində həlak oldu, erməni faşizminin qurbanı oldu”.

Qeyd edək ki, cənab Prezidentimizin də dediyi kimi, Memorial Kompleks, təxminən, 4 hektara yaxın ərazini əhatə edəcək, burada park da olacaq, həlak olanların xatirəsinə abidə də uçaldılacaq və dağılmış evlər elə beləcə də gələcək nəsillər, qonaqlar üçün saxlanılacaq: “Bu yaddaş silinməməlidir. Bu erməni vəhşiliyini unutmamalıyıq. Müharibə başa çatıb. Bəli, biz deyirik ki, sülh olmalıdır. Ancaq heç vaxt erməni vəhşiliyini, erməni faşizmini unutmamalıyıq. Xocalı qurbanlarını unutmamalıyıq. Gəncə qurbanla­rını, digər şəhərlərimizin qurban­larını heç vaxt unutmamalıyıq və unutmayacağıq. Onların müqəddəs ruhu qarşısında baş əyərək bir daha deyirik ki, onların qanı yerdə qalmadı.”

Səfərin ertəsi günü ayrı-ayrı şəhər sakinləri, ziyalılarla görüşüb söhbət etdik. Onların çıxışlarından bəzi sətirlər:

İbrahim Cəfərov, ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor:

– Cənab Prezidentimiz bu dəfə də Aqrar Universitetin adını çəkdi, bizim ali məktəbdə olmağından danışdı, kənd təsərrüfatı kadrlarının hazırlanmasının vacibliyini qeyd etdi. Xoşbəxt adamam ki, rektor­luğum dövründə Prezidentimiz üç dəfə bizim universitetdə olub, yataqxanaların, tədris korpusları­nın təməlqoyma mərasimlərində, açılışlarında iştirak edib. Biz bu gün Prezidentimizin diqqəti və qayğısı sayəsində öz universitetimizlə fəxr edirik.

Həsən Sadıqov, ziyalı:

– Dünən “ASAN Xidmətin” yeni binasına gedib baxmışam. Bu ki, bir nağıldır! Doğrudan da, Prezi­dentimizin heç nə yadından çıxmır. Köhnə ASAN-da artıq növbələr yaranırdı. Adamların rahatlığını təmin etmək üçün belə bir bina­nın tikintisinə göstəriş verdi. Çox razıyıq. Hərdən deyirəm ki, Gəncə Prezidentimizin şəhəridir. Görün, bu 18 ildə şəhərimizdə nələr etməyib.

Nüşabə Məmmədova, yazıçı-jurnalist, publisist:

– Mən də çox sevinirəm ki, müəllifi olduğum “Cavad Xan” pyesi bu dəfə yeni, belə unikal bir teatr səhnəsində oynanılacaq. Heç bilirsiniz aktyorlar, yaradıcı heyət, elə tamaşaçılar da, necə sevinirlər?! Bundan böyük hədiyyə ola bilməzdi. Prezidentimizə buna görə çox minnətdarıq.

...Azərbaycan Prezidentinin digər səfərləri kimi, 18-ci səfəri də tarixə düşdü. Bu səfər də qədim Nizami yurdunun gözəlləşməsi, yeni, möhtəşəm obyektlərin, unikal tikililərin istifadəyə verilməsi, beləliklə, daha da müasirləşməsi və tarixiliyinin bərpası ilə yaddaşlarda qaldı.