Ümummilli liderin dünya azərbaycanlılarına tarixi töhfəsi

 

31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü hər il soydaşlarımız harada yaşamalarından asılı olmayaraq Vətən sevgisi, qardaşlıq və milli birlik əhval-ruhiyyəsi ilə qeyd edirlər. Ümummilli lider Heydər Əliyevin dünya azərbaycanlılarına misilsiz bir ərməğanı olan bu bayramın məna və mahiyyətini zaman keçdikcə daha dərindən anlayırıq. Hər tarixə qovuşan ilimizi bu bayramla yola salıb üzümüzə açılan yeni ili bu təntənə ilə qarşılamaq artıq 30 ildir ki, pozulmaz bir ənənəyə, tarixi zərurətə, mənəvi ehtiyaca çevrilib.

Bu bayramın belə sevinc və təntənə ilə keçirilməsi dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində olduqca əhəmiyyətli rol oynayıb. Azərbaycanda doğulub böyümüş başqa xalqların nümayəndələri, xaricdəki dost­larımız da bu bayram günündə soydaşla­rımızla bir yerdə olur, bizimlə çiyin-çiyinə həmrəylik nümayiş etdirirlər. Xalqımı­zın, dövlətimizin, demək olar ki, bütün taleyüklü məsələlərində soydaşlarımızın göstərdiyi həmrəyliyin yüksəlməsində 31 dekabr günündə duyub-düşündüyü­müz həqiqətlər, qarşımıza qoyduğumuz ümummilli hədəflər nəhəng bir mənəvi enerji yaradır. Milli varlığımızın kökündə də məhz bu birlik və güc dayanır.

Tarixə nəzər salsaq, görərik ki, bir millət olaraq ən çətin sınaqları maraqla­rımızı birləşdirərək, vahid mövqe ortaya qoyaraq alnıaçıq adlamağı bacarmışıq. Ulu öndər Heydər Əliyev də xalqımızın birliyinin, azərbaycanlıların həmrəyliyinin təmin olunmasını həmişə strateji vəzifə hesab edib və bu istiqamətdə tarixi uğurlara imza atıb. Bütün ömrünü xalqına, dövlətinə həsr edən bu unu­dulmaz rəhbərin bilavasitə təşəbbüsü əsasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi məhz onun sədrliyi ilə 1991-ci il dekabrın 16-da keçirilən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edib. Bu tarixi akt müstəqilliyini yenicə bərpa etmiş bir ölkə üçün son dərəcə önəmli bir qərar idi və ötən illər gerçəkliyi bu addımın əhəmiyyətini dönə-dönə sübut edir.

Azərbaycan parlamentinin həmin qərarı təsdiqləyib, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gü­nünü dövlət və ümumxalq bayramı kimi təsis etməsi dünyada yaşayan bütün azərbaycanlıların birləşməsi baxımından çox şərəfli bir missiyanın başlanğıcı oldu. Prezident Heydər Əliyevin təşəbbüsü və sərəncamı ilə 2001-ci il noyabrın 9– 10-da Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının I Qurultayı müstəqil dövlətin həmrəylik siyasətinin sərhədlərimizi aşmasına, Azərbaycanı özünə Vətən bilən in­sanların təşkilatlanmasına, xaricdə milli icmaların formalaşmasına, onların fəallığının yüksəlməsinə, soydaşlarımız­da milli mənlik şüurunun güclənməsinə, onların Vətənə bağlılığın artmasına təkan verdi. Məhz bundan sonra Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, milli-mənəvi dəyərlərimizin təbliğində, erməni diaspor mərkəzlərinin və lob­bi dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında mühüm irəliləyiş əldə olundu. Sonrakı qurultaylar, görülən tədbirlər xaricdəki Azərbaycan diaspo­runun güclənməsi ilə nəticələndi. Bu gün həmin qurumlar mövcud olduqları ölkələrin ictimai-siyasi həyatında da öz mütəşəkkillikləri ilə mühüm rol oynayırlar.

Ötən ilin payızında Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatı ilə işğal altında olan torpaqlarımızı düşməndən təmizləyərkən xarici ölkələrdə yaşayan soydaşlarımız xüsusi bir həmrəylik və möhtəşəm birlik nümayiş etdirdilər. Xaricdəki soydaşlarımız düşmənin və anti-Azərbaycan dairələrin yalan və böh­tanlarının, qərəzli addımlarının qarşısının alınmasında, ölkəmizin ədalətli mövqe­yinin dünyaya çatdırılmasında qətiyyətlə mübarizə apardılar.

Qəddar və ağlını itirmiş düşmən münaqişə zonasından xeyli uzaqda yerləşən şəhərlərimizi qadağan olunmuş raketlərlə atəşə tutanda, dinc sakinləri hədəfə alanda soydaşlarımız yaşadıq­ları ölkələrdə, beynəlxalq və regional təşkilatların qarşısında etiraz aksiyaları keçirdilər, Ermənistanın xain niyyətini dünya birliyinə çatdırdılar. Bir sözlə, onlar müharibə vaxtı üzərilərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirdilər və Qələbəmizə öz töhfələrini verdilər.

İnanırıq ki, həmrəyliyimiz bun­dan sonra daha da möhkəmlənəcək, dövlətimizin, Vətənimizin inkişafı, çiçəklənməsi yolunda birlik nüma­yiş etdirərək daha səylə çalışacağıq. Millət günü sayılan bu sevimli bayram münasibətilə ölkəmizin ən böyük ictimai təşkilatı olan Azərbaycan həmkarlar ittifaqları adından dünyada yaşayan bütün soydaşlarımızı səmimi təbrik edir, qardaş-bacılarımıza daha xoş günlər, hər kəsə cansağlığı və xoşbəxtlik arzulayı­ram. Qoy milli birliyimiz daha yenilməz, dövlətimiz daha güclü olsun, bayrağımız daim qələbə soraqları ilə dalğalansın.